Bayrağın ucundakı tozu köynəyilə silən uşaq

 

Həmişə olduğu kimi, yenə gecədən zəngli saatı üç dəfə ardıcıl qurmuşam. Bu dəfə nədənsə, yuxudan ilk zəngə oyanıram.

Göz qapaqlarımı çətinliklə aralayıb görürəm ki, hələ gec deyil, xeyli yatmaq olar. Amma niyəsə heç yatmağım gəlmir. Yarıyuxulu gözlərim qəribə bir halı görüb tamam açılır: ilk dəfədir ki, gecədən bu vaxta telefonuma bir dənə mesaj gəlməyib. Məəttəl şəkildə yerimdən durub modemin yanınacan səndələyirəm. Düşünürəm ki, böyük ehtimalla internet şəbəkəsində problem var. Bu vaxt qardaşım yan otaqdan çıxır.

- Sənə demişdim axı, internetin aylığını vaxtında ödə - ona tərs-tərs baxıb deyinirəm.

- Yenə heç nədən xəbərin yoxdur, ? Haradan olsun ki?! Bu gün səhər Qarabağda hücum başlayıb. İnternet ona görə belədir.

Normalda ən xırda problemə düşəndə belə, insanın gözü ailə üzvlərini axtarır, ən birinci onları düşünür. "Hücum" sözünü eşidən kimi tez bütün otaqları axtarıram.

- Hamı gedib, - qardaşım qışqırır.

- Hara gediblər?!

- Xalaoğlu Elşəni cəbhəyə aparıblar deyə bizimkilər gedib onlara.

İnternetin olmadığını unudub qeyri-ixtiyari "Facebook" baş vururam. Hələ bir neçə saat əvvəldən əsas səhifəmdə ilişib qalan ilk xəbərə gözüm dəyir: "Uğurlu hücum əməliyyatı zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Seyidəhmədli, Yuxarı Əbdürrəhmanlı, Horadiz kəndi düşmən işğalından azad olundu. Hazırda Ordumuzun uğurlu hücum əməliyyatı davam etdirilir".

Qəribə duyğuların qarışığını yaşayıram. Gecə heç olmamış kimi yatmışdım, səhər yuxudan duranda isə artıq işğalda olan 5 kənd azad edilmişdi! Adları sadalanan kəndlərdən bir neçə dostum da var. Sanki məxfi məlumatmış sadəcə mən bilirəmmiş kimi böyük bir həyəcanla onları müjdələmək üçün rəsmən saniyələri sayıram.

- Tərslikdən heç biri telefonu götürmür! - deyirəm.

- Belə bir gündə telefon axı?! - qardaşım, məncə, ilk dəfə haqlı nəsə deyir...

Tələsik əynimi geyinirəm evdən çıxıb redaksiyaya yola düşürəm. Məhləmizin uşaqları çiyinlərinə bayraq asıb sağa-sola qaçırlar. Biri qışqırır ki, "Şuşa mənimdi" , o biri qışqırır, "Laçın da mənim!" Uşaqlar qaçdıqca bayrağın ucu yerə toxunur. Onlardan biri bunu görüb səslənir. Doqquz yaşlı Kənan bir daşın üstündə oturub bayrağın ucundakı tozu öz köynəyinin ətəyi ilə silir. İndi o, bu millətin ən azyaşlı fədaisidir sanki.

Yanından keçdiyim kafedə oxunan "Hay ver mənə, cənab leytenant!" mahnısı qulaqlarımın pərdəsinə sığal çəkir,  için-için qürurlandırır məni.

Mağazaya girirəm.

- , oğlum. Niyə getməyəsən? Onsuz da çoxunu aparırlar. Çağırarlar, sən gedərsən. Lap elə mən ! - satıcı telefonla danışır.

- Bir qələm, zəhmət olmasa.

- Beş kəndə bayrağımızı sancıblar. Xəbərin var? Düz beş kəndə. Tezliklə Füzuli şəhəri bizdədi! - yaşlı satıcı qələmi uzadır titrək səsi ilə bu "sirri" mənimlə paylaşır. Yəqin ki, bu gün bu "sirri" paylaşmaq üçün hər zamankından daha çox müştərisi olsun istəyir.

Sol tərəfimdən hər maşın keçdikcə bayraqlı olanları uşaq kimi sayıram. "Bir... iki... üç..." Sonra sayını itirirəm, təzədən saymağa başlayıram.

"525-ci qəzet" üçün köşkə yaxınlaşıram. Bu vaxt köşkün üstündən şaquli asılan üçrəngli bayrağın kölgəsi alnımdakı xırda tər damcılarına tumar çəkib içimə xəfif bir sərinlik doldurur.

İnsanların üz ifadələrinə baxıram. İlk dəfədir ki, onları bu qədər hər şeydən razı görürəm. Hər kəsin içindəki xoşbəxtlik üzünə vurub. Millət indi elə ürəkdən həmrəydir ki, hər kəs bir-biri üçün canını verməyə hazırdır.

Redaksiyaya çatıram buranı da fərqli aurada görürəm. Dünən gündəmdə heç olmamasından şikayətlənən işçilər bu gün böyük fəxrlə ardıcıl qələbə xəbərlərini sayta yerləşdirirlər.

İlahi, bir millət müharibə başlayanda necə sevinər?! Çünki haqq savaşıdır bu! Bir millət cəbhəyə yola düşəndə niyə şadlanar? Çünki doğma torpaq uğrunda savaşacaq! Evdə, işdə, küçədə - hər yerdə insanlar bir-birini bu xəbərlərlə müjdələyir. Bütün bunların şahidi olduqdan sonra mən bu millətin bir oğlu olmağımla necə qürurlanmayım?!

İndisə xalqımız qəti qələbənin müjdəsinə təşnədir, gecə gündüz bunun üçün dua edirik hər birimiz. Dualarımız gerçək olsun!

 

El ROMAN

 

525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.16.