"Biz qan görəndə qorxmuyoruz,
"naaborot"
qızışıyoruz..."
KEÇMİŞ
DÖYÜŞÇÜ OLAN SADƏ BİR
GƏNCƏLİNİN TÜRK TELEVİZİYASINA
DANIŞARKƏN İŞLƏTDİYİ,
DİLLƏRDƏ GƏZƏN BU "ORİJİNAL"
İFADƏNİN QAYNAQLARI HAQDA
Son bir neçə gündür, erməni həyasızlığının ən kobud nümunələrindən
biri kimi, ölkəmizin ikinci şəhəri Gəncənin,
eləcə də digər dinc yurd yerlərimizin davamlı bombardman hadisələrini
əyani və teleekranlardan izləyənlər sadə azərbaycanlıların, təhlükə
altında olsalar belə, heç vaxt mənəvi sarsıntıya uğramadıqlarının,
əksinə, bu çətin günlərdə
onların vətən
eşqinin birə beş artdığının
şahidi olurlar.
Bu baxımdan, ötən günlər Gəncədə
dağılmış bir
binanın yanında türkiyəli jurnalistə
müsahibə verən
gəncəlinin söylədikləri,
könüllərdə ifadələrinin
tərzinə görə
xoş təbəssüm
doğurmaqla yanaşı,
xalqımızın övladlarının
qəhrəmanlıq ənənələrinin
genetik əsasları məsələsinə də
bir xatırlatma kimi dillərdə dolaşmaqdadır:
"Biz gəncəlilər, ümumiyyətlə,
azərbaycanlılar qan
görəndə qorxmuyoruz, "naaborot" qızışıyoruz".
İfadəsinin içində türk
qrammatik tərzi ilə qətilik anlamında Gəncədə
çox istifadə edilən bir rus sözünü də işlədən bu adam keçmiş döyüşçü,
Qarabağ qazisi Tariyel Şahverdiyevdir. Bakıda Dövlət Universitetinin hüquq fakültəsini bitirəndən sonra doğma Gəncəyə
qayıdan gənc Tariyel burada bir müəssisədə
çalışıb. Qarabağ uğrunda savaş başlayan kimi, könüllü döyüşlərə qatılmaq
istəyini bildirib və yeni yaradılan "OMON"a
qəbul olunub. Daxili İşlər Nazirliyinin hərbi bölmələri tərkibində
cəbhənin müxtəlif istiqamətlərdə
fədakarcasına döyüşüb.
Dəfələrlə təltif olunub.
"Mən hamıya
xoş gələn o sözləri elə-belə
deməmişəm. Qəhrəmanlıq
bizim xalqın qanındadır.
Özümün və
döyüş yoldaşlarımın
dəfələrlə ölümün
gözlərinə dik
baxa-baxa döyüşdən-döyüşə
atılmağımız da
Vətənin torpağının,
suyunun hopduğu həmin
qanda qaynayıb-coşan
igidlik xüsusiyyəti
ilə bağlıdır.
Dəfələrlə yaralanmağıma baxmayaraq, o hisslər məni yenə döyüş meydanlarına
aparıb. Cəbhədə aldığım güllələrdən
biri hələ də mənim sinəmdə, ürəyimə
bitişik halda durur. Bizim millət tarix boyu onu incidəni
bağışlamayıb, "qana-qan"
deyib. 30 il bundan qabaqkı gəncliyimizdə millətimizin
mərd övladlarının
- Cavad xanın, laçınlı Soltan bəyin, elin təəssübünü çəkən
qaçaqlarımızın, eləcə də Həzi Aslanovun, İsrafil Məmmədovun
və digərlərinin
igidlikləri bizim üçün bir örnək olub. Bu gündə o qəhrəmanların
ruhu bizi düşmənə layiqli
cavab verib, şəhidlərimizin, qurbanlarımızın
intiqamını almağa
səsləyir!", - deyə
keçmiş döyüşçü
bildirir.
Qarabağ qazisinin həmişə
el içindən çıxmış,
sadə camaatın tərəfində durub, onlara qarşı ədaləsizliklərin intiqamını
alan qorxmaz qaçaqlarımız haqda
xatırlatmasına qüvvət
olaraq, Qafqaz tarixində yenilməz qalan yeganə qaçaq Dəli Alını xatırlamaq yerinə düşər.
Hələ 25 yaşındaykən, 1898-ci ildə
çar hakimiyyətinin
yerli məmurları ilə sözü çəp gələn Gəncəbasar elinin Qarasuçu kənd sakini, məğrur və çılğın
Alı əlinə silah götürərək
bu yerlərin dağ və meşələrinə çəkilir. Bir neçə ildən sonra onun dəstəsində
artıq yüzlərlə
adam var
idi. Peterburq mətbuatının "Qafqaz
şeytanı" adlandırdığı
Dəli Alı 15 illik qaçaqçılığı
dövrü ərzində
çar kazak
və strajnikləri ilə neçə-neçə
əsl döyüşlərə
girib. Hətta onun bu zaman göstərdiyi saysız-hesabsız igidlikləri
xalq qisasçısı
haqda bir çox dastanlarda əks olunub. Bir məşhur aşıq havası Dədə Ələsgərə
məxsusdur:
Dəli
Alı qoşunuyla
Azərbaycan xanı kim,
Yanında yoldaşları var,
Misirin sultanı
kimi.
Hər yana namə
göndərib,
Süleyman fərmanı kimi,
Ordu pozar, tüp dağıdar,
Qüdrətin Aslanı kimi.
Lakin Dəli
Alının ən mühüm, tarixi qiymətə layiq olan xidməti, şübhəsiz, onun öz dəstəsilə
1905-ci ildəki məlum
hadisələrlə bağlı
oynadığı həlledici
roldur. Həmvətənlərinin
taleyindən narahat olaraq dağlardan enən Dəli Alı və onun yüzlərlə silahlı döyüşçüsü
Gəncədəki "Difai"
milli təşkilatının
qüvvələri ilə
birləşərək, nəinki
hakimiyyətin təhriki
ilə müsəlmanlara
qarşı hücuma
keçən ermənilərə
layiqli cavab verdilər, həm də Gəncə zonasındakı bütün
erməni məhəllələ
və kəndlərini
tam mühasirəyə aldılar.
Yalnız
general-qubernator Bauerin tanınmış gürcü
knyazları və digər nəcabətli şəxslərlə birgə
Tiflisdən Gəncə
ağsaqqallarının yanına
xahiş-minnətə gəlməsindən
və ermənilərin
"qələt etmişik"
deyib üzr istəmələrindən sonra
mühasirə götürüldü.
Dəli Alı isə ağ
atın belində, öz dəstəsinin önündə camaatın
alqışları altında
Gəncənin küçələrindən
möhtəşəm bir
qalibiyyətlə keçərək,
dağlara qayıtdı
(bax. Nağı Şeyxzamanlı. "Azərbaycan İstiqlal
mücadiləsi xatirələri",
Bakı 1997. səh.18).
Bu hadisənin və
həmin "parad"ın
xalqın mənəvi
yüksəlməsində və
öz gücünə
inamının formalaşmasında
hansı rolu oynadığını təsəvvür
etmək çətin
deyil. 1905-ci ilin həmin payız günlərində
şəhər sakinləri
minnətdarlıq əlaməti
olaraq, Dəli Alıya, əl işləri Peterburq və Paris sərgilərində
mükafatlar da almış tanınmış
gəncəli zərgər
Ağamirzənin düzəltdiyi,
üstündə "Alı
mərdi-mərdana, budur
girdi meydana" yazılmış qızıl
xəncər bağışladılar.
Heç
də az
əhəmiyyət kəsb
etməyən bir fakt kimi, onu
da qeyd etmək
yerinə düşər
ki, rejim tərəfindən qoyulmuş
yüksək məbləğə
baxmayaraq, Gəncəbasarda
heç kim cəsur qaçağın
ələ verilməsi
hesabına varlanmaq istəməyib. Hakimiyyətin
çoxsaylı plan və
əməliyyatları da
bir nəticə verməyib.
İgidlik epopeyası ləyaqətlə
də sona yetib. 1913-cü ilin əvvəlində Peterburqdan
Gəncəyə xüsusi
tapşırıqla knyaz
Qolitsin gəlir.
Knyazın xahişi ilə
Gəncə ağsaqqalları,
qubernatorun da iştirakı ilə onun Dəli Alı ilə görüşünü təşkil
edirlər. Burada
məlum olur ki, İmperator Alının igidlik və cəsarətini yüksək qiymətləndirərək,
Romanovlar sülaləsinin
hakimiyyətinin 300 illiyi
münasibətilə onu
əfv etmək qərarına gəlib və bu yubiley
şərəfinə keçiriləcək
təntənələrdə yenilməz qaçağı
da öz qonaqları sırasında
görmək arzusundadır.
Çarın bu qərarı
və dəvəti minnətdarlıqla qəbul
edilir (bax. Hüseyn Baykara. "İstiqlal mübarizəsi tarixi", Bakı 1992).
Xüsusi
vurğulamaq lazımdır ki, bu cür, həqiqətən də
yüksək şərəfə Rusiya İmperiyası
tarixində, bu hadisələrdən 50 il qabaq, yalnız
Şeyx Şamil layiq görülmüşdü. Həm də Şeyx Şamil əsir alındıqdan sonra əfv edilib, Dəli
Alı isə axıracan yenilməz qalıb.
"Özünün bağışlanması münasibətilə babam Gəncənin Şah Abbas məscidində kasıblara bir kasa qızıl onluq ianə edib. Dəli Alı igid adamlara xas olan səxavəti ilə də seçilib", - deyə yenilməz qaçağın nəvəsi, təqaüdçü Flora Məhərrəmova bildirir.
Yeri
gəlmişkən, Flora xanımın atası, Dəli
Alının oğlu Məmməd Alı oğlu Məhərrəmov
Böyük Vətən Müharibəsində göstərdiyi
şücaətə görə (ot kökü üstə
bitər), 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb.
Müharibədən sonra "Geroy Mamed" uzun illər
kolxoz sədri olub.
Dəli
Alı 1917-ci ildə öz nökəri tərəfindən
öldürülüb. Qəsdi səbəbləri tam aydın olmasa da görünür, qatil kiminsə sifarişini
yerinə yetirib. Yenilməz qaçaq Kərbəlayı Alı Məhəmməd
oğlunun məzarı müqəddəs
məkan sayılan "İmamzadə" məqbərəsi
ətrafındakı qəbiristandadır.
Kişi
sözlü, mərd hərəkətli Dəli Alının əhvalatını
bir nümunə kimi xatırlatmaqla, bu günlərdə
ölkəmizin hər bir guşəsində istənilən vətəndaşımızın
dilindən çıxan, Vətən və Millət sevgisinin
yeni bir intibahını əks etdirən Ürək Sözlərinin
tarixi yaddaşımızdan gəldiyininə diqqət çəkmək
istərdik.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.24.