Azərbaycan
rəssamlıq sənətində Qarabağ etüdləri
Öz
zənginliyi və bənzərsizliyi ilə
mədəniyyət məbədimiz adlandırılan
Qarabağın əsrarəngiz təbiəti,
meşələrin, dağların, gur axan bulaqların
gözəlliyi əsrlər boyu incəsənət
xadimlərimizi ruhlandırıb. İstedadlı
rəssam və şairə Natəvanın, rəssam və
musiqişünas Mir Möhsün Nəvvabın,
görkəmli fırça ustası Usta Qəmbər
Qarabağinin, Azərbaycanın böyük
musiqiçiləri Üzeyir bəy Hacıbəyovun,
Bülbülün adlarını çəkmək
kifayətdir. Bu
yerlərin məişət xüsusiyyətləri, estetik
zövqü, bir sözlə milli siması, müxtəlif sənət növlərimizdə özünü
parlaq şəkildə büruzə
verib. Qarabağın incisi Şuşa mədəniyyət
ocağıdır. Şuşa kitabxanalarında xəttatlar kitablar yazır
və üzlərini köçürür, rəssamlar
isə şəhər binalarını divar rəsmləri
ilə bəzəyirdilər. Xalçaçılıq
emalatxanalarında gələcəkdə dünyanın ən
yaxşı muzeylərinin fəxrinə çevriləcək
xalçalar tikilirdi. Xanəndələr
isə Qarabağ muğam məktəbinin bayrağını
daima yüksəkdə tuturdular.
Təsadüfi
deyil ki, Qarabağın ecazkar, tərifəgəlməz
gözəllikdə olan təbiəti, iqlimi rəssamlıq
sənətimizə də böyük təsir
göstərmişdir. Zamanını
Qarabağ etüdlərində keçirən
rəssamlarımızın yaratdıqları tablolar
Azərbaycan mədəniyyəti xəzinəsində özünəməxsus yer tutur.
Vaxtilə buranın təmiz havasını köks dolusu
ciyərlərinə udan rəssamlarımız, sonra bu yerlərin heyrətamiz mənzərələrini
böyük məhəbbətlə ağ kətanlara
köçürmüşlər. Şuşadan, Laçından,
Zəngilandan nişanə olan bu tablolarda doğma Qarabağ
təbiətini minbir rəngi ilə yanaşı,
Cıdır düzünü də Səttarın gözü
ilə görürük.
Mürəkkəb,
bir o qədər də anlaşıqlı süjet
əsasında dolğun və naxışvari təbiət
mənzərələri aşkara çıxarmaq
istedadına malik olan rəssam Səttar Bəhlulzadə bir
neçə dəfə Qarabağda olub. Öz
vətəninin gözəlliklərinə valeh olan Səttar
Bəhlulzadə Qarabağ təbiətinə həsr
edilmiş bir sıra mənzərələr çəkib. Təbiət
məcnunu olan dahi sənətkar etüd çantasını
çiyninə atıb üzü Şuşaya,
Kəlbəcərə yollanar, ecazkar fırçası
ilə Qarabağ tə-biətinin gözəlliklərini bir
daha gözəlləşdirib,
əbədiləşdirərdi. Rəssam
bu tablolarında da hər zamankı kimi
fiqurlar üzərində ornament motivləri
işlədərək sanki Qarabağ təbiətinə
ayrı bir can verirdi, rənglərin harmoniyası isə
öz qeyri-adiliyi ilə seçilirdi. Səttar
Bəhlulzadənin Qarabağ tablolarına baxdıqca elə
bil özünü o təbiətin qoynunda hiss edirsən,
sıldırım qayalar arasından boylanan tər
çiçəklərin qoxusunu duyursan.
Səttar
Bəhlulzadə təəssürat rəssamıdır. Bütün ömrü boyunca kədəri
dərindən dərk etmiş olan rəssam Cıdır düzünü rəsm edərkən sanki bu ellərin uzun illər öz
doğmalarından ayrı düşəcəyini hiss
etmişdir. Sakit dayanan Cıdır düzünü təsvir
edən rəssam bu tablosunda da Şuşa təbiətini
necə deyərlər, öz dili ilə
danışdırmışdır. Axı Səttar rəsm edəcəyi
mənzərəyə əvvəlcə saatlarla oturub
tamaşa edərmiş. Bu
cəhətdən kəskin dramatik boyalarla işlənmiş
tablodakı qızılı sarı, yaşıl və oxra
rənglər vəhdətində qurulmuş kolorit mövzunun
lirizminə çox uyğundur.
Səttar
Bəhlulzadə Qarabağın gözəlliklərini bu
silsilədən olan digər lövhələrində də
müxtəlif fəsillərin rəngi ilə kətan
üzərinə köçürüb. "Şuşa. Ağaclar" , "Dumanlı
dağlar", "Yuxarı Daşaltı",
"Qarabağda yay" əsərlərində
də sanki rənglər dil açıb danışır.
Böyük
məhəbbətlə sənət həyatı verdiyi
Qarabağda doğulduğuna görə rəssam Nadir
Əbdürrəhmanovun da bəxti gətirmişdi. Laçının
uca dağlarında dünyaya göz açan sənətkar
məhz bunun nəticəsində doğma təbiətin saf
gözəlliyini lirik və şairanə boyalarla əks etdirən
maraqlı mənzərələr ortaya
çıxarmışdır. Nadir
Əbdürrəhmanov rəsmləri rəng
cəhətdən incə, həssas, eyni zamanda zərifdir.
Nadir
Əbdürrəhmanov həyatı boyu
dəfələrlə qeyd edirdi ki, yalnız öz
vətənində, Qarabağ dağlarında rahat və
xoşbəxt çalışıb. Rəssamın
həmin etüdlərinə baxarkən belə qərara
gəlirik ki, həqiqətən də, doğma mənzərələr
ona heç nə ilə müqayisə edilməyəcək
dərəcədə həzz verib, ruhlandırırdı. Ona
görə də təsadüfi deyil ki, Nadir
Əbdürrəhmanovun mənzərə rəsmlərinin
böyük əksəriyyətində Qarabağ
dağları təsvir edilib. Rəssam
gözəl təbiətə, mənzərəyə malik
olan bu yerlərə dəfələrlə gəlməyə
üstünlük verib. Hər
dəfə də könlü açılıb,
gözü sevinib. Doğma yerlərə olan sevgisi onu
Qarabağ təbiətindən qopara bilməmiş və
rəssam bu gözəlliyə olan heyranlığını gündəliyinə
yazdığı bu sözlərlə ifadə etmişdir:
"Buradakı başıqarlı dağlar yaşıl
düzənliklərin mənzərəsini yaxşı
tamamlayır. Valehedici gözəllik insanda qeyri-ixtiyari olaraq romantik
hisslər oyadır". Laçın
dağlarının gözəlliklərini müxtəlif
fəsillərin rəngində kətan üzərində
əbədiləşdirən Nadir Əbdürrəhmanov
burada təkrarsız rəng çalarlarından istifadə
edib.
Nadir
Əbdürrəhmanovun rəsmlərində Qarabağ
təbiətinin cəmlənmiş ətri,
axşamqabağı sıx işığın
vəziyyəti rəssamın daxili saflıqla hiss etdiyi bu
torpağın xarakterini ifadə edir. Rəssam
öz qeydlərində yazır: "Uşaq yaşlarımdan
atamla birlikdə Laçın ətrafında
yerləşən dağ rayonlarına səfərlər
edirdim. Tələbə
ikən tətilə çıxdığım zamanlarda da
həmin rayonlara getməyi xoşlayırdım. Yaylaqda
insanların həyatını, onların əməyini və
istirahətini müşahidə edirdim. Təbiətin
qoynundakı bu dinc həyatın mənzərələri
tez-tez təsəvvürümdə canlanırdı. Səfərlərim
zamanı çoxlu etüdlər çəkirdim. Bir neçə il keçdi və mən
uşaqlıq və gənclik illərindən qalan
təəssüratları böyük kətan
üzərində əks etdirmək qərarına
gəldim. Beləcə "Dağlarda alaqaranlıq" əsəri
meydana gəldi". Köhnə
etüdlər və cızma-qaralar əsasında həmin
illərin təəssüratlarını hafizəsində
yaxşı saxlayan rəssam sonradan yaddaşında
qalanları kətana köçürmüş,
dağlardakı sükut ilə təbiətin məftunedici
gözəlliyini sanki bir vəhdət halında təsvir
etmişdir.
Qarışıq
texnika ilə kağız üzərində çəkdiyi
"Laçın. Minkənd"
eskiz xarakteri daşısa da, kompozisiyada rəssamın
təsvir etdiyi səhnə aydın və
anlaşıqlıdır. Görünür,
pastellə boyanmış və tuş ilə kəskin
konturlar verilmiş eskizdə rəssam mərkəzdə
çalğıçılar, xonça aparan
qadınları təsvir etməklə bayram və ya toy
səhnəsi canlandırmaq istəmişdir.
"Zəngilanın
üzüm bağları" adlı
mənzərəsinə isə tamaşa edərkən
deyə bilərik ki, rəssam bu əsərində hər
şeydən əvvəl mükəmməl kompozisiya
yaradıcısı kimi çıxış edib. Fiqurların
sərbəst yerləşdirildiyi və ön planın
çətinliklə sezildiyi rəsm əsərinin
quruluşu olduqca maraqlıdır və göy rəngin
müxtəlif tonları başlıca ideya kimi
çıxış edir.
Nadir Əbdürrəhmanovun
tablolarında təbiət haşiyə, fon deyil, onun doğma evidir. Rəssam Qarabağın
ürəkaçan mənzərələri ilə bu
yerlərin bəxtəvər günlərindən
xəbər verir. Və qeyd
etməliyik ki, əsl qarabağlı rəssam kimi Nadir
Əbdürrəhmanovun rəsmlərinin nəğməli
quruluşu gözdən qaçmazdır.
Monumental lövhələr ustası və milli rəssamlıq sənətimizin zəngin boya ənənələrinə yaxından bələd olan Mikayıl Abdullayevin "Axşam" tablosu parlaqlığı və dekorativliyi ilə fərqlənir. Gəzintiyə
çıxmış Şuşa qadınlarının
gözəlliyini əks etdirən tablonu yarandığı gündən uzun illər keçməsinə
baxmayaraq, elə bil rəssam elə indicə
tamamlayıb. İncə plastikaya malik olan bu əsərində rəssam
obrazların qarayanız sifətlərində, bəyaz
libaslarında xüsusi cazibədarlıq tapmış, eyni
zamanda, qəhrəmanlarının mənəvi
keyfiyyətlərini ifadə etmək üçün xoş
və ürəkaçan boyalar işlətmişdir. Rəssam
heç də lüzumsuz alabəzəyə
qapılmamışdır. Ön
plandakı ağ geyimli iki qadının
surətləri isə xüsusilə cazibədardır. Onların
xoş sifətlərində gəncliyin təravəti oxunur. Tablonun
açıq gümüşü və tünd yaşıl
boyalarında xoşbəxt insanların həyat
eşqindən doğan nikbin əhvali-ruhiyyə
üstündür.
Adlarını
sadaladığımız görkəmli fırça
ustaları və qeyd etmədiyimiz bir sıra Azərbaycan
rəssamları yaradıcılıqlarının müəyyən
bir zamanında Qarabağ torpaqlarında olmuş, bu yerlərin
valehedici təbiət lövhələrini yaradıcı
rəssam təxəyyülü ilə kətana köçürmüşlər. Böyük
sevinc hissi ilə qeyd etməliyik ki, uzun illər ərzində
düşmən caynağında çırpınan
Qarabağa və təsvirlərinə baxaraq təskinlik
tapdığımız Cıdır düzünə artıq
öz doğmaları geri gəlib, bu düzdə bitən
xarı bülbül isə öz rənginə, təravətinə
qayıdıb. İnanırdıq
ki, Qarabağ etüdləri bir gün gələcək o
yerlərə geri dönəcək desək, həqiqəti
söyləmiş olarıq. Biz tezliklə
Qarabağın abad halını, azad
mənzərələrini seyr edərək bu yerlərin
xoşbəxt günlərini yenidən rəsm
edəcəyik.
Şəmsiyyə
ZALOVA
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci
qəzet.- 2020.- 21 noyabr. S. 18.