Nakam
gəncin həyat manifesti
Dörd
övladının körpə ikən dalbadal tələf
olması Əhməd bəyi bərk sarsıtmış,
dərin qəm-qüssəyə qərq eləmişdi. Bu
kədərli və faciəli hadisələrin səbəbini
"ayağı sayalı olmayan" arvadı
Mülküxanımda görən uşaqların atası
ondan həmişəlik ayrılmış və bir daha evlənmək
məsələsinin üstündən qara bir xətt
çəkmişdi.
Əhməd
bəy vaxtsız-vədəsiz torpağa
gömülmüş körpələrinin iyini-qoxusunu almaq
üçün rəhmətlik qardaşı
İsgəndərin yetim qalmış oğlunu və
qızını övladlığa götürmüş,
doğma balaları kimi böyüdüb, tərbiyə
eləməyə başlamışdı. Lakin onlar nə qədər yaxın,
nə qədər əziz, nə qədər istəkli olsalar
da, öz balalarının yerini heç cür verə
bilmirdilər. Həm də Əhməd
bəyin istəyi o idi ki, övladları öz belindən
gəlsin, damarlarında onun qanı axsın...
Zaman
keçdikcə arvadsızlığın nə olduğunu
dərindən başa düşən Əhməd bəy
neçə illər əvvəl özünün verdiyi
qərarı pozaraq evlənmək eşqinə düşdü. Və heç
kəsi hələm-hələm bəyənməyən bu
qürurlu bəy altdan-altdan özünə gələcək
ömür-gün yoldaşı sonalamağa başladı. Xoş bir
təsadüf onun qarşısına elə ilk
görüşdəcə ürəyinə yatan halal bir
süd əmmiş çıxartdı. Bu, Qarabağın
sayılıb-seçilən mülkədarı
Məhəmmədhəsən bəyin bacısının
uşaqlıqdan yetim qalmış övladı və
Əhməd bəydən neçə-neçə bayram
balaca olan on yeddi yaşlı Xeyransa adlı xanım-xatın bir
qız idi.
... 1872-ci ilin Novruz bayramı
ərəfəsində Əhməd bəy el adəticə
toy çaldırıb, Xeyransa xanımı evinə gəlin
gətirdi. Bu izdivacdan
sonralar xan nəslinin şöhrət bayrağını
başı üzərində həmişə
şərəflə gəzdirəcək Həmidə
xanım, iki ildən sonra isə oğlu doğuldu. Əhməd
bəy ikinci övladına ad seçməkdə heç
də çətinlik çəkmədi. Götür-qoy
eləmədən onu yüz il əvvəl bütün
Qarabağda və qonşu məmləkətlərdə
igidlikdə ad-san çıxaran, qəhrəman
döyüşçü-sərkərdə kimi
məşhur olan "Batmanqılınc" ləqəbli
babası Məhəmməd bəy Cavanşirin adı ilə
adlandırdı.
Lakin çox
çəkmədən bu ailənin də təməli
laxlamağa başladı. Həddindən ziyadə inadkar,
tərs, ağır xasiyyətli Əhməd bəyin
evində tez-tez xoşagəlməz söhbətlər oldu,
münaqişələr yarandı. Elə həddini aşan bu
mübahisələrin birində də ailəsi ikinci
dəfə dağıldı. Nədi, nədi zövcəsi
ərindən icazə almadan Əfətli kəndinə
qohumlarının birinin yas mərasiminə gedib. Buna
görə də ər-arvad arasında çox ciddi
söz-söhbət yaranmış və Xeyransa xanım da
inciyib, "ata evi"nə küsülü gedərək bir
də geri qayıtmamışdı. Sonralar onların
münasibətləri daha da kəskinləşmiş və
qabağından yeməyən Əhməd bəy yenə
də tərsliyinə salıb, heç kəsə məhəl
qoymadan övrətinin talağını birdəfəlik
vermişdi.
Ailə-uşaq
sarıdan gözü çox qorxmuş Əhməd bəy
bütün mehrini "anadan yetim qalmış" zavallı
tifillərinə salmışdı. Bu
övladcanlı, cəfakeş ata uşaqlarını bir an da
olsun, gözündən uzağa buraxmır, heç
nədən korluq çəkməyə qoymur, sözün
həqiqi mənasında, onların nazı ilə oynayır,
övladlarına həm atalıq, həm analıq, yeri gələndə
dayəlik də edirdi. Həmidə xanım Cavanşir sonralar
həmin günləri belə xatırlayırdı:
"Yadıma gəlir, atam qardaşımı necə
yatırdar, ona layla çalardı. Atam gecə yerinə çox erkən girərdi. Elə
yerindəcə oxuyar və yazardı. O,
bizim ikimizi də öz yatağına alar, bizə
nəğmə deyər, "Min bir gecə" və
Andersenin nağıllarını danışar, Krılovun
təmsillərini və başqa parçaları
söylərdi. Biz onun
yatağında yuxuya gedərdik. Sonra xidmətçilər gəlib,
bizi öz yatağımıza aparardılar" (Həmidə
xanım Cavanşir. "Xatirələrim",
Bakı, "Apostroff" nəşriyyatı, 2011-ci il,
səhifə 59-60).
Lakin
anasızlıq bacısı kimi kiçik
Məhəmmədin də ruhunu tamamilə sarsıdaraq
alt-üst eləmiş, onun qaradinməz, qapalı
böyüməsinə səbəb olmuşdu. Məhəmmədin
üzü demək olar ki, heç vaxt gülmür,
çöhrəsində adicə təbəssüm
işartıları da görünmürdü.
Əhməd
bəy Cavanşir övladlarını müasir ruhda,
hərtərəfli tərbiyə etməyə,
gözüaçıq böyütməyə
çalışırdı. Onlara, ilk
növbədə, yazmağı, oxumağı,
öyrənməyi məsləhət görürdü,
zəhmətkeş, torpağa mümkün qədər
bağlı olmağı, eldən-obadan heç vaxt ayrı
düşməməyi, ümumiyyətlə, atalarının
ictimai-faydalı işlərini layiqincə davam etdirməyi
tövsiyə edirdi. O, uşaqlarına təsərrüfatı
idarə etməyi də öyrədirdi, deyirdi ki,
özünü hər cür zəhmətə
alışdır, çalış, hər işi
özün gör. Vaxt gələcək
bütün insanlar bərabər olacaq və heç kəs
sənə nökərçilik etməyəcək. İş
canın cövhəridir. İş adamı sağlam edir,
möhkəmləndirir və ürəyinin bütün
yaralarını sağaldır. Səadət işdədir. Fiziki iş ağıla istirahət verir, zehni iş
isə bədənə... Əhməd bəy eyni zamanda, həm qızına, həm
də oğluna lap uşaqlıqdan at minməyi, tüfəng
atmağı öyrədir, silahla necə rəftar etməyi
başa salırdı.
Övladlarının
gələcəyini daha yaxşı, daha parlaq görmək
üçün Əhməd bəy təlim-tərbiyə
məqsədilə hər iki uşağını bir rus
ailəsinə vermişdi. Dövrün ən əsas, ən
aparıcı ünsiyyət vasitələrindən sayılan
fransız dilini öyrətmək üçün hətta
Kəhrizliyə Xan kəndindən milliyyətcə fransız
olan bir qadın da gətirtmişdi. Həmin müəllim bu dili
uşaqlara tez bir zamanda öyrətmək üçün
gündəlik dərslərlə yanaşı,
şagirdlərini vaxtaşırı gəzməyə də aparır,
onlarla söhbət edir, danışığa alışmaq
üçün hətta gecələr ikisini də yanında
yatızdırırdı.
1881-ci il yayın
əvvəllərində Əhməd bəy Cavanşir
düşmənlərinin böhtanı nəticəsində
bir ölüm işi ilə əlaqədar Xan kəndinə
çağırıldı. Və müstəntiq izahat
alandan sonra ona hələlik ev dustağı cəzası
verildi. Amma
dünyagörmüş Əhməd bəy bu xəmirin
çox su aparacağını başa düşərək
yaxın qohumu İsgəndər Hacı Həsən oğlunu
(Cəlil Məmmədquluzadənin "Ölülər"
əsərindəki Kefli İsgəndərin prototipi - V.Q.) Hüsülü
kəndindən çağırtdırıb, ilk
növbədə, Həmidəni və Məhəmmədi,
mal-mülkünü, özünün təsərrüfat
işlərini aparmağı ona həvalə elədi, doqquz
yaşlı Həmidənin və yeddi yaşlı
Məhəmmədin nəzarətsiz qalmamalarını
dönə-dönə tapşırdı. Sonra polisin müşayiəti ilə
Xan kəndinə aparıldı. Bir
neçə gündən sonra Əhməd bəy
İsgəndər Hacı Həsən oğluna məktub
yazıb, xahiş elədi ki, uşaqlarını və
bəzi ev əşyalarını Xan kəndinə gətirsin.
Əhməd
bəy Ağdamda işləyən Fedorçenko familiyalı
bir müstəntiqlə və arvadı Nadejda Qavrilovna ilə
əvvəlcədən danışmışdı ki, onun uşaqlarını
himayəyə götürsünlər,
təlim-tərbiyələri ilə ciddi məşğul
olsunlar. Bütün qiymətli əşyalarını da saxlamaq
üçün onlara etibar eləmişdi. Düşmənlərindən
ehtiyatlanaraq həm də bu ər-arvada
tapşırmışdı ki, işdir-şayət,
birdən amansız əcəl onu vaxtsız haqlasa, ya da
Sibirə sürgün edilsə, birdən kimsə gəlib
uşaqları aparmaq istəyər, hətta ən yaxın
qohumları olsa belə, heç kəsə etibar eləyib
verməsinlər. Çünki
düşmənlərinin və ya qohumlarının
uşaqları oğurlayıb aparacaqlarından, onlara bir
sədəmə toxuyacaqlarından qorxurdu. Fedorçenko ailəsi də
Əhməd bəyi tam əmin eləmişdi ki, heç bir
narahatçılıq-zad keçirməsin, arxayın olsun. Və
Əhməd bəyin uşaqlarını öz
övladları kimi qəbul etmişdilər. Bu dost ailədən beli tamamilə bağlı olan
Əhməd bəy öz ciyərparalarını onlara
təhvil verəndən sonra jandarmların müşayiəti
ilə Şuşa həbsxanasına aparıldı.
Nadejda Qavrilovna
Fedorçenko isə verdiyi sözə əməl
edərək bütün səy və
bacarığını uşaqların
təlim-tərbiyəsinə yönəldir, onların yüksək
səviyyədə təhsil almaları üçün
əlindən gələni əsirgəmirdi.
Əhməd
bəy Cavanşirin "cinayəti" sübuta
yetirilmədiyindən bəraət alıb, beş-altı ay
sonra polis nəzarəti altında saxlanılmaq
şərtilə həbsxanadan buraxıldı. O, balalarının yanına qayıtdı. İki ay Xan kəndindəki yaylaq
evində qalıb, istirahət elədi, özünə
gəldi. Həmidə ilə Məhəmməd isə Nadejda
Qavrilovnanın pansionatında yaşayır və
təhsillərini davam etdirirdilər. Təsadüf
elə gətirdi ki, bu bacı-qardaş pansionatı
qurtaran il - 1885-ci ilin sonunda əziz tərbiyəçi
müəllimləri Nadejda Qavrilovna Fedorçenkonun ailəsi
Tiflisə köçdü. Uşaqlar sevimli və xeyirxah müəllimlərindən
ayrılası oldular.
Əhməd
bəyin fikri Həmidəni Tiflis Qızlar İnstitutuna,
Məhəmmədi isə gimnaziyaya qoymaq idi. Amma bəzi
dost-tanışları onu bu fikrindən
daşındırmağa çalışırdılar. Qəribədir,
indiyə qədər heç kəsin sözüylə
oturub-durmayan, hər hansı bir məsələnin
həllində təkbaşına qərar çıxaran
Əhməd bəy nədənsə onların
sözünə baxıb, Həmidəni instituta qoymaqdan vaz
keçdi, Məhəmmədi isə gimnaziyaya qəbul
elətdirdi. Həmidənin təhsili ilə özü evdə
məşğul olmağa, Azərbaycan və rus dilini
öyrətməyə başladı.
...Məhəmməd bəy ilk
günlərdən gimnaziya şagirdləri arasında
seçilirdi. O, ümumtəhsil fənləri ilə
yanaşı, əlavə olaraq hüquq dərsləri də
keçir, müxtəlif dərnəklərə gedir, hər
şeyi öyrənməyə, bilməyə
çalışırdı. Çəkdiyi gözəl rəsm əsərləri
gimnaziyada adnandı. Şahmat dərnəyində isə
bu oyunun sirlərini əməlli-başlı
mənimsəmişdi. Məhəmməd bəy
müəllimlərinin Tiflisin görməli yerlərinə
vaxtaşırı təşkil elədikləri ekskursiyalara
gedir, bu şəhərin tarixi və coğrafi yerlərini
dönə-dönə gəzir, gözəlliklərindən
doymurdu. Bir sözlə, yaxşı oxumaqla bərabər,
məktəbin ictimai işlərində də fəal
iştirak edirdi və müəllimləri də
həmişə onu başqalarına nümunə
göstərirdilər. Şübhəsiz, oğlunun bu
fərəhləndirici fəaliyyətinin
səsi-sorağı Əhməd bəyin qulağına
gəlib-çatırdı. Yaxşı oxuması, müəllimlərinin
sevimlisinə çevrilməsi atasını
fərəhləndirir, onun qürur hissini daha da
artırırdı. Əhməd bəy tez-tez Tiflisə
gedir. Məhəmməd bəyin müəllimləri ilə
görüşüb, öz təşəkkürünü
bildirirdi. Fedorçenkolar ailəsinə də mütləq baş
çəkir, uşaqlarının tərbiyəçisini
və müəllimini pay-pürüşlə yad edirdi.
Məhəmməd
bəy yay tətillərini, bir qayda olaraq, Xan kəndindəki
bağ evlərində keçirirdi. Əhməd
bəy də uşaqlarının istirahətinin daha xoş
və mənalı olması üçün onları tez-tez
gah yaxınlıqdakı Qarqar çayının kənarına,
gah Ağa körpüsü tərəfə, gah da Əylis
meşəsinə gəzməyə aparırdı və onlar
günlərini Qarabağın bu səfalı seyrəngahlarında
keçirirdilər.
Əhməd bəyin "əmi"
dediyi atasının əmisi oğlu, yaşı artıq
doxsanı haqlayan Nəcəfqulu bəy Cavanşir tez-tez at
belində Şuşadan Xan kəndinə gəlir,
günlərlə, bəzən həftələrlə burda
qalır, Həmidə ilə, Tiflisdən tətilə
gəlmiş Məhəmməd bəylə başını
qatırdı. Güclü
şahmat azarkeşi olan Nəcəfqulu bəy də,
Əhməd bəy də onunla tez-tez şahmat taxtası
arxasında otururdu. Amma bu oyunu
hər ikisindən qat-qat yaxşı bilən bu gimnaziya
şagirdi gəncliyinə salıb, nə atasına, nə
də babası yaşında olan bu ağsaqqal qocaya oyunda
qətiyyən güzəştə getmək istəmir, rəqiblərini dalbadal stol arxasında bir-birini əvəz
etməyə vadar edirdi.
1887-ci ilin
yayı. Məhəmməd bəy yenə də Xan kəndində
bağ evlərindədir. Əhməd
bəy, adəti üzrə, vaxtının bir hissəsini
oğlu ilə şahmat oynamaqla keçirir, saatlarla stol arxasından
qalxmırdı. Məhəmməd
bəy yenə də atasını dalbadal məğlub edirdi. Həmidə
xanım xatirələrində yazır ki, bir dəfə
belə bir hadisə baş vermişdi. Qardaşı üç dəfə
dalbadal atasını udur. Bundan pərt olan Əhməd bəy
bir dəfə də oynamağı oğlundan xahiş edir. Lakin
Məhəmməd bəy yorulduğunu bildirib, onu
gözləyən dostlarının yanına qaçır. Əhməd bəy
oğlunun bu hərəkətindən qəzəblənib,
şahmat taxtasını başı üzərinə
qaldıraraq var gücü ilə yerə çırpır. Şahmat
taxtası çilik-çilik olur və fiqurları ətrafa
səpələnir (Mehriban Vəzir. "Əhməd bəy
Cavanşir". 2019-cu il, səhifə 157-158).
Nəhayət, 1895-ci ildə
Məhəmməd bəy Cavanşir Tiflis birinci kişi gimnaziyasını
əla qiymətlərlə bitirib, Moskvaya yollandı,
sənədlərini universitetə verdi. Lakin bundan xəbər tutan
atasının istəyi və təkidi ilə
sənədlərini Moskva Kənd Təsərrüfatı
İnstitutuna (keçmiş Petrovski-Razumovski Kənd
Təsərrüfatı Akademiyası - V.Q.) dəyişdirdi. İmtahanlara buraxılmaq üçün institutun
direktorunun adına ərizə yazdı. 16 avqust 1895-ci il tarixli bu
ərizədə o, göstərirdi ki, zadəgan
Məhəmməd bəy Cavanşir oxuyacağı
müddət ərzində institutun bütün
qayda-qanunlarına ciddi riayət edəcək. Sonda isə
əlavə edirdi ki, sənədləri Moskva universitetinə
verdiyi şəxsi qovluğunun içərisindədir... Və beləliklə,
Məhəmməd bəy institutun tələbəsi oldu.
Doğrudan da,
Məhəmməd bəy ərizəsində
göstərdiklərinə sadiq qaldı, institutun daxili
qanun-qaydalarına hörmətlə yanaşdı. Əla oxudu,
çalışqanlığı ilə digər
tələbələrə örnək oldu, tələbə
kollektivinin də, rəhbərliyin də sevimlisinə
çevrildi, institutu bitirməyini səbirsizliklə
gözləyən atasının da ümidlərini doğrultdu. Ümumiyyətlə,
Məhəmməd bəy macəralarla dolu təhsil
illərini çox maraqla keçirdi. Tiflisdə
olduğu kimi, o, Moskvada da müxtəlif
dərnəklərə gedir, sosial-demokratların
yığıncaqlarında və tələbə
tətillərində fəal iştirak edirdi...
Nəhayət, Məhəmməd bəy Cavanşir ali təhsilini uğurla başa vurdu. Bakıda çıxan "Kaspi" qəzetinin 5 iyun 1899-cu il tarixli, 117-ci nömrəsində Moskvanın ali təhsil müəssisələrini bitirmiş yeddi müsəlman gəncinin ad-familiyası dərc edilmişdi. Bu siyahıda onun da adı nümunəvi tələbə kimi xüsusi olaraq vurğulanırdı...
Məhəmməd bəyin hərtərəfli biliyini və intellektual səviyyəsini nəzərə alan institut rəhbərliyi öz məzununa torpaq nazirliyində işləməyi təklif eləsə də, yeni ideyalarla silahlanmış bu azərbaycanlı gənc nəzakətlə bundan boyun qaçırdı.
Həmin dövrdə isə ölkədə genişmiqyaslı tələbə tətilləri və inqilabi çıxışlar alovlanırdı. Məhəmməd bəyin yaxın
əməl dostlarından və məsləkdaşlarından
bir neçəsi həbs olunmuş, iki nəfəri isə
çar üsul-idarəsinin haqsızlıqlarına
dözməyərək intihar eləmişdi. Bu hadisə onu çox sarsıtmış və
Moskvaya qayıtmaq fikrində olduğunu
təkidlə atasına bildirmişdi. Oğlunun Rusiyaya getsə, bir daha geri
dönməyəcəyini anlayan Əhməd bəy hər
vəchlə onu bu fikirdən daşındırmağa
çalışırdı. Məhəmməd
bəy isə əksinə, artıq bütün
varlığı ilə bağlı olduğu Moskvaya can
atır, əməl dostlarının yanında olmağa
tələsirdi. Əhməd
bəy oğlunun fikrinin qəti olduğunu biləndə
hövsələdən çıxaraq onu sərt
şəkildə danlamış, Məhəmməd
bəylə çox qaba şəkildə rəftar
etmişdi. Atasının bu ciddi tənbehindən bərk
təsirlənmiş və pərt olmuş bu dəliqanlı
gənc acıq eləyib, atına süvar olaraq Yevlaxa
tərəf çapmış, hikkəsindən
özünü atı ilə birlikdə dəmiryol
stansiyasından yola düşməkdə olan qatarın
altına ataraq intihar eləmişdi.
Bu hadisə iyirminci yüzilliyin
başlanğıcında - 1900-cü il sentyabrın 4-də baş
vermişdi. Beləliklə,
arzuları təzə-təzə pöhrələyən
və görəcəkli mənalı günləri
hələ qarşıda olan iyirmi altı yaşlı
Məhəmməd bəy Cavanşirin (4.XI.1874-4.IX.1900)
ömür kitabı belə bağlandı. Onun bu
faciəsi isə atası, qoca Əhməd bəyin qəddini
daha da əydi, bacısı Həmidə xanımı isə
həmişəlik gözüyaşlı qoydu.
Vasif QULİYEV
525-ci qəzet.- 2020.- 27 noyabr. S. 14-15.