Anar Kərimov BMT-nin nümayəndəsi ilə onlayn görüş keçirib

 

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüşü olub.

Nazirlikdən 525.az-a bildirilib ki, görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyan, habelə Prezident İlham Əliyevin "Bakı prosesi" təşəbbüsü, bu təşəbbüs çərçivəsində 2021-ci ildə baş tutacaq 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı müzakirələr aparılıb.

A.Kərimov son 30 ildə Ermənistanın apardığı təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycanın vaxtilə işğal edilmiş və hazırda işğaldan azad olunan ərazilərində mövcud olan tarixi-mədəni abidələr və mədəniyyət infrastrukturunun acınacaqlı vəziyyəti, ölkəmizin bütün bu illər ərazində sülh və dialoq təşəbbüsləri barədə Ali Nümayəndəyə ətraflı məlumat verib.

Nazir qeyd edib ki, BMTSA 2010-cu ildən etibarən "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır. O, həmçinin, BMTSA-nın 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda yüksək səviyyədə keçirildiyini bildirmişdir. Migel Angel Moratinos Azərbaycan ilə mədəniyyətlər və dinlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.

A.Kərimov BMTSA-nın BMT-nin baş katibi tərəfindən "Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı"nın icrasına məsul qurum kimi mandatını xatırladaraq Azərbaycanın mənşəyindən asılı olmayaraq bütün ibadət məkanlarının qorunması ilə bağlı təşkilatla əməkdaşlığa hazır olduğunu qeyd edib.

M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Sonda regionda mədəniyyətlər və dinlərarası münasibətlərin inkişafı ilə bağlı təşəbbüs və layihələrin icrası və həmin layihələrin yaxşı nümunə kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təqdim edilməsi barədə razılığa gəlinib.

 

 

525-ci qəzet.- 2020.- 26 noyabr.S. 9.