Zəfərlərin mübarək, Azərbaycan!

 

ÖTƏN HƏFTƏ AĞDAM, SONRA KƏLBƏCƏR... SIRADA LAÇINDIR!

 

Ağdam... Qarabağımızın Ağ-damı, bəy otağı!

 

Dostun sevimlisi, düşmənin göz dağı...

 

32 illik qanlı münaqişənin ilk günündən-il andan ağırlığını çiyinlərində daşıyan rayon, şəhər!

İlk şəhidlərimizin verildiyi, qanlarının müqəddəs Vətən torpaqlarına qatıldığı, torpağı qanlarıyla suvarıb Vətən etdiyi bölgə...

 

5 il (1988-93-cü illər, qara 23 iyula qədər) düşmənə mərdliklə, igidliklə sinə gərib, öz qoynunda 160 minlik ağdamlı ilə birgə Xocalı Şəhidlərini, Xocalı Şahidlərini, qəlbi yaralı olan Qarabağın digər bölgələrindən minlərlə məcburi köçkünü, 1988-89-cu illərin Qərbi Azərbaycandan (indiki Ermənistandan) olan qaçqınlarını əziz, doğma insanları kimi yerləşdirən, saxlayan, onların qayğısını çəkən, dərdinə məlhəm Ağdam!

 

Savaşan, vuruşan, dirənən, Dastan yaradan, yazan Ağdam...

 

11 Milli Qəhrəmanı, 6500-dən (Birinci Vətən Müharibəsi illərində, 1988-94-cü illərdə) çox Şəhidi, minlərlə yaralısı, əlili, Müharibə veteranı olan yurd yerimiz!

 

5 illik dirənişindən sonra alçaq düşmənə, onun qanlı havadarlarına məğlub olmağa məcbur olan vüqarlı, sınmaz Ağdam...

 

Bir Allah bilir, sənin 32 ildə və qara 23 iyuldan bu yana, işğal illərində çəkdiyini, çəkdiklərini, göyüm-göyüm göynədiyini, göynədiklərini, sızım-sızım sızldadığını, sızıldadıqlarını...

 

Yenilgini, məğlubiyyəti - hər hansı səbəbdən olursa-olsun - köçkünlük damğasını daşımaq çox çətin idi, ağırlığına, Ağ damına yaraşdırmırdın...

 

Niyə də daşımalıydın, niyə də yaraşdırmalıydın, axı?!

 

Sən Azərbaycanımızın, sən Qarabağımızın güvənci idin, axı!

 

Artıq sevin, Ağdam, gül, Ağdam, qol götürüb halay çək, Ağdam...

 

Sən Ağ damına, imanına, gümanına qayıtdın!

 

27 illik acı, nisgilli, qüruruna sığışdırmadığın həsrətinə son qoyuldu...

 

Sən həm də Şəhid verərək, sən həm də döyüşərək Ağ-damına alnıaçıq, üzüağ qayıtdın...

 

Sən Müzəffər, Xilaskar Ali Baş Komandanın əsərisən, sən Qalib Sərkərdənin başçılıq etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusunun, İgid, Qəhrəman Azərbaycan Əsgərinin əsərisən...

 

Artıq sənin işğal günün yoxdur, Qalibiyyət günün var!

 

23 iyul sənin yaralı qəlbindən artıq birdəfəlik silinib atıldı, 20 noyabr Qalibiyyəti yazıldı ürəyinin, ürəyimizin başına...

 

Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı, birinci xanımımız Mehriban xanım sənə qonaq gəldi, qapını döyən ilk qonaqların oldular...

 

Əlləri Quranlı, ağızları dualı...

 

Unudulmayacaq, zaman-zaman xatırlanacaq, xatırladılacaq bir AN, bir Gün, bir Tarix...

 

Ali Baş Komandan dedi:

 

"Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin..."

 

Ali Baş Komandan bunu da vurğuladı ki, Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, Ermənistan təslim oldu, bayraq qaldırdı, bizim şərtlərimizə əməl və öz məğlubiyyətini etiraf etdi.

 

Bəli, biz gəldik, biz Ağdama Qələbə ilə, Qalibiyyətlə gəldik...

 

Ali Baş Komandanın müdrik, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun yenilməzliyi sayəsində, nəticəsində.

 

Var olsunlar, min yaşasınlar! Ağdam bizimdir!

 

***

 

Azərbaycan Prezidentinin və birinci xanımın Ağdama bu tarixi səfərindən cəmi bir neçə saat sonra gözlər daha bir bölgəmizə, Dədə Şəmşir yurdu, saz-söz, igidlər oylağı Kəlbəcərimizə doğru zilləndi, istiqamətləndi... Ağdamımızdan sonra Kəlbəcərimiz... 27 il, 10 gün dözdün... Amma gəldik... Gördünmü necə şan-şöhrətlə, qürurla gəldik?!

 

Bir görmək istədim Tərtər çayını,

Dərəyə saldığı hay-harayını.

Yaylaqda keçirsən bir ay yayını,

Hər günün bir aya, bir ilə bəsdi.

 

Qayalar dağların köksünü hörən,

Dəlidağ zirvəsi göyə dirənən,

Bizim Kəlbəcərin yazını görən

Deyərmi, ay Cavid, bu nə həvəsdi?!

 

(Cavid Qənbəroğlu)

 

Gözün aydın, Kəlbəcərim, gözünüz aydın kəlbəcərlilərim, gözün aydın, Azərbaycanım!

Gözün gülsün, ruhun şadlansın Dədə Şəmşir, nisgilli Bəhmən Vətənoğlu, dərdli Məmməd Aslan, yaralı Şücaət... Gözün aydın olsun, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu, Kəlbəcərimin igid oğlu, dövlət adamı, əziz qardaşım Cavid Qənbər oğlu Qurbanov!

 

Qənbər dayı, hər il doğum gününüzdə Sizə uzun ömür diləyərək deyirdim ki, gün o gün olsun, bütün torpaqlarımız, Kəlbəcər işğaldan azad olsun, hamılıqla o yurdlara gedək, mən də öz əllərimlə Kəlbəcərin axarlı-baharlı çöllərindən, dağlarından təzə-tər gül-çiçəklər toplayıb Sizə və Diləfruz anaya hədiyyə edim. Şükürlər olsun, arzularımız çin oldu. Şükürlər olsun, bu günləri - Kəlbəcəri azad gördünüz! İndi qalır Kəlbəcərə gedib, dağlardan gül dərmək! Onu da edəcəyik, inşallah. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Cavid qardaşımız o dağlara, Qarabağa dəmir yolları çəkəcək, biz də həmin qatarla Zəfər cəngiləri altında Torpaqlarımıza gedəcəyik. Yolumuz uzundur, Qənbər dayı. Çox uzaqlara gedəcəyik! Bütün Qarabağa, Naxçıvana gedəcəyik, bütöv Azərbaycanı görəcəyik!

 

Kəlbəcərli dostlarım, qardaşlarım - İmamverdi Cəfərov, Cabir Qurbanov, Həbib Misirov, Adil Cəmil, Zülfüqar Hüseynzadə, Elşad Eyvazlı və daha neçə-neçə dostum, qardaşım, bacım...

 

Artıq nisgilinizə, kədərinizə, acınıza, yurd həsrətinizə son qoyuldu...

 

Kəlbəcərimiz, Kəlbəcəriniz bizimdir, sizindir, igidlər oylağıdır!

 

Artıq təqvimdə qara ləkəli 2 aprel yoxdur...

 

Artıq təqvimdə şanlı 25 noyabr var...

 

Artıq işğal yoxdur, artıq Zəfər, Qələbə var!

 

Bunu çoxdan haqq edirdik, bunu çoxdan haqq edirdiniz...

 

Bizləri bunlara, bu günlərə qovuşduranlara min şükürlər olsun...

 

Min yaşasınlar...

 

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan var olsun, min yaşasın!

 

Ali Baş Komandanın Qalib, Müzəffər Ordusu var olsun, vuran əli gücdən, təpərdən düşməsin!

 

Şükür bu günə, bu günümüzə, bu günlərimizə...

 

Lal, kar, kor dünyanın gözləri qarşısında Azərbaycan adlı Zəfər, Dastan, Tarix yazılır...

 

Tarixə qızıl hərflərlə həkk olunacaq İgidlik, Qəhrəmanlıq dastanları yaradılır, hərb elminə düşəcək salnamələr ortaya qoyulur...

 

Qoy Vətən naminə, Kəlbəcər torpaqları uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şad olsun! Vətən Müharibəsinin sızıltıları canlarından getməyən igidlərimizin, qəhrəmanlarımızın, kəlbəcərlilərimizin gözləri aydın olsun! Haqqınızı halal edin, Haqlarını halal etsinlər!

 

Artıq şeirlərimiz, mahnılarımız, sənət nümunələrimiz də güləcək, çağlayacaq, kədər, nisgil şeirləri, mahnıları Sevinc, Zəfər nümunələri ilə əvəzlənəcək, rövnəqlənəcək...

 

Marşlar yazılacaq, halay çəkiləcək!

 

Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcər işğaldan azad edildiyi gün xalqa tarixi müraciətində "Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün Sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər" - deyərək, bəyan etdi ki, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini yenidən dirçəldəcəyik.

 

Hətta artıq dövlət rəhbəri tərəfindən tapşırıq verilib ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın və təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə bu planlar hazırlanacaq. Bu yerlərə həyat qayıdacaq.

 

İndi sıra Laçındadır. Az qalıb, çox az qalıb! Ay Laçın, can Laçın, mən sənə qurban Laçın! Gəlirik! Bu qədər səbr etmisən. Dördcə gün də səbr et! Oğulların gəlir!..

 

Müharibənin nəticələri biz, Ali Baş Komandan deyən kimi oldu.

 

Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavəndi, Şuşanı hərbi yolla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı...

 

Müharibə bir daha kimin kim olduğunu göstərdi. Qoy bütün dünya eşitsin! Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir! Azərbaycan qalibdir!

 

Zəfərlərin mübarək, Azərbaycan!

 

Jalə ƏLİYEVA

525-ci qəzet.- 2020.- 28 noyabr. S. 8.