Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr
olunan beynəlxalq elmi konfrans keçirilib
Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov
adına Dövlət
Universitetinin Rus filologiyası kafedrasının
təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin (ADU)
rektoru, Xalq yazıçısı, akademik
Kamal Abdullanın yaradıcılığına həsr
olunan onlayn elmi konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib
ki, “Kamal Abdullanın çoxşaxəli
yaradıcılığı dünya ədəbiyyatı
kontekstində” adlı
konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişineu Pedaqoji Universiteti, Tbilisi Dövlət
Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən
alimlər, tələbə,
magistr və doktorantlar iştirak ediblər.
Yassı Dövlət Universitetinin
dosenti, tanınmış
tərcüməçi və
ədəbiyyatşünas alim Lyudmila Bejenarunun moderatorluğu ilə keçirilən və Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan konfransda yazıçının
yaradıcılığı bir neçə aspektdə təhlil olunub.
İngilis, rus və rumın
dillərində təqdim
olunan məruzələrdə
müəllifin “Yarımçıq
əlyazma”, “Sehrbazlar dərəsi” romanları,
eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə
həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında
fikir mübadiləsi aparılıb. Milli ədəbiyyat və
mədəniyyətlərin müasir dialoqunun dünya mədəni məkanına inteqrasiyası
haqqında danışan
alimlər qloballaşma,
millilik, ənənəvi
modellərdən təcrid,
Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
zəngin və hələ də kifayət qədər yaxşı öyrənilməmiş
mifopetik keçmişi
haqqında maraqlı fikirlərini konfrans iştirakçıları ilə
bölüşüblər. Məruzəçilər bildiriblər ki,
Xalq yazıçısı
Kamal Abdullanın yaradıcılığının əsasını Azərbaycan
ədəbiyyatı və
mədəniyyətinin zəngin
keçmişi təşkil
edir.
“Sehrbazlar dərəsi” romanının
rumın dilinə tərcüməçisi olan
L.Bejenaru əsərə
ölkəsində olan
maraqdan danışıb,
romanın ideyası haqqında, cavab axtardığı suallar ətrafında məruzə
ilə çıxış
edib. O, yazıçının
əsərlərinin türk,
rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu
konfrans iştirakçılarının
diqqətinə çatdırıb.
Həmçinin Kamal Abdullanın
pyeslərinin Azərbaycan,
Gürcüstan, Estoniya
teatrlarında səhnəyə
qoyulduğunu qeyd edib, müəllifin “Ruh” və “Bir,
iki, bizimki” pyesləri haqqında danışıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri kimi Kamal Abdullanın Azərbaycan multikulturalizminin
dünyada təbliği
istiqamətindən danışan
tərcüməçi artıq
4-cü ildir ki, Yassı Dövlət Universitetində “Azərbaycan
multikulturalizmi” fənninin
uğurla tədris olunduğunu deyib. L.Bejenaru Xalq yazıçısı
Kamal Abdullanı 70 illik yubileyi münasibətilə rumın
oxucularının adından
təbrik edib.
Konfransda Ukraynanın Sum Dövlət
Universitetinin əməkdaşı
Anastasiya Çasovski
“Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” mövzusunda məruzə ilə çıxış
edib. İngilis dilində təqdim olunan məruzədə Şərq mədəniyyəti,
şaman-dərviş mədəniyyəti,
bütün zamanlarda insanlığı düşündürən
məhəbbət və
nifrət, müharibə
və sülh, qisas və bağışlama,
səadət və ruhi sakitlik axtarışı
ilə bağlı məsələlər təhlil
olunub: “Görkəmli
yazıçı Kamal
Abdullanın “Sehrbazlar
dərəsi” romanı
mənə uşaq vaxtı oxuduğum və unuda bilmədiyim
Şərq nağıllarının
xoş təəssüratını
bir daha xatırlatdı. Romanın fəlsəfi qatı,
gizlin mətləblərə
işıq tutma özəlliyi, insan psixologiyasının ən
incə məqamlarını
göstərmə məharəti
onun ədəbi-bədii
dəyərini daha da artırır”.
Rumıniyanın Yassı Dövlət
Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma”
romanını bədii
və tarixi planda təhlil edib. O qeyd edib ki, romanda
tarixlə ədəbiyyatın
həm mükəmməl
tandemini, həm də sintezini görürük. Əsərdə tarix və ədəbiyyatın
sərhədləri itsə
də, müəllif öz yüksək sənətkarlığı ilə
oxucunu xüsusi bədii priyomlarla xəbərdar edir.
Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova
“Kamal Abdullanın romanlarının tərcüməsi
və rus mədəni mühitindəki
yeri” mövzusunda məruzə ilə çıxış edib. O, yazıçının rus
dilinə tərcümə
olunan “Yarımçıq
əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa
kimsə yox” romanlarına rus oxucusunun, eləcə də peşəkar və intellektual ədəbiyyat kəsiminin
böyük marağından
danışıb.
Kişineu Dövlət Universitetinin əməkdaşı Qabriela
Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı
Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki
fəaliyyətini təhlil
ediblər. Bildirilib ki, müəllif
hər üç istiqamətdə böyük
uğur qazanan əsərlər yaradıb.
Onun əsərlərində fəlsəfəni,
dünyanı və insanlığı maraqlandıran
suallara cavab tapmaq olur.
Daha sonra Rumıniyanın
Yassı Dövlət
Universitetinin alimi
Kristina Veskeuçanın “Sehrbazlar
dərəsi – roman kainat”
adlı məruzəsi
dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq
kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb.
“Üç mindən
çox müəllifin
iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan
yeganə müəllif
olaraq Kamal Abdullanın adı çəkilir. Məmnuniyyətlə
deyə bilərəm
ki, “Sehrbazlar dərəsi” romanına bizim universitetin tələbələrinin böyük
marağı var. Ümumiyyətlə,
dünyanın 20-yə yaxın
dilə tərcümə
olunması göstərir
ki, Kamal Abdullanın yaradıcılığına
təkcə öz ölkəsində yox, dünya ədəbi-intellektual
müstəvisində də
maraq böyükdür.
Kamal
Abdulla intellektual nəsrin,
intellektual ədəbiyyatın
görkəmli nümayəndəsi
kimi öz ölkəsində və dünyada dilçi, ədəbiyyatşünas alim
kimi də qiymətləndirilir”.
Daha sonra konfrans “Rumın tələbələrinin
yazıçı Kamal
Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam
edib. Dəyirmi masada yazıçı
həyat və yaradıcılığı, ədəbi
və mədəni məsələlərə münasibəti,
müasir gəncləri
düşündürən problemlər, Rumıniya və Azərbaycan münasibətləri, Azərbaycan
multikulturalizmi, poeziya,
dramaturgiya istiqamətində
tələbələrin suallarını
cavablandırıb. Onlayn görüşdə
2019-cu ildə Rumıniyanın
Mərkəzi Kitabxanasında
Kamal Abdullanın kitablarından ibarət keçirilən sərginin
videoçarxı nümayiş
olunub, Buxarestdə “Sehrbazlar dərəsi” romanının təqdimatında
lentə alınan videomaterial göstərilib,
müəllifin şeirləri
tələbələrin ifasında
Azərbaycan və rumın dillərində təqdim edilib.
Akademik Kamal Abdulla konfransın
keçirilməsinə görə
təşkilatçılara təşəkkürünü bildirib. O, çıxışında
Azərbaycanın erməni
işğalçıları üzərində qazandığı
tarixi qələbəyə
diqqət çəkib,
ölkəmizdəki multikultural
mühit haqqında məlumat verib.
Sonda Kamal Abdulla ədəbiyyatla
peşəkar müstəvidə
məşğul olan alimləri dinləməkdən,
onlarla həmsöhbət
olmaqdan, müzakirə
aparmaqdan məmnun olduğunu deyib: “Konfransda çox gözəl, dərin, intellektual, eyni zamanda, çox səmimi çıxışlar
oldu. Alimlər mənim yaradıcılığımı
müxtəlif istiqamətlərdə
təhlil etdilər.
Hesab edirəm ki, bu, təkcə mənim yaradıcılığımdan
bəhs edildiyi üçün yox, eyni zamanda, müqayisəli
ədəbiyyat, mədəniyyətlərin
bir-birinə inteqrasiyası
baxımından da əhəmiyyətli, faydalı
oldu. Mən bütün çıxışlarda
peşəkarlıq hiss etdim.
Gənc alimlərin, ədəbiyyatşünasların
hazırlıqlı olduğunu
gördüm. Bu, məni sevindirdi. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Yassı Universiteti, eyni zamanda, Rusiya, Qazaxıstan, Gürcüstan,
Moldova, Ukrayna universitetləri
arasında gələcəkdə
də sıx, intensiv əlaqələr olmalıdır”.
525-ci qəzet.- 2020.- 28 noyabr. S. 17.