1.

 

Qürbətə gedərsən,

Bir ömürlük yoldur hər gedişin,

Qayıdışınsa yozumlanmayan bir yuxu,

Kor bir arzu!

Mən getdim, gözəlim,

Sən gəlmə,

Yolları sürən gecədir.

Sən qaranlıqdan anlamazsan ki,

Sən saatın yorğunluğundan anlamazsan ki,

Sən torpağın xəstəliyindən anlarsan ki?!

Burada - Günəş ərəb qılıncıdır

Dəvə kinidir, can atmağa dəyməz!

Mən hər axşam səni xatırlayaram

Hər səhər unudaram bu gündəki işimdir...

Dün sahildə söylədi

bir ərəb kapitan mənə:

Enəməz iskələyə ömürlük,

Heç kapitan bu dünyada!

Sonra düşündüm;

İskələ kapitandan ötrü ola bilməz,

Gəmi yorğunları endirər yalnız

dənizdən qorxanlar sahili sevərlər!..

 

2.

 

Çağırmışdılar məni o gün.

Getdim. Bağırdı, Torpaqdan sordu -

Tumurcuqlarını üzümə çırpdı,

Güllərini yoldu.

Bağırdı min dəfə hər biri...

Söylədi biri:

Qanım qanından aldır bu yerlərdə,

Şeirinsə çaqqalları cənazən üstündə

rəqsə gətirən şöləndir - dedi o biri!

Söylədi bığlı kişi: Əsarətimdir sənin adın!

Qızıl gülü qırxa qaçlayan qılınc!

Məni çağıran gün qorxmuşdum...

Yalan deməsəm,

yuxularımdan da etiraf etmişdim onlara,

Sən hələydi bahardan danışırdın...

Bir dəfəsini unutmam

Getmişdin üz salasan,

yağışı tapşırasan günəşə!

Bəlkə yağış geri gəldi - deyə!

Tarla yenidən becərdi yenə!

Mən dünyanın

bütün pəncərələri dalısından

səni görürdüm!

Uzaqlaşarkən...

Mən sənin damarlarını görürdüm

ipək donunun altından

Qayıdıb əski yaralarımdan tələsdiklərini,

Görürdüm...

Bəli! Mən görürdüm!

Açınca pəncərəni

Bir tayı sağa döndü, biri sola,

Bağıranmadım,...

Çağıranmadım

Günəş ikiyə bölünürdü, görürdüm!

Bulut ikiyə bölünürdü, görürdüm!

Pəncərəni açınca mən

Sən ikiyə bölünürdün, görürdüm!

Heç bir yarı mənim deyildi -

Səni, günəşi, buludu, hətta... o quşu belə

İkiləmişdi pəncərə!

Məni çağıran gün

bazar öz işindəydi, eşitdim

Taxıllar sarı xəbərlər verib

min tümən alırdılar

hətta...

Sevişmək qərarına gəlmişdilər

çöhreyi bir otağın zehnində ikisi

Sən, mənsiz

baharı düşünə bilirdin o günlər...

Açıq desəm - Qapı

geri gələ bilməmək üçündür

mənim üzümə çırpılan

Təbrizin qara qapısı var,

Baharın üzünə çırpılan bir fəsil!

Məni çağıran gün,

Rastladım payızdan qayıdan bir ağaca...

Məğrur budaqları var idi,

Sındıranda şaqqaşaq şaqqıldayırdı...

Sonralar xəbərim olmadı kölgəsindən

bahar!

yay!

Gövdəsini qurudan qarğaların həsrətində

Oturmadı hətta qar

Məgər pəncərəmizin xəbərindən savay!

 

3.

 

Gözlərin

Ah! Gözlərində qorunur

insanın talanmayan isməti

Baxışın barmaq basır -

Ayın aydınlığına

Günəşin suçsuzluğuna.

Sevincin qaçaqaç salır göylərə

Buludlar təsadüfən

toxunurlar bir-birlərinə

Yağış oxuyur

Çiçəklənir bir cüt sərçə boğazı...

Gözlərin adın qədər ulduzludur

Zöhrə!

Adınla yaşıddır bəlkə,

adın sürüsünü itirən,

bəlkə dinini bitirən çobana son ümiddir.

Adından bir tikə versənə mənə! -

Ucalaram ucqarlaradək

Yolun keçər yuxularımdan həm

Ox çəksənə adını iki qaşının arasından

Ürəyim doludur

Ay kimi bu gecə...

Adına boşalmaq istəyirəm,

Dünyaya dolmaq...

Gözlərin...

Ah! Gözlərində qorunur

insanın talanmayan isməti...

Gözlərin adın qədər ulduzludur, Zöhrə!..

 

525-ci qəzet.- 2020.- 27 noyabr.S. 15.