Boyatdan həyata

 

Bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov haqqında bir yarpaq boyu təəssürat

 

Onunla hər dəfə görüşəndə aşiqanəliyində də, şuxluğunda da bir tutqunluq sezirəm. Səbəbini soruşanda deyir ki, qardaş, haçandandır içimdə bir Atəşgah qurmuşam. Mən onu yandırıram, o da məni. Mən onu yatırmaq istəyəndə o, mənim yuxumu ərşə çəkir, oyadır. Bu, hamının bildiyi, amma hər kəsin görə bilmədiyi sənət yanğısı, sənət məbədi, sənət atəşgahıdır. Üstəlik, bu atəşgahı şölələndirən Qarabağ adında nisgilimiz də var. Amma bu nisgil də ərimədə, inşallah...

Mən o günü səbirsizliklə, həyəcanla gözləyirəm ki, işğaldan azad olunan Ağdamda, Şuşada - Cıdır düzündə, xalqın qarşısında Xarıbülbüllərin ətri əhatəsində "Azərbaycan - Türk bayrağı" şeirini oxuyum. Tanrı Azərbaycanımızı, Tanrı türkü qorusun!

İndi sinəsi arzular, ümidlər yatağı, şeir-sənət xəzinəsi olan tanıdığımız qədər də çoxlarının yaxından bələd olmadığı bu dilavər adamın kimlik ünvanına üz tutaq...

 

***

 

Çox qədim və həm də qayım-qədim bir türk qəbiləsinin adaşı Boyat elatının kürə göylüyündə gərməşov çomağını əlində  yellədə-yellədə quzu otaran, dünyanın minbir qayğısından uzaq, zamanın çeşidli gəlhagəllərinə belə məhəl qoymayan balaca bir uşaq nə biləydi ki, bir gün Boyatdan boy göstərib körpə və kövrək arzularına boylanan, ümidlərinə təkan verən qaynar bir istedadın daşıyıcısı olacaq, əsli-kökü bu elatdan olan poeziya  azmanı Məhəmməd Füzulinin əsrlərə meydan oxuyan  lirik-fəlsəfi qəzəllərinə üz tutub şeir-sənət xəzinəsinə könül bağlayacaq. Bənzərsiz səsi ilə hamını heyran qoyacaq, adı dillərə düşəcək, seviləcək. Nə biləydi ki, özünə arxa-dayaq bildiyi, onun üçün  həm ən yaxın, ən əziz dost, həm də, doğma sirdaş olan  nənəsi Mələksimanın həzin-həzin söylədiyi bayatılar, laylalar, oxşamalar, nəsihətlər gözlərində maraq dolusu atəş yağan, iti diqqətlə hər kəlməsini heca-heca yaddaş çinədanına yığan balaca Ağaların sonralar tükənməz-potensial saxlancına çevriləcək. Körpə həyata, sənətə, hikmətlərə öz  uşaq heyrəti ilə böyüyəcək, səs-sorağı doğma Ucarın ucqarlarınadək yayılacaq, sonra isə ev-ev, el-el, şəhər-şəhər, ölkə-ölkə tanınacaq. Nəticədə Yurdunun, Vətəninin, Xalqının dəyərli sənətkarı kimi qəbul ediləcək...

Boyatdan başlanan həyatında Ağalar şirinlər də gördü, acılar da daddı. Amma necə deyərlər, ağzının dadını itirmədi. Heç bir dünya təamına baxıb tamsınmadı, vara, varlıya köks ötürmədi. Olanına, qalanına şükür etdi. Həyatla həsb-halından isə qalmadı. Bəzi dost bildiklərindən etibarsızlıq görəndə belə, özünü toparladı, sınmadı. Ustad Bəxtiyar Vahabzadənin ibrətamiz misralarını özünə uçulmaz arxa-dirək, həm də həyati öyrənc hesab etdi:

 

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var, ağladanda gül, görüm...

 

Nəyə də əli çatdısa, ona mübarizlik ruhu, dönməz iradəsi və ən başlıcası, özünə inamı ilə nail oldu.

 

İllər keçdikcə Ağalar qiymətli kəlamların, dəyərli səslərin sinəsinə baş qoya-qoya məclislər başına dəvət edildi. Sözündən-söhbətindən feyz aldılar. Onu dinləməkdən doymadılar.

 Ağalar müəllim  bunlarla kifayətlənib qalmadı. Get-gedə öz fəaliyyət dairəsini genişləndirməyə başladı. Ayrı-ayrı filmlərə çəkilişlərə dəvət aldı. Bir neçə filmdə baş rola çəkildi. Böyük teatr səhnələrində aparıcı rollarda peşəkar çıxışlar etdi. Poeziya isə onun sənət dünyasının leytmotivinə çevrildiyindən bu müqəddəs və məsuliyyətli yola öz sədaqətini yaşatmaqda davam etdi. Beləliklə, onu qəbul edənlərin sayı da artırdı. Onu daim izləyən pərəstişkarları sənətkarı bir an belə sevgisiz buraxmadılar.

Məhrəm sədasının şərəfinə yığıncaqlara, axar-baxarlı yığnaqlara yığıldılar, izdihamlı salonlar aşıb-daşdı. Dəstinə güllər tutuldu, başına ətirli alqış çiçəkləri səpildi.

Beləcə, böyük auditoriyalara, geniş salonlara sığmayan bu sevgi get-gedə ürəklərdə özünə əbədi məskən salırdı. Hara da gedirdisə, qəlbində arxasınca bir dolça su atan nənəsinin məhəbbət dolu məhrəm baxışlarını, orta məktəb müəllimlərinin xeyir-duasını özü ilə aparırdı...

İstedadlı bədii qiraətçi Ağalar Bayramov istər şifahi xalq yaradıcılığı nümunələri, istər klassik peoziya seçmələri, istərsə də, müasir şairlərimizin  şeirlərini ardıcıl mütaliə edə-edə həm də bu bədii parçaları dəmir yaddaşına həkk etməyi bacaran sənətkarlardandır. Odur ki, dilindəki hikmətlərin nuru onun çöhrəsinə hopub, gözlərinin işığında əks olunur.

Mən dəfələrlə onun ağzınadək dolu salonlarda dinləyici və tamaşaçılar arasında təbii, qeyri-adi çosqu yaratdığının, sürəkli  alqışlarla qarşılandığının şahidiyəm.

Onu xalqa belə sevdirən, məşhurlaşdıran cəhətlər nədir? Birinci növbədə, onun qürurlu, əyilməz, möhkəm, bütöv, dəyişməz ciddi xarakteri. Bir insan kimi düz sözü çəkinmədən, birbaşa yerində üzə deməsi. Nəyinsə xatirinə əyilib çirkli əllərdən öpə bilməməsi. Yalançı, riyakar, yaltaq və saxtakar adamlardan  uzaq olması, sözübütovlüyü və s.

Digər tərəfdən, sənətinə gəlincə, daim öz üzərində çalışqanlığı. Bunlardan da əvvəl, təbii ki, bənzərsiz, məlahətli, yapışıqlı, cazibədar qaltanlı səsi (Bu, bədii qiraətçilik üçün mühüm şərtdir). Sonra onun rəvan nitqi və fikri aydın çatdırmaq məharəti...

Əlbəttə, səs ilahi vergidir. Adam var ki, çox savadlı, məlumatlıdır, amma onu iki-üç dəqiqədən artıq dinləmək olmur,  dedikləri də yadda qalmır. Çünki onun səsinin yapışığı, oyadıcılığı yoxdur. Beləsi danışdıqca adamı yuxu basır.

Ağalar isə çıxış etdikcə insan beynində bir oyanma, təzələnmə baş verir və onu dinləməkdən doymaq olmur. Onun səsində, ifa  tərzində dinləyicini cəzb etmək, müvafiq mövzunu dinlətmək, diqqətini əsərin məzmununa yönəltmək gücü vardır.

 O, ən mühüm  dövlət və ümumxalq tədbirlərində  aparıcı  televerilişlərdə mütəmadi olaraq  iştirak edir, yorulmadan ədəbi-bədii tədbirlərdə müxtəlif sahələrdə, ordumuzun əsgər və zabitləri qarşısında alovlu, səfərbəredici çıxışları ilə diqqət çəkir.

Yeri gəlmişkən, onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ağalar Bayramov uzun illərdir ki, Azərbaycan Müdafiə Nazirliyinin dəvəti ilə hələ uşaqlıqdan geyinmək həvəsində olduğu hərbi geyimdə hərbi hissələrdə, ayrı-ayrı cəbhə bölgələrində ordumuzun zabit və əsgərləri qarşısında ardıcıl çıxışlar edərək gənc hərbi qulluqçuların siyasi-ideoloji cəhətdən yetkinləşməsinə xüsusi xidmət göstərir. Öz tribun çıxışları ilə onlara nikbin əhval-ruhiyyə bəxş edir.

Onunla ilk tanışlığımız illər öncə olub və bu tanışlıq sınaqlardan çıxa-çıxa dostluğa çevrilib.

2004-cü ildə AYB-nin “Natəvan” klubunda mənim "Alın yazım" kitabımın təqdimat mərasimində Ağalar da iştirak edirdi və orda ilk dəfə olaraq o, "Papaqçıya" adlı şeirimi söyləyəndə maraq və heyranlıqla hamı onu dinləyirdi.

2007-ci ildə Azərbaycan radiosunun dəvəti ilə o, mənim elat-tərəkəmə həyatından bəhs edən irihəcmli "Zal ağacı" peomamı koloritli bir avazla özünəməxsus tərzdə səsləndirdi. Bu qeyri-adi səsləndirmə barədə radionun yaradıcı kollektivi uzun müddət  razılıqla, könül dolusu fərəhlə söhbət açırdılar.

Sonralar onunla yaradıcılıq əlaqələrimiz  daha da genişləndi və indi də davam etməkdədir.

Ağalar Bayramov vəznindən  asılı olmayaraq (əruz, heca, sərbəst növ)  şeiri sadəcə ifa etmir, onu daxilən yaşayır, özününküləşdirir. Hər hansı bir mətni oxuyarkən onun dilində adi sözlər belə, qanadlanır, əlvan don geyib, sanki sehrlənir...

Dinləyiciyə elə gəlir ki, Ağaların söylədiyi şeiri hansısa bir şair yox, onun özü yazıb. Elə bunun nəticəsidir ki, el-obada da, şəhərdə, qonşular, tanış-bilişlər, hətta şəxsi tanışlıqları olmayanlar, onunla  təsadüfən rastlaşıb salamlaşanlar belə,  Ağalar müəllimə "şair" deyə müraciət edirlər.

Bu  yaxınlarda mənim "Azərbaycan-Türk bayrağı" şeirimin studiya səs yazılışında mən də iştirak edirdim. Ağalar şeiri oxuduqca  səsi enib-qalxır, dalğalanır, bəzən də  gözləri ani olaraq yumulur, haldan-hala düşürdü. Mən şüşə arakəsmənin arxasından ona heyrətlə baxırdım. Böyrümdə əyləşib yazılış prosesini idarə edən səs rejissorunun da barmaqları sanki yazı cihazının düymələri üstündə donmuşdu. Yazılış başa çatanda Ağalar studiyadan qan tər içində çıxdı və özünə gəlmək üçün kresloda əyləşib bir müddət orada dinməzcə qaldı. Bu anlarda o, şeir oxuyan qiraətçidən çox, bir vaqon daşı təkbaşına boşaltdıqdan sonra yorulub dincəlmək istəyən əliqabarlı zəhmət adamını xatırladırdı. Bax budur əsl sənətkarlıq yaşantıları...

Ağalar müəllim şeir söyləyəndə onu qulaq kəsilənlərin susqunluğu həmişə məni düşündürürdü; öz-özümə - görəsən, niyə heç cıqqırını çıxaran, nəfəs çəkən bir nəfər belə yoxdur - deyirdim? Hər dəfə də bu sualımın cavabını ingilis yazıçısı Rom Landaunun belə bir fikrini xatırlamaqla tapırdım: "Sənət həmsöhbətin susduğu dialoqdur".

Doğrudan da, Ağalar səhnədən səslənəndə bütün dialoq tərəf sükuta qərq olur. Məhz bu mənzərənin özü onun sənətinin dəyərinə hesablanmış ən ümdə qiymət göstəricisidir. Bu göstəricinin bir adı da var: həqiqi sənətin həqiqət güzgüsü!..

Mən də bu kiçik təəssürat-yazımla çalışdım ki, onun yaradıcılığına, az da olsa, bir güzgü tutum. Bunun üçün hər an odundan od aldığı, hərarət payı əxz etdiyi Suraxanı Atəşgahına bitişik, üstünə yan-yana üçrəngli Azərbaycan və Ay-ulduzlu Türk bayraqları sancılmış evinin bağ-bağatlı həyətindən o bayraqların Atəşgahın alov dilləri kimi baş-başa dalğalanan əzəmətli görkəminin uzun müddət seyrinə dalmaqdan doymadım...

Həmişə oralara yolum düşəndə elə yoldaykən Ağalara telefon açıb deyirəm:

- Qardaş, qardaş bayraqlara üz tutmuşam... Sonra onu da əlavə edirəm ki, əzizim, sənin başqa bir sənət bayrağın da xalqın qəlbində dalğalanır!..

Ağalar Bayramov tükənməz, çağlar bir istedad sahibi olmaqla yanaşı, həm də  səmimi, dost, sadə, təvazökar, dəqiq xarakterə malik  ziyalı bir insandır. O, hər an özündən çox doğmalarının, dost-tanışlarının, el-obasının, xalqının qayğıları ilə yaşayıb nəfəs alan bir ziyalı, xalqını sevən və xalqının da əsl sevimlisi olan sənətkardır.

Həyat və yaradıcılıq yolunu düzgün seçmiş və məsuliyyətini bir an belə unutmadığı bu yolda yorulmadan, ardıcıl, inamla, addımlayan dostuma uğurlar diləyirəm.

 

Yusif NƏĞMƏKAR

 

525-ci qəzet.- 2020.- 1 oktyabr.-  S.13.