"İdeal" - Uzun sözün qısası

 

"Uzun sözün qısası" rubrikasında bu dəfə İsa Muğannanın (Hüseynov) "İdeal" romanından bəhs edəcəyik.

"Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi". Roman bu sevgi üçbucağının təsviri ilə başlayır. Oxucu kitabın ilk səhifələrində elə düşünə bilər ki, roman bu məhəbbət üçbucağının üzərində qurulub. Ancaq səhifələr çevrildikcə bu üçbucaq sanki unudulur, əsər fərqli bir çalar alır. Öyrəşdiyimiz sevgi təsvirindən öyrəşmədiyimiz bədii-fəlsəfi, həm fərqli formada mistik təsvirə keçəndə bəzi oxucular kitabı yerə qoyur. Kimlər ki, az qala, başdan-ayağa rəmzlərlə gizli mənalarla zəngin olan bu kitabı sona qədər oxuyur, məhz onlar "İdeal"ın bədii fəlsəfinə vara bilirlər.

Romanın baş qəhrəmanı Səməddir. Evin tək uşağı olan Səməd anasını hələ uşaq olarkən itirsə , atası Mədəd əmisi Sultanın himayəsində bəxtiyar bir uşaqlıq, gənclik keçirib. Kolxoz sədrinin ərköyün oğlu dünyadan xəbərsiz, xoşbəxt bir həyat yaşamaqdadır  - ta ki atasının müəmmalı ölümünə qədər. Bu ölüm onun bütün həyatını dəyişir, ağlını başından alıb ürəyinə xeyli şübhə salır. Yol qəzası adı ilə bağlanan ölüm işində qətl qoxusunu hiss edən Səməd əmisinin dəfələrlə "qəsd işi yoxdur" deməsinə baxmayaraq, illərlə qatili tapacağı günün xəyalını qurur. Keçən illər onu əsl komsomol tərbiyəsi ilə yetişən gəncə çevirir. Yeddi ildən sonra oxuyub yenidən kəndə qayıdan Səmədi artıq başqa adam kimi görürük. Elə qayıdanda Səməd qoyub getdiklərini başqa cür görür. Gördükləri arasında ona ən çox təsir edən isə uşaqlığından bəri atası qədər çox sevdiyi, idealı saydığı əmisi olur. Qayıdarkən gördüyü Sultan Əmirli onun qoyub getdiyi Sultan Əmirli deyildi. Onun tanıdığı Sultan haqsızlığın, namərdliyin düşməni oldugu halda, indi gördüyü Sultan sanki ətrafdakı haqsızlıqları görmür, göz yumur. Əzəli düşmənləri olan Qudalıların kənddə at oynatması əmisinin buna səs çıxarmaması hadisələrin fərqli gedişatından xəbər verir. Sultan Əmirlini qardaşı oğlunun gözündə ideal kimi öldürən isə daha dəhşətli bir həqiqət olur. Səməd evinə qayıdanda sevdiyi qızı əmisinin özünə arvad etdiyini görür. Əvvəlcə gözlərinə inanmaq istəmir. İnanmaq istəmir ki, uşaqlıq, gənclik sevgisinin məbədi olan Gülgəz artıq əmisinin arvadıdır. Əsərin ən təsirli hissələrindən biri olan bu məqam oxucunu intizarda saxlayır. Görəsən, Səməd bundan sonra edəcək? Səməd əvvəlcə edəcəyini bilmir, az qala, dəliyə dönür. baş verdiyini anlamaq onun üçün o qədər uzaq gəlir ki, bu uzaqlıq onu qorxudur. Səbəb olur-olsun, ata əvəzi olan əmisi sevdiyi qızı ondan almışdı. Deməli, Səməd təkcə sevdiyi qızı yox, həm əmisini itirmişdi. Bu itkinin ağrısı ilə əmisinə nifrət etsə , nifrətin ömrü uzun sürmür, Səmədin mehmanxana otağında gözünü açıb başının üstündə əmisini görməsi ilə yoxa çıxır. Əmisini görəndə anlayır ki, o, idealını həyatda hər kəsdən, hər şeydən çox sevir. Hətta Gülgəzdən belə. Özünü heç olmamış kimi aparan əminin qəlbində qorxu hakim idi - özünə bala bildiyi, öz övladı kimi sevdiyi Səmədi itirmək. Səməd isə mehmanxanadan çıxıb evə gedərkən yolda əmisinin qoluna qol atması ilə bu qorxunu məhv eləmişdi. Əmi-bala qol-boyun getdikləri yolda hamını təəccübləndirirlər. İdeal sevgi belə bir sevgidir. Hər şeyi ideala qurban vermək. Ancaq verəcəyi qurbanların onu qədər incidəcəyindən xəbərsiz idi Səməd. Əmisinin bütün həyatını ideologiyaya qurban verməsi, arvad-uşaqsız yaşaması onu həmişə incitdiyi üçün Gülgəzi artıq sevdiyi qız olaraq yox, əmisinin xoşbəxtliyi olaraq görürdü. Ürəyi ağrısa da, dözməli idi. Hətta, "Necə baş verdi, ay əmi, məgər bir adam sənə demədimi bu qız Səmədin sevdiyi qızdır, demədimi?" - sualını belə vermədi Səməd. Əmisi isə əvvəl özünü heç olmamış kimi aparsa da, sonralar verilməmiş bu sualları bir cümlə ilə cavabladı: "Məni tələyə saldılar".

Səməd kəndə qayıtdıqdan sonra az qala, hər gün bir bədbəxtliklə üzləşirdi. Gülgəzin əmisinə arvad olması, kənddə baş verən haqsızlıqlar, gözünün qabağında ata mirası evlərinin yandırılması, addımbaşı qurulan tələlər bu bədbəxtliklərin bir qismi idi. Ancaq Səməd olur-olsun, təslim olmamalı idi. Çünki o, varis idi nəyin varisi olduğunu öyrənmək üçün əmisinin dediklərini dinləməli idi. Əmisi isə çox mürəkkəb danışırdı. Bu mürəkkəblikdən baş açmaq üçün o, Səfağ elmini öyrənməli idi. Yalnız o zaman Odər, əmir, Boz əmir, Çax-çux Xalıq, "bezobraziye" kimi sirlərdən xəbərdar ola bilərdi. Sultan Əmirli ömrünün sonuna qədər Səmədə Səfağdan danışdı. Özündən sonra qoyub getdiyi oğlu Mədədə Səməd Səfağdan danışdı. Beləcə, elmin mirası Səməddən əmisi oğlu, atasının adını daşıyan Mədədə keçdi. Roman Səmədin ölümü ilə yekunlaşır.

"İdeal" haqqında danışmaq idealı oxumaq qədər çətindir. Romanı oxusanız görəcəksiniz ki, danışdığım sujet xətti əsərin sadəcə, görünən hissəsidir. Əslində isə əsər məişət kontekstindən fərqli, dərin məna ehtiva edir. Məsələn, Səfağ elmi haqqında danışan qəhrəmanı başa düşmək üçün xeyli düşünməli olursan. Kitabın az qala, hər səhifəsində bir şübhəyə düşürsən. Kimin müsbət, kimin mənfi qəhrəman olduğu bəlli olmur. Qeyri-müəyyənliyin gətirdiyi qeyri-adilik səni başqa bir dünyaya aparır. Bu roman İsa Hüseynovdan İsa Muğannaya körpü qurur. Deyilənə görə, Muğanna bu romanı yeddi dəfə işləyib. "Yanar ürək" romanının redaktə olunmuş variantı adlanan İdealın işıq üzü görməsi ilə İsa Hüseynov həm "Yanar ürək" romanından imtina edir, həm Hüseynovdan Muğannaya çevrilir. Çap olunduğu ilk dövrlərdən etibarən birmənalı qarşılanmayan əsər xeyli tənqidlərə məruz qalmışdı. Əsəri ən sərt şəkildə tənqid edənlərdən biri Ziya Bünyadov olmuşdu. O, romanda danışılan tarixi hadisələrin həqiqəti əks etdirmədiyini deyirdi. Oxucularda da roman haqqında müxtəlif fikirlər yaranmasına baxmayaraq, "İdeal" Azərbaycan ədəbiyyatının şedevr əsərlərindən hesab olunur.

 

Əsərdən seçdiklərim

 

Ömrü faciə ilə keçən adam ya sevinc hissindən tamamilə məhrum olur, ya da iynə ulduzu qədər ümiddən sevinir.

Məhdud ərazidə ədalət yaranmaz.

Ədalət qapısı ilə üzbəüz olan cinayət qapısının açarı kamillikdir.

Ordu fatehliyi müvəqqəti olur, qılınc fatehliyi uzun sürür.

İnsanın yalnız özü üçün, yəni subyektiv hissləri ilə yaşaya-yaşaya xoşbəxt olması mümkün deyil. İnsan uzunqulaq deyil ki, yoncalığa buraxasan, yeyə, doya, şıllaq ata.

Barıt qoxusu olmayan yerdə ədalətin yürüməz.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.17.