Acı taleli qız
(Əvvəli ötən
şənbə sayımızda)
Qızlara mehribancasına
deyirdi ki, mən sizə heç də qəribə
görünən bir şey danışmıram. Hamınıza məlumdur ki, bir dəfə
günah işlədən qız yenidən onu təkrar
etməyə girişir. Yalançı,
saxta romantika yenidən gur çiçək açmağa
başlayır. Kiməsə vurulan qız
istəyir ki, ondakı odu şəhvət küləyi daha da
alovlandırsın, bu alov onu bütünlüklə
yandırsın. Beləliklə, şirin
sayılan, əslində isə acı sərxoşluğu
andıran bir zolaq başlayır. Yəqin
ki, siz "Stokholm sindromu" ifadəsini eşitmisiniz. Zorlanmağa məruz qalan qız sonradan onu zorlayana
vurulur və əslində, onun biabırçı
cinayətinə haqq qazandırır.
Ağıllı
qız şəhvətə boyun əyməməlidir,
belə qızğın hiss yarandıqda da iradənin
gücü ilə onu söndürməyi bacarmalıdır. Çünki intim yaxınlıq ani həzz
mənbəyi olsa da, uzun müddətdə adamın
taleyinə yara vurmuş olur. Böyük
filosof Mark Avreli intim yaxınlıq anını istehza
qaydasında "iki bir-birinə sürtüşən
qarın" adlandırmışdı. Yəqin
ki, ən saf məhəbbət platonik məhəbbətdir,
lakin təbiət nəsli artırmaq qayğısına
qalaraq, məhz hissiyyatlı məhəbbətə
üstünlük vermişdir.
Şekspir
qadınları dalğaya bənzədirdi. Bu dalğa özünü qayalara
çırpmamalı, fəlakətə aparmamalıdır.
Qız, qadın şəhvətin əsiri
olmamalıdır, bu, pis nəticələr verir. Pasifaya
çar Minosun arvadı olsa da, ağ
öküzə vurulmuş və ondan yarıöküz,
yarıinsan olan Minotavrı doğmuşdu. Rus
imperatriçası II Yekaterinanın atla cinsi
əlaqədə olması barədə Qərbdə
şayiələr geniş yayılmışdır. Kişilərdə isə zoofiliya hədd
tanımır. Çinlilər
ördəklə, ərəblər dəvə ilə,
şərq ölkələrində kənd cavanları
isə qoşqu heyvanları ilə cinsi əlaqəyə meyl
edirlər. İtaliyadakı Pompeidə keçi ilə
yaxınlıq edən kişini təsvir edən freska
tapılmışdır, şəhər isə az qala 2 min il bundan əvvəl Vezuvi
vulkanının külü altında məhv olmuşdu. Kişilərin iyrənc cinsi əlaqələri
çox hallarda diqqətdən yayındığı halda,
qadınların qaydasız intim yaxınlığı,
şəhvət nümayişi lənətlənir, təhqir
obyektinə çevrilir.
Ağıllı
qız çalışır ki, nəcib adamın
məhəbbətini qazansın və ya ona cavab versin. Heyf ki, cavanların arasında
nəciblər o qədər də böyük zümrəni
təşkil etmirlər. Vurulan yara ya
çox gec sağalır, ya da heç sağalmır. Axı könül yaraları gözə
görünmür, əzab verir və daim onlardan qara qan
axır. İnsan könlünün
dərinliyində bu yara qaysaq bağlamır, həmişə
açıq qalır.
Mən nikahın, ailə qurmanın
hər bir qız qarşısında ali
məqsəd olduğu barədə çox danışmaq
istəmirəm, bu həqiqət ağlını
itirməmiş, hissin əsarəti altına
düşməmiş qızların hamısına ana
südü kimi məlumdur. Ailə qurandan sonra
qız öz ərinə olan sədaqəti qoruyub saxlamalıdır.
Ərə xəyanət ailənin
dağılmasına gətirib çıxarır. Mən demirəm ki, ərli qadınlar uzun
müddət ərindən ayrı düşəndə
uşaq əmələ gətirən orqanlarını
qıfılla qorusunlar. Bəzi
səlibçilər Yerüsəlimə, Müqəddəs
qəbri azad etməyə yola düşərkən
arvadlarının xəyanətə yol verməməsi
üçün onların həmin nayihəsinə
qıfıl bağlayırdılar. Mən heç nikah
nəğmələri, epitalamiyalar da qoşub, sizin
könlünüzü almaq istəmirəm. Onun məşhur yaradıcısı qədim yunan
şairəsi, Lesbos adasında yaşamış və
qızlara dərs vermiş Sapfo idi. Sapfo
məhəbbəti də tərənnüm edirdi, onu çox
güclü bir hiss hesab edirdi və məhəbbəti
"ondan qorunmaq üçün heç bir vasitənin
olmadığı şirin-acı əjdaha"ya
bənzədirdi. Özünü bu
əjdahanın ağzına atan hər bir qız
sayıqlığını, gələcəyini
unutmamalı, həmin məhəbbəti özünün
gələcək xoşbəxtliyinin bünövrə
daşına çevirməlidir.
Bilirsiniz,
insanın iki baxışı vardır, biri bədən
baxışı, digəri isə könül
baxışı. Adi gözlə sezə bilmədiyini ağıl
süzgəcindən keçirməlisən,
araşdırmalısan, götür-qoy edib qərara
gəlməlisən. Burada da ifrata varmaq
ağılsızlıqdır. Bizans
imperatorunun vurub gözünü tökmüşdülər,
kor olmaq onun üçün faciə idi. Bir
yepiskop isə ona gülüş doğuran təskinlik
vermişdi və demişdi ki, bu, imperatorun xeyrinədir, onun
zəka gözləri açıldı. Bu
da yepiskopun irəli sürdüyü və olduqca
qəribə bir təsəlli idi.
Professor əlavə
edirdi ki, qızları bədbəxtliyə
sürükləyən oğlanları və yaşlı
kişiləri mən həşərata bənzədirəm. Bitki həşəratları ağaclar hesabına
yaşayırlar, özgə şirələri ilə
qidalanırlar. Qızları bədbəxtliyə
sürükləyənlər də ani həzz hesabına
öz əclaf hərəkətləri ilə məhz
parazitləri yada salırlar.
Vicdan hamı
üçün vacibdir, qızlar üçün isə daha
böyük əhəmiyyət kəsb edir. Qədim romalılar demişkən,
yalnız təmiz vicdan nə yalanlardan qorxur, nə də
şər və böhtandan. Siz
vicdanınızın təmizliyini qoruyun, onda şər
və böhtan sizə ünvanladığı zərbəni
vura bilməyəcəkdir. Yaddan
çıxarmayın ki, hər bir səhvin eybəcər izi
qalır. Zamanın qumları bu izlərin
silinməsinə imkan vermir, onları qoruyub saxlayır. Ərdə olanlar nikahlarına sədaqətli
qalmalıdır, xəyanətə yol verməməlidir,
baxmayaraq ki, hətta yunan ilahəsi Afrodita da öz çolaq
əri Hefestə sadiq qalmamış, məşuqa malik
olmuşdu.
Südabə
xanım qızlara, istedadlı tələbələrə
nə qədər qayğı ilə yanaşırdısa,
savadsız kolleqalarını, küt tələbələri
müvafiq qaydada sevmirdi, hətta onlardan zəhləsi getdiyini
də gizlədə bilmirdi. Tələbələrə bilik vermək
əvəzinə, mühazirələrini lağlağıya,
primitiv klounadaya çevirən müəllimləri heç
cür bəyənmirdi, tələbələrdə biliyə
allergiyanın yaranmasında onları da günahkar hesab edirdi.
Bu müəllimləri dövlətdən
əməkhaqqı deyil, əsl sinekura almaqda ittiham edirdi.
Savadsız müəllimlər də onu rahat
buraxmırdılar, addımbaşı ona söz atır,
qıcıqlandırır, haqqında təhqiramiz
ləqəblər uydururdular və bu atmacalar çox geniş
yayılırdı. Pis oxuyan
tələbələr şayiə yaymaqda müsəlləh
əsgərlərə çevrilirdilər.
Bir dəfə elmi konfransda
çıxış edən bir professor Südabə
Səfərlini aşıq Ələsgəri də
Şekspirdən dərs alan şagird kimi
qələmə verməkdə ittiham etdi. Südabə
xanım cavab verdi ki, hətta
tələbəlikdən də aşıq poeziyası ilə
məşğul olmamış, aşıq
Ələsgərin maraqlı təşbehlərinə və
poetik dilinə heyran olsa da, onun yaradıcılığı
barədə bir sətir belə yazmamışdır. Bunu da mənə günah hesab etmək olar. Bir rəfiqəm daim şikayətlənir ki,
ərim ayaqlarındakı padaqradan əziyyət
çəkir. Mən ona təskinlik
verirəm ki, yaxşı ki, xəstəlik
ayaqlarındadır, adamlar var ki, başdan padaqradır, vay
onların halına.
Professor heç
nə başa düşmədi, onu daha da
qıcıqlandırmaq üçün dedi:
-
Şekspirdən başın açılır ki, folklorumuzla
da maraqlanasan?
Südabə xanım yenə cavab
verməli oldu:
- Mən Şekspiri özümə
kumir hesab etdiyimi gizlətmirəm, inkar etmirəm. Şekspir məşhur dramaturgiyası ilə
yanaşı, Çoserdən sonra ingilis ədəbi dilini
xeyli inkişaf etdirmiş və
zənginləşdirmişdir. Dante Aligyeri
XIII əsrdə ədəbi italyan dilini
yaratmışdısa, bu iki ingilis öz ədəbi
dillərinin təşəkkül tapmasına böyük
töhfə vermişdir. İndi dindar
müəllimlər də Dantenin adını
çəkdiyimə görə məndən narazı
qalacaqlar. Çünki o, öz məşhur
əsərində islam
müqəddəslərini xoşa gəlməyən
tərzdə və yerdə təsvir etmişdir. Lakin o, qədim yunan filosoflarını da
cəhənnəmdə yerləşdirmişdir və
heç kəs bunu da ona ciddi irad tutmur. Əksinə,
Dantenin "İlahi komediya"sını Qərb alimləri
çox vaxt Homerin ölməz əsərləri il müqayisə edirlər.
Din prizmasından
yanaşıldıqda, onda çox sayda dahilərin
üstündən xətt çəkilməlidir, ateizminə
görə Volter, dini xalq üçün nəşə
hesab etdiyinə görə Marks mütəfəkkirlər
sırasından silinməlidir. Ümumiyyətlə,
dahilərə öz zəka ölçülərimizlə
yanaşmamalıyıq, onların uca dağlara
bənzəyən əlçatmaz miqyaslarını
hökmən nəzərə almalıyıq. Onlar heç də adi, öləri insanlar
deyillər, öz dühaları ilə ölməzliyə
qovuşmuşlar. Onlar heç də III Daranın
Makedoniyalı Aleksandrla döyüşdə öz
adını doğrultmayan on minlik "ölməzlər"
qoşununun da əsgərləri deyillər, zamanın
sərhədlərindən kənara çıxmağı
bacarmaqla, zəkanın göy qübbəsini
işıqlandıran ulduzlara bənzəyirlər, axı
ulduzları dərk etməsək də, heyranlıqla seyr edirik,
onların sehri bizi əsir edir.
Dinə
gəldikdə, insanlar qədim dövrlərdən
indiyədək tanrıya, kömək umduqları ilahi
qüvvələrə sitayiş etmişlər. Yaponlar təbiətə, onun adi
nümunələrinə da sitayiş qaydasında
yanaşır, ağacın, daşın da ruhu olduğunu
güman edirlər. Din lap əvvəldən insanları
birləşdirmək vasitəsi olmuşdur və ilahi
qüvvələrə həsr olunmuş məbədlər
öz görünüşü ilə dövlətin
qüdrətindən xəbər verirdi. Lakin
ingilis ərəbşünası T.E.Lourensin bir
sözünü də nəzərə almalıyıq, o
yazırdı ki, bütün semit inanclarına aid olan
dinlərin ümumi əsası, insan həyatının
məqsədə malik olmaması barədəki
dəyişilməyən bir ideyadır. Dindarlar bunu
süngü ilə qarşılasalar da, bu sözlərdə
bir hikmətin olduğunu da inkar etmək çətindir..
Dini cəhalət alətinə,
silahına çevirənlər isə dinə xidmət
göstərmək pərdəsi altında
gizlənsələr də, səhv mövqeləri ilə
adamların şüuruna zərbə vurmaq kimi xoşagəlməz
bir iş görürlər. Din xadimlərindən kimsə
saatın əqrəbini geri çəkmək və saatı
dayandırmaq istəyirsə, bununla, əslində, dinin ali məqsədlərinə də xələl
gətirirlər. Bütün ideoloji
vasitələr xalqın ruhuna oxşar olmalıdır, yeniliyi
təbliğ etməlidir, ehkamların daşa
çevrilməsi heç də uğur hesab
edilməməlidir. Təəssüf ki,
bəzi dəyişiklik fermentləri də güclü
qıcqırma əmələ gətirir və adamlar da bu
təsiri hiss edirlər.
Şekspirə gəldikdə,
əgər Makedoniyalı Aleksandr Şərqin bir
neçə ölkəsini tutmuşdusa, Yuli Sezar Qalliyanı
işğal edib, ilk dəfə Britaniyaya ayaq basmışdısa,
Xristofor Kolumb Amerikanı kəşf etməklə,
əslində isə vikinqlər ondan beş əsr
əvvəl Şimali Amerikaya gəlib
çıxmışdılar, dünyanın xəritəsini
xeyli genişləndirib,
bütövləşdirmişdisə, Şekspir ilk populyarlığını
öz vətənində qazansa da, XIX-XX əsrlərdə
bütün dünyanı fəth edə bilmişdi. Şekspir dünyası Böyük Aleksandrın,
Sezarın işğal etdikləri, Kolumbun tapdığı
qitənin ərazilərindən daha böyükdür.
Normandiyalı Uilyam 1066-cı ildə İngiltərəni
işğal etdiyinə, Osmanlı sultanı II Mehmet 1453-cü
ildə Konstantinopolu tutduğuna görə "Fateh"
adlandırılırdılarsa, Makedoniyalı III Aleksandrdan
başlayaraq sonrakı cəsur sərkərdələr və
uğurlu dövlət başçıları - Roma
sərkərdəsi Pompey, Qərbin impertoru Karl, İran
şahı Abbas, Rusiya çarı Pyotr, Prussiya kralı II
Fridrix, Russiya imperatiçəsi II Yekaterina
"Böyük" tituluna sahib olmuşdularsa, Şekspir
dünya mədəniyyətinə verdiyi
töhfələrə görə bu iki fəxri titulu
birgə daşımağa daha çox layiqdir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 21 noyabr.S. 22.