"Cəngi"
Güllü-çiçəkli
bir yamacın yalında kəkilli bir oğlan ovurdlarını
şişirdib qara zurnada şövqlə "Cəngi"
çalırdı. Öz
çalğısına başı necə
qarışmışdısa, bayaqdan bəri
səssiz-səmirsiz dayanıb-durub onun
"Cəngi"sinə heyran-heyran qulaq asan Cəlal babanı
qəfildən gördü. Hava
yarımçıq qaldı.
Cəlal baba elə bil yeniyetməni
sınağa çəkirmiş kimi: - Nə yaman zilə
qaldırmısan qara zurnanı, ay oğul, - dedi, -
bəlkə bir özgə hava çalasan?.. Yaşıdların
"Vağzalı" arzusunda olur.
Oğlan utancaq-utancaq
gülümsədi: - "Vağzalı" havası
"Cəngi"dən sonra çalınar, baba, qoy
"Cəngi"ni axıra çatdırım...
***
... "Cəngi" səsi
dağı-dərəni başına
götürmüşdü və bir kənd toyunda mağarda
pəhləvan Cəlal meydan sulayırdı.
Gecədən xeyli keçmiş
kəndin dar, ensiz cığırlarında toydan
evlərinə dağılışan qız-gəlinin
səsi gəlirdi: - Yenə nəməri pəhləvan Cəlal
aldı.
- Bəxtəvər arvadı
Süsənin başına!
Bir gəlin isə hirs-hikkəylə:
- Bu boyda kənddə kürəyini yerə
vurmadığı adam qalmayıb. Bu gün
də bizim kişini "hopp" eləyib çırpdı
yerə. Görüm tezliklə öz
kürəyi yerə dəysin!
Qız-gəlin
bu qara niyabətlinin əlindən qəzəblənib onun
üstünə yerimək istəyirdi ki, rayon mərkəzindən
kəndə dönən yolda kolxoz sədrini
gördülər. Onun
gətirdiyi xəbər hamını yerində dondurdu:
"Dava başlanıb, dava, dava..."
***
Pəhləvan
Cəlalın davaya yola düşməsi də bir tamaşa
idi. Kənddən aralanıb rayon
mərkəzinə burulan yola çatanda Cəlal cəbhəyə
gedənləri yola salanlara qoşulmuş zurnaçı
Vəliş kişiyə üzünü tutdu: - Qadan alım,
a Vəliş əmi, bir "Cəngi" çal! - deyə şuxluqla dilləndi, - qoy bir sümüklərimiz
tərpənsin!
Vəliş kişi də,
demə, bir himə bəndmiş, qoynunda gizlətdiyi qara
zurnasını çıxarıb ta bayaq ovurdlarını
doldurdu. Camaat bir
də gördü ki, Cəlal çiynindən
aşırılma sallanmış yol torbasını
tulladı yerə, şalvarının balaqlarını
dizəcən çırmayıb ortalığa
çıxdı, əyilib qalxa-qalxa qollarını
oynatdı. Damarlarında qanı
kükrəyirdi... Kəndin adlı-sanlı pəhləvanlarından
sayılan Mustafa da əlbəəl meydana girdi. Hər iki
pəhləvan şəstlə gəşt edir, meydan
sulayırdılar.
Kəndin ağsaqqalı Əli
kişi üzünü camaata tutdu: - Əşi, belə zor igidlərin
qabağında duruş gətirəcək yağı
düşmən?!.
Gedənləri yola salanlar
dərindən köks ötürüb rahat nəfəs
aldılar... Əli kişinin sevincindən dili-dodağı
təpsimişdi, kişi axır ki, özünü
ələ alıb hər iki pəhləvanı qucaqladı:
- Oğlanlarım, - dedi, - sizin nəməriniz
qoy qalsın qayıdıb gələnə, qayıdıb
gələndə verrik mükafatınızı!
***
Top-güllə
səsi yeri-göyü lərzəyə gətirmişdi. Səmada
təyyarələr uçur, tanklar irəli
şığıyır, onların ardınca
əsgərlər hücuma keçirdilər. Birdən
sinəsi al qana boyanan bir əsgər üzü üstə
torpağa düşdü. Mustafa idi. Aldığı yaranın ağrısından
qıvrılan əsgər yolunda canından keçdiyi
torpağı xışmalayıb məlhəm kimi
sinəsinə sıxmışdı...
... Sonra kənd yolunda
cəbhədən sinəsi orden-medallı qayıdan bir
əsgər göründü; qoltuq ağaclarına
söykənib yavaş-yavaş kəndə tərəf
gələn bu təkayaqlı əsgər pəhləvan
Cəlal idi...
***
Seyrəlmiş
toylar təzələnsə də, mağarlar daha davadan
əvvəlki vaxtlarda olan sayaq gur deyildi. Toyların axırıncı günü qurşaq
tutan, meydan sulayan pəhləvanlar qalmamışdı
kənddə, oğullarınsa ayağı hələ yer
tutan olmamışdı...
Gün gəldi ki, oğullar
böyüyüb kişi oldu, "Cəngi" səsi
yenidən kəndi başına götürdü...
Yorğan-döşəyə
düşmüş Cəlal kişinin qulağı qara
zurnanın səsini alanda, qıçının yeri
sızım-sızım sızıldadı. Kişi
nə illah etdisə də, ayağa qalxa bilmədi, alnından
puçurlanan təri güclə silib
çarəsiz-çarəsiz arvadının
üzünə baxdı.
- Məni mağara çatdır, ay
Susən, çatdır məni mağara, Məliyin
qızı, yoxsa bağrım çatlar!
***
Elə o
vaxtdan bəri də hər "Cəngi" çalınanda
Süsən qarı kişisinə dayaq olar, pəhləvan
Cəlalı toy mağarına çatdırardı.
Payız
toyları başlanmışdı. Havalar
soyuyandan bəri Cəlal kişi təzədən çarpayı
dustağı olmuşdu.
Yenə
kənddə toy idi. Mustafanın
oğlu Elgünün toyu. Toy
başlayandan bəri Süsən xala ev-eşikdə,
gen-geniş həyət-bacada özünə yer tapa bilmirdi. Bu gün toyun axırıncı günü idi və
Süsən xala da xəyalən görürdü ki...
... Yenə "Cəngi"
çalındı. Kəndin
özündən deyən pəhləvanları bir-birinə
meydan sulayır, xonça-xalat alırdı. Qulaqları "Cəngi"nin hayını-harayını
alan kimi pəhləvan Cəlalın da yerinə qor
düşmüşdü. Süsən qarı yenə
ərinə dayaq olub mağara çatdırmalı idi, ancaq
daha onun qollarında güc, dizində taqət
qalmamışdı...
***
Süsən
qarı xəyaldan ayrılıb nə fikirləşdisə,
cəld evdən çıxıb toy evinə yollandı. Haçandan-haçana
toybəyini yanlayıb bir qırağa çəkdi. Səsi qəhərli idi: - Mursalı oğlunun
halı yenə xarabdı, dədəm oğlu!
Yaralarının ağrısı haldan salıb kişini...
Toybəyi
fağır-fağır ehtiyatla Süsən qarıya
baxdı. Araya sükut
çökmüşdü və Süsən qarı
birdən: - Öz aramızda qalsın, ağrın alım, -
deyə hıçqırıb birbaşa mətləb
üstünə gəldi, - deyirəm... Deyirəm
bəlkə bu dəfə "Cəngi"siz
ötüşəsiz... Yoxsa kişini yataqda saxlamaq olmayacaq...
Aradan az keçmişdi,
çox keçmişdi, haçandan-haçana toybəyi
razılıqla başını tərpətmişdi və
hər ikisi bir-birindən sıxı-la-sıxıla ayrılmışdı.
***
... Kəndin alt tərəfində
çalınan qara zurnanın səsi
dağa-dərəyə düşmüşdü və
Cəlal kişi qızdırma içində
yanıb titrəsə də, o qara zurnanın səsinə
dinşək kəsilmişdi. Aradan bir müddət
keçəndən sonra Cəlal kişi başını
yastıqdan birtəhər qaldırıb: - Mən bilən
toyun axırıncı günü olsun gərək? - deyə pəncərədən çölə boylandı.
Süsən qarı tez üzünü yana tutdu.
Cəlal kişinin sifətinin
qırışları çat-çat olmuşdu: -
Bəs... qulağıma qara
zurnanın səsi gəlmir axı?..
Süsən qarı tab
gətirməyib əlləri ilə üzünü
qapadı.
- Olmaya arğac səndən
keçib, arvad? - Cəlal kişinin zəhmli səsi evi
başına götürdü, elə bil qızdırmadan
üşüyüb titrəyən xəstə deyildi. -
Məliyin qızı, bu yaşımda, vallah, boşaram
səni!
***
Toy
adamı qız qapısına yollananda mağara girdi
pəhləvan Cəlal.
- Ə-ə-ə,
qırışmallar, "Cəngi"siz də toy olar?..
Mağardan
cınqırtı çıxmadı. Cəlal kişi üzünü zurnaçılara
tutdu: - Ayə, bir "Cəngi"!..
Mağar
bir-birinə dəydi, əlbəəl ortaya üstü
qırmızı kəlağayılı xonça gəldi. Qız-gəlinin
çiçəyi çırtladı. Bir-birləri ilə göz-qaş edib
pıçıldaşdılar: - Var ol, Cəlal baba! Min
yaşa!..
Cəlal kişi yanaqları allanmış iki gözəlin baxışlarını tutdu, gözlərini dolandırıb mağar boyu baxdı; boy-boya vermiş, gücdə-qüvvətdə bir-birinə bac verməyən iki cavanı irəli çağırtdırıb ortaya çəkdi. Ancaq
mağarın ortasına çıxmış
güləşçilər Cəlal kişini sözlü
görüb dayandılar. Cəlal kişi donub qalmışdı, oğul da ataya necə
oxşarmış! Qarşısında utancaq-utancaq
gülümsəyib başını aşağı
dikmiş bəy elə bil ki, iyirmi yeddi yaşlı Mustafanın
özü idi...
Toy
əhli Cəlal kişinin nə edəcəyini, nə
deyəcəyini gözləyirdi. Birdən
Cəlal kişi söykəndiyi çəliyi
yerə tulladı, səndirlədisə də,
yıxılmadı. O, üzü üstə torpağa
düşdü, nəmli torpaq kişinin saqqalına, üz-gözünə
yapışdı. Cəlal kişi həbəşi
dodaqlarını torpağa sürtdü. Hıçqırırdımı,
nəsə deyirdimi - eşidən yox idi. Təkcə Süsən qarı eşidirdi qoca
pəhləvanın dodaqaltı
pıçıldadıqlarını! Bəlkə
də Cəlal kişiyə daha yaxın
dayandığından idi. "Haradasan,
ay Mustafa, ay ellim, ay qardaşım? Gəl
yenə meydana çıxaq, oğlunun bu şad
günündə güştü tutaq, bel-belə girək!
Mükafatımız indiyəcən durur axı!.. Yadındadır, Əli kişinin vəd etdiyi
mükafat?.."
... Meydandakı pəhləvanlar Cəlal
kişini qaldırdılar. Üstü
qırmızı kəlağayılı xonça onun idi,
buna heç kəsin şübhəsi yox idi.
Cəlal kişi mağardan
çıxdı, ovcu bükülü idi və ovcundakı
xışmalayıb sıxdığı bir ovuc torpaq idi...
***
Evlərinə
gedən yolun üstündəki yamacda oturub qara zurnasına
güc verən oğlan Cəlal babanı görüb
çalğısını kəsdi. Cəlal
babanın səsi gur çıxdı; bilinmirdi ki, xahiş
edir, yoxsa əmr: - Çal, oğlum, "Cəngi"
çal! "Cəngi"dən sonra "Vağzalı"
çalınar...
"Cəngi" səsi
yeri-göyü başına götürmüşdü...
Aydın TAĞIYEV
525-ci qəzet.- 2020.- 26 noyabr.S. 14.