Vətən
müharibəsi və Azərbaycan mediası
Əflatun Amaşov,
Azərbaycan Mətbuat
Şurasının sədri
Azərbaycan
jurnalistikası 44 günlük Vətən müharibəsində
kifayət mütəşəkkil təmsil olundu. Media monolit komanda
kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət
qurumlarımızın müharibəyə ciddi
və məsuliyyətli şəkildə kökləndiləri
kimi, kütləvi informasiya
vasitələrimiz də bu səfərbərliyə
adekvat yanaşma ortaya qoydu. Məsələyə
ümumi baxış budur.
Onu da vurğulamaq lazımdır ki,
medianın müharibə dövründəki fəaliyyətini
ayrılıqda götürmək düzgün
olmaz. Cəbhəyə doğru
böyük axın var
idi. Əsgərə, hərbçilərimizə
dəstək axını. Hər kəs hansısa formada orduya kömək
göstərməyə çalışdı və bunu etdi. Jurnalistlər
xalqın bu monolitliyini
istər yerli, istərsə də beynəlxalq
ictimaiyyətə göstərdilər, məsələni
peşəkarlıqla işıqlandırdılar. Qələbəmizdə
həmrəyliyimiz başlıca rol
oynadı. Söhbət xalq-hakimiyyət, xalq-ordu
həmrəyliyindən gedir. Media isə hər iki
qütblə həmrəy oldu.
Ümumən Vətən müharibəsi zamanı informasiyanın cəmiyyətə çatdırılması ilə bağlı bir sıra diqqət çəkən məqamlar var idi. Əvvəla nəzərə alınmalıdır ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə olan ruh yüksəkliyi ayrı-ayrı KİV-lərin də fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda o da bildirilməlidir ki, media özü ovqat və ruh yüksəkliyi formalaşdırdı, onu daha da artırdı, sabit saxlanması və qorunması naminə əlindən gələni etdi.
***
Xarici təzyiqlər
qarşısında duruş gətirmək.
Azərbaycan hakimiyyəti erməni lobbi və
diasport təşkilatlarının, ermənipərəst
qüvvələrin aramsız həmlələrinə baxmayaraq, bunu bacardı. Məsələnin
vacibliyini əsaslandırmağa ehtiyac yoxdur. Yalnız onu vurğulamaq
yerinə düşər ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif
ölkələrinin aparıcı media
vasitələrinə müsahibələri düşmənə
qarşı ideoloji sipər rolunu oynadı. Dövlət
başçımız müsahibələrində və xalqa müraciətlərində həm
xaricə, həm də daxilə vacib
ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji
müstəviyə də daşındı.
Prezident müsahibə və
çıxışlarında bir növ, tezislər verdi. Təbii
ki, bu amil
media orqanlarımızın fəaliyyətinə
də müsbət təsirini göstərdi. Jurnalistikamız
həm münaqişənin tarixi, həm
hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər
tutarlı arqumentlərlə silahlandı. Nəinki
mediamız, bütövlükdə ictimai
sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli
idi.
***
Vurğulanmalı vacib məqamlardan biri də cəbhə bölgəsindən informasiyaların çatdırılmasıydı. Azərbaycan jurnalistikasının ötən əsrin 90-cı illərində, xüsusən də I Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar repartorlar və operatorlarımız olub. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca, bu gün Real TV-nin rəhbəri olan Mirşahinin Ağayevin özü. Adlarını indi xatırlamadığım başqa simalar da var. Yada salım ki, müharibə başa çatıb atəşkəs elan olunduqdan sonra ümummilli lider Heydər Əliyev həmin jurnalistlərin bir qrupu ilə görüş keçirmiş, onların əməyini yüksək qiymətləndirmişdi.
Bəli, dediyimiz kimi, Azərbaycan jurnalistikasının
münaqişə bölgələrində, ekstremal
vəziyyətlərdə çalışmaq təcrübəsi
var. Ancaq illər keçir, nəsillər dəyişir. Təəssüf
ki, bu dəyişikliklərlə
müəyən peşəkarlıq vərdişləri də
sıradan çıxdı. Gənc nəsillə
yaşlı nəsil arasında müəyyən mənada
peşəkar əlaqə də itdi...
44 günlük
müharibədə isə hərbi jurnalistikamız da belə desək, özünə gəldi,
canlandı. Bu gün
cəbhənin hər qarışına, hər nöqtəsinə,
hər rayonumuza, silah-sursatların
xüsusiyyətlərinə bələd olan
jurnalistlərimiz var. Onlar
bu bilikləri əsasən praktik şəraitin diqtəsilə
qazandılar. Hər birinin əməyi
yüksək qiymətləndirilməlidir. Həyatlarını
riskə atmaqdan çəkinmədilər.
Ən qaynar nöqtələrdə fəaliyyət
göstərdilər.
Bununla belə 44 günlük müharibə onu
göstərdi ki, hərbi jurnalistika
məsələlərinə ciddi önəm
verilməlidir. Yalnız praktik biliklərlə,
vərdişlərlə kifayətlənmək yetərsizdir. İşin nəzəri və fundamental
aspektləri də mütləq şəkildə nəzərə
alınmalıdır. Qarşıdakı müddətdə məsələyə
məhz bu baxımdan yanaşmaq
şərtdir. Müharibə jurnalistikamız üçün
bu zərurəti aşkar
şəkildə meydana
çıxartdı.
***
Müharibə şəraitinin Azərbaycan
jurnalistikasına öyrətdiyi bir vacib xüsusiyyət də diqqətdən
yayınmır. Bu, rəsmi mənbələrə istinad,
əldə edilmiş qeyri-rəsmi bilgilərin
təsdiqlənməsi ilə bağlıdır. İstər
2020-ci ilin iyulunda Tovuzda – Azərbaycanla Ermənistanın
dövlət sərhəddində yaşanmış gərginlik
vaxtı, istər 2016-cı ilin “aprel müharibəsi” dönəmində, istərsə
də atəşkəsin pozulduğu
daha əvvəlki illərdə media təmsilçilərinin rəsmi mənbələrə
istinadı ilə bağlı problem var idi. Problem sosial
şəbəkələrin informasiyalılıq dərəcəsi
artdıqca özünü daha qabarıq göstərməyə
başlamışdı. 44 günlük
müharibədə Azərbaycan jurnalistikası bəzi mənfi
sayılacaq istisnaları çıxmaq şərtilə,
ümumən rəsmi mənbələrə daha
çox üz tutdu. Bu, kifayət qədər
pozitiv məqamdır.
Eyni zamanda o da təqdir olunmalıdır ki, media işini həm də yayılmış müxtəlif bilgilərin reallıqla nə dərəcədə uyğun olduğunu öyrənərək qurdu. Burada vurğulanmalı başlıca məqam həm də ondan ibarətdir ki, əlaqədar dövlət qurumları da – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz işlərinə məsuliyyətlə yanaşdılar, düşmən tərəfdən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdilər, imkan yaratmadılar ki, Ermənistanın hər hansı ideoloji təxribatı cavabsız qalsın. Bu cəhət medianın belə desək, informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Hər bir halda yekun nəticə bu oldu ki, Azərbaycan mediası rəsmi mənbələrə daha çox istinad etmək sahəsindəki vərdişlərini təkmilləşdirdi, mövcud sahədəki boşluqları xeyli aradan qaldırdı.
***
Sonda üzərində
dayanılmalı bir məsələ ilə
bağlı da söz
açılmalıdır. Azərbaycan Qarabağ
müharibəsindən qalib
çıxdı. Azərbaycan mediası da
qalib ölkənin mediasına çevrildi. Mənəvi baxımdan bu, yüksək dividentdir.
O mənada ki, müharibə
dünyanın Azərbaycana diqqətini cəmləşdirən
amil idi. İstər-istəməz
Dağlıq Qarabağ münaqişəsinə
maraq yarandı. Ordumuzun
döyüş meydanında nümayiş etdirdiyi güc və gücün aşkar üstünlüyə çevrilməsi,
tam qalibiyyətə gedən yoldakı lokal qalibiyyətlər gücün
qarşısında deyil, yanında dayanma tendensiyasını
aktuallaşdırdı. Nəticə etibarilə biz xaricin Azərbaycan
mediasına daha çox
istinad etdiyini gördük. Əlbəttə, ilk baxışdan bunu təbii
saymaq da mümkündür. Xaricdəkilərin Ermənistan
mediasına olduğu kimi,
Azərbaycan mediasına da nəzər
salmaları təbii idi. Amma
etibarlılıq məsələsi önəmlidir. Erməni
mediası müharibə dönəmində Ermənistan
hakimiyyətinin cəfəng fikirlərini, reallıqla uzlaşmayan informasiyalarını yaydı. Azərbaycan
mediası isə reallığa söykəndi.
Ümumən ölkəmizin KİV-ləri mövzuya yanaşmada xeyli dərəcədə ciddi
oldular.
Xaricdən bütün
bunları görür və dəyərləndirirlər.
Nəticə budur - müharibə
dövründəki fəaliyyət Azərbaycan
jurnalistikasına bəlli imic, müsbət
reputasiya qazandırdı. Bu
isə perspektiv beynəlxalq əməkdaşlıq
məsələləri baxımından vacib
göstəricidir.
525-ci qəzet 2020.- 14 noyabr.- S.7