Tanıyaq
və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə
İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda 1960-cı ildə və daha sonra
doğulub boya-başa çatmış və sənətdə
öz sözünü demiş Güney şairlərinin
arasında heç bir fərq qoymadan, incə və həssas
ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm
poeziya örnəklərini incələmədən onların
ana dilində fərqli janr və üslublarda qələmə
aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər
günümüzün Güney ədəbiyyatında baş
verən yeniliklərin, ədəbi prosesin incəliklərini
bir az da yaxından izləmək, həyata,
insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil
Meriç "Qərb kültürün vətənidir,
Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə
Şərqi, ən az tanıdığımız isə
özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik
inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı, kitab mədəniyyəti,
sözyaratma qüdrətinin nə qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm
mədəniyyət yaradan bir xalq, susmayan dili,
özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya tarixindən heç
vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə,
özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm
də daha çox sevmək üçün, dəyərli
yazarların yaratdıqları bənzərsiz poetik
dünyanın qapıları üzünüzə
açılır, əziz oxucular!
Arəş Sai
1981-ci ildə Təbrizdə
dünyaya göz açıb. İlk və
orta məktəbi Təbriz şəhərində bitirdikdən
sonra, Təbriz Universitetinin Texnika fakültəsinə daxil
olub. 2003-cü ildə Universiteti bitirib.
Şairin
evi Təbrizdə olsa da, iş yeri ölkənin
güneyindəki "Əsəluyə" neftayırma
kompleksindədir. Arəş Sai şeirlər
yazır və elmi tədqiqat işləri ilə məşğul
olur. Şairin günümüzədək
"Saat 25" şeir toplusu çap olunub.
Çağatay ədəbiyyatı üzrə
araşdırmaları ayrı-ayrı məqalələrdə
öz əksini tapıb. Habelə Təbrizdə ustad Həsən
Umudoğlunun "Cağatayca farsca sözlük"
kitabına ön söz yazıb.
"Almaniyada kitab məsələsi" məqaləsi
"Heydərbaba" dərgisində, "Ədəbiyyat
toplumun ortaq dili, bölünməyən toprağı"
adlı məqaləsi isə "Yarpaq" dərgisində
yayımlanıb.
Vaqif Səmədoğlunun
seçilmiş şeirlərini transliterasiya edib və həmin
əsərlər "Bu yolların yuxusunu kim
görüb" adı ilə nəşr edilib.
Esmira FUAD
Filologiya elmləri
doktoru
525-ci qəzet.- 2020.-
27 noyabr. S. 15.