Kamal
Abdullanın postmodern nəsrində oxşar obrazı
Kamal Abdulla -70
Postmodernizm cərəyanının əsas məğzini
mətn və onun təqdim etdiyi hiperreal dünyanın dərki
təşkil edir. Postmodern mətn digər mətnlərin əsasında
yaranır, özündən öncəki ədəbi
nümunələrdən, miflərdən gələn arxetipik
işarələri, sitatları özündə ehtiva edir.
Belə demək mümkünsə, postmodern mətn
özündən əvvəlki irsin izlərini daşıyan
metamətndir və oxucudan ensiklopedik bilik, geniş
dünyagörüşü tələb edir. Prof. Qorxmaz
Quliyevin fikrincə, "keçən əsrin ikinci
yarısında formalaşmış postmodernizm tarixi, sosial və
milli kontekstlərdən asılı olaraq hərəkətlilik,
elastiklik, misli görünməmiş "mühit"ə
uyğunlaşmaq keyfiyyətləri nümayiş etdirən fəlsəfi,
epistemoloji, elmi-nəzəri, estetik təsəvvürlər
kompleksidir. Bu baxımdan postmodernizm ilk növbədə
müəyyən mentalitetin, dünyada insanın yerinin və
rolunun, həmçinin, onun dünyanı dərk
imkanlarının üzə çıxarılmasına xidmət
edir". Müxtəlif ölkələrdə
postmodernizmin vurğuladığı məqamlar, postmodern
paradiqma fərqlənir. Məsələn,
Amerikan postmodernizmində postmodern element kimi parodiya, ironiya və
oyun çıxış edir. İngilis ədəbiyyatında
isə postmodernizm öz tarixi alt qatı (tarixi alt mətn) ilə
diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatında
da postmodernizmin fəlsəfi-estetik kateqoriyaları,
özünəməxsus elementləri aydın şəkildə
izlənir. Bu kontekstdə Kamal Abdulla
yaradıcılığı xüsusilə fərqləndiyini
qeyd etməliyik. Məhz Kamal Abdulla
yaradıcılığında postmodern estetika daha qabarıq
və cəlbedici şəkildə təzahür edir. Bu səbəbdən Azərbaycan postmodern ədəbiyyatında
Kamal Abdulla mətnləri və Kamal Abdulla xətti
aparıcıdır. Akademik İsa Həbibbəyli
də qeyd edir ki, "müstəqillik illərində
postmodernizmin təmayülləri inkişaf edib genişlənərək
ədəbi cərəyana çevrilmişdir. Kamal Abdulla Azərbaycan ədəbiyyatında
postmodernizm ədəbi cərəyanının
yaradıcısıdır".
Fikrimizcə, mifologiyada, daha sonralar isə bədii ədəbiyyatda
geniş işlənən oxşar obrazının əsasında
Yunqun irəli sürdüyü "kölgə" arxetipi
durur. Yunqun izahına görə, "kölgə"
insan ruhunun əks qütbünü, təhtəlşüurda
sıxışdırılaraq gizlədilən duyğu və
fikirləri özündə ehtiva edir. Persona
arxetipinin zəiflədiyi məqamda kölgə meydana
çıxaraq özünü ifadə etməyə
çalışır. İnsan ruhunun
qaranlıq və görünməyən üzü olan
kölgə arxetipi daim cəmiyyətin qəbul etdiyi persona
arxetipi ilə tarazlıqda olmalıdır.
Kamal Abdulla yaradıcılığında da oxşar
problemi hər zaman aktual olmuşdur. Bu baxımdan onun
"Yarımçıq əlyazma" romanında
yaratdığı Şah İsmayıl Xətai və
oxşarı Xızır obrazları ədəbi
dolğunluğu ilə seçilir. "Kamal
Abdullanın və Lion Feyxtvangerin
yaradıcılığında "kölgə"
arxetipi" (Poetika-izm.2016, №2) məqaləmizdə bu barədə
geniş bəhs etdiyimiz üçün bu yazımızda həmin
əsəri geniş təhlil etməyəcəyik.
Yalnız həmin məqalədən hər iki əsərdəki
oxşar obrazlarının təhlili ilə bağlı hissəni
xatırlatmaqla kifayətlənirik: "Qeyd edək ki, hər
iki əsərdə həm Xızır, həm də Terrensi
çox ağır mənəvi-ruhi imtahandan keçməli
olurlar. Belə ki, onlar hökmdarın
oxşarı - kölgəsi olmaq üçün
seçilmişlər. Eyni zamanda,
onların öz daxillərindəki kölgə arxetipinin də
fəaliyyəti intensivləşir. İndi
onlar yeni şəraitdə necə deyərlər, tamamilə
yenidən, oxşar statusunda olsa belə, başqa bir şəxs
kimi doğulurlar. Həm Xızır, həm də
Terrensi başqasının kölgəsi rolunu ifa edərkən,
həm də öz kölgələri ilə mübarizə
aparmalı olurlar. Feyxtvangerin əsərində
Terrensi öz-özünü inkar edir və kölgəyə
tabe olur. Personanı rədd edərək
kölgənin istədiyi şəklə - imperator Neron
obrazına bürünür. Xızır
isə Şah İsmayılın yalnız xarici oxşarı
olmaqla kifayətlənir. Xızırda
Şah İsmayıla qarşı heyranlıq və məhəbbət
olsa da, heç zaman tamamilə Şah İsmayılın
oxşarı olmaq istəmir. Terrensidən
fərqli olaraq o, daxilən Xızır olaraq qalır, kölgəyə
tabe olaraq başqasının tam surəti olmaq kimi fanatik arzuya
qapılmır. Bu baxımdan, Xızır
Terrensidən şəxsi keyfiyyətlərinə görə
daha yüksəkdə dayanır, o, Aristotelin "qızıl
orta" prinsipinə əsaslanaraq kölgə ilə
personanı tarazlaşdıra bilir".
Kamal
Abdullanın 2019-cu ildə işıq üzü görən
"Sirlərin sərgüzəşti" romanında rast gəldiyimiz
Hacı Mir Həsən ağa Səyyah ilə Həsən
müəllim də oxşardır. "O bilmirdi (bilməyi
mümkün də deyildi) ki, bu kəsişmə nöqtəsində
onun ruhu Hacı Mir Həsən ağa Səyyahın hücrəsinə
sığınıb qalmışdı. Burası
onun üçün doğma məkan idi. Və
əslində, Həsən müəlllim həm burda, həm
də orda ola-ola özü özü ilə özünün
də bilmədiyi bir oyun oynayırdı". "Yarımçıq əlyazma" romanından
fərqli olaraq bu romanda oxşar fenomeni eyni zaman çərçivəsində
deyil, zamanlar arası oxşarlıq şəklində təzahür
edir. Həsən müəllimlə
Hacı Mir Həsən ağa Səyyah biri digərinin
davamı kimi əlyazmanın səyahətinə
yardımçı, vasitəçi olur, böyük bir
missiyanın ötürücüsü, mediator rolunu
oynayırlar.
Kamal
Abdullanın "Platon, deyəsən, xəstələnib..."
hekayəsində isə oxşar problemi artıq iki alimin -
müəllim Kamran Abbaslı ilə tələbəsi, gənc
alim Zahid Fərzəlinin tədqiqatlarında əks olunur. Füzulinin oxşarı ilə bağlı fikirlər
və axtarışlar fonunda gənc alimin həyatında da qəribə
hadisələr baş verməyə başlayır. Müəlliminin ölümündən sonra təkrar
ondan xəbər alması, daha sonra Kamran Abbaslının vətənə
qayıdıb yenidən vəfat etməsi barədə məlumatlar
Zahid Fərzəlini cavabsız suallar qarşısında
qoyur. Maraqlıdır ki, müəlliminin
iki dəfə vəfat xəbəri gəlsə də, Zahid Fərzəli
heç zaman onun dəfnində iştirak etməyib.
Birinci halda Kamran Abbaslının təyyarə qəzasında
ölməsinə görə bu, mümkün olmursa, ikinci
halda Zahid Fərzəli müəlliminin dəfninə
"üzürlü səbəb"dən - Türkmənistanda
elmi ezamiyyətdə olduğu üçün gedə bilmir:
"Allah-Allah, bu nə qarabasmadır?!" - deyə
düşünən Zahid Fərzəli "bu gün
yanına gedərəm, sabah yanına gedərəm", bu
cürə günü-günə satdı və bir gün
artıq özünün də inandığı, bəlkə,
inanmaq istədiyi sonuncu ağır xəbəri eşitdi. Müəllim vəfat etmişdi. Çox üzülsə də, dəfnə gedə
bilmədi". Hekayənin sonunda Truskavetsdən
Kamran Abbaslının imzası ilə gələn teleqram yenidən
müəllimin sağ olduğunun təsdiqi kimi səslənir.
Beləliklə, Kamran Abbaslının
oxşarı olması ehtimalı onun tələbəsi Zahid Fərzəlinin
qəribə əhvalatla bağlı gəldiyi yeganə
doğru qənaət kimi səslənir. Lakin
hekayədə əsas məqamlardan biri də ustada sədaqət
məsələsidir. Zahid Fərzəli də
müəllimi Sokratı həbsdə ikən ziyarət etməyib
sonra peşman olan Platon kimi müəllimini xəstə olarkən
ziyarət etməyərək ona xəyanət edir. Beləliklə,
Kamran Abbaslı Sokratın, Zahid Fərzəli isə Platonun
oxşarı kimi qarşımıza çıxır:
"... "Platon, deyəsən, xəstələnib"
cümləsindən daa məzlum, daha zərif və daha
gözəl cümlə, görəsən, yer üzündə
varmı?!"
Kamal
Abdullanın X.L.Borxesin xatirəsinə həsr etdiyi
"Adaşlar" hekayəsinin qəhrəmanları qəflətən
rastlaşan adaşlar - oxşarlardır: "Uzaqdan o adamı
görəndə ona elə gəldi ki, bir-birlərini
tanıyırlar. Doğma nə isə var idi -
duruşunda, bəlkə geyimində. Hər
halda ona oxşayışı şübhə
doğurmadı". İlk baxışdan
onları adlarından, zahiri oxşarlıqlarından başqa
heç nə birləşdirmir. Biri həkim,
digəri yazıçıdır. Amma hekayət irəlilədikcə
oxucuya məlum olur ki, bu iki obrazı yalnız zahiri atributlar
deyil, həm də eyni zaman kəsiyinə dair xatirələr,
eyni ev, eyni kulturoloji qat birləşdirir. Hekayəni oxuduqca aydın olur ki, əslində,
onlardan biri digərinin daxilindəki reallaşmamış məni,
alternativ həyatı simvollaşdırır. Həkim
Kamal ədəbiyyatçı, ədəbiyyatçı
Kamal isə həkim olsaydı, necə
yaşayacağını əyani şəkildə
görür, sanki öz alternativ həyatını film şəklində
izləyir: "Sağollaşmadan getməyi ikisi də beynindən
eyni zamanda keçirdi. "Belə
yaxşıdı". "Əlbəttə,
belə yaxşıdı. Görəsən,
kim kimin yuxusudu?" Amma əslində, bu
hekayədə üçüncü bir oxşar da var. Müəllifin
özü - Kamal Abdulla da oxşarlardan biridir. Əsərdə
xatırladılan bir məqama diqqət edək:
"Anasının guya ki, zəhmli səsi mətbəxdən,
əslində isə uzaqdakı illərin o tayından zəifləyə-zəifləyə,
amma hələ gəldikcə o, daha böyük şövqlə
ayaqlarına güc verərdi, balkondakı səs-küy ən
yüksək həddinə çatanda isə anası durub məcbur
olardı mətbəxdən balkona gələrdi,
üz-gözünə son dərəcə ciddi bir ifadə
verib, qorxulu-qorxulu pıçıldardı. Və
yuxunun kulminasiyası da bu pıçıltının mahiyyətində
idi. Pıçıltı bu idi:
- Bəsdi,
a bala, bu qədər atdanıb-düşmə daha. Balkon uçar. Sən istəyirsən
ki, balkon uçsun?! Bax bu sonuncu sözlər
idi onu hər gün günortanın oğlan çağı
yuxu ilə görüşə aparmağa məcbur edən
qüvvə. "Balkon uçar".
Yuxu olanda nə olar?! Möcüzə onda idi ki,
anasının bu sözlərindən sonra balkon həqiqətən
tut ağaclarının onu buraxmaq istəməyən
budaqlarından silkinib, o boyda binadan ayrılar (ev
ikinci mərtəbədə idi), vertolyot kimi dimdik göyə
ucalar və burnunu dəniz tərəfə tutub
uçmağa başlayardı, o da balkonun içində".
Bu uşaqlıq xatirəsini illər əvvəl
Kamal Abdulla bu məqalənin müəllifinin də içində
olduğu tələbələrinə
danışmışdı. Bu səbəbdən
əminliklə deyə bilərik ki, "Adaşlar" hekayəsində
əslində, iki yox, üç oxşar, üç Kamal
var.
Beləliklə, qeydlərimizi yekunlaşdıraraq Kamal
Abdulla mətnində rast gəlinən oxşar arxetiplərinin
müəllif ideyasının və postmodern mətnin spesifik
keyfiyyətlərinin əks olunması baxımından
böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik.
Elnarə
QARAGÖZOVA
525-ci
qəzet.- 2020.- 21 noyabr. S. 19.