Mühacirət mətbuatımızın
fədakar tədqiqatçısı
FİLOLOGİYA ELMLƏRİ
DOKTORU ABİD TAHİRLİNİN 65 YAŞINA
Tanınmış tədqiqatçı-alim Abid Tahirlinin
Azərbaycan mühacirət mətbuatı sahəsindəki
çoxillik səmərəli və məqsədyönlü
fəaliyyəti, sanballı tədqiqat əsərləri
humanitar elmimizin inkişafında, elmi-mədəni dəyərlərimizin
zənginləşməsində ciddi rol oynayır və
mühüm əhəmiyyət kəsb edir.
Onun
imzasına əvvəllər müxtəlif mətbuat
orqanlarında rast gəlsəm də, özü ilə şəxsən
1988-ci ildə Vətən Cəmiyyətinin "Odlar
yurdu" qəzetinin redaksiyasında görüşüb tanış olmuşduq. İlk ünsiyyətdən
o, aydın milli düşüncələri, sabit siyasi
mövqeyi, saf və bir az da
çılğın təbiəti, qaynar baxışları
ilə mənə Odlar yurdunun od oğlunu andırırdı.
Çalışdığı qəzetin
1988-90-cı illərinin köhnə dəstlərini bu gün
nəzərdən keçirdikcə, saralmış səhifələrdən
zamanın pərdələdiyi, diqqətdən
yayındırdığı mövzuların hələ də
qorlandığını, közərdiyini duyur və
duyğulanırsan.
Təxminən
30 il bundan əvvəl - 1991-ci ilin mart
ayı idi. AMEA-nın müxbir üzvü, professor Yaşar
Qarayevin təşəbbüsü, Nizami adına Ədəbiyyat
İnstitutu, "Vətən" Cəmiyyəti və
Ankaradakı Azərbaycan Kültür dərnəyinin təşkilatçılığı
ilə Bakı şəhərində "Azərbaycan
mühacirət ədəbiyyatı" adlı beynəlxalq
elmi simpozium keçirilirdi. Yalnız Türkiyədən və Avropa ölkələrindən
30 nəfərdən çox görkəmli alimlər,
ictimai-siyasi xadimlər, mühacirət irsinin tədqiqatçıları
Bakıya, Beynəlxalq elmi simpoziuma təşrif gətirmişdi.
Qonaqların arasında Ankaradakı Azərbaycan Kültür
dərnəyinin rəhbəri Cəmil Ünal, Əli Yavuz
Akpınar, Əhməd Bican Ercilasun, Qulamrza Səbri Təbrizi,
Əhməd Qaraca, Ürfan Murad Yıldırım, Yavuz
Bülənd Bakülər, Tuncar Kırhan, Fəxrəddin
Gülsevən, Süleyman Tekiner, Hüseyn Tuncər, Əli
Rza Turan, Servet Gürcan və digər tanınmış
ziyalılar vardı. Onlar elmi simpoziumun işində
maraqlı, yeni faktlarla zəngin məruzələri ilə fəal
iştirak edirdilər. Bu böyük elmi, ədəbi-mədəni
tədbirin xaricdən dəvət olunan nümayəndələrinin
qarşılanmasında, onlarla sıx ünsiyyətin
qurulmasında, qonaqların fəaliyyət sferasının
tanıdılmasında və təbliğində "Vətən"
cəmiyyətinin səlahiyyətli, fəal və cəfakeş
təmsilçisi Abid Tahirli idi. O, çoxlarından fərqli
olaraq simpozium iştirakçılarının böyük əksəriyyətini
öncədən tanıyırdı. Xaricdəki
dostları yaxşı bilirdi ki, A.Tahirli mühacirət mətbuatını
xeyli müddətdir ki, ciddi araşdırır.
O,
1992-1993-cü illərdə "Vətən" Cəmiyyəti
Avropa və Amerika ölkələri şöbəsinin
müdiri, 1993-cü ildən isə Azərbaycan Respublikası
Nazirlər Kabinetində Humanitar və sosial problemlər
şöbəsinin baş məsləhətçisi vəzifəsində
çalışdı. Humanitar və sosial problemlər sahəsindəki
fəaliyyəti dövlət qulluğu olaraq elmi tədqiqat
işi üçün məhdudlaşdırıcı
xüsusiyyətlərə rəğmən, o, illərlə
topladığı çoxsaylı unikal, elm ictimaiyyəti
üçün naməlum materiallar əsasında,
Cümhuriyyət dövrünün ilk və əsas rəsmi
mətbuat orqanı olan "Azərbaycan" qəzetinin
birinci baş redaktoru "Ceyhun
Hacıbəylinin həyat və
yaradıcılığı" mövzusunda
yazdığı dissertasiya işini tamamladı və 1997-ci
ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Dissertasiya Şurasında müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
aldı. Bəziləri
düşünürdü ki, A.Tahirli dövlət qulluğu
kimi məsul sahədə çalışması ilə əlaqədar
elmi dərəcənin birinci pilləsi ilə kifayətlənəcək
və araşdırmalarını davam etdirməyə həvəs
göstərməyəcək. Təbii ki,
oxşar gümanları, ehtimalları bölüşənlər
və eyni zamanda, onun iradəsini, çevikliyini, qətiyyətini,
fədakarlığını obyektiv dəyərləndirməyi
bacarmayanlar yanıldılar. Abid Tahirli qeyri-iş
saatlarını, istirahət və bayram günlərini
yorulmaq bilmədən elmi tədqiqat işinə həsr etdi. Vaxtilə təhsil aldığı Bakı Dövlət
Universiteti Jurnalistika fakültəsinin xeyir-duası ilə
"Azərbaycan mühacirət mətbuatında
publisistika" (1921-1991-ci illər) adlı doktorluq mövzusunu
təsdiqlətdi. Uzun illərdən bəri
apardığı araşdırmalar əsasında mövzu ilə
əlaqədar yeni, maraqlı elmi məqalələr və
kitablar nəşr etdirməyə başladı.
"Azərbaycan
mühacirəti" adlı ilk kitabı onun bu mövzuda
araşdırmaya başladığı müddətdən 25
il sonra - 2001-ci ildə nəşr edildi.
Seçilmiş məqalələrdən tərtib edilən
toplunun əlyazma nüsxəsi ilə tanış
olanlardan biri kimi əminliklə deyə bilərəm ki,
A.Tahirli uzun illər kitab çap etdirməyə tələsməməkdə,
elmi araşdırmalarını milli mühacirətin
köklü problemlərinə həsr etməkdə haqlı
idi. Araşdırmalarında səbəblər
fərqli olsa da, şimallı-cənublu mühacirlər tam,
bütöv halda, vahid müstəvidə dəyərləndirilir.
Onun Parisdə yaşayan rəssam Davud və Əyyub
İmdadian qardaşları, Edinburq Universitetinin professoru
Qulamrza Səbri Təbrizi, London Universitetinin professoru Turxan Gənceyi,
ABŞ-da Tolido Universitetinin professoru Şapur Ənsari,
Kanadanın Dəlhavz Universitetinin professoru, tanınmış
riyaziyyatçı Heydər Rəcəvi, Parisdə məskunlaşmış
dünya şöhrətli yazıçı Ümmülbanu
(Banin), Strasburq Humanitar Elmlər Universitetinin professoru İren Məlikova,
Frankfurt şəhərindəki "Dağyeli" nəşriyyatının
təsisçisi və rəhbəri İldırım
Dağyeli, Bonnda "Ana dili" qəzetinin naşiri Nurəddin
Qərəvi, dünya şöhrətli rəssamlar
İbrahim Əhrari, Məmməd Səlim Turan, Strasburq sakini,
kimya elmləri doktoru Əhməd Mehribani, Oslodakı "Azərbaycanın
səsi" radiosunun redaktoru və diktoru Ruqiyyə Əsgəri
və digər görkəmli elm, mədəniyyət, incəsənət
xadimləri - soydaşlarımız haqqında qeydləri,
düşüncələri "Azərbaycan mühacirəti"
kitabında ətraflı yer alıb.
A.Tahirli mövzunun incəliklərinə, spesifik
xüsusiyyətlərinə dərindən və hərtərəfli
bələd olub. Onun ikicildlik "Azərbaycan mühacirət
mətbuatı" monoqrafiyasının 1-ci cildi 2002-ci ildə
"Qapp-Poliqraf" Korporasiyasında, 2-ci cildi isə
2003-cü ildə "Ozan" nəşriyyatında
işıq üzü görüb. Bu
monoqrafiyası Azərbaycan mühacirət mətbuatı
tarixində ilk irihəcmli, daha geniş arialı əhatə
edən, yeni elmi məlumatlarla zəngin, dəyərli və
sanballı araşdırmadır. Bəzən
ayrı-ayrı qəzet və jurnallara həsr olunmuş məqalələr
janr etibarilə müstəqil əsər təsiri
bağışlasa da, "Azərbaycan mühacirət mətbuatı"
ikicildliyi mövzu, məzmun və mahiyyət baxımından
bir-biri ilə içdən bağlanaraq elmi sistem məcrasında
monoqrafiyanın sərt tələblərini özündə
ehtiva edir.
Mühacirət mətbuatı mövzusu ilə əlaqədar
Abid Tahirlinin ən monimental monoqrafiyası 2005-ci ildə
"CBS" Poliqrafiya Mərkəzində çap edilən
"Azərbaycan mühacirət mətbuatında
publisistika" (1921-1991) adlı elmi-nəzəri aspektdə
yazıdığı əsəridir. Əslində,
monoqrafiya eyniadlı doktorluq dissertasiyasının tədqiqat cəbbəxanası,
elmi strukturu əsasında nəşrə hazırlanıb.
Xatirimdədir,
on beş il əvvəl, 2005-ci ilin baharında BDU Jurnalistika
fakültəsinin Mətbuat tarixi və ideoloji iş və
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedralarının birləşmiş iclasında Abid
Tahirlinin "Azərbaycan mühacirət mətbuatında
publisistika" (1921-1991) adlı doktorluq dissertasiyasının
ilkin müzakirəsində mənə də söz verildi. Müzakirədə vurğuladım ki, Abid Tahirlini
Azərbaycan mühacirət mətbuatı sahəsində
respublika üzrə bir nömrəli mütəxəssis hesab
edirəm. Bu qənaətə gəlmək
üçün onun indiyədək nəşr etdirdiyi
"Azərbaycan mühacirəti", "Sözlə
yarananlar, sözü yaşadanlar", ikicildlik "Azərbaycan
mühacirət mətbuatı", "Deyilən söz
yadigardır" və "Azərbaycan mühacirət mətbuatında
publisistika" monoqrafiyaları
yetərincə əsas verir. A.Tahirlinin
böyük bir dövrü əhatə edən bu doktorluq
işi onun uzun illərdən bəri apardığı səmərəli
axtarışların, sözün əsl mənasında fədakarlığın,
mücahidliyin, gərgin və halal zəhmətin məntiqi nəticəsidir.
Tədqiqat işində zəngin məxəzlər, sanballı
mühakimələr, dərin təhlil və dəyərli
elmi-nəzəri qənaətlər yer alıb.
Abid
Tahirlinin elmi xidmətlərindən söz açılanda
xüsusi vurğulamaq lazımdır ki, o, Azərbaycan milli mətbuatının
görkəmli nümayəndəsi, ictimai xadim, siyasi
mühacir Ceyhun Hacıbəylinin həyat və
yaradıcılığının sistemli
araşdırılması ilə elmə gəlmiş, ilk dəfə
onun "Hacı Kərim" povestini nəşrə
hazırlayaraq oxuculara ünvanlamışdı. Həmçinin,
mühacir dramaturq Abay Dağlının "Füzuli",
"Dədə Qorqud", "Okullular", "Əsir
ruhlar" pyeslərini qeyd və şərhlərlə
çap etdirib. Dünya türklərinin birliyinə,
bütövlüyünə öz "Tərcüman"ı
ilə müstəsna xidmətlər göstərmiş İsmayıl
bəy Qaspiralının həyat və
yaradıcılığını tədqiq edib, mühacirət
mətbuatında onun haqqında dərc olunan elmi-publisistik
materialları xronoloji ardıcıllıqla toplayıb və
araşdırıb. Nadir arxiv
materialları əsasında general İsmayıl bəy
Qutqaşınlının həyatı, hərbi xidməti və
yaradıcılığı haqqında monoqrafiya yazıb,
onun cəsurluğunu, igidliyini, yurdsevərliyini danılmaz
faktlar əsasında qabardaraq gənclər üçün vətənpərvərlik
örnəyinə çevirib.
Abid
Tahirlinin "Azərbaycan mühacirət mətbuatı"
(1921-1991) adlı məlumat-soraq kitabında (2007) ilk dəfə
olaraq 66 mühacirət mətbuat orqanı - qəzet, jurnal,
almanax, bülleten haqqında ətraflı məlumat verilib, bu
nəşrlərin mətbuat tariximizdəki yeri və əhəmiyyəti
təhlil olunaraq dəyərləndirilib. Onun "Mətbuat:
aynamız və salnaməmiz" ("Elm və təhsil",
2015, 600 s.) adlı kitabı isə mətbuata və
publisistikaya həsr edilmiş, yeni və sanballı tədqiqatlardan ibarətdir.
O,
bütövlükdə 17 kitabın, 7 monoqrafiyanın,
çoxsaylı elmi, publisistik məqalələrin müəllifidir.
Abid
Tahirli bu gün də elmimizin, ədəbiyyatşünaslığımızın
tədqiqində və təbliğində öz təvazökar
töhfəsini əsirgəməyərək, qürbətdə
yaşayan vətən sevdalı soydaşlarımızın
milli birlik ideyası ətrafında sıxlaşması
üçün mühacirət mətbuatımızın
müqtədir mücahidi olaraq müqəddəs məfkurə
uğrunda yorulmaq bilmədən mənəvi missiyasını
ləyaqətlə, şərəflə davam etdirir.
Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2020.- 10 oktyabr.-
S.18.