Emin Pirinin Vətən savaşı və könül işi

 

Düz üç il öncə şair dostum Emin Pirinin "Sağ qalan varmı?!" kitabı haqqındakı yazımı onun "Təndir ətirli qız" şeirini şərh edərkən dediyim "Şeirdən anlaşıldığı kimi, şair ömrü uzunu axtarışında olduğu o saf, təmiz, səmimi hissləri "dağın balası" adlandırdığı kənddə, "gözlərində Allahı gördüyü qızın" təndir ətirində tapıb. Ancaq təəssüf ki, kənd qızı şəhərli oğlana bel bağlamaz. Onu inandıra bilib-bilməməsini, könlünü qazanıb-qazanmadığını isə yəqin ki, Emin Pirinin yaradıcılığını izləyərək gələcək şeirlərindən öyrənəcəyik..." cümlələriylə bitirmişdim.

Sonralar Eminin yaradıcılığını izlədim, amma bu suala elə tutarlı cavab tapmadım. Çünki dostumuz hələ subaydır. Emin Piri deyəndə həmişə gözümün qabağına şair, müəllim, jurnalist hərbçi gələrdi. Görünür, qızın könlünü almaq üçün qələmi kömək etməyib. O da bu dəfə əlinə silah götürüb...

 

***

Bu gün Emin Pirinin əlində avtomat Şuşada çəkilmiş şəkli çıxdı qarşıma. Sentyabrın 27-si Vətən müharibəsi başlanan kimi ədəbi mühitdən cəbhəyə ilk yola saldığımız həmkarımız idi Emin. Zarafat deyil, axı o, leytenantdır, 2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib. Bu iki illik zamanda gördüklərini, yaşadıqlarını, düşündüklərini biz illərdir ki, onun şeirlərindən oxuyurduq. Təkcə xidməti deyil, ümumilikdə müharibə, savaş Eminin ruhu kimi yaradıcılığına da çöküb. Qarabağ yarasından başlanan bu mövzu sonra genişlənir, bütün dünyada gedən savaşları öz ağuşuna alır. Emin bir kor gülləylə yarım qalan ömürləri, şəhid taleləri, atasız uşaqları, lay-layı tamamlanmamış körpələri, ərsiz qadınları, əlsiz-ayaqsız döyüşçüləri, oğlunun qoxusuna həsrət anaları... - bütün müharibə qurbanlarını yada salır, unudulmağa qoymur, onların ağrılarını sözün yaddaşına köçürür. Nahaqdan ona "ədəbiyyatımızın səngəri" deməmişdim ki. Bilirəm, özünə xoş gəlmişdi bu söz. Bununla qürur duyduğunu hiss edirdim.

"Ədəbiyyatın səngəri" olmaqla qürur duyan Eminlə isə bu gün nəinki ailəsi, dostları, ədəbiyyat, ümumilikdə Azərbaycan qürur duyur. İndi o, ilk gündən müharibəyə yollanan, bütün proseslərin içərisində olan, bütün qələbələrimizə imzasını atan şair-döyüşçümüzdür, təkcə ədəbiyyatın deyil, silah dostlarıyla birgə bütöv bir ölkənin, xalqın səngəridir.

İnsansevər şairdir Emin. Onun üçün insan həyatından öncə heç yoxdur. Ona görədir savaşlara olan bu nifrəti. Amma Vətən müharibəsinə öndə yollanması onu da sübut etdi ki, Emin həm xalqını, torpağını düşünən, vətən üçün can almağa da, can verməyə hazır olan əsl qəhrəmandır. Sözügedən məqalədə yazmışdım ki, "Şair bütün bunlara etiraz edir, üsyan qaldırır. Ən çox da bu qədər şəhid verən bir torpağın hələ yad tapdaqda əzilməsi keçmiş leytenantı özündən çıxarır. Burada artıq iki nəfər: şair leytenant bir-biri ilə çarpışır, amma ikisinin ortaq cəhəti var: hər ikisi o şəhidlərdən utanır".

Emin hələ ki, azad olunmuş torpaqlarımızda xidmətdədir. Bu iki ayda nələr gördü, nələr yaşadı, nələr hiss elədi... bunun çox az bir qismini təxmin edə, ondan da azını duya bilərik. Çünki əllərində silah tutan, gözünü qırpmadan düşmən üzərinə yeriyən, qan tökən, can alan döyüşçü Emin köksünün altında şair qəlbi daşıyır. Yanındaca qırılan talelər, sönən həyatlar, itirdiyi döyüşçü yoldaşlarının xatirələri Müzəffər Ordumuzun qalib əsgərinin şair qəlbini titrətməyə, orda dərin iz salmaya bilməz. Bəli, indi Emin Piri hamımızın qəhrəmanıdır. Hazırda o da, biz bu böyük zəfərin sonsuz sevincini yaşayırıq. Müharibənin bir şair ruhunda açdığı yaraları isə sonralar Eminin qələmindən misra-misra oxuyacağıq.

 

***

Bu günlərdə Emin Pirinin müharibə haqqındakı şeirlərini yenidən oxuyanda fikirləşdim ki, Emin bir leytenant uzaqgörənliyi, şair hissiyyatı ilə Qarabağ uğrunda müharibənin olacağını yəqin bilirdi. Və onu da bilirdi ki, o, özü bu müharibədə öncüllərdən biri olacaq. Müharibədə isə ölmək də var, öldürmək də. Bəlkə də Emin şeirlərində yazdığı yarımçıq taleləri özü də kimlərəsə yaşatmamaq üçün evlənməyi müharibədən sonraya saxlayırdı. Çox şükür Allaha ki, Vətən müharibəmizin hərb mərhələsi bitdi, Qarabağ azad olundu. Emin Piri də yaxın günlərdə qalib ordunun qalib əsgəri kimi aramıza dönəcək. Yazımın əvvəlində də qeyd etdiyim kimi, Emin Piri hələ subaydır. Mən ürəkdən inanıram ki, nəinki "təndir ətirli kənd qızı", bütün Azərbaycan qızları Emin kimi qəhrəman şəhərli oğlana bel bağlayarlar...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2020.- 28 noyabr. S. 23.