Mirzə Bağır Əliyev - fəal maarifçi və milli istiqlal sevdalısı
Azərbaycanın milli istiqlal hərəkatçılarından olan Mirzə Bağır Əliyev
1882-ci ildə Naxçıvan
şəhərində doğulub. Onun atası
Hacı Yusifin Nehrəm kəndində və Naxçıvan şəhərində mülkləri
vardı. Hacı
Yusifin 5 övladı olub: Böyük oğlu Məşədi Tağı, Mirzə Bağır, Nağı, Fatma və Ümmülşərəf.
Hələlik Mirzə Bağır
Əliyevin şəxsi
işi tapılmadığından
arxiv sənədlərindən
və onun haqqında yazılan xatirələrdən istifadə
edəcəyik.
Mirzə
Bağırın qızı,
Azərbaycanın Xalq
artisti Zəroş Həmzəyevanın xatirələrindən
məlum olur ki, Mirzə Bağır Əliyev ilk təhsilini Naxçıvan
şəhər qəza
məktəbində alıb
və sonralar İrəvanda gimnaziyada təhsilini davam etdirib. O, ərəb, fars və
rus dillərini mükəmməl bilib. Azərbaycanın ayrılmaz
tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının Dövlət
Arxivində saxlanılan
sənədlərdən məlum
olur ki, Mirzə Bağır Əliyev 11 sentyabr 1908-ci il tarixində
İrəvan Quberniyası
Xalq Məktəblərinin
müdirinin əmri ilə Culfanın Yaycı kənd məktəbinə nəzarətçi
(müdir) vəzifəsinə
təyin edilmişdi. Arxiv fondlarında onun İrəvan quberniyası
Xalq məktəblərinin
müdirinə göndərdiyi
raportlar saxlanılır.
O raportlardan məlum olur ki, Mirzə
Bağır Əliyev
maarifçilik işində
çox intizamlı olub. Müdir olmaqla yanaşı,
Yaycı məktəbində
rus dili və hesab fənlərini
də tədris edib.
1909-cu ilin oktyabrında quberniya mərkəzindən
Yaycı kənd məktəbini yoxlamağa
gələn inspektor Razumovski yoxlamadan sonra təftiş aktında yazmışdır:
"19 sentybar 1909-cu ildə
Yaycı məktəbini
ziyarət etdim və məktəbin müəllimi Mirzə Bağır Əliyevin rus dili və
hesab dərslərində
iştirak etdim. Dərslər qənaətbəxşdir və tədris işində cənab Əliyevin səy və istəyi görünür".
Mirzə Bağır Əliyev
1911-ci ilin aprel ayına kimi Yaycı məktəbində
işləyib.
Araşdırmalar zamanı tapdığımız
sənəddən məlum
olur ki, Mirzə Bağır Əliyev 1912-ci ilin aprel ayında Nehrəm məktəbinə
nəzarətçi (müdir)
təyin olunub. Bu məktəbdə də işləyərkən o, məktəbin
təmir olunması üçün, məktəb
kitabxanasında lazım
olan kitabların Naxçıvandan və İrəvandan gətirilməsi
üçün var qüvvəsi ilə çalışmışdı. Bunu onun yazdığı raportlar təsdiqləyir.
Həmin
raportlar Naxçıvan
Muxtar Respublikası Dövlət Arxivinin
26-cı fondunda saxlanılır.
Həmin
sənədlərdən məlum
olur ki, o, 1916-cı ilin aprel ayına
kimi ata vətəni Nehrəmdə
məktəb nəzarətçisi
işləyib. 1917-ci ildən başlayaraq Mirzə Bağır Əliyev doğma vətəni Naxçıvanın
erməni təcavüzündən
və xarici müdaxiləçilərdən azad olunmasında fəal iştirak edib. Başqa sözlə desək,
onun Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvanın istiqlal
tarixində fəal iştirakı başlayır.
Mirzə
Bağır Əliyev
gimnaziya təhsilli olduğundan və ərəb, fars,
rus dillərini mükəmməl bildiyindən
Naxçıvan Müsəlman
Milli Komitəsinin (sonralar Milli Şurası), Naxçıvan
Araz-Türk Cümhuriyyətinin
və Müvəqqəti
hökumətin katibi işləmişdir.
Mirzə Bağır Əliyevin
"Qanlı günlərimiz"
əsəri qalın cildlənmiş 250 səhifəli
məktəbli dəftərinə
qara mürəkkəblə,
ərəb əlifbasıyla
yazılıb. Maraqlı və vacib cəhətlərdən biri
odur ki, burada naxçıvanlıların
düşmənə qarşı
mərdlik və qəhrəmanlıqla vuruşması
günbəgün, saatbasaat
təsvir edilib.
Qeyd etmək
yerinə düşər
ki, 1993-cü ildə bu qiymətli əlyazma filologiya elmləri namizədi Tərlan Quliyev tərəfindən Azərbaycan
əlifbasına (kiril)
çevrilib və çap etdirilib.
Mirzə
Bağır Əliyev
əsərin əvvəlində
yazır: "Qanlı
günlərimiz" Naxçıvanda
erməni-müsəlman müharibəsinə
dair bir əhvalatdır ki, gələcək vətəndaşlar
üçün tarixi
yadigar deməkdir".
1918-ci ildə onun
36 yaşı vardı. Mirzə Bağır
Əliyev Naxçıvanda
sovet hökuməti qurulandan sonra mühüm vəzifədə
işləyib. İnqilab Komitəsinin
qərarı ilə Daxili İşlər Şöbəsinin ümumi
məlumat-təlimat şöbəsinə
rəis Mirzə Bağır Əliyev təyin olunur. Bu haqda Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il
tarixli qərarı vardır.
Sovet hakimiyyəti
illərində Mirzə
Bağır Əliyev
müəllim, hüquqşünas-vəkil
kimi də fəaliyyət göstərib. Mirzə
Bağır Əliyev
yaxşı tar çalarmış
və "Səyyar"
təxəllüsü ilə
şeirlər yazarmış.
Onun qızı mərhum Xalq artisti Zəroş
Həmzəyevanın çox
ehtiyatla yazdığı
("Atam haqqında bir neçə söz") xatirəsindən
məlum olur ki, Mirzə Bağır Əliyev
1937-ci ildə Naxçıvanın
Siyasi İdarəsi tərəfindən həbs
edilib və 3 gün istintaqa cəlb olunub. Yəqin ki, gələcək axtarışlarda bu istintaq materiallarını
tapmaq mümkün olacaq. Çünki Zəroş xanımın
yazdığından məlum
olur ki, onun həbsi Mirzə Bağır Əliyevin məşhur hərbçi qardaşı
ilə bağlı olub. Bu haqda bir az sonra söhbət açacağıq.
Siyasi idarənin
sorğu-suallarından sonra
Mirzə Bağır Əliyev 5-6 ay işsiz qalıb. Qızının yazdığından məlum olur ki, sonralar işə
düzəlsə də,
əvvəlki kimi rahat deyildi. Biz onun hərbçi
qardaşı Nağı
Əliyevlə bağlı
axtarışlar aparandan
sonra qərara gəldik ki, Siyasi İdarə Nağını bərk axtarırmış. İstintaqdan sonra Mirzə Bağır Əliyev çox yaşamayıb.
1938-ci il sentyabrın 1-də qəflətən
ürək tutmasından
Naxçıvan şəhərində
vəfat edibdir. Mirzə Bağır Əliyev İrəvanlı İbrahim
bəy Makinskinin gimnaziya təhsili almış qızı Əfşar xanımla ailə qurmuşdu. Bu nikahdan Şulan
(Məmmədrza), Zəroş,
Əkrəm, Fəridə
və Qurban adlı övladları olmuşdur.
Mirzə Bağır Əliyevin hərbçi qardaşı
haqqında Zəroş
xanım "Qanlı
günlərimiz" əsərinin
əlavəsində azacıq
məlumat verib. Əvvəldə
dediyimiz kimi, çox ehtiyatlı!
2002-ci ildə Azərbaycan
hərb tarixinin zəhmətkeş tədqiqatçısı
Şəmistan Nəzirlinin
"Topoqraf-general İbrahim
ağa Vəkilov"
adlı kitabının
sonunda Azərbaycan Respublikasının Xalq artisti Zəroş xanım Həmzəyevaya ünvanladığı məktubda
Nağı Əliyev haqqında məlumat yer alıb (s.286-287).
Nağı Əliyevlə bağlı
xeyli axtarışlarımız
oldu. Azərbaycan hərb
tarixinin Moskvada yaşayan tanınmış
tədqiqatçısı Eldar Elxan oğlu
İsmayılovun rusca
yazdığı "Georgi
kavalerləri-azərbaycanlılar", (Qeorqievskie kavalerı - azerbaydjanüı, Moskva
2005) kitabında olan arxiv sənədlərindən
məlum oldu ki, Nağı Əliyev Yusif oğlu 22 may 1917-ci ildə
çar Rusiyasının
yüksək hərbi
mükafatı - Georgi
Silahı ilə təltif edilib. Orada qeyd olunub ki,
Nağı Əliyev
1895-ci ildə Naxçıvan
şəhərində doğulub.
13-cü Finlandiya atıcı polkunun poruçikidir. Bu Qızıl Silahın verilmə səbəbi də yazılıb.
Oradakı məlumatdan aydın
olur ki, Nağı Əliyev 1 oktyabr 1916-cı ildə, həmin polkun podporuçik olan vaxt, özünün kəşfiyyatçı döyüşçü
yoldaşlarına komandirlik
edərək, güclü
atəş altında
Ezerno kəndinin cənub-şərqindəki Stavok
çayını keçmişlər.
Onun özü cəld və çevik süngü döyüşündən
sonra düşmənin
səngərini ələ
keçirib. İki əks
hücumdan sonra düşmən səngərində
yerini möhkəmləndirib.
O, 1918-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunda
hərbi xidmətə
başlayıb. Azərbaycan Parlamentinin
mühafizə xidmətinin
rəisi olub. Bu illərdə ona
podpolkovnik hərbi rütbəsi verilib.
1920-ci ildə aprel
ayının 28-dən, yəni
sovet hökuməti qurulandan sonra onun haraya mühacirət
etməsi haqda dəqiq məlumat yoxdur. Güllələnənlər siyahısında da adı qeyd
edilməyib. Qohumlarının dediklərinə görə,
Nağı Əliyev döyüşçü dəstəsi
ilə Naxçıvana
gəlib və Naxçıvanın müdafiəsində
iştirak edib. Naxçıvan Muxtar Respublikasının
Dövlət Arxivində
saxlanılan 2 sənəd
Nağı Əliyev haqqında maraqlı məlumatlar verir. Bu sənədlər onun böyük qardaşı Mirzə Bağır Əliyevin Nehrəm kənd məktəbində işləyərkən
yazdığı raportlardır.
O, 7 yanvar 1913-cü ildə
İrəvan Quberniya Xalq Məktəbləri müdirinə göndərdiyi
və 17 yanvar
1914-cü il tarixdə yazdığı
raportlar Nağı Əliyevin həyatı ilə bağlı axtarışlara kömək
edə bilər. Məzmunu dəqiqliklə əlimizdə
olan bu arxiv
sənədlərindən görünür
ki, Nağı Əliyev müəllim də işləyib.
Amma onun keçdiyi hərbi yol da mühümdür ki, o haqda az-çox
məlumatımız var.
Hər iki qardaşın - Mirzə Bağır Əliyevin və podpolkovnik Nağı Əliyevin
1918-1920-ci illərdə Azərbaycanın
və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın
müdafiəsində böyük
xidmətləri olub. Ürəkləri vətən
sevgisi ilə dolu olan qardaşların tariximizdə
yaşamaları üçün mənəvi
haqları var.
Musa QULİYEV (RƏHİMOĞLU),
AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi,
tarix üzrə fəlsəfə
doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.12.