Sözə verilən könül
Masamın
üstündə nəşrini gözləyən bir
kitabın əlyazmaları var. Doğrusu, o imzanı əvvəldən
tanımamışam. Mənim
üçün çox
dəyərli olan tədqiqatçı, yazıçı-publisist
Vasif Quliyevin təqdim etdiyi əlyazmalara nəzər salanda hiss etdim ki, bu misraların
müəllifi könlünü
sözə verib, iç dünyasını
şeirlə bölüşüb,
misralara çevirib. Özü də bunu bacardığı
şəkildə, səmimi
bir istəklə həyata keçirir.
Yazır ki:
Payızda qızılı bir
don geyinər,
Hüsnünə yaraşar yağış
da, qar da.
Lakin daha gözəl, qəşəng görünər
Mənim
doğma yurdum Şuşa baharda.
Övlada
qayğısı, istəyi
birdi,
Dağların başında sanki
sehrdi,
Qəlbləri coşduran şirin
şeirdi
Mənim
doğma yurdum Şuşa baharda.
Ətirli
çiçəklər yolumu
kəsdi,
Xəstəyə bir damla suyu da bəsdi,
Ürəklərə axan həzin bir səsdi,
Mənim
doğma yurdum Şuşa baharda.
Hələ Şuşalı günlərdə
qələmə alınmış
bu şeir müəllifin həzin pıçıltısına bənzəyir. Sanki o, üzünü göylərə
tutub, Şuşanın
mənzərəsini, gözəllikərini
dilə gətirir.
Və yaxud:
Sinəm
dağlı, yolum bağlı,
Özüm dərdli qarabağlı.
Bir an ayrı qala bilməz,
Şuşam, qəlbim sənə bağlı.
Bu şeir artıq
Şuşasız günlərin
acısını özünə
hopdurub. Əlyazmalarını
vərəqlədikcə diqqətimi
bu misralar da çəkir:
Çəmənlər güllü xəli,
İşləyib rəssam əli.
Gəzirəm dəli-dəli,
Şuşamı axtarıram.
Ümumiyyətlə, bu əlyazmaların böyük əksəriyyəti
yurd nisgili və vətən həsrətinin cizgilərini
özündə ifadə
edir. Hər bir şeirin damarında mütləq Şuşa,
Qarabağ çaları
boy göstərir.
Məsələn:
Şən lalələr boya
çəkər dodağına,
düzünə,
Bənövşələr sürmə sürtər qaşına, həm gözünə.
Yaz dumanı şeh çiləyər səhər-səhər
düzünə,
Qurban olum dolamana, cığırına, rizinə,
Gözəl Şuşam, nə gözəlsən, qaytar məni özünə.
Və yaxud başqa bir şeirdə:
Bu gün vaxtdır, sabahsa gec,
Ayılmasan, sonluq bir heç.
Zaman yetib, canından keç,
Yol gözləyir
ana Vətən.
Bəli,
mən Tamella Şuşalının əlyazmaları
ilə tanış
olarkən bir daha açıq-aşkar gördüklərimə də
inandım ki, biz Qarabağsız, Şuşasız
sadəcə olaraq mövcuduq, yaşamırıq.
Bu mövcudluq biz həmin torpaqlara qayıdanda artıq yaşamağa çevriləcək.
Ona görə də indi üzümüzü
Tanrıya tutub, deyirik ki:
Könlümün kamanı, qəlbimin
sazı,
Vətən notu üstə etdi pərvazı.
Ümidim
ürəyə gətirdi
yazı,
Qoyma həsrətimi həddini aşa,
Tanrım,
yardım elə, sevinsin Şuşa.
Burdakı sonuncu misra mənim
üçün xüsusilə
yaddaqalan oldu. Bu, müəllifin ən səmimi pıçıltılarından
biridir. Söhbət burda təkcə
bizim yox, həm də Şuşanın sevinməyindən
gedir.
Bəli, əl içi boyda bir kitabdakı
səmimi pıçıltılar,
səmimi ifadələr,
həqiqətən də,
maraq doğurur, diqqət çəkir.
Düşünürəm ki, Tamella Şuşalının
şəhidlərimizin ruhuna,
Azərbaycan əsgərinə,
yurd nisgilimizə, bütövlükdə yaxından
tanıdığı doğmalarına,
dostlarına ünvanladığı
misralar həqiqətən
onun yaşantılarıdır. Və o da
bu yaşantıları
şeirləşdirib, bütövləşdirib
və bütünləşdirib.
Bu yolda mən şairə uğurlar diləyir və demək istəyirəm ki, onun sözə
verdiyi könlü, inşallah, Şuşada sevinər!
Əbülfət MƏDƏTOĞLU
Əməkdar journalist
525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.14.