Vətənə
aparan "Əsgər marşı"
Cavanşir
Quliyev-70
Laçın alayının keçmiş komandiri Arif Paşanın söylədiklərinə görə, 1992-ci ildə əsgərləri ziyarət etmək üçün bir qrup incəsənət xadimi Laçına gəlmişdi. Əsgərlər
bu doğma insanları türk şairi Əli Kaminin
sözlərinə bəstələnmiş "Alay
marşı" ilə qarşılayırlar. Qonaqlardan biri marşın sözlərini çox
bəyənir və həmin sözlərin əsasında
müasir hadisələrlə səsləşən yeni
marş bəstələmək qərarına gəlir...
Xalqın sevimlisi, istedadlı
bəstəkar Cavanşir Quliyevin qəlbləri riqqətə
gətirən, ürəklərə yol tapan,
böyükdən-kiçiyə qədər hamının sevə-sevə,
yorulmadan, böyük həvəslə oxuduğu
məşhur "Əsgər marşı" belə
yaranıb.
Marş irəli, marş irəli,
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri
Azərbaycan əsgəri!..
Həqiqətən
də, düşünürəm ki, Vətən uğrunda
canından, qanından keçməyə daim hazır olan,
haqq yolunda hər bir əmrə müntəzir ləyaqətli
oğlanları və bir də ki... belə bir
"Əsgər marşı" olan xalq yenilməz.
Ali Baş Komandanımızın
qətiyyəti, ordumuzun sözə sığmayan
rəşadəti, təsvirə gəlməyən
qəhrəmanlığı, dünyanın heç bir yerində
görünməyən böyük əzmi, Vətən
sevgisi, qalibiyyət eşqi, yumruq kimi səfərbər
olması həm də "Əsgər marşı"nın payına düşür.
Bu marşın hər sətrində,
hər ibarəsində, hər notunda
çağırış var. Bu marşın hər
səsində, hər çalarında Vətən var. Bu
marşı dinləyən insan biganə ola bilməz. Bu marşı dinləyən əsgər Vətənsiz
qala bilməz.
C.Quliyevin
əzəmətli marşı xalqımızın
başına bəla gələndə onu öz ardınca
apardı, onda torpaq eşqi yaratdı. Marşın
sədası altında Vətənə daha çox
bağlandıq, böyüdük, müdrikləşdik. Marşın
hərəkətverici qüvvəsini biz onda anladıq. Biz onda bildik ki, marş insanların
döyüş əzmi üçün nə deməkdir.
Parlaq əsərləri ilə
ürəklərə yol tapan, daim öz üzərində
yüksək məhsuldarlıqla işləyən, orijinal
fikirləri ilə seçilən,
yaradıcılığına böyük
rəğbətlə yanaşdığı bir sıra
bəstəkarlar olduğu halda, özünü kiməsə
bənzətməyi ağlına belə gətirməyən,
heç kəsi heç bir vaxt təqlid etməyən,
həmişə özü olmağa çalışan,
həm şəxsiyyət, həm də sənətkar kimi
səmimiliyini qoruyub saxlayan sevimli bəstəkarımız
Cavanşir Quliyevin hər əsəri xalqımıza
böyük töhfədir. Lakin haqqında danışdığımız "Əsgər
marşı" bəstəkarın vizit kartıdır. C.Quliyevin
bəlkə də başqa əsərlərindən
bixəbər olan hətta qeyri-peşəkar şəxs
də bu sevimli marşın ona aid olduğunu, onun
qələmindən çıxdığını bilir. Yersiz bər-bəzəkdən, pafosdan uzaq olan və
ilk baxışda son dərəcə sadə təsir
bağışlayan bu marş o qədər səmimi səslənir
ki! Sadə
olduğu qədər də dərin və duyğuludur. Sətirləri
sanki Vətənə məhəbbətdən yoğrulub.
Daim yaradıcılıq
axtarışında olan C.Quliyev əsərlərində
heç vaxt dəbdəbəli təqdimata, kənardan
dəbli görünməyə can atmır, yenilik etmək xatirinə
yenilik etmir, fərqlənmək naminə
fərqlənməyə çalışmır, hətta
əksər hallarda bunu mənasız hesab edir. Bəstəkar
özü bu haqda yazır: "Nə qədər
istəyirsən ixtiraçılıqla məşğul ol,
eksperimentlər apar, lakin musiqinin fundamental qanunlarını
unutma. Axı
musiqi müəyyən zaman çərçivəsində
cərəyan edən prosesdir. Burada
müəyyən dramaturgiya qurulmalıdır,
başlanğıc, inkişaf, nəticə. Hər bir
əsərdə müəyyən bədii hadisə baş
verməlidir. Əks
təqdirdə bu əsəri dinləmək maraqsızdır,
darıxdırıcıdır". Qələmindən
çıxan əsərlərinin hamısında öz
yaradıcılıq prinsiplərinə sadiq qalaraq,
xalqımıza yaddaşlara həkk olan nümunələr
bəxş etmişdir.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
əvvəlcə tar, sonra isə bəstəkarlıq
ixtisasları üzrə təhsil alan C.Quliyev görkəmli
bəstəkar, professor Cövdət Hacıyevin sevimli
tələbələrindən olmuşdu. Milli musiqimizi
bəstəkarlıq texnikası ilə sintez etmək
cəhdləri hələ tələbəlik illərindən
meydana çıxmışdı.
Soyunu,
kökünü bütün daxili ilə hiss edən
bəstəkar xoşbəxtlikdən öz
türklüyünü çox erkən yaşlarında
anlaya bilmiş, məhz bu səbəbdən millilik və xalqa
yaxınlıq onun yaradıcılığının əsas
qayəsinə çevrilmişdi.
Bəstəkarın
bir çox əsərlərində onun saza olan sevgisinin
şahidi oluruq. O, saz
üçün ilk sonatanın müəllifi olmuş,
sazı kamera musiqisində fleyta, skripka və
violonçellə birgə istifadə edərək, olduqca
koloritli səslənmə yaratmış, həmçinin,
sazı və zurnanı solo alət kimi simfonik orkestrə daxil
etmişdir. Bəstəkarın saz və violin üçün
sonatası Qərb və Şərq aləmini üzvi
surətdə birləşdirmək, iki fərqli
dünyagörüşlərin sintezindən doğan vahid bir
tam dünya yaratmaq cəhdlərinin gözəl
nümunəsi kimi qəbul edilə bilər. Sonatanın
hissələrinin "gəzişmə" və
"deyişmə" başlıqları ilə
adlandırılması bəstəkarın saza daha çox
üstünlük verərək hissələri əsl
aşıq havalarına uyğun şəkildə təqdim
etməsindən irəli gəlir. Əslində,
fərqli dünyagörüşlərin sintezindən yaranan
belə bir dəyərli əsəri ərsəyə
gətirmək xalq musiqisini dərindən bilən C.Quliyevin,
həmçinin, qərb bəstəkarlıq
texnikasının sirlərinə yaxşı bələd
olmasının nəticəsidir. Saz və violin
üçün sonata dünyanın bir çox
mötəbər konsert salonlarında səslənərək
öz orijinallığı ilə dinləyicilərin
heyrətinə səbəb olmuşdur.
Bundan başqa, istedadlı
bəstəkar "Oğuznamə", "Tufan",
"Kitabi Dədə-Qorqud" baletlərinin,
"Məhəbbət oyunu" operettasının, zurna
və orkestr üçün uvertüra, fleyta, saz və
violonçel üçün "Karvan", simli orkestr
üçün "Dastan", "Müşfiq
ağıları" və "Rəqs" kimi yaddaqalan
əsərlərin müəllifidir.
C.Quliyev,
həmçinin, bir çox kinofilmlərə və dram
tamaşalarına musiqi bəstələyib. O, "Aşıq Qərib", "Bəxtiyar
Vahabzadə", "Cavid ömrü",
"Fəryad", "Güzgü", "Haray",
"Xeyir və Şər", "İtkin gəlin",
"Qayıdış", "Lətifə",
"Şirbalanın məhəbbəti" və digər
filmlərin bəstəkarı olub. Kinofilmlərlə
yanaşı, C.Quliyev "Topal Teymur", "Yaşıl
eynəkli adam", "Sevgililərin cəhənnəmdə
vüsalı", "Xırs Quldurbasan", "İydə
ağacı", "Evlərin axşamları",
"Özümüzü kəsən qılınc", "Dar
ağacı" kimi tamaşaların da musiqi
tərtibatçısı kimi yaddaşlarda qalıb.
Özü də qeyd etmək lazımdır ki, bütün bu
film və tamaşalarda musiqi sadəcə olaraq fon təsəvvürü yaratmır, əsərin
dramaturgiyasının açılmasında, əsas
ideyasının verilməsində aparıcı rol oynayan
başlıca amil kimi təqdim edilib. Bu baxımdan, xüsusilə,
"Fəryad" filminin insanı dərhal öz təsiri
altına salan musiqi tərtibatı
inandırıcılığı və maraqlı
melodiyası ilə dinləyicilərin xatirəsində
dərin iz buraxıb.
Bir
çox janrlarda qiymətli nümunələr yaratmış
C.Quliyev sanki mahnı janrına daha çox üstünlük
verib. Gözəl melodiya,
ürəyəyatımlı mahnı yaratmaq, çox qısa
bir zaman çərçivəsində, cəmi 3-4
dəqiqə ərzində dinləyicini öz təsiri altına
salmağı bacarmaq, insan qəlbinin dərinliyindəki
ən incə tellərə toxuna bilmək hər bəstəkara nəsib olmur. Bunun üçün mahnını
ürəkdən sevmək, ona hörmət etmək,
mahnıya daxilən qırılmaz tellərlə bağlanmaq
əsas şərtdir.
C.Quliyev
məhz, bu cür xoşbəxt bəstəkarlardandır. Mahnıya
böyük həssaslıqla yanaşan bəstəkar
qəlbindəki təlatümləri, içindəki
həyəcanları bu həcmcə kiçik, amma son
dərəcə səmimi janr vasitəsilə musiqi dilinə
gətirib, dinləyicilərin ürəyinə yol tapa bilib. Bəstəkar çox sayda çox müxtəlif
səpkili gözəl mahnı nümunələrini xalqımıza ərməğan edib. Bunlardan "Novruz gəldi",
"Bura vətəndir", "Ay adaş",
"Yarımgilə", "Yaşıl ağac",
"Mən gözlədim", "Tənha qadın",
"Hər şey gözəldir həyatda" və sair
şedevrlər illər keçsə də, dəbdən
düşmür, sevilir, müğənnilərin
repertuarında daim səslənərək konsert
proqramlarımızı zənginləşdirir.
C.Quliyev zəhmətkeşliyilə də seçilib, bir çox məsul vəzifələrdə çalışıb, Azərbaycan Milli Konservatoriyasının professoru olub. 2005-ci
ildən etibarən isə Şimali Kipr Türk
Respublikasının, Yaxın Şərq Universitetinin
Səhnə Sənətləri fakültəsinin professoru
vəzifəsində çalışır.
Daim vicdanla çalışan və
işində məhsuldarlıq nümayiş etdirən
C.Quliyev bir çox mükafatlarla, o cümlədən,
Azərbaycan Kinematoqrafçılar İttifaqının
"Milli kinostudiya qarşısında xidmətlərinə
görə", həmçinin, "Humay" və
"Qızıl dərviş" mükafatları ilə
təltif olunub, 2015-ci ildə isə "Sübhün
səfiri" filminə görə "Ən yaxşı
orijinal musiqi" nominasiyasında "Qızıl
Pəri" mükafatına layiq görülüb.
Yaradıcılığının
ən gözəl çağlarından birini yaşayan
Cavanşir Quliyevin bugünlərdə - noyabrın 22-də 70
yaşı tamam oldu.
Cavanşir müəllim, ad
gününüzü təbrik edirik! Yubileyiniz mübarək
olsun! Biz
Sizə nə arzu edərdik? Ecazkar musiqisi
ilə milyonların ürəyinə yol tapan gözəl
bəstəkara nəsə diləməyə hüququmuz
çatır. Biz
Sizə ən azı 100 il ömür
arzulayırıq. Siz hələ bizi dərin məzmunlu yeni
əsərlərinizlə bundan sonra da hələ uzun
illər sevindirməlisiniz.
Və... onu da
bilin ki, Siz dünyanın harasında olsanız da, başqa
şəhərdə, başqa qitədə, hətta başqa
planetdə yaşasanız belə, nəbzimiz bir vurur. Sizin
qələminizdən çıxan bütün
əsərlərdə Vətənə sonsuz
məhəbbət, tükənməz sevgi, ən əsası
isə, Azərbaycan xalqının ləyaqətli oğluna xas
olan milli mənlik və qürur var.
Siz çox xoşbəxt
insansınız... Xoşbəxtsiniz ki, illərinizi
hədər yerə sərf etməmisiniz, xoşbəxtsiniz
ki, saysız-hesabsız dinləyici məhəbbətini, insan
sevgisini qazana bilmisiniz və bir də ona görə
xoşbəxtsiniz ki, ad gününüz xalqımızın
əlamətdar günlərinə, 30 il həsrətini
çəkdiyimiz Qarabağlı günlərimizə
təsadüf edir, 70-ci baharınızı Allah Sizə
başınızı dik tutaraq, qamətinizi
əyməyərək, alnıaçıq, üzüağ
keçirməyi nəsib etdi...
Siz bizim üçün
dəyərlisiniz, çox yaşayın, sağlam
yaşayın, xoşbəxt yaşayın!
İnanırıq ki,
Şuşadakı hərbi keçiddə, Cıdır
düzündə səslənən marşınızın
əzəmətli notları Topxana qayalarından əks-səda
verəcək!
Gülnar VERDİYEVA
525-ci qəzet.- 2020.- 26 noyabr.S. 10.