Xaqani Şirvani haqqında yeni kitab
Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu “Xaqani Şirvani həyatı
və yaradıcılığı” kitabını çap
etdirib.
525.az xəbər
verir ki, kitab Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı
qərarı ilə yayımlanıb.
Kollektiv
əməyin nəticəsi olan kitab “Sənətkarın elmi
pasportu” seriyasından işıq üzü görən
doqquzuncu nəşrdir.
Monoqrafiya AMEA-nın birinci
vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəylinin ön sözü ilə çap olunub.
Kitabın elmi redaktoru filologiya
elmləri doktoru, professor İmamverdi Həmidov,
rəyçisi AMEA-nın müxbir üzvü
Nüşabə Araslı, məsul redaktoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Aygün
Bağırlıdır. Bu kitab İnstitutda
“Yazıçıların həyatı və
yaradıcılığının tədqiqinə yenidən
qayıdış” layihəsi əsasında
yazılmış monoqrafiyadır.
Ortaq
başlanğıc və İntibah dövrü Azərbaycan
ədəbiyyatı şöbəsində
hazırlanmış monoqrafiyada Əfzələddin İbrahim
Əli oğlu Xaqani Şirvaninin həyatı,
yaradıcılığı, sənətkarlığı
və irsinin öyrənilməsi elmi cəhətdən
dəyərləndirilir.
Kitabda
şairin həyatı və ədəbi irsi tam tədqiq
edilməklə poeziyasının qaynaqları,
ənənəsi və təsiri, sənətkarlıq
xüsusiyyətləri kimi problemlər
araşdırılır, irihəcmli əsərləri
geniş təhlil edilir. 396 səhifəlik kitab “Elm və təhsil”
nəşriyyatında çap olunub.
Kollektiv monoqrafiyada İmamverdi
Həmidov, Lalə Əlizadə, Nüşabə Araslı,
Könül Hacıyeva, Elnarə Zeynalova,
Məhəmmədhəsən Qəmbərli, Baloğlan Şəfizadə,
Xanəli Babayev, Nailə Tağıyeva, Leyli Əliyeva kimi
alimlərin tədqiqatları yer alıb.
Kitabın xülasəsi Azərbaycan,
ingilis, rus və fars dillərində,
ədəbiyyat siyahısı isə Azərbaycan, türk,
rus, avropa, ərəb, fars dillərindədir.
Kitaba Xaqani
Şirvaninin əlyazmaları, müxtəlif dillərdə
nəşr olunmuş əsərlərinin və haqqında
yazılmış kitabların siyahısı da əlavə
edilmişdir.
Gülnar SƏMA
525-ci qəzet.- 2020.- 24 noyabr.S. 9.