Solmayan Nərgiz

 

(Romandan parça)

 

Barbar xalqlar (təəssüf ki, belə idbar toplumlar hələ də var)  insan üçün vətənin nə qədər müqəddəs olduğunu heç olmasa bircə an düşünə bilsələr, yer üzündə işğalçılıq deyilən cinayətin izi-tozu qalmaz...

Sakinlərin ölüm-dirim savaşına atılmaqlarına baxmayaraq, rayonun  yuxarı dağ kəndləri və o meşəli-yalçın dağların əl-ətəyində binələnən rayon mərkəzi, yəni Cəbrayıl şəhəri düşmənə təslim edilmişdi. Elə bu səbəbdən də Arazboyu kəndlərin qara günləri başlamışdı. Yerli əhalinin quduzların həmləsinə pis-yaxşı sinə gərdiyi bir məqamda yuxarıdan - Bakıdan əmr gəlmişdi ki, kəndlər boşaldılsın. Qondarma nazirlərin, Vətən düşmənlərinin, qeyrətsizlərin,  dünyada hər şeyi sərvətlə ölçüb, özlərinin isə it ağzından çıxan əsgi qədər qiyməti olmayanların korafəhmliyi üzündən Qarabağ əldən çıxırdı, qonşu rayonlar da  torpaqlarını tərk etmişdilər. Cəbrayıl xirtdəyə dirənən bıçaq kimiydi. Çünki Laçın, Şuşa, Xankəndi, Qubadlı, Zəngilan tapdaq altındaydı. Külli Qarabağda havayı qurbanların, döyüşən şəhidlərin ruhları sızlayırdı. Camaat təklənmişdi, o rəhbərsiz və əliyalın idi. Mərcanlı, Mehdili, Çaxırlı, Cocuq Mərcanlı ... saatbasaat boşalırdı. Dərə ağzı deyilən səmtdə atılan top, qranat partlayışları vahimə yaradırdı. Millətin damarlarından qara qanlar axırdı. Hamının bircə düşüncəsi vardı: min illik dədə-baba yurdunu, bu boyda cəzirəni dərənin çaqqallarına təslimmi edək? Yaxşı, bəs evimizin içindən qovuluruqsa, hara gedək, kimə sığınaq?

Qorxunc təlaş içində həyətindən axır-uxur çıxanlardan biri də Rəcəb idi. Lələtəpədən atılan top mərmiləri kəndi dövrələyən düzəngahda partlamağa başlayanda, o, qapı-bacanı bağlayıb:

- Vaxtdır, - dedi.

Qonşudakı cahıl-cuhulu haylayıb başına topladı. Araza doğru yönəldilər. Döyüşüb getmək istəməyənlərə də indiki vəziyyətdə vaxtkən qaçıb heç olmasa canlarını salamat qurtarmağın yeganə çıxış yolu olduğunu bildirdi.

Əslində, uşaqları tələsdirməkdə düz eləmişdi, heç yüz metr aralanmamış yuxarılardan atılan mərmi qaçqın köçünün on addımlığında guruldadı, mərmi zərbəsi kimlərisə qorxuzub yerə sərdi. Xoşbəxtlikdən xəsarət alan olmadı.

 

***

 

Evini-eşiyini qoyub getmək istəməyənlərdən biri, bəlkə də ən birincisi  Fəzli kişinin arvadıydı.

- Səbrini bas, a kişi, yenə nə olub hövllənmisən? - ərinə səslənmişdi  o.

- A zalım qızı, necə yəni nə olub, görmürsən tifağı dağılmışlar qulağımızın dibində atırlar?  Sən də yayxanıb taxıl xəlbirləyirsən... Dur ayağa, təmizlədiyin buğdanı onlar tıxacaq.

- Kişi, mən heç yerə gedən deyiləm, evimi, yurdumu atıb hara gedirəm?  Dişim-dırnağımla əmələ gətirdiyimi itə-qurdamı verim?

- Ay arvad, sənin topunmu var, topxananmı var, üstümüzə bəla gəlir. Nağayraq, aləm qaçıb gedib, indi durub biz ikicəciyimiz silahamı sarılaq?

- Silahla nə işim, a kişi? Adam öldürənəm, yol kəsənəm-nəyəm? Yoxsa əsgərəm, bilməmiş kimi danışırsan...

- Elə ona görə də deyirəm, tərpən, kəndin hamısı axışıb Arazın qırağına, qalan tək bizik.

- Oyyy, a kişi, yayın cıbrığında iki yüz balon bağlamışam, şorabalar tutmuşam, mürəbbələr bişirmişəm, bəs onlar nolajax, bəs bu mər-məhlə nolajax?

- Rəhmətliyin qızı, millət necə, biz də elə, Allahın rəhmi böyükdü. Di tərpən, nə qədər ki, başımız çiynimizin üstündədir, bəladan qurtulaq.

 

***

 

... Elə bil məhşər ayağıydı, daim yurdda binələnən  kəndin və qonşu kəndlərin camaatı, uşaq-böyük  zor-bəla ilə özünü  çölə  atmışdı. Ermənilərin qəflətən kəndə girməsi milləti təşvişə salmışdı. Ölümdən də çox, insanları bu barbarların əlinə düşmək, əsir olmaq qorxusu qəhr edirdi. Çünki Qarabağın üstünə gələn quduz düşmən qayda-qanun deyilən şeyi heç tükünə də almırdı, onların niyyəti yalnız və yalnız vəhşilik törətmək, talamaq, dağıtmaqdı.

Oktyabr ayının sonu olmasına baxmayaraq, kimin əynində hansı libası vardısa, evdən onunla çıxmışdı. Uşaqların əlindən tutub başıaçıq, ayağıyalın Araza doğru axışırdılar. Yaxınlaşan atəş səsi, mərmi partlayışları bu silahsız, köməksiz, öz ölkəsinin içində başlı-başına buraxılmış bu talesizləri hər an yaxlaya bilərdi. Fəlakətin ağır möhnətinə baxmayaraq, onlar heç cür inana bilmirdilər ki, kölgəsindən qorxan dızqax erməni bu boyda qələt qarışdıra, Dağlıq Qarabağ bir yana, Azərbaycanın bu coğrafiyasına aid olmayan Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın kimi rayonlarına da hücum çəkə bilər. Hardaydı ermənidə bu cürət?! Arxalı köpək qurd basar, deyib ötəki kişilər. Erməni də arxasında dayanan gücə arxayındı. Budur, qısa zaman ərzində düşmən tamamən quduzlaşmış, yolda-irizdə gözlərinə dəyən azərbaycanlıları qəddarlıqla qətlə yetirmiş, camaatın mal-heyvanını, atını-arabasını əlindən almış, azğına yeri göstərilmədiyinə görə  canavara dönmüşdülər. Digər qonşu rayonlarla müqayisədə yurdu ən axırda tərk edən cəbrayıllıların vəziyyəti daha çıxılmaz idi, rayonu ölkənin digər bölgələri ilə qovuşduran yolun üstündəki Horadiz qəsəbəsi erməninin əlində idi. Ağdam, Füzuli şəhərləri viran qoyulmuşdu. Didərginlərin yeganə çıxış yolu hər necə olursa-olsun Arazı adlayıb İran ərazisinə keçmək, oradan irəliləyib Bəhramtəpə, İmişli tərəflərdə yenə də öz ölkəmizin ərazisində, hansı bir nöqtədəsə qərar tutmaq idi...

 

***

 

Naxçıvan tərəflərdən ta Qaradonluya qədər bu insanları qarabağlılar Arazqıraqlı adlandırsalar da, onların çoxu demək olar ki, Araz çayını ilk dəfə belə yaxından görürdülər. O Arazı ki, adına bayatılar qoşub, ona Xan Araz deyiblər. O Arazı ki, iki yüz il ərzində dili, dini, həyatı bir olan xalqı iki yerə parçalamışdı. İranla saziş bağlayan rus dövləti öz ərazilərindən min kilometrlərlə aralıda tikanlı məftillər çəkib milləti su üzünə həsrət qoymuşdu.

... Köçkün qafiləsini çayın o tayına Hikmət Tanrıverdi oğlu daşıyırdı. Onun idarə etdiyi buldozerin arxasına maşınları, lapetleri qoşmuşdular; yedəklərin hamısının da içi arvad-uşaqla, yüngül ev əşyalarıyla doluydu. Hikmət dönə-dönə adamlara dil töküb yalvarırdı ki, ay camaat, lazımsız şeyləri özünüzə yük eləməyin, ömürlük getmirsiz ha, bu gün-sabah dönərik xarabamıza. O, bunu nahaq yerə demirdi. Arazın İran tərəf sahili çox dərin idi, su qıjovla axırdı, çayı salamat keçməyə heç kim zəmanət verə bilmirdi. Hamı da yalnız bir adamı imdada çağırırdı: Hikmət! Hikmət! Hikmət! Böyük bir kənd, onlarla insan tək Hikmətin umuduna qalmışdı...

- Atam-anam sənə qurban  a bala, harda qaldın? Əclaflar haqlamamış bizi də addat o taya...

- Allah atana-anana rəhmət eləsin, ay Hikmət, biz qaldıq axı...

- Əziyyətini halal elə, oğul, vallah, çarəsizik...

- Yalvarıram, Hikmət, ağlamaqdan az qalır uşaqlarımın bağrı yarıla.

Bir-iki günün içində yurdundan pərən-pərən düşən bu binəvalar məhz həmən o tikanlı məftilləri basıb keçmişdilər. İndi onlar kədərli və bəlkə də gərəksiz barxanalarıyla özlərini Xan Arazın gur axarına çırpmalı, qarşı sahilə keçməli idilər. Yeganə xilas yolu bu idi. Kim ölə, kim qala, ya mədəd.

Hər tərəfdən qulağını dolduran imdad çağırışları qan-tərə batmış cavan bulduzerçini - Hikməti daha çevik hərəkətə sövq edirdi. Onun beynində yalnız bir fikir vardı; bu çarəsizləri ən qısa zamanda o taya, İran ərazisinə sağ-salamat addatmaq! Nə qədər səbrini basıb təmkin göstərsə də, arada bir qəhərdən boğulan Hikmət nəinki müharibə görməyən, hətta bir qarışqanın tapdanmağına qıymayan bu insanları qınamırdı. Və bu anlarda cavan oğlana elə gəlirdi ki, Allah ona möhkəm dözüm, böyük güc, dərin müdriklik verib və bu mərdanəlik elə miqyasdadır ki, çarəsiz insanların hamısına yetər. O, sanki sərkərdə kimi bəyan edir:

- Üzə bilənlər irəli keçsin, ehtiyatlı olun ha, o tay çox dərindi. Sahilə çıxmaq zülmdü, yer çox sürüşkəndi, üstəlik, bu taya baxmış xeyli qəlbidi, eşidin məni. Qadınlar, uşaqlar, yaşlılar, üzmək bilməyənlər məni gözləsinlər. Qorxmayın, hamınızı keçirəcəm ilahinin köməyi ilə. Özünüzü toxdaq tutun, heç kim yaddan çıxmayacaq, həşir salıb uşaqları qorxuzmayın...

Doğma adamın verdiyi təskinlikdə nəsə ilahi bir sirr var. Hikmətin çağırışları həmkəndlilərini, türklər demiş, kəndinə gətirir, onlara hər müşkülün bir çarəsi var - həqiqətini anladırdı.

Hamı birağızdan ona dua edirdi. Kimi uca səslə, kimi içində.  Üzməyi bacaran bir neçə adam  Arazın  o biri tayına keçə bildi.  Buldozerin bir az irəli o taya keçirdiyi adamlar onlara qoşuldular.   Uşaqlar elə hey ağlayırdılar, onlar nə baş verdiyini anlamırdılar,  səs-küy, ifrat təlaş  onları qorxudurdu, valideynlər kəsdirə bilmirdilər ki, bu tifilləri necə ovutsunlar.

Elə bu arada yuxarı kəndlərin birindən ermənilərin əlindən qaçıb Mehdili kəndində, tanışlarının yanına sığınan Nadirin oğlunun çayda batması xəbəri çıxdı. Rəhimə, uşağın anası saçını yolur, göz yaşı axıda-axıda yalvarırdı:

- Hanı balam, yalvarıram, tapın onu. Böyük uşağımı qansızlar şişə keçirdilər, şəhid oldu!.. Gözümün ağı-qarası, olanım o idi, necə yəni su apardı?!

 

Ulduz QASIM

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.21.