Kinorejissor Lətif Səfərovun 100 illiyi tamam olub

 

Azərbaycan kino tarixində xüsusi yeri olan kinorejissor Lətif Səfərovun anadan olmasının 100-cü ildönümü tamamlanıb.

Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun "Gilan qızı" filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Qızıl kol" filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub qiyabi təhsil alıb.

O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-ci ildə təhsilini başa vurub peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır kinostudiyada çalışmağa başlayır. 1955-ci ildə "Bəxtiyar" filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir bununla da filmin şöhrəti hər yerə yayılır.

Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı, peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir. Lətif Səfərovun ekranlaşdırdığı "Leyli Məcnun" , "Qızmar günəş altında" bədii filmləri kino tamaşaçıları tərəfindən çox sevilib uzun illər ötməsinə baxmayaraq, sevilərək baxılır.

Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir. Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişib.

Bu gün anadan olmasından bir əsr ötən kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.

 

525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.9.