2
il 40 gün erməni əsirliyində
Atilla Yumak:
"Ermənilər başımı kötüyün
üstünə qoyub mişarı boynuma dirədilər”
44 günlük Vətən
savaşımızın qələbə
ilə müjdələnməsi
xalqımızın taleyində
dönüş nöqtəsi
oldu. Bu qələbə günlərində
Birinci Qarabağ müharibəsi qazisi, 2 il 40 gün
erməni əsirliyində
qalıb işgəncələr
səbəbindən görmə
qabiliyyətini itirmiş
Atilla Yumakla söhbətləşdik.
Atilla bəy
1992-ci ildə Türkiyədən
Azərbaycana gəlib
və Azərbaycan vətəndaşlığını qəbul edərək könüllü şəkildə
döyüşlərə qatılıb. Hazırda müalicə alır.
Atilla bəyi müalicə edən həkim-oftalmoloq Paşa Qəlbinurun sözlərinə görə,
onun səhhəti yaxşılığa doğru
gedir:
"Atilla Yumak erməni əsirliyində
olduğu dövrdə
işgəncələrə məruz qalıb, görmə qabiliyyətini
itirmişdi. Səhhəti çox təhlükəli
vəziyyətdə idi.
Əsirlikdən xilas olduqdan
sonra biz onu mərhələ-mərhələ müalicə etdik. İndi gözləri açılıb,
gəzə, hərəkət
edə bilir. Atilla bəyin müalicəsində
ən müasir imkanlardan istifadə olundu. Vətənə döndüyü gündən ildə iki dəfə olmaqla müalicəsi davam etdirilir, səhhətində müsbətə
doğru irəliləyişlər
var".
***
- Atilla bəy, özünüzü necə
hiss edirsiz, səhhətiniz
nə yerdədir?
- Səhhətim əvvəl
heç yaxşı deyildi, amma Azərbaycanımız
qələbə qazanandan,
müzəffər olandan
sonra mənim əyilmiş belim düzəldi. İndi əhval-ruhiyyəm çox yüksəkdir.
Sağ olsun, Prezidentimiz və Azərbaycan Ordusu bu uğuru əldə
etdi və dünyaya yenilməz bir güc olduğumuzu
isbatladı. Azərbaycanımız son 300 ildə ilk dəfə itirmiş olduğu torpaqları geri aldı. Azərbaycanımız özünü göstərdi.
Və mənim kimi minlərlə insan döyüşmək üçün
konsulluqlara müraciət
edib. Hazırda Ali Baş komandan
hansı əmri versə, biz onun yanındayıq və əlimizdən gələni
etməyə hazırıq.
Mən və mənim kimi insanlar Azərbaycana gələndə ilk olaraq
Azərbaycan vətəndaşlığını
qəbul etdik. Daha sonra
döyüşlərə qatılmaq üçün
Müdafiə Nazirliyinə
müraciət edib bizə verilən vəzifəni əlimizdən
gəldiyi qədər
yerinə yetirməyə
çalışdıq.
Mən sonuncu dəfə 2003-cü ildə
müsahibə vermişəm. Ondan bu günə qədər heç bir qəzetə, televiziyaya müsahibə vermədim.
Çünki o vaxta qədər
biz məğlub idik.
İndi isə müzəffərik.
Və mən Azərbaycanın şanlı, müzəffər
ordusundan hər yerdə danışmaq istəyirəm. Mənim 50 nəfərdən
çox əsgərim
vardı, onların hər birində cəsarət gördüm.
Bizim
90-cı illərdəki məğlubiyyətimiz
vahid olmamağımızdan
irəli gəlirdi.
Bunlar əsgərdən asılı
deyil, əsgərlər,
zabitlər yenə də öz vəzifələrini yerinə
yetirdilər. Qələbəyə gedən yol nizami ordudan keçir. Bizim dövrümüzdə nə indiki kimi silahlar, nə də belə bir birlik
var idi. Amma əsgərimiz eyni əsgər, cəsarəti
eyni cəsarətdir.
Azərbaycan əsgərində görülən cəsarət
türk dünyasından
başqa heç bir yerdə yoxdur. Yalnız bizim əsgər
"ölsəm, şəhidəm,
qalsam qazi" deyib döyüşə girir.
- Siz həm də
erməni əsirliyində
olmusunuz. Orada sizə münasibət
necə idi?
- Müharibədə 3 şərt
var: biri şəhidlik, biri qazilik, biri də
əsirlik. Mənə əsirlik nəsib
oldu. Təsəvvür edin, mən
torpağımı almaq
üçün düşməni
öldürməyə getmişəm,
indi onun mənə necə davranacağını siz təsəvvür edin.
Orada olan bir hadisəni
danışım. Mən
6 ay Şuşa həbsxanasındakı ölüm
düşərgəsində qaldım. Orada əsirlərə odun doğratdırırdılar.
Mən də orada odun
doğrayırdım. İki erməni gəlib soruşdu ki, burada türk kimdir? Məni göstərdilər. Ermənilər dedilər ki,
səni doğrayacağıq.
Mən də öz içimdə sevindim ki, öləcəm, canım bu işgəncədən
qurtulacaq. Başımı kötüyə qoyub böyük odun mişarını boynuma dirədilər. Mişarın dişləri yavaş-yavaş
boynuma batırdı, amma hələ kəsmirdilər. Birdən
başqa bir erməni bağırıb
nəsə dedi. Ondan sonra mişarı boynumdan çəkdilər,
kəsmədilər. Sonra orada
erməni dili bilən əsirlərdən
onların nə danışdığını soruşdum. Dedilər ki, səni Andronikin məzarında doğrayacaqlar, ona görə indi buraxdılar. Belə bir
vəziyyət yaranmışdı,
amma Allah onlara bunu qismət etmədi. Sonra məni məhkəməyə
verdilər və haqqımda edam qərarı çıxarıldı.
Amma xəstə olduğuma görə, ölüm hökmünü icra edə bilmədilər.
Mən Azərbaycana qayıdanda
36 kiloqram idim.
- Əsirlikdə nə
qədər qaldınız?
- 2 il 40 gün
erməni əsirliyində
oldum. 6 ay Şuşada
ölüm düşərgəsində,
19 ay isə Xankəndidəki
xəstəxanda oldum.
- Əsirlikdən qurtulacağınıza
ümidinizi itirməmişdiniz
ki?
- Orada olanda bir
ara dedilər
ki, əsirlərdən
bir neçəsini götürüb, qalanını
güllələyəcəyik. O vaxt bizim əsgərlərin
Xankəndiyə çatmasına
8 kilometr qalmışdı.
Onda mənim heç bir ümidim qalmamışdı. Fikirləşdim
ki, məni öldürəcəklər - ya
Şuşa türməsində öldürəcəklər,
ya da Xankəndidə
güllələyəcəklər. Amma Allahın qismətidir.
Rəhmətlik Heydər Əliyevin
səyi ilə əsirlikdən qurtuldum.
Bir də Türkiyədən
jurnalistlər gələcəkdi,
məni o vəziyyətdə
görməsinlər deyə,
verdilər. Məni yaşayan
ölü kimi qaytarmışdılar. Mən Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin vasitəçiliyilə
qaytarılanda yeriyə
bilmirdim, məni xərəkdə qaytardılar.
Vətənə qayıtdıqdan sonra mənə səhərə qədər
sistem qoşuldu, ondan sonra ayağa
qalxa bildim. İndi də yaşamım xəstəxanalarda, müalicə
ilə davam edir. Sağ olsun, doktor Paşa
Qəlbinur mənim müalicəm üçün
əlindən gələni
edir, hətta dərmanlarımı da pulsuz verir. O vaxt 36 kiloqram idim, indi 72. Həyatdır, yaşayacaq ömrüm
varmış, yaşayıram.
Bir şeyi də deyim, mənim kimi insanlar var,
92-ci ildə Azərbaycan
vətəndaşlığını qəbul edib könüllü şəkildə
döyüşlərə gediblər. Məsələn, İsmayıl Tunc,
Antepli Mehmet və başqaları.
- 1992-ci ildə ailənizi Türkiyədə qoyub buraya gəlmək sizin üçün çətin deyildi ki?
- Mən Azərbaycana
gəlməzdən əvvəl
Kiprdə idim. O vaxt mənim fikrim qazanc əldə etmək üçün Avropaya getmək idi. Xocalı soyqırımından sonra gördüyüm yuxu Azərbaycan Ordusuna yazılana qədər məni rahat buraxmadı. Yuxuda mənə deyirdilər ki, sənin azərbaycanlı qardaşlarını
doğrayırlar, sən
burada necə rahat yatırsan, necə dayana bilirsən? Bax bu sözlər
Azərbaycan Ordusuna yazılana qədər məni rahat buraxmadı. Çünki
canımız eyni can,
qanımız eyni qan, soyumuz eyni
soy, boyumuz eyni boydur. Oğuz boyunun insanlarıyıq
biz. Dırnağa tikan batsa, beyin ağrıyar. Bir bədənin qollarıyıq
biz. Ona görə, buraya
gəldik və Allah bizə qazilik nəsib etdi.
- Hansı bölgədə
döyüşmüsünüz?
- Füzuli və Qubadlı uğrunda döyüşlərdə iştirak
etmişəm. Əvvəlcə Füzulidə idim. Sonra Qubadlıya yardıma getdik. Qubadlı çox xoşuma
gəldi, oranı çox sevdim və Müdafiə Nazirliyindən əmrimi Qubadlıya verməsini istədim. Qubadlıda 2-ci batalyona daxil
oldum. Orada 1-2 ay qalandan sonra
məni 6-cı batalyonunun
kəşfiyyat qrupuna
daxil etdilər. Orada əsgərlərə təlim
keçən bir komandir var idi,
onun yanına köməkçi kimi göndərdilər. Sonradan həmin
komandir şəhid oldu. Biz də
orada əlimizdən gəldiyincə vəzifəmizi
icra etməyə çalışdıq. İndi Azərbaycanda
mənim haralı olduğumu soruşanda deyirəm ki, Qubadlıdanam. Çünki mən sonradan ikinci dəfə Qubadlıda doğuldum.
Rəhman MİRZƏLİZADƏ
525-ci qəzet.- 2020.-
21 noyabr. S. 21.