"Bir ömür, iki tale": əfsanədən həqiqətə

 

2018-ci ilin fevral ayında yeni yazmağa başladığı kitabla bağlı Azərbaycanda səfərdə olan həmyerlimiz, yazıçı, ssenarist, tərcüməçi Şain Sinaria İkinci Dünya müharibəsinin iştirakçısı, sovet zabiti, Fransa Müqavimət Hərəkatının və Fransa Milli Ordusunun döyüşçüsü, Akmed Mişel adıyla tanınan, "Xarqo" ləqəbli partizan Əhmədiyyə Cəbrayılov haqqında əsərin bitdiyini, çapa hazırlandığını xəbər vermişdi. Həmin vaxt onunla müsahibəmizdə bu kitab haqqında geniş danışan Şain bəyin "Əhmədiyyə Cəbrayılovu haqqındakı həqiqət uydurmalardan min dəfə gözəldir" cümləsi sonralar heç yadımdan çıxmadı.

O vaxta qədər partizan döyüşçümüz haqqında o qədər ağlasığmaz hekayələr oxumuş, o qədər fərqli əhvalatlar dinləmişdik ki, nəyin düz, nəyin səhv olduğunu ayırd edə bilmirdik. Nəticədə çox da uzaq keçmişdə yaşamayan, az qala müasirimiz olan bir insanın həyatı özü boyda sirr pərdəsinə bürünmüşdü. Şain bəy mənimlə söhbətində iddia edirdi ki, Əhmədiyyə Cəbrayılov haqqında yazdığı ilk bioqrafik roman bu sirr pərdəsini birdəfəlik aradan götürəcək və ondan sonra heç bir tədqiqatçı o kitabda yazılandan fərqli heç bir fakt tapa bilməyəcək. Üç illik araşdırmasına güvənən müəllif kitabın tezliklə çap olunacağını desə də, əsər iki ildən sonra - bu yaxınlarda TEAS Press nəşriyyatında "Bir ömür, iki tale" adıyla işıq üzü gördü.

İki ildən çox çapını gözlədiyim kitabı tez vaxtda əldə edib oxumağa başladım. Böyük həcmə malik roman çox nəfis tərtibatda hazırlanıb. Kitabda qəhrəmanın həyatına, müəllifin tədqiqatlarına aid şəkillər əsəri daha oxunaqlı və maraqlı edir.

Bu, Şain Sinaria qələmindən oxuduğum ilk əsər deyil. Ona görə də bilirəm ki, Şain bəy üçün əsas olan üslubdur. O, əsərlərində fərqli, orijinal üslublar tapmağın, adi tarixi faktları belə oxucuya maraqlı tərzdə çatdırmağın ustasıdır. "Bir ömür, iki tale" romanı Ə.Cəbrayılovun babasının həyatından başlayır. Müəllif burada bədii təxəyyülə daha çox yer verir. Amma əlbəttə, hadisələrin hər biri sənədlərə, faktlara əsaslanır.

Romanda İkinci Dünya müharibəsi, eləcə də Böyük Vətən Müharibəsi haqqında olduqca dolğun, geniş bilgilər, tarixi faktlar yer alıb. Ancaq müəllif təhkiyəsində bu, tarixi xronika kimi deyil, maraqlı, canlı bədii əsər kimi oxunur.

Şain Sinaria müsahibəsində toxunduğu mətləbləri kitabın "Ön söz"ündə, romanın içində və "Son söz"də də davam etdirir, illərdir kimsənin toxunmadığı, xatırlamadığı mətləblərin üzərindəki yalanları qaldırıb, həqiqəti gün üzünə çıxarır.

Maraqlıdır ki, bu il Azərbaycan Prezidentinin qərarıyla Əhmədiyyə Cəbrayılovun yüz illik yubileyi keçirilən zamanda "Bir ömür, iki tale" kimi geniş sənədli-bədii bioqrafiya çap olunduğu halda jurnalistlər, yazıçılar, tarixçilər sözügedən yalanları davam etdirməyə qərarlıdırlar. Hətta bu günlərdə belə müxtəlif saytlarda bu yalanların təkrar-təkrar tirajlandığını görürük.

Müəllifin diliylə desək, "adama elə gəlir ki, bu müəlliflər bir-biri ilə yarışa giriblər: Əhmədiyyə Cəbrayılov haqqında ən sensasion, ən heyrətamiz, ən maraqlı faktı görək kim ortaya çıxaracaq? Onun haqqında deyilməmiş, yazılmamış bir əhvalatı görək kim daha yaxşı uyduracaq? Bu "yarışda" qalib çıxan olmasa da, uduzan tərəf var. O da əlahəzrət oxucudur!"

 

Şain Sinaria onsuz da illərdir yalan-yanlış məlumatlara inanan, inandırılan oxucunu həqiqətdən daha da uzaqlaşdırmamaq, çaşdırmamaq və yalansız da qəhrəman olan Əhmədiyyənin bioqrafiyasını hər cür mifdən, əfsanədən "təmizləmək" üçün bu romanı qələmə alıb. Əsəri oxuyanda görürük ki, Əhmədiyyənin həyatı onsuz da yalanlarla, əfsanələrlə dolu olub. Sanki bu, onun alnına yazılmış bir qədər-qismət idi. Almanlara əsir düşərkən onu yəhudi zənn edib, olmazın əzablar verirlər, müharibədən qayıdandan sonra düz 21 il adına "vətən xaini" deyib eləmədiyi günahları üstünə yıxırlar. 21 ildən sonra isə mifləşdirib, bu dəfə yenə də eləmədiyi, yaşamadıqlarını onun "ayağına" yazırlar. "Bir ömür, iki tale" romanı Əhmədiyyənin həyatındakı bütün yalanları birdəfəlik silib atır:

"Düzdür, mən bu əsəri sənədli roman janrında yazsam da, çalışmışam ki, Əhmədiyyəni real, təbii, bəzəksiz-düzəksiz, qısası, necə varsa, elə də təqdim edim. Onun adına yalandan heç bir "qəhrəmanlıq dastanı" qoşmamışam. Əvvəla ona görə ki, Əhmədiyyə Cəbrayılovun buna qətiyyən ehtiyacı yoxdur. Akmed Mişel adı ilə əvvəlcə Fransa Müqavimət hərəkatında, daha sonra isə Fransa Milli Ordusunun tərkibində alman işğalçılarına qarşı vuruşan Əhmədiyyə Cəbrayılov Azərbaycan xalqının fəxr etdiyi, Mehdi Hüseynzadə kimi, Həzi Aslanov kimi qəhrəman övladlarından biridir. İkincisi də ona görə ki, Əhmədiyyə Cəbrayılovun adı ilə bağlanan hər bir yalan, hər bir şişirdilmiş əhvalat hər şeydən öncə onun elə özünün adına xələl gətirir".

1966-cı ildə Fransaya səfərindən və haqqında "Azərbaycanfilm"in çəkdiyi "Fransız qəhrəmanı" filmindən sonra Əhmədiyyə Cəbrayılovun şöhrəti fantastik dərəcədə artır. İnsanların üstündən 50 ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ də inandıqları o əfsanələr yaranmağa başlayır. Ş.Sinaria bunları və səbəbini qəhrəmanın dilindən çox aydın şəkildə verir:

"İndi mən, sözün əsl mənasında, canlı əfsanə idim. Doğma kəndim Oxudda, eləcə də bütün Şəkidə mənə "de Qoll Əhmədiyyə" ləqəbi qoymuşdular. Axı hamı məni general Şarl de Qollun yaxın dostu və döyüş yoldaşı bilirdi. Bu səfərimdən sonra haqqımda uydurulan əfsanələr birə-beş artdı. Qəzetlərin birində yazmışdılar ki, guya mən 1944-cü il avqustun 26-da, Parisin azad olunduğu gün Yelisey çöllərində 1 milyon adamın qarşısında həm azərbaycanca, həm də fransızca nitq söyləmişəm... Başqa bir qəzet yazmışdı ki, guya mən 500 fransız uşağını xilas etmişəm, onlarla qatar partlatmışam, paradda generallardan qabaqda addımlayıram... Hələ mənim Fransanın Albi şəhərində komendant işlədiyimi deyənlər də var idi... Bu şayiələr necə yaranırdı, onları kim uydururdu - bilmirəm. Ancaq mənə elə gəlirdi ki, ölkənin təhlükəsiz xidmətinin də bu işlərdə əli vardı. Onlar məndən həm öz ölkəmizdə, həm də Fransada təbliğat aləti kimi istifadə edirdilər".

Müəllif isə kitabın "Son söz"ündə yazır:

"Şübhəsiz ki, bu kitabda Əhmədiyyə Cəbrayılovun haqqında müxtəlif məclislərdə eşitdiyiniz əhvalatlara, qəzet-jurnallarda, sosial şəbəkələrdə, saytlarda oxuduğunuz hadisələrə, filmlərdə gördüyünüz materiallara rast gəlmədiniz. Elə bilməyin ki, bir müəllif kimi mənim onlardan xəbərim yoxdur və ya mən o əhvalatları kitaba daxil etməyi unutmuşam. Qətiyyən belə deyil. Sadəcə olaraq, bilin ki, əgər bu əsərdə Əhmədiyyə Cəbrayılov haqqında oxuduğunuz, yaxud eşitdiyiniz bir əhvalatı görmədinizsə, deməli, elə bir şey olmayıb!"

 

 

Bu günün izləri

 

Cahan tarixinin, eləcə də Azərbaycanın yaşadığı ən böyük müharibələrindən biri haqqında olan "Bir ömür, iki tale" romanını oxumağım qəribə şəkildə fərqli zamana təsadüf etdi. Əsəri oxumağa başlayandan iki gün sonra Qarabağda Azərbaycan-Ermənistan arasında 25 ildən sonra müharibə yenidən qızışdı, ölkəmizdə hərbi vəziyyət elan edildi. Müharibəni oxuyub, əlin ürəyinin üstündə cəbhədən məlumatlar, xoş xəbərlər gözləmək qəribə hiss imiş. Həmçinin, bu Qarabağ savaşımızda Fransanın sərgilədiyi və bir neçə gün gündəmi zəbt edən ermənipərəst mövqeyi də romanla üst-üstə düşdü.

Belə ki, Ş.Sinaria bioqrafiyada Əhmədiyyə Cəbrayılovun 1990-cı ildə Şarl de Qollun xatirəsini yad etmək üçün yenidən Fransaya getməsindən danışarkən orda maraqlı bir hadisədən söz açır. Bu hadisə məhz bu günümüzlə - Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu və Fransanın indi davam edən Qarabağ müharibəmizə reaksiyasıyla bilavasitə səsləşdiyindən nəzər yetirməsək olmaz. Deyilir ki, Ə.Cəbrayılov Fransada olarkən "L'Humanite" qəzetinin redaksiyasına gedir. Orda bir xanım jurnalist ondan Dağlıq Qarabağ münaqişəsi haqda sual ünvanlayır. Ə.Cəbrayılov da danışır və Fransanın bu məsələdə ermənilər dəstəkləmə səbəbiylə bağlı çox qəribə faktı öyrənir:

"Xanım jurnalistlə söhbət etdikcə başa düşdüm ki, bəzi fransız mətbuat orqanları da bu konflikt barədə yanlış informasiyalar verir. Onlar əsl həqiqəti bilmədən bizi təcavüzkar tərəf, erməniləri isə bu təcavüzün qurbanı kimi göstərirlər. Mən ona səbrlə izah etdim ki, biz yalnız öz torpaqlarımızı müdafiə edirik və çox təəssüf ki, bəzi fransız jurnalistləri bu konflikti düzgün işıqlandırmır. Müxbir mənə dedi ki, Fransada 400 minə yaxın erməni yaşayır. Mətbuat sahəsində onların sayı az deyil və ehtimal ki, onları məlumatları qəsdən Ermənistanın xeyrinə yozurlar. Bu fikri fransız jurnalistin dilindən eşidəndə qulağıma inana bilmədim, amma sonralar baş verən hadisələr onun haqlı olduğunu sübuta yetirdi".

Elə bu görüşdən bir neçə gün sonra Əhmədiyyənin böyük oğlu, polis baş leytenantı könüllü olaraq ezam olunduğu Qarabağda ermənilər tərəfindən öldürülür. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Ə.Cəbrayılov özü isə 1991-ci ildə bütün təkidlərinə baxmayaraq, Qarabağa döyüşə aparılmadığından 1994-cü ilin yazına qədər, yəni Qarabağ müharibəsinin sonuna kimi qaçqın ailələrinin ərzaq təminatı ilə məşğul olur.

 

Sondan əvvələ...

 

Şain Sinaria bu əsəri yazmaq üçün üç ildən çox zaman sərf edib. Araşdırmalarına Əhmədiyyənin doğulduğu Şəkinin Oxud kəndində başlayan müəllif Azərbaycanın, Fransanın muzeylərində, arxivlərində uzunmüddətli tədqiqatlar aparıb, qəhrəmanın ailə üzvləri, yaxınları, döyüş yoldaşları, fransız tarixçilərlə söhbətlər edib, bütün faktları dolğun şəkildə, həqiqətə uyğun tərzdə toplayıb oxucuya çatdırıb. İnanıram ki, "Bir ömür, iki tale" romanı Xarqonun həyatına dair əfsanələri ortadan qaldıracaq, insanların onun hər cür fantastikadan uzaq qəhrəmanlıqlarla dolu ömür yoluyla daha yaxından və yalansız tanış olmasına yol açacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.16.