Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının iclasında

 

Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının XXIV ümumi onlayn iclasında iştirak edib.

Milli Kitabxanadan 525.az-a bildirilib ki, videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda açaraq konfrans iştirakçılarını salamlayıb.

Videokonfransda Avrasiya Kitabxanalar Assambleyasının (BAE) prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr Vislıy, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, BAE-nin baş direktoru Mariya Neryuyeva, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan respublikalarının Milli Kitabxanalarının direktorları və digərləri iştirak etmişlər.

Onlayn konfransda MDB-yə üzv dövlətlərin ərazilərində dərc olunan çap məhsullarının məcburi nüsxələrinin elektron formada Milli kitabxanalara göndərilməsinə vahid yanaşmanın müəyyən olunması üzrə tövsiyələrin layihəsi müzakirə olunub.

Bu məsələ üzrə çıxış edən Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ilk əvvəl bu gün Azərbaycanın bir möhtəşəm zəfər tarixini yaşadığını, 30 il Ermənistanın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarının rəşadətli ordumuzun və onun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad olunmasının böyük sevincini yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Natiq bu günlərdə Prezidentimizin erməni işğalından azad olunan Füzuli, Cəbrayıl və Ağdam rayonlarında olduğunu və bütün dünyaya nümayiş olunan videogörüntülərdə işğaldan azad olunan ərazilərdə bütün bina və qurğuların və infrastruktur obyektlərinin, o cümlədən həmin ərazilərdə fəaliyyət göstərən 975 kitabxananın və onların fondlarında saxlanılan 4,6 milyondan çox nüsxə qiymətli kitab fondlarının yerlə yeksan olunduğunu, vəhşicəsinə yandırıldığını xüsusilə vurğulayıb.

Sonra müzakirə olunan məsələ üzrə fikrini bildirən K.Tahirov çap məhsullarından məcburi nüsxələrin elektron formada təqdim olunmasının MDB dövlətləri arasında ilk təşəbbüskarlarından birincisi olan Azərbaycanda bu məsələnin artıq həll olunduğunu və Azərbaycan Respublikası Prezidentinin hələ 2019-cu ildə imzaladığı müvafiq Sərəncamla Milli Kitabxanaya çap əsərlərinin məcburi nüsxələrinin elektron formatda verilməsini qanunvericilik qaydasında təsbit edildiyini bildirib. O, həmçinin elektron variantın kitabxanalara təqdim olunma müddətinin 30 gündən 10 günə endirilməsini təklif edib.

Sonra tədbirdə BAE çərçivəsində iştirakçı ölkə kitabxanalarının 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həyata keçirdiyi layihələrdən, MDB ölkələrindən olan mütəxəssislərin Beynəlxalq Uşaq Kitabları Şurasının 37-ci Ümumdünya Konqresində iştirakından bəhs olunub.

Daha sonra iclasda növbəti 4 il üçün BAE prezidentinin və vitse-prezidentlərinin seçkisi baş tutub.

Onlayn konfransın sonunda Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktorunun təklifi ilə BAE-nin növbəti XXV Ümumi İclasının 2021-ci ilin aprelində Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınıb.

 

525-ci qəzet.- 2020.- 27 noyabr.S. 9.