Ayrılmaq mədəniyyəti
"Dəli Kür" romanında bir yer var. Deməli,
Cahandar ağa bacısı Şahnigarı
öldürəndən sonra sirrin üstü
açılmasın deyə meyiti yumağı birinci
arvadı Zərnigara tapşırır. Bilir ki,
yollarını ayırsalar da, Zərnigar ona sadiq qalacaq və
bu sirri faş etməyəcək.
Maraqlısı budur ki, həqiqətən də
Zərnigar Cahandar ağa meyiti yumaq üçün ona
xəbər göndərəndə bunu qəbul edir və
meyitin bədənində gördüyü yaraları
heç kimə demir. Romanda bir neçə
cümlə ilə təsvir olunan bu məqam əslində, o
qədər dərin mətləblərdən xəbər
verir ki. Bütün davalara,
incikliklərə baxmayaraq, keçmiş arvadın ərinin
sirrinə sədaqətini bundan gözəl necə təsvir
etmək olardı, axı?
Həyat ayrılıqlar
üzərində qurulub. Sanki həyat bir ömür insanı
ayrılıqlara öyrəşdirir ki, həyatın
özündən ayrılmağa hazırlıqlı olub
dünyanın faniliyini dərk edəsən. Elə bir insan tapılmaz ki, onun həyatında bir
dəfə də olsun ayrılıq simfoniyası
çalınmasın. Doğulduğumuz
andan etibarən nələrisə, ya da kimlərisə
itirməyə məcburuq. Vədə
yetişəndə valideynlərimizi, sevdiklərimizi və
daha kimləri, daha nələri. Bəzi
ayrılıqlara məhkumuq, məsələn, ölüm
kimi. Bəzi ayrılıqlar isə öz
seçimimizdir. Məsələn,
sevgilindən, dostundan, yaşadığın yerdən,
işindən ayrılmaq kimi.
Hərə ayrılığı bir
cür qarşılayır. Kimi üçün hər ayrılıq yeni bir
həyatın başlanğıcı, kimi üçün
də dərin hüznün xəbərçisi. Bir sözlə, hər ayrılığın öz
səbəbi, öz hekayəsi var. Ayrılıq hekayəsini
danışan insanların keçmişə
baxışı, bir vaxt həyatının
qəhrəmanı hesab etdiyi adamın ayrılıq
hekayəsinin əsas fiquruna çevirməsi mənə
həmişə maraqlı gəlib. Ona
görə də xeyli bu cür hekayə dinləmişəm.
Dinlədiklərim içərisində elə adamlar olub ki, az qala, ayrıldıqları insanın hər
əməlini düşmənçiliklə xatırlayaraq
danışıb. Bu, məndə nə
qədər ikrah hissi doğursa da, onları başa
düşməyə çalışmışam.
Axı ayrılıqlar acıdır, hələ
ayrıldığın adam sənə
acılar yaşadıbsa, onu nifrətlə anmaq
qaçılmaz olur. Bir də ayrılıq
hekayəsini nifrətlə yox, sevgi ilə danışan
adamlar var. Bax, o adamlara böyük hörmət
bəsləyirəm. Çünki belə
adamların özlərinə, özlərinin bir
parçası olan keçmişlərinə və
keçmişlərindəki adamlara sayğıları var.
Bir vaxt həyatının mərkəzində olub, sevirəm
dediyi adamı ayrılandan sonra yerdən-yerə vuranları
anlamaq çətindir. Hələ
onların nə vaxtsa xoş günləri, gözəl
münasibətləri olubsa. Təbii ki,
əgər orda ayrılıq varsa, bu ayrılığa
səbəb olacaq acı şeylər də var. Ancaq
ayrılıqdan öncə yaşadığın
münasibətə, xoş günlərə xatir də
keçmişdən pis danışmamaq olar. Əgər xatırlanacaq ağrılar daha
çoxdursa, ən azından susmaq, nə yaxşı, nə
də pis heç nə danışmamaq ən
gözəlidir. Bəzən elə adamlar
görürsən ki, nəinki ayrıldıqları adamdan
nifrətlə danışır, hətta həmin adamın
ən məhrəm sirlərini açıb ağardır.
Bu isə sədaqətsizlikdən daha çox,
xaraktersizlikdir. Sözügedən xaraktersizlik
təkcə şəxsi münasibətlərdə yox,
həm də iş mühitində özünü
göstərir. Keçmiş iş yerindən, müdirindən,
iş yoldaşından nifrətlə danışan adamlar da
kifayət qədərdir. Təbii ki,
əgər onlar həqiqətən pis olubsa, danışmaq
nahaqq deyil. Amma bu, nəyi dəyişir ki?
Əksinə, bu cür şeyləri
danışmağın müsbətindən çox,
mənfisi var. Çünki həyatımıza gələn
insanlar bizə həyatımızdan gedən insanları
nə cür xatırlamağımıza görə də
qiymət verirlər. Çox vaxt iş
müsahibələrində iş üçün
müraciət edən şəxslərə köhnə
işindən niyə ayrıldığına dair suallar
verirlər. Əlbəttə, sualı verənlər də
çox gözəl bilir ki, günah şəxsin
özündə olsa belə, heç kim
öz ayranına turş demir. Bu sualın əsas
məqsədi insanın bir növ sədaqətini təyin
etməkdir. Çünki yeni iş yerin də bir gün
sənin köhnə iş yerinə çevrilə bilər. Bu zaman nəyi nə cür xatırlayacağın
təkcə işinin yaxşı olmasından yox, həm
də sənin xarakterindən asılıdır.
Bir sözlə,
keçmişinizə sayğı duymağı bacarın. Nə olur-olsun, keçmişinizdəki adamlar
bütün müsbət və mənfiləri ilə sizə
nələrsə qatan adamlardır. Odur ki,
bir vaxt üzünüzü güldürən insanlar
haqqında danışarkən iki dəfə
düşünün. Bir
qələmdə silib atsanız belə.
Həyatda hər şey kimi ayrılığın
da mədəniyyəti var. Çörək kəsdiyiniz
adamlardan tutmuş çörəyini yediyiniz yerə
qədər sadiq olmağı bacarın. Çünki onlar sizin keçmişiniz,
keçmişiniz isə sizin bir parçanızdır.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 28 noyabr. S. 21.