"İnsan Vətənini ona fayda verməklə sevə
bilər"
Taleh Tüzbəyov: "Qalib olmaq gözəl hissdir:
dilimizə gətirməsək də, illərdən bəri
hamımızın içində bir məğlubiyyət psixologiyası
var idi"
Müsahibimiz Taleh Yüzbəyovu
yəqin ki, artıq tanımayan yoxdur. Hətta tanıyanlar onun yaxın zamanlarda
Azərbaycan kinosuna yeni nəfəs, yeni rəng
gətirəcəyinə inanırlar. Çəkdiyi
qısa filmlər də bunun əyani sübutudur.
Biz Taleh Yüzbəyovu daha çox
bloqer kimi tanısaq da, əslində, kinoaktyordur.
Həm aktyorluğunu, həm
də mövzulara fərqli yanaşma tərzini
izlədikcə, istər-istəməz
düşünürsən ki, hə, belə də
mümkün imiş, bu cür də ola
bilərmiş.
Taleh Yüzbəyovla müsahibəni
təqdim edirik.
***
- Taleh, baxmayaraq ki, istedadlı aktyor, qabiliyyətli
ssenaristsən, amma əksəriyyət səni bloqer kimi
tanıyır. Bu, səni narahat etmir?
- Söhbət bloqer kimi tanınmaqdan gedirsə, yox, narahat
etmir. Məşhurluq mənə bloqerlik adı
ilə gəlib. İnternet, Yutub, Feysbuk
olmasaydı, yəqin ki, bu qədər tanınmazdım.
Nəticə olaraq, ixtisasca aktyoram, ssenari də
yazıram, yazdıqlarımı çəkirəm və bu
işlərimi də paylaşa bildiyim internet var.
- Uzun müddət "Zəhər tuluğu" filmini
səbirsizliklə gözlədik. Amma
səndən bir xəbər çıxmadı.
- Açığı, o filmi aprel-may aylarında
çəkməyi planlaşdırırdıq. Ssenari hazırdır və kastinq də
keçirilib. Demək olar ki,
təşkilatçılıq işlərinin böyük
hissəsi həll olunub. Amma vəziyyət
elə gətirdi ki, biz çəkilişləri
təxirə salmalı olduq. Əvvəl
pandemiyaya, karantinə görə, ardınca da
müharibəyə görə çəkilişləri
dayandırdıq. Çəkiliş üçün
heç bir məhdudiyyətin qalmadığına əmin
olsaq, yəqin ki, artıq gələn il
yazda çəkilişlərə başlayarıq.
- Ümumiyyətlə, cəmiyyətdə çəkib
insanlarla bölüşmək istədiyin hansı
problemləri görürsən?
- "Orta statistik Rasim" filmi
məhz bu istiqamətdə çəkilmişdi. Hətta ikinci seriyası da yazılmışdı
və martda çəkilməli idi. O da məlum
səbəblərə görə qaldı. Ümumilikdə
isə, bu gün çəkiləsi şeylər çoxdur.
Azərbaycanda doğulmuş bir super
qəhrəman haqqında təzə bir ideyam var. Bunu hər
həftə bir seriya olmaqla seriala şəklində
çəkməyi düşünürəm. Bu, indiyədək etmədiyim bir janrdadır. Bu serialda absurd yumordan istifadə etməyi
düşünürəm. Bu janrı
çox bəyənirəm. Bu serialı
filmdən sonra çəkməyi düşünsəm
də, belə getsə, filimdən qabağa
düşəcək. İlk iki
seriyasını yazıb, üçüncünü
yazmağa başlamışdım. Daha
sonra vəziyyət qarışdı və eləcə
qaldı. Ümumiyyətlə, müharibə
başlayandan bu yana bir hərf də
yazmağa səbrim, həvəsim olmayıb. Hətta
müharibə haqqında bir şey çəkmək
istədik, amma anladım ki, bu dönəmdə,
ümumiyyətlə, heç nə etmək istəmirəm.
Yalnız müharibə bitəndən sonra
yavaş-yavaş fikirlərim özümə qayıtdı,
yeni ideyalar formalaşmağa başladı.
- Vətən müharibəsindən qalib
çıxdıq. Həm müharibə
ərəfəsi, həm qələbə səndə
hansı hissləri oyatdı? Yaradıcı
bir insan kimi, bu məsələdə hansısa film
işləməyi düşünürsənmi?
- Qalib olmaq gözəl hissdir. Dilimizə
gətirməsək də, illərdən bəri
hamımızın içində bir məğlubiyyət
psixologiyası var idi. Sanki hamımızda
yazıqlıq psixoloji bir hal almışdı. İndilərdə əsgərlərimizin
çəkdiyi videolara baxdıqca adama çox xoş
gəlir. Artıq bu insanlar qalibdir və bu
qalibiyyətin xoşbəxtliyini yaşayırlar. Mənə elə gəlir ki, bu dönəmdə
cəmiyyətdə birlik yarandı, insanlar bir-birlərinə
qarşı daha da mehriban oldular. Əslində,
bu, çox vacib bir şeydir. Düzdür,
hardan baxsan, müharibə pis şeydir. Amma
bu müharibənin səbəbkarı biz olmamışıq
heç vaxt.
Ümumi təəssüratımı ifadə etsəm
də, hələ ki, özüm üçün müharibə dövrünü,
müharibə qalibiyyətini tam analiz etməmişəm,
çözə bilməmişəm. Hə, biz
qalib olmuşuq. Amma şəhid anası,
qazi olmuş insanlar gəlir gözümün
önünə. Mən gərək
onları tanıyam, onların problemlərini biləm.
Onların nələr keçirtdiyini hiss eləməmiş
bu məsələni duyğusal olaraq tam ifadə edə
bilmərəm.
Düzdür, müharibə bitib, amma
mübarizə bitməyib. Hələ bizim müharibə travmaları olan
minlərlə insanlarımız olacaq. Yəqin
ki, müəyyən qədər çətin məqamlar da
yaşanacaq. Onlara qalib gəlmək, geri
qaytarılan torpaqlarda infrastruktur qurmaq, ermənilərlə
bir yerdə yaşamağa psixoloji hazır olmağımız
və sair, bu kimi məsələlər var.
Hər vətəndaş kimi, mən
də qalib olduğumuza çox sevinirəm. Əlbəttə, bəzi qaranlıq məqamlar da
var. Amma bütün hallarda biz, mövcud vəziyyətdə
ən yaxşısına nail olmuşuq. Açığı,
indi müharibə mövzusunu işləmək, o haqda
nəsə yazmaq halında deyiləm. Çünki bu,
elə bir həssas mövzudur ki, "Ura!" deyib
vətənpərvərlik etsəm, bu, populizmə gedir, bir az pessimist yanaşsam, bu da
əsgərlərimizin qələbəsinə kölgə
salmaq kimi çıxar. Ona görə
hələ ki prosesləri özüm üçün analiz
edirəm. Müəyyən qədər
vaxt lazımdır. Hamılıqla
düşünməliyik ki, biz qazilərimizə,
şəhid ailələrinə yaxşı
baxırıqmı, onların problemlərinin həllini
tapırıqmı, işğaldan azad olunan ərazilərimizə
rahat köçə biləcəyikmi, minalar
təmizlənibmi? Yəni qısası,
ən çətini hələ indi başlayır. Ona görə hazırkı mərhələdə
bütün prosesləri görüb, müşahidə edib
onu tam dərk etməmiş məndə hansısa bir ideya,
fikir yarana bilməz.
- Filmlərin insan düşüncə və
davranışlarına nə qədər təsir etdiyini
yəqin ki, yaxşı bilirsən. Uzun
illərdən bəri ölkəmiz müharibə
vəziyyətində olsa da, bizdə hələ də
müharibə dövründə insanlarımızın
göstərdiyi şücaəti göstərən
filmlər yetərincə çəkilməyib. Amma buna baxmayaraq, sanki insanlar illərdir ruhları
vətənpərvərlik mövzusunda olan film və
mahnılarla bəslənib qidalanmış kimi
davranırdılar. Səncə, bunun
səbəbi nə idi?
- Vətənpərvərliyin təbliği
məsələsində bizə ən çox təsir
edən bu mövzularda çəkilmiş Türkiyə
serialları olub. Öz yanaşmamıza
gəldikdə, deməzdim ki, biz Birinci Qarabağ
müharibəsindən sonra lazımınca keyfiyyətli
filmlər çəkmişik. Bu baxımdan, çox az sayda filmin adını çəkmək
olar. Onlardan ən yaxşısı,
məncə, "Ağ atlı oğlan" və
"Fəryad" filmləridir. Təsir
gücü baxımından bu filmlər daha çox
yaddaşımızda qalıb. Xüsusən
də "Fəryad" filmi. Yerli filmlərdə
vətənpərvərlik mövzusunun az
işlənməsinə baxmayaraq, xalqın bu cür birlik
və şücaət göstərməsinin səbəbi,
məncə, uşaqlıqdan məktəbdə,
ailədə, cəmiyyətdə gedən real təbliğat
olub. Demək olar, hamımızın
köçkün düşmüş qonşumuz, qohumumuz,
sinif yoldaşımız olub. Yəni bu
hisslər bizə yad deyildi. Bundan
əlavə, hansısa filmin, hansısa təbliğatın da
rolu olub burda. Bütün bunlar qondarma yox,
real hisslər, düşüncələrdir. Çünki biz bu insanlarla birlikdə
böyümüşük, o hadisələrin şahidləri
olmuşuq. Hamımız Çingiz
Mustafayevin çəkdiyi o kadrları görmüşük.
Bu məqama qədər biz hamımız
sadəcə sönmüş vulkan idik. Bəlkə
də heç kəs insanların bu qədər
ürəklə müharibəyə gedəcəyini gözləmirdi.
İçi özüm qarışıq,
yaxın ətrafımda da heç kimdə bir ölüm
qorxusu yox idi. Yəni bu, süni pafos deyil.
Süni pafos odur ki, danışırsan, amma
getmirsən. Hərbi komissarlıqların
qabağına kütlələr yığılırdı,
minlərlə insan könüllü müharibəyə
getmək istəyirdi. Hələ
əsgərlərin danışıqlarına şahid olduqca
insan heyrətə gəlir. Bu yaxınlarda
yaralı əsgərlərlə
görüşmüşdüm. Əsgər
"Heyif ki, tez yaralandım" - deyirdi.
Düşünün, bu insan yaralanıb, qoluna iki
güllə girib, ürəyinin üstündən
çıxıb, bəxti gətirib, sağ qalıb, amma bu
insan peşmançılıq çəkir ki, heyif ki tez
yaralandım... Bütün bu ruh halı bir
fenomendir. Görünür, biz
illərlə o kadrları, o insanları görüb,
həmçinin, məğlubluq sindromunu qəbul edə
bilməmişik. Çox güman ki, bizi
hərəkətə gətirən də bu intiqam hiss oldu.
- Ümumiyyətlə, necə hesab edirsən,
səncə, insanlara, gənclərə
vətənpərvərliyin təbliği, milli mənlik
şüurunun inkişafı məsələsində
hansı xətti izləmək daha düzgündür?
- Bu, bir az fərqli məsələdir.
Ümumiyyətlə, mənə görə,
hər şeyin çoxu ziyandır. İnsan
əslində, öz ideologiyasını özü
seçməlidir. Əsas odur ki, nə
olursan ol, amma heç vaxt radikalı olma. Məncə,
hər şey təhsildən başlayır. İnsanların düzgün düşünmə,
təhlil etmə bacarıqları inkişaf etməlidir.
Mənə görə, heç bir ideologiya,
heç bir yol mütləq haqq, yaxud mütləq nahaq deyil.
Dünya ağ və qaradan ibarət deyil. Ona görə də, fikrimcə, hətta
vətənpərvərlik hissini də insanlara hansısa
zorakı təbliğat, zorakı təsirlə
aşılamaq doğru deyil. Düzgün
təhsil sistemiylə insanların öz fikirlərini
özlərinin formalaşdıra bilməsinə imkan yaratmaq
daha doğrudur. Əsas odur ki, insan öz
doğulduğu məmləkətə arxa çevirməsin.
Sənin fikirlərin dünyəvi ola
bilər, amma sən, məişət etibarilə öz
kökünü dana bilməzsən. Məhz
milli ruhda böyümək baxımından bunun
əhəmiyyəti böyükdür. Vətəni
sevmək pafosdan ibarət olmamalıdır. İnsan Vətənini ona fayda verməklə
sevə bilər. Burda isə əsas rol
dövlətindir. Dövlətin
öhdəliyi vətəndaşın haqlarını təmin
etməkdir. Çünki
dövlətlə vətən anlayışları
bir-birinə çox yaxındır. Məsələn,
dövlət xəstəxanasında həkim
xəstədən pul tələb edirsə, yaxud başqa buna
bənzər hal baş verirsə, insanlar haqlı olaraq inciyir,
küsürlər. Birincisi,
dövlətlə vətəndaş bir-birini başa
düşməli, bir-birinə haqqını
ödəməlidir. Bu, təmin
edildikcə, insanlarda vətənpərvərlik hissi, milli
mənlik şüuru da təbii olaraq formalaşacaq.
Taleh Yüzbəyov
Müsahibəni apardı: Natəvan
ABDULLAYEVA
525-ci qəzet.- 2020.- 28 noyabr. S. 19.