Qələbə
möcüzəsi
Bir vaxt, özüm kimi, yurdundan
didərgin düşənlərin dilindən
... Koronavirus adlı bəlaya tuş gələndən onsuz da sınıq qəlbimizdə sanki dünyanın üzü bozarmağa başladı. Olan-qalan sevincimiz də yoxa
çıxdı. Məktəb yox, iş yox,
toy, şənlik bir yana, hələ yaslarımızın da
urvatı azaldı. İkinci
Qarabağ müharibəsinin başlaması ilə sanki ruhumuz
dirçəldi. Ordumuzun gücü,
əsgərlərimizin şücaəti ilə
torpaqlarımız azad edildikcə hərəmiz bir
əsgərə döndük elə bil. Üçrəngli
bayrağımız qəlbimizdə qürurla
dalğalandı. Vətən
torpaqları bir-bir azad edildikcə doğma Bakımız
və bütün el-obamız üzümüzə
şölə saçan üçrəngli bayrağa
büründü. Öz
bayrağımızla bərabər, Türkiyə, Pakistan
bayraqlarını da unutmadıq. Bu,
bizim qardaş, dost ölkələrə vəfa borcumuzdur,
düşündük...
...
Şükürlər olsun Allaha! Bu da QƏLƏBƏ! Açığını
desək, bu müharibəyə qədər
qələbəyə inam çox zəif idi. Bəlkə yüzdə bir adam buna
inanar, ya inanmazdı.... Amma bir çoxları kimi mən inanırdım, sanki
ürəyimə dammışdı, sanki o torpaqlar bizi
çağırırdı. Bir də Uca
Yaradan hər şeyə qadir deyilmi, nədən inamımdan
vaz keçməliydim ki. Odur ki, mən
bu möhtəşəm QƏLƏBƏmizə Allahın
möcüzəsi kimi baxıram. Elə
bir möcüzə ki, şanlı tariximizə qızıl hərflərlə -
Müqəddəs Şəhidlərimizin qanı ilə
yazıldı...
... Heç yadımdan
çıxarmı, hər il torpaqlarımızın
işğal günlərində məktəbli
balarımız başına qara bağlayır,
kədərli, haray dolu yurd nisgilli şeirlər
söyləyirdi. Xocalı faciəsi, 31 Mart Soyqrımı,
Kəlbəcərin işğalı, sonra Şuşa,
Laçının işğal günləri
uşaqlarımızı beləcə qara geyindirir,
müəllimləri üzür, mənim kimi yurdu viran
olmuş valideynlərimizin onsuz da heç vaxt köhnəlməyən
yarasını təzələyirdi. Ötən il Xocalının sonuncu işğal günündə
uşaqların təhsil aldığı məktəbin
əslən Laçından olan direktoru
hönkür-hönkür ağladı. Otuz ilə
yaxındı biz bax belə ağlamışıq, yanıb
qovrulmuşuq, müharibə və yurd itkisindən elə bir
travma almışıq ki, indi də özümüzə
gələ bilmirik...
... Ona görə də bu sevinci, bu
Qələbə möcüzəsinin xoşbəxtliyini
hələ biz çox yaşayacağıq. Necə
ki, dərddən saralmışdıq. Eləcə
də 2020-ci ilin payızını bizim üçün bahara
çevirən bu möhtəşəm
QƏLƏBƏmizlə dirçələcəyik. Daha işğal yox, böyük qələbəmizi, əzəli yurd yerlərimizin azad olunması günlərini
sevinclə, fərəhlə qeyd edəcəyik. Onda qara
yerinə qıpqırmızı milli geyimlərimizi
geyinəcək balalarımız. Başlarına al-əlvan çələng taxacaq uşaqlarımız.
Azərbaycana, Qarabağa, unudulmaz Qələbəmizə şeirlər söyləyəcək,
ürəkaçan nəğmələr oxuyacaq
şagirdlərimiz....
Bütün
bu xoşbəxtliyi, tarixi qələbəni bizə yaşadan
şəhidlərimizin ruhu qarşısında baş
əyirik, yaralı cəsur əsgərlərimizə
şəfa diləyir, onlara minnətdarlığımızı
bildiririk.
Var olsun Ali Baş Komandanımız,
xalqın qəhrəmanına çevrilən əziz
Prezidentimiz cənab İlham Əliyev! Onun əzəmətli
"QARABAĞ AZƏRBAYCANDIR" nidası heç vaxt
yaddaşlardan silinməsin!
Mina RƏŞİD
525-ci qəzet.- 2020.- 27 noyabr.S. 12.