Ədəbiyyat tariximizin Dədəsi
Azərbaycan Milli Elmlər Akademiyasının birinci
vitse-prezidenti, akademik İsa Həbibbəylinin
"Kitabi-Dədə Qorqud: yazılı epos və ya
epopeya" adlı son dərəcə dəyərli araşdırmasını
böyük maraqla oxudum və oxuduqca xoş xatirələr
yoluyla çox uzaq illərə qayıtdım.
"Kitabi-Dədəm Qorqud"un
akademik Həmid Araslının latın əlifbasıyla
çap etdirdiyi nəşrini ilk dəfə 13-14
yaşlarımda oxumuşdum. İlk oxunuşdan məni
cazibəsinə salmış bu əsəri ömrüm boyu
müxtəlif yaşlarımda hər beş-on ildən bir
yenidən mütaliə edirəm və hər dəfə
mənə elə gəlir ki, bu əsərlə ilk
dəfə tanış oluram.
"Dədə Qorqud", sanki oxucusuyla birlikdə
böyüyür, boy atır, müdrikləşir,
kamilləşir. Yeniyetməlik və gənclik
yaşlarımızda bizimçün gizli qalan sirlərini
ahıl sinnimizdə bizə açır.
Türk xalqlarının Şekspir
miqyasında dramaturqu, Servantes, Balzak, Tolstoy, Dostoyevski
ölçülərində romançıları yoxdur. Amma nə rusların, nə fransızların, nə
ispanların "Kitabi-Dədə Qorqud"
möhtəşəmliyiylə müqayisə edilə
bilən ədəbiyyat abidəsi yoxdur. Slavyanların
"İqor alayı haqqında dastan"ı,
fransızların "Roland", ispanların "Sid"
dastanları bədii zənginliyi etibarilə "Dədə
Qorqud"la yanaşı dura bilməz. "Kitabi-Dədəm
Qorqud"u adlarını çəkdiyim dastanlardan və bir
çox başqa xalqların eposlarından
fərqləndirən bir başqa cəhət də - onun xalqın
rəməl kitabı olmasıdır. Yəni
bu əsər yalnız ədəbiyyat abidəsi deyil, həm
də xalqın tarixinin bütöv bir dövrünü
müəyyənləşdirən, onun coğrafi
məskənini dəqiqləşdirən, onun mənəvi
dəyərlərini, inanclarını, əxlaq və zövq
anlayışlarını formalaşdıran tükənməz
bir xəzinədir. Bu cəhətdən
"Kitabi-Dədəm Qorqud" yalnız "İliada"
və "Odisseya"yla, Dədə Qorqudun özünü
isə Homerlə müqayisə etmək olar ki, bunu da məhz
İsa Həbibbəyli uğurla edir.
Hələ lap ilk tanışlıqdan "Dədə
Qorqud" mənim gözlərimdə məhz kino
əsəri kimi xəyali ekranda canlanırdı. Çox illər sonra çətinliklə olsa da, bu
xəyallarımı gerçəkləşdirə bildim -
ssenarim əsasında Azərbaycanın ilk iki seriyalı
bədii filmi çəkildi. Ssenari üzərində
işlərkən Dədə Qorqudu daha dərindən
dərk etmək üçün qorqudşünaslığa
aid xeyli araşdırmalarla, bu mövzuyla bağlı
Azərbaycanda, Türkiyədə, Rusiyada dərc olunmuş
tədqiqatların demək olar ki, hamısıyla tanış oldum. Bir çox görkəmli
qorqudşünaslarla - Həmid Araslıyla, Orxan Şaiq
Gökyayla, Naili Pərtov Baratavla, Xalıq Koroğluyla
şəxsən tanış idim, bu mövzuda
söhbətlər etmişdim. Tam səmimiyyətlə
deyə bilərəm ki, İsa Həbibbəylinin haqqında
bəhs etdiyim "Kitabi-Dədə Qorqud: yazılı epos
və ya epopeya" adlı araşdırması
qorqudşünaslığın tamamilə yeni və
başqa, çox mühüm mərhələsini
təşkil edir.
Dediyim kimi, Dədə Qorqudun açılmamış
sirləri az deyil, amma, zənnimcə,
üç ən əsas sirri var: Əsərin yaşı,
yəni yaranma tarixi, əsərin yaradıcısı,
müəllifi və əsərin janrı - daha dəqiq desək,
"Kitabi-Dədəm Qorqud"un yazılımı,
şifahimi ədəbiyyata aid olması. İsa
Həbibbəylinin araşdırmasında hər üç
suala inandırıcı elmi cavablar verilir.
Əvvəla, dastanın yaşı
barəsində.
Dədə Qorqud” və “Əsli-Kərəm”də
qarğış və alqış
1995-ci ilin avqustunda Qırğızıstanda "Manas"
dastanının 1000 illiyi təntənəylə qeyd olunurdu,
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə
Bişkekə gedən Azərbaycan nümayəndə
heyətinə Prezident Yusif Səmədoğluyla məni
də daxil etmişdi. "Manas"ın və
Çingiz Aytmatovun vətəni Talas vadisinə gəldik,
yubiley mərasimi burda təşkil olunmuşdu - geniş
çöldə əlvan çadırlar qurulmuşdu,
cıdır, güləş, oxatma, qılınc oynatma
yarışları, manasçıların ifası. Bu
çox rəngarəng tamaşadan sonra çadırda nahar
edərkən Prezidentimizə:
- Biz bundan da gözəl Dədə Qorqud yubileyi
keçirə bilərdik - dedim. - Dədə
Qorqudun neçə illiyidir ki? - deyə
soruşdu.
- 1300 illiyini qeyd edə bilərik - dedim.
- Niyə 1300?
- Əlbəttə, dastanın
motivləri, qaynaqları daha qədimdir, amma əlimizdə
olan mətndə Dədə Qorqudun Həzrət
Məhəmmədin (s.v.) müasiri olduğu bildirilir. Bu tutarğanı əsas götürmək olar.
Prezident:
- Bakıya gələndə təkliflərini yaz - dedi.
- Bununla demək istəmirəm ki, "Kitabi-Dədə
Qorqud"un bu gün qəbul olunmuş
1300 yaşını mən təyin etmişəm. Həmid
Araslının, M.H.Təhmasibin və başqa
qorqudşünaslarımızın tədqiqatlarında da bu
rəqəm qeyd olunur. Amma təbii ki, sovet
dövründə, onsuz da başıbəlalı Dədə
Qorqudun yaşı Məhəmməd Peyğəmbərin
(s.v.) müasiri olmasıyla təyin edilə bilməzdi. Heydər Əliyev məhz ona xas olan fəhmlə
dərhal bu rəqəmin əhəmiyyətini
nəzərə aldı və onun fərmanından sonra bu
tarixi YUNESKO da, Türkiyə qorqudşünasları da
qəbul etdi.
Yubiley Komissiyasının iclasında mən buna
görə Prezidentə təşəkkür edərək
dedim ki, bu tarixin qəbul edilməsi ədəbiyyatımız
üçün çox önəmlidir. Heydər Əliyev
replika verdi: tək
ədəbiyyatımız üçün yox, həm də
tariximiz üçün.
Bu tamamilə doğru idi.
Əgər buna qədər ədəbiyyat tariximiz Herodotun
gətirdiyi əfsanələrdən, "Avesta"dan,
Davdağın bizə yad dildə çatan şeirindən,
ərəbcə yazan şairlərdən
başlanırdısa (bu mətnlərin heç biri
Azərbaycan ədəbiyyatının ardıcıllıq
sisteminə daxil ola bilməzdi),
"Kitabi-Dədəm Qorqud"un yeddinci əsrə aid
edilməsi ədəbiyyat tariximizi doğma dilimizdə
yaranmış əzəmətli söz abidəsi ilə
başlamağa imkan verirdi. "Kitabın"
tariximiz üçün, nə yazıq ki,
tarixçilərimiz tərəfindən hələ də tam
dərk olunmamış əhəmiyyəti isə ondan
ibarətdir ki, ən azı VII əsrdə
xalqımızın bu torpaqlarda qədimlərdən
yaşadığını təsdiq edir.
İsa Həbibbəyli bu tarixi dəqiqləşdirməni
obyektiv olaraq belə ifadə edir: "Əlimizdə olan
"Dədə Qorqud" kitabı VII əsrin ikinci
yarısında Qorqud Ata adlı bir müəllif
tərəfindən yaradılmış
"Oğuznamələr"in müxtəlif
əsrlərdə üzü
köçürülərək bizə gəlib
çatmış təkmil nüsxəsidir".
Bu qənaətin əhəmiyyəti bir də ondadır
ki, əsərin yaranma tarixindən başqa, müəllifinin kim olduğunu da qəti şəkildə
təsdiq edir. "Kitabi-Dədə Qorqud"un
yaradıcısı - Dədə Qorqud İsa
Həbibbəylinin tədqiqatındakı "Qorqud Ata - tarixi
şəxsiyyət kimi", "İlk Azərbaycan şairi
- Dədə Qorqud" adlı bölmələrdə ilk
dəfə olaraq tarixdə yaşamış müdrik və
yaradıcı şəxsiyyət kimi söz
açılmış, onun müəllifliyi
məsələsinə işıq salınmışdır.
Qəribədir, nəyə
görə Dədə Qorqudu real tarixi şəxsiyyət
kimi, ilk böyük sənətkarımız kimi deyil,
hələ də dastan personajı kimi qəbul edirik. İsa
Həbibbəyli yazır: "Dədə Qorqudun
şəxsiyyətini müəyyən etmək
üçün ən yaxşı mənbə
"Dədə Qorqud" kitabının özü sayıla
bilər. Dədə Qorqud haqqında zəruri
tərcümeyi-hal məlumatları "Müqəddimə"də
əksini tapmışdır: "Rəsul Əleyhisəlam
zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər
qopdu. O kişi Oğuzun tamam bilicisi idi,
nə deyirsə olurdu. Gələcəkdən
dürlü xəbərlər söylərdi. Qorqud Ata Oğuz qövmünün
müşkülün həll edərdi. Hər nə
iş olsa Qorqud Ataya danışmayınca iş
görməzdilər. O, nə buyursa, qəbul edərdilər,
sözün tutub gedərdilər".
Qaibdən xəbər verən
övliya, igidlərə ad qoyan, elin müdrik ağsaqqalı
və oğuznamələrin müəllifi də Dədə
Qorquddur. İsa Həbibbəyli doğru olaraq qeyd
edir ki, "Kitabi-Dədə Qorqud"dakı
"Müqəddimə" Dədə Qorqudun avtoportretidir.
Ədəbi-tarixi
mənbələrdə və
"Oğuznamələr"dəki məlumatlar da
Dədə Qorqudun tarixdə yaşamış yaradıcı
şəxsiyyət olduğunu təsdiq edir. Böyük özbək şairi Əlişir
Nəvai yazır ki, "Qorqud türk xalqları arasında o
qədər məşhurdur ki, bundan artıq
şöhrətə ehtiyacı yoxdur". Türkmən müəllifi Əbülqazi Bahadur Xan
qeyd edir ki, Qorqudun Ögrənc adlı oğlu olmuş və
o, Kəbəyə getmiş Həzrət Əlidən
sülh məktubu ilə gəlmişdir. Rus
türkoloqu K.İnostrantsev də Qorqudu real tarixi
şəxsiyyət hesab edir. Beləliklə,
adı, hansı boydan olması, yaşadığı
dövr, səciyyəsi, el içində mövqeyi,
nəhayət, əsəri məlum olan bir adamın dastan
personajı deyil, tarixi şəxsiyyət olduğunu təsdiq
etmək üçün daha nə lazımdır? Fotoşəkil? Axı o vaxt
fotoqrafiya hələ icad olunmamışdı.
Əgər İsa Həbibbəylinin dediyi kimi,
"Kitabi-Dədə Qorqud"un
müqəddiməsi Dədə Qorqudun kimlik pasportudursa, bu
pasportda bircə fotoqrafiyası çatmır.
İsa müəllimin də, mənim də istədiyimiz
budur ki, axır ki, qəti təsdiq olunsun:
Ədəbiyyatımızda "Kitabi-Dədə Qorqud"
adlı dahiyanə bir əsər də var, Dədə Qorqud
adlı bir sənətkar da. Və doğma
dilimizdə yaranan milli ədəbiyyatımız məhz bu
əsərlə başlanır.
Dədə Qorqudun yaranma tarixi və müəllifliyi
məsələsi aydınlaşdırılandan sonra
üçüncü bir sual da çıxır:
"Kitabi-Dədəm Qorqud" ədəbiyyatımızın
hansı növünə aiddir - yazılı
ədəbiyyatmı, şifahi ədəbiyyatmı?
Bu sualın cavabı əsərin adındadır:
"Kitabi-Dədəm Qorqud"! Axı biz
"Koroğlu kitabı" demirik, "Koroğlu"
dastanı deyirik. Elə "Koroğlu"nun da,
"Aşıq Qərib"in də Azərbaycanda,
Türkiyədə, Türkmənistanda
əsrdən-əsrə, nəsildən-nəslə,
ağızdan-ağıza keçən çeşidli
variantları var. Folklor - budur!
Akademik İsa Həbibbəyli "Kitabi-Dədə
Qorqud"un şifahi yolla yaradılmış yazılı
ədəbiyyat nümunəsi olmasını elmi
cəhətdən əsaslandırmaq üçün
abidənin adındakı "Kitab" sözünün
mənasını aydınlaşdırmaqdan başqa, həm
də çoxvariantlı şifahi xalq ədəbiyyatı
nümunələrindən fərqli olaraq, bu əsərin
təkvariantlı olmasını, buradakı bədii təsvir
və ifadə vasitələrinin dastan poetikasından
fərqli xüsusiyyətləri ilə seçilməsini,
bənzərsiz təhkiyə üslubunu və sairəni
dərindən təhlil edib inandırıcı nəzəri
qənaətlərə gəlmişdir. Tapılmış dəlil-sübutlar
"Kitabi-Dədə Qorqud"un
Homersayağı şifahi şəkildə
yaradılmış ilk yazılı abidəmiz olduğunu
isbat etməyə haqq qazandırır. Bütün bunlardan
sonra İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un janrını təyin etməsi, bu abidəni
"roman-epopeya" adlandırması da əsaslı
görünür.
Dədə Qorqudun iki
əlyazmasında - Drezden və Vatikan
nüsxələrində sabitləşmiş vahid mətni
mövcuddur. Əsərin məhz
kitab olmasının daha bir əsaslı sübutu onun nəzm
hissələri - soylamaları - şeirləridir. Mətndə qırmızı hərflərlə
seçilərək verilmiş poetik parçalar şeirimizin
ən qədim, ilkin, hələ heca vəznini
mənimsəməmiş vaxtının biçimləridir.
"Kitabi-Dədəm Qorqud"un qələmə
alındığı XVI əsrə aid olmaması
soylamaları - şeirləriylə də sübuta yetir. Əgər mətn XVI əsrdə ağızdan
alınsaydı, şeirləri hökmən heca
vəznində olardı. Axı bu
dövrdə artıq Yunis İmrədən, Aşıq
Qurbanidən üzübəri onlarla, bəlkə
yüzlərlə heca vəznində yaradan şairlər,
aşıqlar vardı. Deməli,
əlimizdəki mətn nəinki XVI yüzillik, hətta XI
əsrdən də qabaq mövcud olan əlyazmasından
köçürülmüşdür. Çünki
XI əsrdə türkdilli ədəbiyyatda artıq heca
vəzni hakim idi. Qaşqarlı Mahmudun
məşhur lüğətində on bir, səkkiz, yeddi
hecalı şeir nümunələri, qafiyə sistemi
sonrakı poeziyamızın qoşma, gəraylı, bayatı
kimi örnəkləriylə biçim etibarilə eynidir.
İsa Həbibbəylinin dediyi kimi, "Dədə Qorqud
şeirləri qətiyyən toplama materialı olmayıb,
...eyni bir müəllifin bədii düşüncəsinin
məhsulu olan dərinmənalı şeirlərdən
ibarətdir, ..."Kitabi-Dədə Qorqud"un yazılı
ədəbiyyat hadisəsi olmasının danılmaz
sübutudur".
Həqiqətən də, Dədə
Qorqud şeirlərinin ilkinliyi onların bədii siqlətini
zərrəcən azaltmır. Əksinə, bu soylamalardakı gözlənilməz
ifadələr, bənzərsiz təşbihlər, parlaq
obrazlar, orijinal alliterasiyalar, oynaq ritmlər, təkrirlər
çağdaş poeziyamızın tapıntılarıyla səsləşir.
Rəsul Rza etiraf edirdi ki, bəzi
şeirlərində Dədə Qorqud soylamalarının
üslubundan istifadə edib.
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat olmasını
isbat etmək üçün daha bir ciddi və maraqlı
müşahidəsi üzərində də dayanmaq
istəyirəm. Birinci dəfə İsa müəllimin
tədqiqatında oxuyuram ki, "Kitabi-Dədə Qorqud"un
əsas iştirakçıları olan Bayandır xan, Qazan
xan, Dədə Qorqud, Bükdüz Əmən, Alp Aruz,
Beyrək, Basat və Təpəgözün Azərbaycan
şifahi xalq ədəbiyyatında və ümumən
türk dünyası folklorunda sələfləri olduğu
halda ayrı-ayrı boylarda iştirak edən Qaragünə,
Dəli Dondaz, Qarabudaq, Yegnək, Əgrək, Səgrək,
Yalançı oğlu Yalınçıq, Qara Tükən,
Qazılıq Qoca, Uşun Qoca, Bunlu Qoca, Yapaqlı Qoca,
Bəkil oğlu İmran, Alp Rüstəm,
Dönəbilməz, Tüləkvuran, Tərsuzamış,
Arsun oğlu Dilək, Dabangücü, Dəmirgücü
və sair kimi obrazlar heç bir folklor abidəsində adı
çəkilməyən, deməli, Dədə Qorqud
tərəfindən yaradılmış, yaradıcı bir
şəxsiyyətin bədii dühasının məhsulu
olan bədii obrazlardır. Bu, "Dədə
Qorqud" tədqiqatları sırasında yalnız İsa
Həbibbəyliyə məxsus olan elmi qənaətdir və
abidənin yazılı ədəbiyyat nümunəsi
olduğunu təsdiq edən möhürdür.
"Kitabi-Dədəm Qorqud"la
bağlı bir problem də ortaya çıxır. Bu ölməz əsəri söz sənətimizin
başlanğıcı olduğunu təsbit etsək də,
onun ədəbiyyatımızın hansı növünə
aid etməliyik - şifahi ədəbiyyatamı, yazılı
ədəbiyyatamı? Mənə elə
gəlir ki, bu barədə İsa Həbibbəylinin
gəldiyi qənaət çox dəqiq və doğrudur.
Yazır:
"Belə nəticəyə gəlmək olar ki,
"Kitabi-Dədə Qorqud" oğuznamələri xalq
arasında şifahi şəkildə dolaşan Dədə
Qorqud boyları və rəvayətləri əsasında
yaradıcı şəkildə işlənərək Qorqud
Ata tərəfindən "Kitab" şəklində
yaradılmış, müasirlərinə
çatdırılmış və gələcək
nəsillər üçün tövsiyə olunmuşdur.
Bu cəhətdən
"Kitabi-Dədəm Qorqud" folklor materialları
əsasında qələmə alınmış
yazılı ədəbiyyatın örnəyi olaraq dünya
sənətində unikal hadisədir. Bu mənada İsa Həbibbəyli Dədə Qorqudu
haqlı olaraq Homerlə, "Kitabı" isə
"İliada" və "Odisseya" ilə tutuşdurur.
Bu mövzuya keçməzdən bir
məsələnin üstündə dayanmaq istərdim. Məlum
olduğu kimi, "Kitabi-Dədəm Qorqud"u ilk dəfə
dünyaya tanıdan alman şərqşünası Fridrix fon Dits Təpəgözü Homerin
Polifemiylə müqayisə edir və bu fikrə gəlir ki,
türklərin eposu yunankılarından daha qədimdir. Dits kimi ciddi və Avropa tarixinə,
ədəbiyyatına yaxşı bələd olan alimin bu
mülahizəsi təəccüb doğurur. Axı,
Homerin əsəriylə "Kitabi-Dədəm Qorqud"u
ən azı on min il ayırır. Mənə elə gəlir ki, güman olunduğu
kimi, Homerin Şərqə, o cümlədən Qafqaza da
gəldiyini zənn etsək, Anadoluda və Qafqazda
təkgözlü məxluqlar haqqında əfsanələri
eşidib və bunları ədəbiyyata gətirib. Bu əfsanələrin min illər boyu
yaşadığını, ağızdan-ağıza
keçərək Homer zamanından Dədə Qorqud
dövrünə gəlib çatması, doğrudan da,
möcüzədir.
Məlum olduğu kimi,
ədəbiyyatşünaslıqda "Homer
məsələsi" adlı bir problem var, bu problem,
ümumiyyətlə, Homerin real tarixi şəxsiyyət
olub-olmaması, olubsa hansı şəhərdə
doğulması və nəhayət, adıçəkilən
poemaların müəllifliyi ilə bağlıdır. Bu fikir
müxtəlifliyində üstün çıxan rəy
belədir ki, hər halda Homer adlı kor sənətkar olub
və eynən Dədə Qorqud kimi el arasında dolaşan
rəvayətləri, qəhrəmanların
sərgüzəştlərini, tarixi vaqeələri
toplayıb vahid bədii əsər şəklində ortaya
çıxarıb.
Homerin hansı dövrdə
yaşaması da mübahisəlidir. Onun ömür sürdüyü vaxtı Miladdan
əvvəlki XII əsrdən bizim eranın VII əsrinə
qədər uzun bir dövrə aid edirlər. Dədə Qorqud oğuznamələri kimi
"İliada" və "Odisseya" da əvvəlcə
şifahi söylənən mətnlər kimi meydana
çıxıb. Yalnız tiran
Pisitratın zamanında (yəni eramızdan öncə VI
əsrdə) yazıya köçürüldüyü
məlumdur.
Homer Avropa ədəbiyyatının
babası adlandırıldığı kimi, Dədə
Qorqudu da türk xalqları ədəbiyyatının
babası saymaq olar və İsa Həbibbəyli haqlı olaraq
Dədə Qorqudu Azərbaycanın Homeri adlandırır. İlk
dəfə İsa Həbibbəyli tərəfindən
irəli sürülmüş bu qənaət elmi
cəhətdən əsaslandırılmışdır: Homer
özünün məşhur "İliada" və
"Odisseya" poemalarını şifahi şəkildə
yaratmış, xalq arasında əzbər şəkildə
özü ifa etmişdir. Dədə Qorqud da
şifahi şəkildə formalaşdırdığı
Azərbaycan oğuznamələrini, boyları və
soylamaları el-oba məclislərində qopuzun
müşayiəti ilə əzbər
söyləyərək xalqa
çatdırmışdır".
Akademik İsa Həbibbəyli ilk
dəfə olaraq, "Kitabi-Dədə Qorqud"dakı
"xanım hey, sultanım hey" müraciət
formalarına əsaslanaraq, bu ədəbi abidənin VII-VIII
əsrlərdə xan-sultan məclislərində Dədə
Qorqud və ya onun şagirdləri, yaxud davamçıları
olmuş alp ozanların dilindən mirzələr
tərəfindən yazıya alınması fikrini elmi
dövriyyəyə gətirmişdir. Bu mənada İsa müəllimin ehtimal kimi
"Kitabi-Dədə Qorqud"un "Dədə Qorqud - alp
ozan qiraəti, yaxud Xan-Sultan nüsxəsi" haqqında
ifadə etdiyi mülahizə inandırıcı
səslənir. Dədə Qorqud
boylarının canlı, təravətli, həyati olması
bu mülahizəni təsdiqləyir.
"Kitabi-Dədə
Qorqud"dakı Qalın Oğuz Elinin Azərbaycan
dövlətçiliyi baxımından tədqiq olunması da
İsa Həbibbəyliyə məxsusdur. Eyni zamanda, "Kitabi-Dədə Qorqud"
boylarının müasir dövrün tələbləri
və elmi təfəkkür əsasında yenidən
təhlil edilib dəyərləndirilməsi də abidənin
daha dərindən dərk olunmasına xidmət edir.
Həmçinin "Kitabi-Dədə Qorqud"un
poetikasının, sənətkarlıq
xüsusiyyətlərinin tam yeni gözlə
araşdırılması da müsbət haldır.
Dədə Qorqudla bağlı
bütün məsələlərdə İsa
müəllimlə həmrəy olduğumu bildirərək,
bir fikir ayrılığımızı da qeyd etməliyəm. Hələ 1985-ci ildə yazdığım
"Dədə Qorqud dünyası" essemdə
"Kitabi-Dədəm Qorqud"u xalqımızın "Ana
kitabı" adlandırmışdım. İsa
Həbibbəyli onu xalqın Ata kitabı adlandırır.
Mənə elə gəlir ki, bu
məsələdə razılaşmaya gələrək, bu
azman söz abidəmizi ədəbiyyatımızın
"Dədə Kitabı" adlandıra bilərik. Həm də İsa Həbibbəyli özü
də yazır ki, "Dədə Qorqud Ata
sözlərindəki Dədə və Ata sinonim
sözlərdir".
13 noyabr 2020
Anar
525-ci qəzet.- 2020.- 28 noyabr. S.
14-15.