İlan
balası
Ermənilər
xəyanət nəticəsində ələ
keçirdikləri şəhəri neçə gündü
dağıdır, yandırır, daşını,
dəmirini, təpili-tıxalı evlərini,
var-dövlətini talan edib, maşın karvanları ilə
Ermənistana daşıyırdılar. Həm də yaman
tələsirdilər. Çox duruş
gətirəcəklərinə inanmırdılar. Əslində,
Qarabağın bu dilbər guşəsinə ayaq basa
bildiklərinə bir möcüzə, yuxu kimi
baxırdılar. Ermənilər
bir zaman Ağdamın elə təkcə adını
eşidəndə zağ-zağ əsirdilər...
Erməni
dığası Aşotun qəribə
fəallığı, artıq-əskik
hərəkətləri əsgər yoldaşlarını
əməlli-başlı çaşdırmışdı. Elə bil
həminki Aşot deyildi. Başqaları əl-qapa girişdiyi
halda o, təpili-tıxalı saraylara, sahibsiz bahalı,
qəşəng maşınlara gözünün ucuyla da
baxmırdı. Onu ən çox maraqlandıran
şəhərin Sarıtəpə adlanan yerində
əlli-altmış il öncə tikilmiş ikimərtəbəli,
yaraşıqlı həyət evləriydi. Bir-bir onların
başına dolanır, nəyisə
ölçüb-biçir, götür-qoy edir, sonra rus
balası tankçı İvanı haraylayırdı:
- Ey, İvan, o əjdahanın
ağzını bəri döndər! - Doğrudan da, bu tank
şəhərə girən gündən neçə-neçə
yaraşıqlı binanı əjdaha kimi udmuşdu.
- Yenə nə xəbərdi, Aşot?..
Aşot barmağını evə
tuşlayıb vəhşi bir səslə
bağırırdı:
- Uçurt, anasını ağlat bu
evin!..
- Bəlkə daha bəsdi, heyifdi,
Aşot?.. - İvan
yalançı canıyananlıqla ona sataşırdı. Halbuki əl-ayağı
gicişən uşaq kimi bekar dayana bilmir,
uçurub-dağıtmaqdan həzz alırdı.
- Ara, bəs olanda özüm
deyəcəyəm!.. - Aşot avtomatı göyə qaldırıb,
amiranə yellədirdi. Yəni söz güləşdirmə.
Yoldaşları onu
məsxərəyə qoyurdular:
- Yoxsa qulağına səs dəyib,
qızıl küpəsi axtarırsan, Aşot?..
- Bizə də bir şey
çatacaqmı?..
Toz dumanı
seyrəlib ətraf aydınlaşan kimi Aşot irəli
cumurdu. Goreşən kimi viranəlikdə saatlarla
eşələnir, daşın-qumun arasında nəsə
axtarırdı. Tapmayanda balası ölmüş kimi burnunu sallayaraq
dinməz-söyləməz, qaş-qabaqlı halda ordan
aralanırdı. Bir müddət kimsəyə
qarışmır, hüznlü, fikirli
gəzib-dolanırdı. Elə ki,
növbəti ikimərtəbəli evi gördü,
göygöz kosa kimi gözləri təzədən
alışıb-yanır, pər-pər çalırdı...
Üçüncü
gün Aşot arzusuna çatdı. İkimərtəbəli
evlərdən birinin xarabalığından istədiyini
tapdı. Bu, adi daşçapan, bənna baltasıydı. Ağac saplı-zadlı...
Arxasınca
sürünən dığalar onu dövrəyə
aldılar. Təəccüblə
soruşdular:
- Bu nədi, ara?..
Aşot baltanı
xüsusi vasvasılıqla, səylə silib-təmizlədi. Əziz
balası kimi bağrına basdı.
- Siz bunun qədir-qiymətini
bilməzsiniz, - dedi. Sonra onlara
baltanın küpündə erməni əlifbası ilə
yazılmış yazını göstərdi. - Baxın, oxuyun, Qabrielyan Samvel! - Özü də onlarla
birlikdə oxudu. - Hə, necədi sizinçün?..
Nə rus
balası İvan, nə də əli avtomatlı erməni
dığaları bir şey başa düşdülər. Mat-məəttəl
çiyinlərini çəkdilər.
- Samvel kimdi, ara?..
- Mənim babam!.. - Aşot yumruğunu
fəxrlə arıq, taxta sinəsinə döydü.
- Yox, ara... - Yenə inanmadılar. - Bizi
barmağına dolama, - dedilər.
- Məzhəb haqqı!.. - Bu saat
Aşot erməni dığalarını dediklərinə
inandırmaq üçün bacısından belə
keçməyə hazırdı.
- Ara, cüvəllağı, bəs
burda, türkün torpağında nə gəzir?.. -
Erməni dığaları qarğa-quzğun kimi
qarıldaşdılar.
Aşot bic-bic
güldü.
- Bu ev mənim babamın evidi!..
- Bahoo!.. Ara, bu olmadı də!.. -
Dığalar cırradılar. - Yoxsa yenə
xəlvətə salıb o zəhrimar tut arağından
düt deyincə vurmusan, kefin yuxarıdı?..
- Məzhəb haqqı, dilimə
də dəyməyib! - Aşot ağzını
qulağınacan ayırıb dığalara sarı hovxurdu. -
Gördünüz?.. – Dığalar bir az sakitləşdilər. - Bunu
mən sizə deyirəm, bura qədim erməni
şəhəridi. - Aşot ciddi şəkildə bəyan
etdi. - Atam danışırdı ki, babamgil müharibəyəcən
bu evdə yaşayıb. Müharibədən sonra
türklər biz erməniləri bu yerlərdən, isti
yurd-yuvalarından güclə qovmuşlar...
- Sən hansı müharibədən
danışırsan, Aşot? - Kimsə dilini dinc saxlamadı.
- Ara, hansı olacaq, 1941-45-dən...
- Ara, bəs nə əcəb
indiyəcən bunlar bizim tarix kitablarında yazılmayıb?.. - Başqa
biri şübhəylə soruşdu.
- Sovetin, kommunistlərin
dövründə belə şeyləri üzə
çıxartmaq, yazmaq qadağandı, ay tupoy...
- Bəs bunları sən hardan
bilirsən?.. Baban danışıb?..
- Heyif ki, babamın üzünü
görməmişəm, - Aşot təəssüfləndi. -
Dedim axı, uşaq vaxtı atam danışıb...
Dığalar
elə bil yanlarındakı İvanı birdən görüb
ayıldılar. Göz-qaşla onu bir-birinə
göstərərək:
- Olar, olar... - deyib
təsdiqlədilər.
- Olar nədi, ara?.. - Aşot hirsləndi. - Mən
faktla, sübutalnı-dakumentalnı danışıram.
- Aşot, o biri evlərdən də
bəzilərinin xarabalıqlarında xaç
işarələri vardı, bəs bu nə deməkdi?.. -
Dığalardan biri maraqlandı.
Aşot
lovğa-lovğa özünü dartdı.
- Ara, nə başıboş
adamsınız? Bütün bunlar hamısı onu
göstərir ki, Ağdam erməni şəhəridi
də! -
Əslində, Aşotun başı babasının
baltasını axtarmağa qarışdığından
başqa şeylərə fikir verməmişdi.
- Bəs onda babanın evini
uçurtmağa niyə razı olurdun, ay gicbəsər?.. -
Məsələni ucundan-qulağından anlayan İvan
soruşdu.
- Gic özünsən! Başqa cür dediklərimi sizə
necə sübut edəydim? İnanmayacaqdınız
axı...
- Yaxşı, indi bu baltanı
neyniyəcəksən? Muzeyə təhvil verəcəksən?..
- Bu balta bir yox ey, on evdən də
qiymətlidi! - Aşot dedi. - Onu Ermənistana atama göndərəcəyəm. Yataqda
xəstə yatır, gözü yoldadı. Gələndə
söz vermişəm ki, babamın evini axtarıb tapacağam. Babam baltanı
görməsə, Ağdamı aldığımıza
heç cür inanmayacaq.
Bir yana baxanda Aşotda günah
yoxdu. Atası
qəsdən, bilə-bilə hər şeyi
dolaşdırmışdı. Əslində, məsələ tamam
başqa cürdü.
***
Nəbi kişi nəsilli-nəcabətli, bu
ətrafda sayılıb-seçilən
kişilərdəndi. Haçansa Ermənistandan Samvel adlı bir erməni ilə
çörək kəsmiş, oğlunun kirvəsi
eləmişdi. Samvel bu tərəflərə aclıq illərində,
müharibədən sonra dadanmışdı. Sənəti
bənnalıqdı. İsti
aylarda köçünü bu tərəflərə
salır, gecə-gündüz yoruldum demədən
işləyir, hörgü hörür, ev tikir,
puldan-paradan toplayıb qışa çönəndə
öz yerinə-yurduna qayıdırdı. Axır vaxtlar gələndə Qaragen
adlı balaca oğlunu da yanınca gətirirdi.
İnsafən,
Samvel öz sənətini sevən mahir bənna idi. Axırıncı
dəfə bu ətrafda Nəbi kişinin
ikimərtəbəlisini ucaltmışdı. Ona xüsusi can yandırmış, çox
zəhmət çəkmişdi. Odu ki, həddən ziyadə yaraşıqlı
alınmışdı.
Hörgünü tamam-kamal axıra
çatdırıb qurtaranda Nəbi kişi həyətdə, tut
ağacının altında yaxşı bir stol
açmış, üstünə can dərmanı
düzdürmüşdü.
Samvel tut,
zoğal arağından içib əməlli-başlı
hallanmışdı. Hətərən-pətərən
danışır, özünü-sözünü bilmirdi. Nəbi kişi kirvəsini hələ bu cür görməmişdi.
Samvel arabir
çəngəl-bıçağı yerə qoyur, araqla
dolu badəni yuxarı qaldıraraq bərkdən:
- Nəbi kişi, - deyirdi, - sən elə bilirsən
bu ev sənin evindi? Sənə
tikmişəm? Yox, yanılırsan. -
Başını bulayırdı. - Bu evi mən məxsusi özüm
üçün tikmişəm. Mənim evimdi. İnanmırsan oğlum Qaragendən
soruş. - Oğlunu göstərirdi. -
Düz demirəm, Qaragen?.. - Guya oğlu nəsə qanırdı.
Qaragenin isə ləziz
yemək-içməkdən, buz kimi ev kompotundan, cürbəcür
meyvələrdən başqa gözünə heç nə
görünmür, qulağına heç nə girmirdi.
Nəbi kişi də kirvəsinin nə
qırıldatdığını düz-əməlli
kəsdirmirdi. Daha
doğrusu, milçək vızıltısı kimi saya-hesaba
almırdı. Onun da kefi tamam özgə bir ala buluddaydı. Gülümsəyə-gülümsəyə
başını tərpədir, kirvəsinin sözünü
təsdiqləyirdi. Hərdən
də fikirləşirdi ki, kopolunun tut arağı, sən
yamanca şeysən, lap siçanı pişiyin
üstünə qaldıransan.
- Əlbəttə, öz evindi, a
kirvə! Haçan ayağın bu tərəflərə
düşdü, qapım üzünə taybatay
açıqdı...
Uzun sözün gödəyi, lap
axırda, halallaşıb darvazadan çıxmağa
hazırlaşanda Nəbi kişi Samvelin qolundan yapışaraq
saxladı:
- Kirvə, bəs
həcəmətlərin hanı? Qoyub gedirsən?..
Samvel oğurluq üstündə
yaxalanmış adam kimi özünü itirdi. Əl-ayağı əsdi, dil-dodağı təpidi.
- Ara, nə həcəmət, nə
zad?..
Nəbi kişi yenə fərqinə
varmadı. Zarafata yozdu.
- A kirvə, dedim,
axırıncını içmə də. - Sonra
çönüb uşaqlarını harayladı. - Ay
uşaq, baxın görün kirvənin
həcəmətləri orda hardadı? Tapın gətirin.
Böyük
oğlu oranı-buranı çox axtarandan sonra Samvelin
köhnə torbasını tapıb gətirdi. İçində
xırda-xuruş şeylərdi.
- Daşçapan baltasını
tapmadım, ata...
- Ara, ver bəri... - Samvel
torbasını qapıb tez aradan çıxmaq istədi.
- Kirvə, tələsmə. -
Nəbi buraxmadı. - Ayə, oralarda olacaq. İynə deyil ki,
itsin! Yaxşı
axtarın. Bizim evdə heç nə
itməz...
Oğlu gedib
təzədən əliboş qayıtdı. Nəbi
kişinin tərs damarı tutdu. Arvad-uşağa qoşulub özü
də axtardı. Bütün
yırtıq-deşiyə baxsalar da, balta tapılmadı ki,
tapılmadı.
- Kirvə, sezonu başa vurub evə
qayıtdığın məqamda bu, heç yaxşı
əlamət deyil. - Nəbi kişinin elə bil nitqinə
nəsə dolmuşdu. - Yaxşı-yaxşı
fikirləş, yadına sal görək axırıncı
dəfə baltanı hara qoymusan? Axı balta sənin çörək ağacındı. Onu elə belə qoyub gedə bilməzsən...
Samvelin cavab
verməyə halı qalmamışdı. Qoyun kimi durub gözünü
döyürdü. Rəngi-ruhu avazımışdı. Bu halı
Nəbi kişini yavaş-yavaş şübhələndirdi.
Allahdan olan kimi oğlu Qaragen birdən
böyürdən dilləndi:
- Nəbi əmi, mən bilirəm atam
daşçapanı hara qoyub...
- Hara qoyub, a bala?.. - Nəbi kişi sevincək soruşdu.
- Divara hördü... - Uşaq bir
gözü atasında qorxa-qorxa kəkələdi.
- Necə?.. - Nəbi kişi heyrətləndi.
Ara-sıra
erməni ustalarının kənd-kəsəkdə,
şəhərdə yüz oyundan
çıxdıqlarını, küçə və
meydanlarda, böyük, nəzəri cəlb etməyən
hökumət tikililərində qəribə,
cürbəcür nişanə, rəmz, iz qoyduqlarını
eşitmişdi. Ancaq yatsa yuxusuna da girməzdi ki,
belə bir iş onun da başına gələ bilər...
Kişinin
gözləri bircə anda qan çanağına
döndü. Qızıl quş kimi şığıyıb Samveli
boğazladı. Çatı ilə əl-ayağını
çataqladı. İt ölüsü kimi
sürüyüb tut ağacının altına atdı.
- Köpəyoğlu, de görüm
bu nə deməkdi?..
Samvel
ağlayıb qan-yaş tökdü. Yalvarıb-yaxardı,
ağlaya-ağlaya tikdiyi evlərə xaç işarəsi,
ermənicə yazılmış cürbəcür
lövhələr, rəmzlər qoyduğunu boynuna aldı. Guya bunlar
hamısı hansısa erməni təşkilatının
gizli tapşırıqlarıydı. Onu
məcbur edirdilər...
- Ə, qurumsaq, buna görə pul-para
alırdın?.. - Nəbi kişi Samvelin sifətinə tərs bir şapalaq
ilişdirdi.
- Məzhəb haqqı yox!.. - Samvel and
içdi.
- Tfu, sənin məzhəbinə!.. -
Nəbi kişi murdar ətə tüpürürmüş kimi
tüpürdü. – Bu, nə azardı, ə, siz milləti
tutub?..
Samvel
söylədi ki, bu nişanlar gələcək
nəsillərə ötürülən işarələr,
kodlardı. Neçə illər keçəndən sonra
əvəzsiz dəlil-sübuta çevriləcəkdi. Ermənilərin
bu torpaqlarda yaşadığını, hətta bu
torpaqların ermənilərə məxsus olduğunu
sübuta yetirəcəkdi.
Samvelin sayıqlamalarını eşidən Nəbi kişini birdən-birə dəli bir gülmək tutdu. Şaqqanağına qonşular
tökülüb gəldilər.
- A bədbaxt, - dedi, - elə bilirsiniz
gələcəyin tarixçiləri də indikilər kimi
manqurt olacaqlar? Əksinə,
bu əşyaları tapanda bir daha inanacaqlar ki,
ermənilər, həqiqətən, türklərin
nökəri, fəhləsi, biçinçisi,
bənnası, bir sözlə, qab dibi yalayanları olublar.
Nəbi kişi sonra oğluna dedi:
- Ordan lapatkanı bura gətir, ə.
- Samvelə sarı döndü. - Hə, kirvə, demək,
sizin o murdar gələcək nəsillərə
dəlil-sübut lazımdı. Neynək, mən bu saat təzə bir bünövrə
qazacağam, səni də diri-diri ora
hördürəcəyəm. Düşünürəm ki,
erməni cəsədi gələcəkdə daha qiymətli
əşyayi-dəlil sayılar.
Beli
əlinə alıb bir təpkeş vuranda Qaragen cikkə
çəkib özünü atasının üstünə
atdı. Onu bərk-bərk qucaqladı.
Nəbi
kişinin xasiyyətinə bələd olan qonşular
yaxınlaşmır, kirimişcə bir tərəfdə
durub həngamənin nə ilə qurtaracağını
gözləyirdilər. Bilirdilər ki,
qarışmağın, qabağına durmağın xeyri
yoxdu. Sözləri sözündən ötkəm deyildi,
zorları, gücləri də gücündən. Dediyi dedikdi.
Handan-hana
yenə arvadı dözmədi, irəli yeriyib
yaylığını ərinin qabağına atdı.
- Nəbi, bir qələtdi
ata-babasıynan eləyib, çörək tutmuşu
körpəsinə bağışla.
Nəbi
kişinin əl-qolu boşalıb yanına düşdü.
- Gərək sən
qarışmayaydın, arvad, - dedi. - İlanın ağına da lənət, qarasına da. - Qəzəblə tüpürdü. - İlan balasından
törəyən ilan olar. - Əyilib arvadının
yaylığını yerdən qaldırdı. - Qurban olsun bu camaata! - Böyür-başdakılara
çöndü. -
Əl-ayağını açın, it kimi qovun getsin. Bir də bu tərəflərə hərlənsə,
tikəsini qulağı boyda eləyəcəyəm!..
Samvel
üç gün yorğan-döşəkdə
titrədib-qızdırdı. Dördüncü
gün dərdini dilinə gətirmədən canını
tapşırdı...
Eyvaz ZEYNALOV
525-ci qəzet.- 2020.- 24 noyabr.S. 14.