Mərdlik, mübarizlik duyğulu "Segah"ım

 

Azərbaycan muğamları içərisində insanlara mənəvi keyfiyyətlər aşılayan muğamlar içərisində "Segah" muğamı xüsusi yer tutur. Ona görə ki, "Segah" muğamını dinləyən hər bir dinləyicidə təkcə məhəbbət hissləri özünü büruzə vermir. Çünki bu muğamın əxlaqi-mənəvi keyfiyyətləri üzə çıxaran təsir gücü daha çoxdur.

Adından bəlli olduğu kimi, "se" "üç", "gah" isə "hissə", "guşə" mənalarını bildirir. Əsasən 3 hissədən ibarət olan "Segah" Azərbaycan xalqının ən qədim və ən zəngin muğamlarından biri hesab olunur. Əsasən eşq, məhəbbət, sevgi, istək hissləri aşılayan "Segah"da həm də mərdlik, mübarizlik, insanpərvərlik, humanistlik, yurdsevərlik duyğuları özünü büruzə verir.

Özünü daha qabarıq büruzə verən belə duyğuların yaranmasının isə birinci səbəbi "Segah" ladının melodiya cizgiləridirsə, ikinci səbəbi poeziya nümunələridir. Yəni muğamın söz tərəfidir. Uzun illər boyu "Segah" muğamını ifa edən müğənnilər bu muğamın söz tərəfində daha çox sevgi-məhəbbət mövzusunda olan poetik nümunələrdən istifadə etmişlər. Məhz ona görə də "Segah" muğamını istər ifa edənlər, istərsə də onu dinləyənlər sevgi-məhəbbət amilinə daha çox üstünlük verirlər.

Göründüyü kimi, "Segah"ın sevgi, məhəbbət aşılaması onun birinci amalıdır. Onun doğurduğu sonrakı hisslər isə daha önəmli, daha davamlı, daha mübariz əhvalı-ruhiyyəlidir. Çünki bu hisslər onu əziz torpağını, sərhədlərinin toxunulmazlığını, düşmənlərin yad nəzərlərindən qorunmağa səsləyir.

 "Segah" muğamının istər vokal formada, istər instrumental ifada təqdimatı zamanı muğamın estetik-bədii zövq aşılayan tərəflərilə yanaşı, həm də mənəvi keyfiyyətləri üzə çıxaran imkanları barədə dinləyicilərə müfəssəl məlumatlar verməlidir. Fikrimizcə, həmin məlumatların bəzi epizodlarının aşağıdakı şəkildə olması daha məqsədəmüvafiqdir: - Azərbaycan xalqının ən qədim muğamlarından biri olan "Segah" yüksək estetik-bədii zövq aşılamaq imkanlarına malikdir. Bu muğamı dinləyən hər bir kəs onun söz tərəfindən, yaxud lirik, həzin, ürəyəyatan, qəlboxşayan melodiyasından zövq alırsa, muğamın mənəvi keyfiyyətlər aşılayan cəhətlərindən də bəhrələnməlidirlər. Yəni "Segah"da vətənə, xalqa, dövlətçiliyə, torpağa, halal əməyə olan məhəbbət hisslərini üzə çıxaran cəhətlər dinləyicidə bir sıra digər mənəvi keyfiyyətləri üzə çıxarmağa imkan verən təsir gücü var. Biz bütün bunları həm xanəndələrin, həm də instrumental ifaçıların təqdimatı zamanı görə bilirik. Bəzi instrumental ifaçılar "Segah"ı ifa edərkən qeyri-adi gəzişmələr, möhtəşəm variasiyalar edirlər. Hansı ki, həmin qeyri-adilikdən, möhtəşəm variasiaların təsirindən mənəvi keyfiyyətlərin üzə çıxmasına şərait yaranır.

"Söhbət instrumental ifadan düşmüşkən onu da əlavə etmək lazımdır ki, istər tarzənlərimiz, istərsə də kamança, ud, qarmon, balaban, tütək, klarnet ifaçılarımız, xüsusilə yeganə və bənzərsiz qaboy ifaçımız həm "Segah"ı, həm "Segah-Zabul"u, həm də "Zabul-Segah"ı daha yığcam və təsirli ifa edirlər. Ölkəmizdə Mütəllim Mütəllimov, Ağabala Abdullayev və Alim Qasımov "Segah"a daha təsirli və zəngin çalarlar gətirən müğənnilər hesab olunurlar. Televiziya muğam festivalının qalibləri olan Güllü Muradova, Ehtiram Hüseynov və Abgül Mirzəliyev kimi yeniyetmə xanəndələr də "Segah"ı xüsusi şövq ilə ifa etməyi yaxşı bacarırlar. Bütün bunlar onu sübut edir ki, "Segah" muğamı sözün əsl mənasında möcüzələr yaratmağa qadir olan ürəklərin məkanıdır". Bu möcüzəli ifalar isə dinləyicidə ən zəruri mənəvi keyfiyyətin üzə çıxmasına səbəb olur.

“Segah”ın fizioloji, psixoloji, bioloji təsiri digər muğamlara nisbətən daha təsirlidir. “Segah”ın tərbiyəvi təsiri daha çoxdur. Ən qəddar, ən zalım adam “Segah” çalınanda və ya oxunanda ağlayır. Son dərəcə zülmkar adamın “Segah”ı dinləyərkən heç olmasa gözləri yaşarır.

Fiziologiya elmi sübut etmişdir ki, ən həzin musiqi, o cümlədən, muğam musiqisi, xüsusilə simfonik muğamlar dinləyicinin ali sinir sistemində yaranan yorğunluğu götürür, oradakı bir sıra qüsurların aradan qalxmasına təsir göstərir. Muğamlar insan təxəyyülünün məhsulu olaraq əvvəlcə passiv təxəyyülün məhsulu kimi özünü göstərir. Mütəmadi dinlənilib ifa edildikdə isə aktiv təxəyyülün məhsuluna çevrilir. Daha sonra bərpaedici və yaradıcı təxəyyülün dəyərli məhsulu kimi reallaşır. Sonda yaradıcı təxəyyülün diktə etdiyi fəaliyyətin, qavrayışın verdiyi yaradıcı imkanları yenidən işləmək və dəyişdirmək yolu ilə muğam ifaçılığı daha da zənginləşir. Bəzən islam alimləri bu zənginliyi Allahın möcüzəsi kimi şərh edirlər. İslam alimlərinə görə də "Segah" insanda həm sevinc, həm də kədər hissi oyadır.

İslamşünas alimlər (üləmalar) iddia edirlər ki, insanın beyin yarımkürəsində yerləşən bir vəzi var. Bu vəzinin əsas funksiyası duyğu üzvlərini selikli qişa ilə təmin etməkdən ibarətdir. Hansı ki, bu vəzi gözlərə şor, qulaqlara zəhər, buruna turş, ağıza isə şirin olmaqla selikli qişa ötürür. Gözə verilən selikli qişanı isə insan bir halda şor dadırsa, başqa halda şirin dadır. Bu, bir möcüzədir ki, "Segah"ın təsirindən yaranan göz yaşı bir halda şirin (nikbinlik yaşı), bir halda isə acı (qüssə, qəm yaşı) olur.

Yarandığı andan bu günə qədər Azərbaycan xalqının sosial məişətinə daxil olan, gündəlik həyat tərzinin tərkib hissəsinə çevrilən muğam bu millətin genetik kodudur. Hətta elə muğamlarımız var ki, onları digər xalqlar ifa etmir. Yalnız Azərbaycan xalqına məxsus olan belə muğamlar Azərbaycan xalqının milli koloritini ifadə edən genetik kodu hesab oluna bilər. Məsələn, elə götürək "Segah" muğamını. "Segah"ın Azərbaycan xalqına məxsus olması qeydsiz - şərtsiz qəbul edilmiş aksiomadır. Ramiz Zöhrabov bu  fikri sübuta yetirmək üçün, özünün "Muğam" adlı monoqrafiyasında İran musiqişünası Ruhulla Xaliqinin 1938-ci ildə Tehranda nəşr etdirdiyi  "Nəzəri be musiqi" kitabından sitat gətirir. Sitatda deyilir ki, "Segah" sözünə qədim musiqi kitablarında təsadüf edildiyinə baxmayaraq, İran musiqiçilərinin bir çoxu "Segah" muğamının ancaq azərbaycanlılara məxsus olduğunu düşünür, çünki doğrudan da, "Segah" azərbaycanlılar arasında daha çox intişar tapmışdır və Azərbaycan xanəndələri bu muğamı çox böyük məharətlə ifa edirlər. İranlı mütəxəssislərin dediyi kimi, doğurdan da, "Segah" muğamını yaradan azərbaycanlılar bu muğamın bir neçə növünü, tipini və forma rəngarəngliyini, onun məzmununa uyğunlaşdıraraq formalaşdırmış və təkmilləşdirmişlər.

"Segah" muğamının, eləcə də onun bütün növlərinin hər hansı bir şöbəsinin və güşəsinin bədii zövq aşılamaq imkanları ilə yanaşı, həm də dinləyicidə yüksək mənəvi keyfiyyətləri üzə çıxara bilmək qüdrətinə malik olmasını xüsusi qeyd etmək lazımdır.

"Segah" muğamının "Orta Segah", "Yetim Segah", "Mirzəhüseyn Segahı", "Haşım Segah", "Zabul Segah" kimi növlərinin hər birinin dinlənilməsi zamanı dinləyicilərə muğamların hər birinin adlarının, şöbələrinin, güşələrinin etimoloji məna çalarlarının aydınlaşdırılması, onların yaranma tarixi, təşəkkülü, inkişaf mərhələləri milli və ümumbəşəri inkişaf baxımından mahiyyətinin aydınlaşdırılması onları mənəvi cəhətdən zənginləşdirir. Məsələn, Zabul yer, məkan, ərazi adını bildirir. Zabul Əfqanıstanın (Heratın) ən qədim əyalətlərindən birinin adıdır. İstər orta əsrlərə qədər, istərsə də orta əsrlərin bütün dövrlərində azəri türklərinin və digər türkdilli xalqların bir qismi Əfqanıstanda yaşayıb yaratmışlar. "Zabul" da məhz belə bir əlaqələrin yaranması ilə bağlı meydana gəlmişdir. Mir Möhsün Nəvvabın tədqiqatlarında Zabulun Şərq xalqlarına məxsus bir ölkədə yaranması vurğulanır. Bütün hallarda "Segah" muğamı "Bərdaşt"la başlanır. Bir sıra mənbələrdə bu sözün etimoloji məna çalarlarına varmadan ərəb və ya fars sözü olması faktı ilə də barışmaq olmaz. "Bər" və "daşt" sözlərindən yaranan bu sözün, fars mənşəli söz olan "daşt" sözündən əmələ gəlməsinə baxmayaraq, türk ibarəli söz kimi qəbul edilməsi daha məqsədəuyğundur.

Muğamın digər şöbə və güşələrinin qeyd olunan kontekstdə şərh olunması insanların bədii zövqlərini inkişaf etdirməklə yanaşı, onları mənəvi cəhətdən zənginləşdirir. Muğamın ikinci şöbəsi "Maye" adlanır. "Maye" həzin, ürəkləri riqqətə gətirən, ən qəddar adamı kövrəldən, əsəbləri sakitləşdirən, dinləyicilərdə nikbin əhvalı-ruhiyyə yaradan simfonik parçadır. "Maye"nin vokal formada təqdimatı daha zəngin mənəvi keyfiyyətlər aşılamaq qüdrətinə malikdir. Ona görə ki, onun söz tərəfindəki poetik nümunələrdə mənəvi keyfiyyətlər aşılamaq imkanları vardır.

Bizim dilimizdə də "Maye" sözü vardır. Hansı ki, bu "Maye" sözü hər hansı bir elementin mayasından əmələ gəlmiş konsentrantın anlamını diqqətə çatdırır. Məsələn, kimyaçılar "dəmirin mayesi"ni, "poladın mayesi"ni, "qızılın mayesi"ni, "gümüşün mayesi"ni onların mayasından alırlar. Deməli, dilimizdəki maye sözünün məna çalarlarını gedib başqa xalqların söz leksikonunda axtarmaq heç bir vəchlə düzgün sayıla bilməz.

"Maye"dən "Mübərriqə"yə keçəndə xanəndələrin ürəkaçan zəngulələri, ana laylasının şirinliyini xatırladan "nəfəsləri", ifaçının ürəkləri titrədən "boğarları", dinləyicilərin duyğularına qol-qanad verir. Onlar riqqətə gəlir, muğamın xoş ahəngi onları şərə nifrət etməyə, xeyirxah əməllər görməyə sövq edir.

İstər "Manəndi-Hisar", istərsə də "Manəndi-Müxalif" şöbələrinin hər biri dinləyicidə qoçaqlıq, qəhrəmanlıq, igidlik, şücaətlilik dönməzlik, yenilməzlik, əyilməzlik, mübarizlik kimi mənəvi keyfiyyətlərin yaranmasına kömək edir.

Göründüyü kimi, "Segah" muğamı estetik-bədii zövq mənbəyi olduğu kimi, mənəvi keyfiyyətlər aşılamq baxımından da mühüm əhəmiyyət kəsb edir. Təkcə "Segah" muğamı yox, bütün muğam dünyası beynəlxalq miqyasda həm mədəniyyət abidəsi, həm də maddi-mənəvi irs kimi dəyərləndirilir.

Dünya mədəniyyətinin şah əsəri olan muğamın qiymətini hər zaman uca tutmaq, onu yaşatmaq və təbliğ etmək, muğam ifaçılarına, yeni istedadlara şərait yaratmaq məqsədilə həyata keçirilən möhtəşəm tədbirlər sırasına daha biri - muğam televiziya müsabiqələri daxil oldu. Xalqımızın tarixi qədimliyinin, mənəvi böyüklüyünün, humanist keyfiyyətlərinin, bədii təfəkkür zənginliyinin başqa xalqlara çatdırılması muğam müsabiqəsi layihələrinin əsas məqsədidir. Deməli, muğamın beynəlxalq münasibətlərə, ümumbəşəri dəyərlərə əsaslanması onun mənəvi dəyərlər kimi başqa xalqlara çatdırılmasını zəruri edir.

Nəticə etibarı ilə demək olar ki, bütün muğamlar kimi, "Segah" muğamı da dinləyicilərin estetik-bədii tərbiyəsilə yanaşı, mənəvi keyfiyyətlərini üzə çıxarıb formalaşdırmaq və mütəmadi olaraq təkmilləşdirmək imkanına malikdir.

 

Mehriban CƏFƏROVA

525-ci qəzet.- 2020.- 27 noyabr.S. 11.