Çəmbər daraldıqca ölüm yaxınlaşır

 

Koronavirus sözün əsl mənasında ayaq açıb yeriyir. Rəqəmlər dayanmadan yüksələrək vahiməli hal almağa başlayıb. Ölüm sayı hər gün daha da artır. Hətta bu dəfə ən yaxınımızda olanların vəfatına şahid oluruq.

"Mən gəncəm", "mən sağlamam", "uşaqlara keçmir" deyərək heç birimiz yaxamızı kənara çəkə bilmirik, çünki hamımız təhdid altındayıq. Xəstəxanalar dolub daşır. Virusun ikinci dalğası sunami kimi gəlib. Qarşısına keçəni alıb aparır. Əslində, gündəmi izləyəndə vəziyyətin nə həddə olduğunu daha aydın görmək olur.

Ən dəhşətlisi yenə bizlərik. Məsuliyyətsizik! Vecsizik! Eqoistik! Dünya dağılır, amma biz ciddiyyətin fərqində deyilik. Tətbiq edilən cərimələr bizi özümüzə gətirmir. Əlimizi mütəmadi yumağa can çəkirik, maskanı uyğun şəkildə istifadə etmək gözümüzə işgəncə kimi görünür. Hər gün ölkənin müxtəlif bölgələrində küçələri gəzən, qonaq gedən, taksi işlədən, məclislərə qatılan, səfərə çıxan COVİD-19 daşıyıcısı olan şəxslər saxlanılır. Bir də gizli-gizli çıxıb, cinayət məsuliyyətindən yayınaraq bu əməli törədən yüzlərlə adam var. Elə birini özüm çox yaxından tanıyıram. Əvvəlcə yasa gedib. Xeyir-şər evinə daxil olan kimi tanıdığı hər kəslə öpüşüb, qucaqlaşıb. Sonra halı pisləşib, məlum olub ki, virusa yoluxub. Vəziyyəti ağır olmadığı üçün ev şəraitində müalicəyə cəlb edilib. Altı-yeddi gündən sonra - yəni sağalmadığı halda avtobusa minərək şəhər mərkəzinə üz tutub. Yolda qəflətən halı pisləşərək dili qatlanıb. Vəziyyətdən bixəbər olan avtobusdakı sərnişinlər tez başına toplanaraq xanımın dilini çıxardıblar. Ardınca çağırdıqları təcili yardıma təhvil verərək insanlıq vəzifələrini yerinə yetiriblər. Bu hadisəni eşidəndə vicdanım sızıldadı. Çünki virusa yoluxmasa da, risk qrupunda olan yüzlərlə, hətta minlərlə insan var. İşə getməyə, çörəkpulu qazanmağa məcbur olan insanlar... Həmin avtobusda vecsiz insanların qurbanına çevrilən insanlar... Öz-özünə fikirləşirsən ki, bu xəstələr çölə çıxanda həmin insanları düşünmürlərmi? Düşüncəsizlikləri ucbatından kimlərinsə ölə biləcəyini gözlərinin önünə gətirib əzab çəkmirlərmi? Kiminsə ölümü sənin əlinlə olursa, nə fərqi var bunu ya bıçaqlayaraq elədin, ya da virusa məruz qoyaraq... İstənilən halda qatil olursan!

Digər hadisə isə lap ürküdücüdür. Deməli, bir neçə gün əvvəl mədəniyyət mərkəzlərindən birinin rəhbərinin qızı COVİD-19-dan gənc yaşda vəfat edib. Simptomları özündə müşahidə edən qızın atası da analiz verib, nəticə pozitiv çıxıb. İlk günlər vəziyyəti normal olduğu üçün evdə müalicə almaq tövsiyə olunub. Amma digərləri kimi, o da buna məhəl qoymayıb. Qarabağ qələbəsini qeyd edənlərə qarışaraq küçələrə çıxıb. Səhhətinin pisləşməyinə əhəmiyyət verməmək bir yana qalsın, xəstəlik boyu bacardığı qədər gəzib-dolanıb. İki gün əvvəl isə canını tapşırıb. Bu hadisə artıq məsuliyyətsizliyin zirvəsidir. İnsanın öz övladının ölümü məsələnin nə qədər pis olduğunu demirmi? Başa düşmək üçün ətrafındakı hər kəsin yox olmağımı lazımdır?!

Rayonlarda vəziyyət daha acınacaqlıdır. Bir gün əvvəl Bərdədə ev şəraitində 40-50 nəfərin iştirakı ilə toy edildiyini eşidəndə dəhşətə gəldim. Özü də həmin ərazidə xeyli sayda virus daşıyıcısı olduğu halda buna əhəmiyyət verilməyib. Yas mərasimləri isə həmişəki kimi öz qaydasında davam edir. Sual yaranır, rayonlarda, kəndlərdə yas mərasimləri, əlamətdar günlər qeyd ediləndə hüquq mühafizə orqanları, icra nümayəndələri nə üçün müdaxilə etmir? Yerli əhalidən bunu soruşanda deyirlər ki, "əşi, balaca yerdi, sabah qarşı-qarşıya gələcəyik, üz-göz olmaq istəmirlər". Qorxulu yanaşmadır. Bu, minlərlə insanın həyatını məhv etmək deməkdir. Qeyd edim ki, rayonlarda dezinfeksiya işləri də sıfır səviyyəsindədir. Məsələn, binada virusdan adam ölür, aidiyyatı qurumlar ərazini karantinə almaq bir yana qalsın, dezinfeksiya işləri belə aparmırlar. Belə bir hadisə bu günlərdə Bərdə şəhərində baş verdi. Təəssüf ki, nə əksər insanlar, nə də bəzi bölgələrin aidiyyatı qurumları ciddiyyətin fərqindədirlər. Hamı heç ətrafını da deyil, özünü qorusa,  vəziyyətdə müsbətə doğru bir irəliləyiş olar. Əks halda çəmbər daralır, ölüm yaxınlaşır. Ümumi vəziyyət isə bir daha sübut edir ki, bu qış çox sərt keçəcək. Çalışaq salamat qalaq!

 

Türkan TURAN

525-ci qəzet.- 2020.- 28 noyabr. S. 21.