Bəlkə sabahdan da yaxın
Prezident İlham Əliyev Azərbaycana rəhbərlik
etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar
imzalayıb, çox qərarlar verib, televiziya ekranlarından,
ya kütlə qarşısına çıxaraq
insanlarımıza çox müraciətlər edib.
Lakin
2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə
hərbi vəziyyət elan edilməsi haqqında fərman da,
elə həmin gün xalqa müraciəti də əvvəlkilərin
hamısından ciddi şəkildə fərqlənir,
müasir həyatımızın və vaxt ötdükcə
bəlli olacaq ki, bütöv tariximizin də ən həlledici
məqamları kimi qavranılmağa layiqdir.
Əslində,
bu qətiyyətli addımlar elə dövlət
başçımızın özünün də tərcümeyi-halında
həmişə ən parlaq səhifələr kimi qalacaq!
Ölkədə hərbi vəziyyət, ardınca da səfərbərlik
(lap qismən olsa belə) elan edilməsi elə hadisələrdir
ki, adətən, dünyanın hər yerində insanlarda təşviş,
nigaranlıq, narahatlıq yaradır.
Lakin Azərbaycan insanı bütün bunları sonsuz
sevinclə, şövqlə qarşıladı.
Sanki bu hərbi
vəziyyət və səfərbərlik elanı ürəklərdən
asılmış ağır daşı götürdü,
hamı dərindən köks ötürərək
"Axır ki!" dedi.
Hamı yaxşı anlayır ki, hərbi vəziyyət
elan edilirsə, səfərbərlik varsa, bu, odlu cəbhələr
deməkdir, bunun ardında ölüm-itim də var, qan-qada da.
Amma Azərbaycan fərəhlənir, bütün ölkəni
o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, nəhayət,
düşmən tapdağında olan torpaqlarımızı
azad edə biləcəyik.
Şəhid
olaq, ancaq yurdlarımız əsarətdən qurtarsın,
qurban gedək, amma yolumuzu gözləməkdən
gözünün kökü saralmış işğal
altındakı ərazilərimizdə bayrağımız
ucalsın!
İnsanları
ortaq millət dərdi, müştərək millət
amalları qədər birləşdirən ikinci qüvvə
ola bilməz!
Prezident
İlham Əliyevin özü və bütün Azərbaycan
üçün narahat açılan 27 sentyabr səhərində
atdığı ilk addımlar - hərbi vəziyyət elan
edilməsi haqqında həmin fərman, xalqa müraciəti,
Təhlükəsizlik Şurasının iclasını
keçirməsi və oradakı
çıxışının vətəndaşlarımıza
çatdırılması hər kəsin içərisində
bir ümid çırağı yandırdı,
insanlarımızı bütün ölkə boyu
böyükdən kiçiyə daxilən səfərbər
etdi.
Dəqiqələr ərzində Azərbaycan bir
yumruğa çevrildi.
Xəbər ölkə-ölkə yayıldıqca
dünya boyu səpilmiş milyonlarla soydaşımızın
qəlbini riqqətə gətirdi.
Bu duyğunun, belə vətənpərvər həyəcanın
nə demək olduğunu Azərbaycana düşmən kəsilmiş
ermənilər və ermənilik heç zaman dərk edə
bilməz.
Bu ali hissin əsl mənasını anlamaq, siqlətini
bütün varlığınla hiss edə bilməkçün
gərək səndə qandan gələn torpaq qeyrəti, ana
Vətən hissi ola.
Həmişə
gözü başqalarının torpağında, digərlərinin
sərvətində olan, ondan-bundan qəsb edərək
özünə qondarma vətən yaratmağa, ordan-burdan
çırpışdıra-çırpışdıra
özünə irs doğurmağa çalışan bir
toplum tarixin çətin sınaq anlarında əslində,
onunku olmayanları qoyub qaçmağa məhkumdur, məcburiyyət,
vadar edən olmasa, bu nemətlər uğrunda ölümə
getməyə heç vaxt hazır deyil.
Bu gün cəbhə bölgəsində qarşı-qarşıya
dayanan Azərbaycan əsgəri ilə Ermənistan əsgərinin
ilk və başlıca fərqi bundadır.
Azərbaycan əsgəri öz halal Vətəni,
doğma torpağı uğrunda döyüşür, bu,
onunçün namus, vicdan məsələsidir.
Azərbaycanlı o torpaqlar uğrunda
döyüşür ki, orada əcdadımızın
yüzillərlə yaşı olan məzarları var, o
torpaqlarda minillərə sığan tariximizin pozulmaz izləri
qalır.
Erməni əsgəri isə vadar edilir ki,
oğurlanmış, qəsb edilmiş torpağı əldən
verməmək üçün döyüşsün.
Livandan gətirilmiş erməni erməni olmağına
ermənidir, o, erməniçiliyin fitnəkar ideyaları
yolunda döyüşə bilər. Lakin heç vaxt Vətənini
xilas etməkçün döyüşən insandakı
mübarizlik, yenilməzlik, qurban getməyə hazır olmaq
duyğusu ona yaxın da düşə bilməz.
Belə insanların ayağı silahını atıb
qaçmağa həmişə hazırdır.
Ermənilərin bu gün Azərbaycan əleyhinə
döyüşlərdə istifadə etdiyi digər muzdlular
da eləcə.
Ataların məsəlidir, yalan ayaq tutar, yeriməz.
Ancaq neyləməli ki, müasir dünyada yalan da, şər
də həm ayaq tutur, həm də müəyyən zaman ərzində
ona dayaq duran başqa iblisliklərlə qol-boyun olub şəstlə
irəliləyə bilir.
Fəqət
yenə dünyagörmüş atalarımızın
sınaqlardan çıxmış sözlərindəki hikmət
gec-tez yerini alır: nə qədər ayaq tutsa belə, hər
yalanın, hər şərin bir gün büdrəməsi,
yerlə yeksan olmaq aqibəti də qaçılmazdır.
2020-nin 27 mart səhəri erməni məkrinin daha bir
püskürmə anı idi.
Bundan öncə dəfələrlə burnu ovulsa da,
artıq reallıq hissini itirmiş Ermənistan onu nələrin
gözləyəcəyini dərk etmədən bütün cəbhə
boyu Azərbaycana qarşı hücuma başladı.
Həm də Azərbaycanın dinc əhalisinə
qarşı, sərhəd bölgəsində yaşayan sadə
vətəndaşlara qarşı.
Bu, bir tərəfdən
Ermənistanın yeni torpaqlar qəsb etmək, işğal ərazilərini
genişləndirmək hərisliyinin ifadəsi idisə, digər
tərəfdən ölkəni bataqlığa sürükləmiş,
xalqı fəlakət həddinə çatdırmış,
həlli müşkül problemlərlə əlbəyaxa
qoymuş, dərin böhrana uğratmış cinayətkar rəhbərliyinin
öz əhalisinin başını qatmaq, diqqətləri
ümdə problemlərdən yayındırmaq cəhdi idi.
Ancaq lap
çoxdan terrorizmi özünün dövlət siyasətinə
çevirmiş, faşizmi ideallaşdırmağı və
faşizm xəttini yürütməyi özünə məslək
seçmiş quldur Ermənistanın bu cəhdinin alnına
ilk andan iflas yazılmışdı.
Azərbaycan
Prezidenti torpaqlarımıza qarşı yeni erməni həmlələri
başlayan ilk saatlardan sonra xalqa üz tutaraq tam qətiyyətlə:
"Bu işğala son qoyulmalıdır və son
qoyulacaq" - dedi, "Biz zəfər
çalacağıq!" - söylədi.
Prezident bu sözləri deyəndə yumruğunu
sıxmışdı.
Bu, Azərbaycan
xalqının, Azərbaycan Ordusunun erməni həyasızlığına,
erməni irticasına ən ağır zərbəni vuracaq
yumruğu idi!
Və Ermənistan,
erməniçilik o ağır zərbəni bütün
acısıyla dadmağın lap astanasındadır.
Azərbaycan
xalqı isə böyük zəfərin lap ərəfəsində!
Erməniçiliyin başlıca xüsusiyyətlərindən
biri tarix boyu özünü məzlum, incidilmiş, zülmə
məruz qalmış xalq kimi qələmə verməsidir.
Adları
ilə yanaşı xatırlanmasını
xoşladıqları mazoxist bir təşbeh də uydurublar:
"Çox əzabkeş erməni xalqı".
Əslində isə ermənilər özləri həmişə
başqalarını incitməkdə, törətdikləri
fitnə və xəyanətkarlıqlarla başqalarına əzab
verməkdə pərgar olublar.
Ancaq su çanağı suda da sınar. Əvvəl-axır
törətdikləri öz başlarında çatlamalı
idi, uydurduqları "əzabkeş erməni xalqı"
ifadəsi yerini tutmalı idi.
Bu gün cinayətkar Ermənistan rəhbərliyi apardığı
qara siyasəti ilə öz xalqını əsl əzabkeşə
çevirməkdə tədricən daha dərinlərə
getməkdədir.
Azərbaycana həmlə edərək guya Azərbaycanın
hücumuna uğradığını bəyan edən ermənilərin
yalanı ilk andaca bununla ifşa olunur ki, bu gün Azərbaycan
Ordusu öz ərazisində döyüşür, öz zəbt
olunmuş torpaqlarını təmizləməkçün
vuruşur.
Və
Prezident İlham Əliyevin məşhur sualı var: "Ermənistan
əsgəri Azərbaycan torpağında nə gəzir?!"
Ölmək
istəmirsənsə, yad əraziyə soxulma!
Digər tərəfdən, Azərbaycan Ordusunun hədəfi
ona hücum çəkmiş düşmən ordusu,
onların hərbi obyektləridir.
Ermənistan isə öz mənfur xislətinə
uyğun şəkildə hədəf olaraq ordudan, əsgərdən,
hərbi obyektlərdən daha əvvəl mülki əhalini
seçir.
O məsum
insanlar ki bir neçə ay öncə Tovuzda, indi erməni fitnəkarlığının
bu yeni dalğası coşarkən Tərtərdə,
Goranboyda, digər məntəqələrimizdə
evsiz-eşiksiz qaldılar, həyatlarını itirdilər,
ağır yaralar aldılar, onların Azərbaycan Ordusunun
qisas əzminə qovuşan ahları düşmənin cəza
yükünə əlavə olunur.
Dünyanın isti-soyuğunu duymadan erməni atəşlərindən
həlak olan 12-13 yaşlı azərbaycanlı balaların
qanı yerdə qala bilərmi?
Bu
zülmü nə Allah bağışlayar, nə Azərbaycan
Ordusu!
Vəhşilik, qəddarlıq və sadizm qanına
işləmiş Ermənistan ordusunda körpələri,
uşaqları amansızlıqla qətlə yetirməkdə
manyakal bir şakər var.
Bunun
qanlı lövhələri ermənilərin azərbaycanlılara
qarşı XX əsrin əvvəllərində törətdiyi
soyqırımlarından da bəllidir, Xocalı müsibətindən
yadımızdadır, 2017-nin iyulunda Füzulinin Alxanlı kəndində
qətlə yetirilmiş 2 yaşlı zavallı Zəhranın
həmişə könül dağlayacaq, gözlərimiz
önündən heç vaxt getməyəcək surətindən də yaxşı
tanışdır.
Erməniçilik bu gün yenə həmin idbar
xüsusiyyətini ortaya qoymaqdadır.
2016-nın
Aprel döyüşləri, 2018-də, 2019-da, nəhayət
ki, 2020-nin iyulunda
Azərbaycan əsgərinin rəşadəti ilə
burnunun ovulması gərək Ermənistana dərs olaydı.
Göz qızanda, işğal altındakı ərazilərdə
əkib-becərdikləri narkotiklərdən beyin dumanlanıb
ölçü hissi itiriləndə aqibət belə olur.
Azərbaycana
qarşı təmas xətti boyunca genişmiqyaslı
hücumlarının ilk anlarındanca sarsıdıcı zərbələr
alan Ermənistan yenə dünyanı
çaşdırmağa, öz ordusu muzdlularla, xaricdən gətirilmişlərlə
dolu ola-ola həyasızca bunu Azərbaycana aid etməyə
çalışdı.
Prezident
İlham Əliyev də dərhal onların ağzından
vurdu: “2 milyonluq Ermənistanın kənardan gətirilən
qüvvələrə ehtiyacı ola bilər
və bunu edir də. 10 milyonluq Azərbaycanınsa
öz ordusunda xidmət etməyə, öz torpağı
uğrunda döyüşməyə hazır onminlərlə
övladı var”.
Unudulmaz Heydər Əliyevin 1993-1994-cü illərin təlatümlü
günlərində, dostun və düşmənin, sədaqətlinin
və etibarsızın, safın və riyakarın məhək
daşına vurulduğu gərgin tarixi dönəmdəki bir
sözü zərbülməsələ çevrildi.
O söz
onsuz da, həmişə vardı, amma həlledici tarixi məqamda
və qüdrətli tarixi şəxsiyyətin dilində
tamamilə yeni tutum və çəki qazandı: Mövqe!
2020-nin son sentyabr günləri həm də bir ələk
oldu, əsl dostu, yaxşı qonşunu, gerçək
müttəfiqi bir daha imtahandan keçirərək əsl sifətini
görmək, batininə nüfuz etmək imkanı yaratdı.
Türkiyə həmişə Azərbaycanla əl-ələ,
ürək-ürəyə olub. Ən xoşbəxt və
ən nigaran tarixi mərhələlər həmişə
bizlər üçün həm də növbəti dəfə
bir millət, iki dövlət olmağımızın səadətini
yaşamaq və bunu aləmə sübut etmək fürsətinə
çevrilib.
Türkiyə
Cümhuriyyəti Prezidentinin və qardaş dövlətin ali kürsülərinin təmsilçilərinin
2020-ci il sentyabrın bitəcəyində hər gün birmənalı
şəkildə səslənən Azərbaycana sona qədər
dəstək, axıradək Ermənistanın təcavüzünə
qarşı mübarizədə Azərbaycanla birgə olmaq bəyanatları
tarixə (və hər bir vətəndaşımızın
ürəyinə) həkk olunur və yaddaşlarda əbədilik
qalacaq.
Zamanlar ötəcək və iftixar oyadan həmin
sözlər gələcəkdə də gerçək
yurdsevərləri qəhərləndirəcək, qürrələndirəcək
və gələcək nəsilləri də dostluğumuzun,
qardaşlığımızın müqəddəsliyini
qorumağa, yaşatmağa, daha da irəlilətməyə
çağıracaq.
Amma
başqa qonşularımız - dost münasibətlərimiz və
sıx əlaqələrimiz olan, tarixən min tellə
bağlandığımız ölkələr də var, islam birliyi deyilən anlayış da var, islam
ölkələrini rəsmən qovuşduran beynəlxalq təşkilat
da.
Prezident İlham Əliyev Ermənistanın işğal
illərində qəbiristanlıqlarımızı, tarixi və
dini abidələrimizı, pirlərimizi, ibadətgahlarımızı
dağıtmasından, məscidlərimizdə donuz
saxlamalarından bu günlərdə yana-yana bir daha söz
açır.
Bu, həm də çağırışdır ki,
mövqeyiniz hanı?
Biz
döyüş meydanında sözümüzü
özümüz deyəcəyik, orada köməyinizə
ehtiyacımız yoxdur, bəs islami dəyərlərimizin
keşiyində durmağı özünüzə ən
yüksək vəzifə və borc saydığınız
halda Azərbaycanın islam irsinə qarşı törədilən
belə dözülməz münasibətə, təhqirlərə
dözməyiniz nədir, əksinə, bütün
bunların baislərinə rəğbət bəsləmək,
əl uzatmaq nə deməkdir?
Axı tarixin yaddaşı çox möhkəmdir. O, heç nəyi unutmur və
sonra dünəndəkiləri pozaraq təzə günə
uyğun şəkildə yenidən yazmaq
mümkünsüzdür!
Dövlət başçısının, Ali Baş
Komandanın sözü, qətiyyəti, iradəsi millət
üçün bir örnəkdir, səmt küləyidir.
Dövlətin başçısı millətin ümid
yeridir.
İllah
da belə tarixi sınaq anlarında!
Bu günlərdə Prezident İlham Əliyevin
apardığı mərdanə siyasət, qətiyyətli
addımları, açıq söylədiyi cəsarətli
fikirlər və tutduğu tərəddüdsüz mövqe
xalqın ona olan məhəbbətini qat-qat artırıb.
Mərkəzində Prezident İlham Əliyevin
dayandığı bu gedişat Azərbaycan cəmiyyətini
içəridən daha möhkəm etdi və etməkdədir,
ən müxtəlif qüvvələri, ən fərqli
baxışları olan insanları yaxınlaşdırmaqda, həmrəy,
həmməslək etməkdədir.
50 siyasi partiyanın eyni hədəfə vuran,
Prezidentimizi, ordumuzu dəstəkləyən bəyanatları
bu vəhdətin bariz təsdiqidir.
Yalnız
Azərbaycanı yox ki... Bu günlər Azərbaycanın
cəbhə bölgəsində cərəyan edən hadisələr
və ölkə başçımızın hər kəsi
ilhamlandıran, coşduran, qanadlandıran açıq
düşüncələri qardaş Türkiyə cəmiyyətini
də içəridən daha yekdil, daha həmrəy edib.
Orada da hətta barışmaz siyasi mövqe
tutan qüvvələr, partiyalar belə Azərbaycanın haqq
işi məsələsində eyni sözü deyir, eyni
nöqtəyə vururlar.
Belə
yekdilliyin qarşısında hansı erməni, hansı erməniçilik,
hansı Ermənistan tab gətirə bilər?!
Son illər boyunca cəbhə bölgəsində
baş vermiş müxtəlif qarşıdurmalar öz yerində,
amma Azərbaycan və Ermənistan rəhbərləri də
bir neçə dəfə gerçək siyasi
döyüş adlandırıla biləcək müstəvilərdə
qarşılaşıblar.
Hər dəfə də Azərbaycan Prezidenti Ermənistanın
baş nazirini öldürücü məğlubiyyətə
düçar edib.
Sentyabrın 29-da Moskvanın "Rossiya 1"
telekanalı həm Prezident İlham Əliyevdən, həm
baş nazir Nikol Paşinyandan müsahibələr
alırdı.
Ermənistan dövlət başçısının
şansı idi ki, onlar efirdə ayrı-ayrılıqda
oldular. Əgər ikisi də kameralar qarşısında
eyni vaxtda dayansaydılar, dialoq təşkil edilsəydi, bəlkə
də bu dəfə Ermənistanın sorosçu hərdəmxəyal
başçısı əvvəlkilərdən də
müdhiş zərbələr alacaq, qabaqkılardan daha betər
miskin vəziyyətə düşəcəkdi.
Lakin hətta bilavasitə üzə-üzə dayanmadan,
iki dövlət başçısının bir-birinin fikirlərinə
bilavasitə reaksiya vermək imkanının
olmadığı formatda da yenə Əliyev-Paşinyan dueli
ikincinin iflası ilə bitdi.
Prezident
İlham Əliyevin çıxışı və
cavabları, həmişəki kimi, ağıllı, düşünülmüş,
dəqiq, baş verənlərin əhatəli mənzərəsini
cızan, proseslərin alt qatında nələrin
dayandığını göstərən, bununla da erməni
siyasətinin puçluğunu tam ifşa edən mükəmməl
səviyyədə idi, kəskin, yöndəmsiz suallara
cavablar bir-birindən sərrast və məntiqli idi.
Baş
nazir Nikol Paşinyan da, yenə həmişəki kimi, hətərən-pətərən
danışan, nala-mıxa vuran, məntiqi
ardıcıllıqdan və nitq səliqəsindən məhrum,
özünə yaraşan səviyyəsiz
çıxış etdi, ona yönələn suallara qənaətbəxş
cavablar verə bilmədi, yenə yalanlar və iftiralardan ibarət
uzlaşmayan söz horrası ilə bir daha öz miskin vəziyyətini
nümayiş etdirmiş oldu.
Bizim dəyərləndirməni qoyaq bir kənara ki, bunu
kimsə bəlkə subyektiv baxış kimi də səciyyələndirə
bilər.
Bəs qərəzsiz münsifin və yüksək səviyyəli
mütəxəssisin elə həmin anlardaca hər iki
çıxışa isti-isti verdiyi qiymətə nə
deyirsiniz?
"Populyar "60 dəqiqə" verilişində
dövlət başçılarının sualları
cavablandırmasından sonra səslənən ekspert rəylərindən
biri nöqtəni də, nidanı da öz yerinə qoyur.
"Natsionalnaya oborona" ("Milli müdafiə")
jurnalının baş redaktoru İqor Korotçenkonun fikirləri
haqqı görməyi bacaran, anlayan və
görüb-eşitdiyinə ədalətli qiymət verə
biləcək hər nəfərin nöqteyi-nəzəri kimi
qəbul edilə bilər: "Mən Azərbaycan və Ermənistan
liderlərinin çıxışlarını diqqətlə
dinlədim. İlham Əliyev, şübhəsiz ki, dəqiq,
tamamilə məntiqli, düzgün, ardıcıl
çıxış etdi. Bu, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu məktəbidir (Azərbaycan
Prezidentinin bir vaxtlar təhsil aldığı, sonralar isə
dərs dediyi həmin ali təhsil
ocağı həqiqətən bu sahədə dünyanın
ən aparıcı mərkəzlərindən biri
sayılıb və sayılmaqdadır - R.H.). MDBMİ,
doğrudan da, böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk.
Prezident Əliyev haqlıdır və tamamilə ədalətli
olaraq dedi ki, peyk, elektron, kəşfiyyat
texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə
alsaq, Azərbaycan ərazisinə, doğrudan da, türk
qırıcıları göndərilsəydi, bu faktı gizlətmək
mümkün deyildi. Bunu peyk kəşfiyyatı
olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi
dünyanın bütün aparıcı ölkələrinin
sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama
çəkmək istərdim. Biz
hamımız beynəlxalq hüququn tərəfdarıyıq.
Beynəlxalq hüquq nöqteyi-nəzərindən
döyüş əməliyyatları Azərbaycanın ərazisində,
Azərbaycan hərbi qüvvələri və erməni hərbi
birləşmələri arasında aparılır".
Ermənistan dövlət başçısı həmin
çıxışında dolayısı ilə ağır
itkilər verdiklərini, məğlub durumda olduqlarını
etiraf edir və bunu belə izah etməyə
çalışır ki, guya Azərbaycan onlara qarşı
meydanda tək deyil, yanında Türkiyə var.
Prezident İlham Əliyevsə adəti üzrə
nokautedici zərbəsini ləngitmir.
Böhtançını dərhal ifşa edir. Bu gün dünyanın istənilən
nöqtəsinin, xüsusən belə həssas münaqişə
bölgələrinin peyklərdən daimi nəzarətdə
olduğuna və Azərbaycanın öz mübarizəsini, həmişə
kiminsə gücünə arxalanan Ermənistandan fərqli
olaraq, özünün təkbaşına
apardığına, Ermənistan rəhbərinin belə
söyləməklə Azərbaycan Ordusunun nail olduğu zəfərlərin
qiymətini azaltmağa çalışdığına diqqət
yönəldir. Türkiyəninsə bizə
yalnız bir qardaş ölkə kimi mənəvi dəstək
göstərdiyini ayrıca vurğulayır.
Beləliklə, Ermənistan başçısı guya
azdırıcı, çaşdırıcı saxta sözləri
ilə ictimaiyyəti aldatmaq istəyərkən hər dəfə
yalan danışdığı faş edilir, həm də kəmsavadlığı,
müasir dünyanın texnoloji imkanlarından bixəbərliyi
ortaya qoyulur.
... İndi bütün Azərbaycan o günü
gözləyir. Əslində, həmin
günü Azərbaycan insanı 30 ilə yaxındır ki,
gözləyir.
O məsud
günə aparan yolu uzatmaq, həmin zəfər gününə
gedib çatmağın qarşısını almaq
üçün düşmən də, ona havadar olan qüvvələr
də bu 30 ilə yaxın müddətdə nə
bacarıblarsa ediblər.
Bu əzablı müddət boyunca elan edilməmiş
müharibə bircə gün də dayanmayıb.
Açıq
və örtülü şəkildə hər gün davam
edib!
Yalnız cəbhə xəttində davam etməyib. Siyasət
meydanında, beynəlxalq təşkilatlarda, mətbuat səhifələrində
davam edib.
25 ildir ki, Ermənistanla Azərbaycan arasında atəşkəs
rejimi mövcuddur.
Amma bu 25 illik atəşkəs dövründə Azərbaycanın
dörd bucağında neçə-neçə evlərin
qapısını kədər döyüb, əsgərliyə
sağ-salamat getmiş cavan oğulların evlərinə
tabutları qayıdıb.
3 on il boyunca yüzminlərlə qaçqın və
məcburi köçkün Yer üzündə haqqın-ədalətin
bərqərar olacağına ümidini kəsərək əllərini
göyə açıb, Tanrıdan yardım umub.
Doğma torpaqların düşmən tapdağında
qalmasından, acı bağırsaq kimi uzanan nəticəsiz və
gələcəyi heç nə vəd etməyən
danışıqlardan bezən ata-baba yurdu həsrətli
insanlar dəfə-dəfə səsini qaldırıb,
dövlətə üz tutub, savaş istəyib, "Biz Vətən
uğrunda ölməyə hazırıq" söyləyib.
Azərbaycan
dövləti yüzminlərlə qaçqın və
köçkünün, milyonlarla vətəndaşımızın
ürəyini deşən işğal faciəsini
bütün acısıyla duysa da, həmişə yüz
ölçüb, bir biçib, ən pis sülh ən
yaxşı müharibədən daha sərfəlidir xəttini
tutub, böyük dövlətlərin vasitəçi
olduğu diplomatik danışıqların bəhrə verəcəyinə
ümidini itirməməyə çalışıb.
Bununla bərabər,
bir an belə dayanmadan diplomatik cəbhədə
sistemli iş də aparılıb.
Həqiqətlərimizin
dünyaya çatdırılması, erməni təbliğat
maşınının yalanlar, böhtanlar üyüdüb
tökərək guya haqqın onların tərəfində
olması haqda dünyaya sırıdığı saxta təsəvvürlərin
dağıdılması, beynəlxalq təşkilatlarda səsimizin
ildən-ilə daha qətiyyətlə gəlməsi, ard-arda
qəbuluna nail olunmuş və Azərbaycanın məruz qaldığı
təcavüzün təfərrüatlarını dünyaya
açıqca göstərən sənədlər vasitəsilə
etibarlı təməllər yaradılıb.
Dünən erməninin yalanına inanaraq bizim
doğrumuza şəkk gətirənlərin gözləri həqiqətlərə
açılıb.
Ancaq suyun öz qaynama həddi var. Hərarət bəlli
bir dərəcəyə yetişəndən sonra daha o
gedişatın qarşısını almaq
mümkünsüzləşir.
Dolmuş qabın daşma məqamı, yetişmiş
yaranın partlama anı var.
Lakin siyasətin
də öz zaman ölçüləri var və bu qəliz
meydanda uğur, adətən, o kəsə nəsib olur ki, zəruri
addımı nə bir qədər tez, nə bir az gec atır, deyilməli sözü nə məqamı
çatandan əvvəl, nə də iş işdən
keçəndən sonra dilə gətirir.
Həmin sözü necə deməksə, əlbəttə,
artıq zəka, məharət, dövlətçi və
siyasətçi gücün dərəcəsindən
asılıdır.
Artıq 17-ci ildir Prezident İlham Əliyev Azərbaycan
dövlətinə inamla rəhbərlik edir, ölkəmizi
daha qüdrətli, daha firavan, daha irəligetmiş etməkçün
gecə-gündüz çalışır.
Və o, Azərbaycanın dövlət sükanı
arxasına keçdiyi ilk andan son dərəcə ağır
bir mirasla üzbəüz idi. Bütün başqa işlərini
görə-görə onun qarşısında dövlət
başçısı olaraq ilk növbədə Qarabağ
düyününü açmaq, Azərbaycanın
işğal altındakı torpaqlarını azad etmək,
müstəqilliyin ilk günündən bu dövləti və
xalqı müşayiət edən yüz minlərlə vətəndaşın
qaçqınlıq və köçkünlük müsibətindən
xilasına nail olmaq amalı dururdu.
Hərb meydanında strateji yüksəkliklərin ələ
keçirilməsi həmişə ordunun,
döyüşçünün əsas vəzifələrindəndir. Strateji
yüksəklikləri ələ keçirdikcə sənin həm
daha miqyaslı görmək, həm irəliləmək, həm
düşmənə daha sarsıdıcı zərbələr
endirmək imkanların artır.
Eyni tələb siyasət meydanındadır. Siyasətdə strateji
yüksəklikləri əldə etməksə bəzən
buna gerçək döyüş meydanında nail olmaqdan daha
müşkül görünür.
Qarşı-qarşıya
qaldığımız qart düşmənlə mübarizədə,
Ermənistanın Azərbaycana təcavüzünün
ağır nəticələrinin aradan
qaldırılmasının məşəqqətli yolunda
Prezident İlham Əliyevin apardığı xətti dünəndən
bugünə səhifə-səhifə izlədikcə
şahid olursan ki, ölkəmizin hazırkı ötkəm
mövqeyi illərdən bəri
dərindən düşünülərək, sabahları
daim göz önündə saxlayaraq davamlı
aparılmış ağıllı siyasətimizin, zəncir
kimi hər halqası bir-birinə bənd olan doğru yolumuzun
nəticəsində qazanılıb.
Azərbaycanın bugün gəlib yetişdiyi uca məqamın
arxasında illərdən bəri aparılan tədbirli,
müdrik siyasət və görülmüş nəhəng
işlər dayanır.
Azərbaycana
rəhbərliyə başladığı ilk gündən ən
başlıca vəzifələrindən biri olaraq Prezident
İlham Əliyev ölkənin iqtisadiyyatını inkişaf
etdirməyi gördü, ölkədə demokratik
ab-havanın inkişafının da, dünyada sözümüzün
daha keçərli, nüfuzumuzun daha artıq olmasının
da, təcavüzdən xilas olmaq yolundakı müvəffəqiyyətlərimizin
də mayasında iqtisadi cəhətdən güclü, zəngin
bir ölkəyə çevrilməyin dayanmasının
başlıca şərt olduğunu düşündü. Və məhz belə bir güclü Azərbaycanı
qurmaq yolunda çalışdı.
Güclü
iqtisadiyyat, ölkənin ildən-ilə artan imkanları,
dünyanın iqtisadi həyatında qədəm-qədəm
irəliləyərək nail olduğumuz nüfuz, qlobal əhəmiyyətli
enerji layihələrinin gerçəkləşdirilməsi səmtində
yorulmaz fəaliyyət olmasaydı, bugünkü tərəqqi
edən, çiçəklənən, öz gücünə
arxayın Azərbaycan da olmazdı.
Bunlar olmasaydı, bir çox başqa
qazandıqlarımız kimi, indiki mükəmməl təchizatlı,
yaxşı hazırlıq keçmiş, peşəkarlığı
qat-qat inkişaf etmiş, sözünü deməyə qadir
qüdrətli ordumuz da olmazdı.
Vur-tut bir
neçə gün ərzində Milli Ordumuzun düşməni
lərzəyə salan əks həmlələri,
işğaldan azad etdiyi kəndlər və fəth olunan
strateji yüksəkliklər, eləcə də həm ordumuzun, həm
xalqımızın sonadək getmək, bütün zəbt
edilmiş ərazilərimizi azad etmək əzmi Ermənistanda
da, əlləri xeyli uzun, ayrı-ayrı dövlətlərdə
də, Avropa və dünya qurumlarına təsir imkanlarına
malik erməni lobbisində də, onlara havadar olan qüvvələrdə
də ciddi narahatlıqlar yaratdı.
Azərbaycana müxtəlif dövlət
başçılarından, beynəlxalq təşkilatlardan
inadlı müraciətlər gəlməyə,
çağırışlar edilməyə başlandı ki,
atəşi dərhal dayandırın, danışıqlar
masası arxasına keçin, məsələni sülh yolu
ilə həll edin.
Bu müraciət və
çağırışların hər birinə isə Azərbaycan
dövlət başçısının cavabı hazır
idi.
Səsləndirilən
cavabların hamısının mahiyyəti bu ümumi fikri
çatdırırdı ki, axı bəs illər yox, onillərlə
haradaydınız, niyə belə fəal deyildiniz, nədən
bu cür canfəşanlıq etmirdiniz?
Axı ATƏT-in
Minsk qrupu həmsədrləri illərdir ki, səmərəsiz,
çevir tatı-vur tatı danışıqları
aparırdılar, Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının işğal
edilmiş Azərbaycan ərazilərinin təxirə
salınmadan və qeyd-şərtsiz boşaldılması
haqda qətnamələri, aparıcı Avropa təşkilatlarının
eyni niyyəti ifadə edən sənədləri masa
üstündə idi, niyə
qımıldanmırdınız, niyə indiki kimi əlhaya
düşərək Ermənistandan tələb etmirdiniz ki,
yola gəl, bu qədər mötəbər sənədlərə
saymazyana münasibətə son qoy?!
Danışıqlar prosesi isə artıq xeyli vaxtdır
ki, dar dalana dirənib və bunun günahkarı da Azərbaycan
deyil, yenə təcavüzkar Ermənistandır.
Prezident
İlham Əliyevin dəmir məntiqinin qarşısına
başqa digər məntiq çıxarmaq çətindir:
"Əgər Ermənistanın baş naziri deyirsə ki,
"Qarabağ Ermənistandır", onda hansı
danışıqlardan söhbət gedə bilər?"
Qarşı
tərəfə "oturun danışın" deyənlərə
isə suallar və əsaslı ittihamlar bununla bitmir: Ermənistan
işğal edilmiş ərazilərdə beynəlxalq
hüquqa görə cinayət hesab edilən qanunsuz məskunlaşma
siyasəti aparırsa, bir tərəfdən iddia edirsə ki,
danışıq tərəfi olaraq dırnaqarası
Dağlıq Qarabağ rejimi qəbul edilməlidir, digər tərəfdən
oradakı ordunun 90 faizi məhz öz vətəndaşlarıdırsa,
hamılıqla qəbul edilən bütün qanun və
qaydaları, konvensiyaları ayaqlayaraq təxribatı təxribata
calayırsa, zəbt olunmuş ərazilərdə hərbi təlimlər
keçirirsə, Azərbaycanın Qarabağ bölgəsinə
aid olmayan ərazilərinə də işğalçı məqsədlərlə
hücumlarının biri qurtarmamış digəri
başlayırsa, Minsk qrupu həmsədrləri dəfələrlə
status-kvonun qəbuledilməzliyini bildirsələr də, Ermənistanın
ən müxtəlif təxribatlar və pozucu əməlləriylə
cidd-cəhdlə status-kvonu saxlamağa yönəlmiş istəkləri
ortadadırsa, hansı sülh danışıqlarından
söhbət gedə bilər?
Ermənistan
sülh danışıqlarında maraqlı deyilsə,
yalnız diz çökdürülməyə başlayanda bu
haqda düşünməyə başlayıb və ara səngiyən kimi yenə əvvəlki
aqressivliyini nümayiş etdirirsə,
danışıqların davam etdirilməsindən necə
danışıla bilər?
Danışıq iki tərəfin konstruktiv müzakirələri
zəminində baş verə bilər. 30 ilə
yaxınlaşan müddətdə isə Ermənistan həmişə
hər cür maneçiliyi göstərib və bu gün də
həmin ovqatdadır.
Azərbaycan
Prezidenti bütün bunları həm də indi demir ki!
İllərdir ən yüksək kürsülərdən,
elə bu gün ona "danışıqlara
başlayın" müraciətləri edən dövlət
başçıları, beynəlxalq təşkilat rəhbərlərinə
də rəsmi görüşlərində dəfələrlə
söyləyib.
Sonuncu dəfə Prezident İlham Əliyev BMT Baş
Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda
çıxışı zamanı "sos" siqnalı
verib, Ermənistanın öz qoşunlarını təmas xətti
boyunca cəmləməsinin növbəti təxribatlara
hazırlıq mərhələsi olduğunu bildirib.
Bu
çağırışlara, həmişəki kimi, beynəxalq
birlik biganəlik göstərdi, qulaq asıb susdu, nəticədə
Ermənistanın ayağı bir az da yer
aldı və bu işğalçı dövlətin hərbi-siyasi
rəhbərliyi artıq son günlərdə şahidi
olduğumuz həmlələrini başladı.
Lakin yekəxana bəyanatlar verən, guya ordusunun
hansısa ultramüasir silahlara malikliyindən dəm vuran Ermənistan
unudub ki, onun qarşısında dayanan 1990-cı illərin
yeni-yeni formalaşan ordusu deyil.
Bu gün Azərbaycan Ordusu dünyanın ən
güclü orduları ilə müqayisə edilə biləcək
ən kamil silah-sursata, texnikaya da malikdir, bişkin hərbçi
kadrlar potensialımız da istənilən təxribatın
cavabını yeri həmişə ağrıyacaq acı dərslərlə
verməyə də hazırdır.
1941-1945-ci illərdə Sovet İttifaqının tərkibində
olan Azərbaycanın da faşizmə qarşı mübarizəyə
qatıldığı savaşa uzun müddət
"Böyük Vətən müharibəsi" deyilirdi. Sovet dönəmində
o müharibənin bizimçün də Vətən
müharibəsi olduğu fikri aşılanırdı.
Bizimçün əsl Vətən müharibəsi indi
apardığımız mücadilədir.
Bu, Vətən torpaqlarını düşmən
tapdağından xilas etmək naminə millətin son damla
qanınadək döyüşməyə hazır olduğu
müqəddəs mübarizədir.
Amma
1941-1945-ci illər müharibəsi ilə hər halda bir
mühüm ortaq cəhəti var. Azərbaycanlı əsgərlər
o müharibədə dünyanı faşizm taunundan azad etmək
üçün çarpışırdı, bu gün isə
Azərbaycan əsgəri öz yurdunu, öz xalqını erməni
faşizmindən xilas etməkçün döyüş
meydanındadır.
Müharibənin qaçılmaz kədərli
üzü də var. İki ordunun qarşı-qarşıya
dayandığı, atəşlərin
yağdırıldığı heç bir savaş
ölüm-itimsiz, qurbanlarsız ötüşmür.
Ermənistanın
işğalçı həmlələrinin
qarşısını alan Azərbaycan
Ordusu bu günlər ərzində düşmənə
sarsıdıcı zərbələr endirib, qarşı tərəf
xeyli itkilər verib. Amma bizim şəhidlərimiz
də var.
Elə bu günlərdə mən bir şəhidimizin
vida mərasimində iştirak edirdim.
Bu matəm mərasimi adi yas məclislərinə bənzəmirdi.
Canını Vətən yolunda fəda etmiş şəhidimizin
doğmalarının, əzizlərinin üzlərində-gözlərində
də, o hüzn məclisinə toplaşanların hər
birinin çöhrəsində də, hətta yas məclisini
idarə edən ruhaninin sözlərində,
davranışlarında da qüssə kölgəsi deyil,
qürur işığı vardı.
Hər kəs
"Vətən sağ olsun" deyirdi, cavanlar bir yana, ahıllar, ağsaqqallar da "Bu gün cəbhəyə
yollanmağa hazırıq, Vətənə canımız
qurban" söyləyirdilər.
Bunları
görürdüm, qəlbim iftixarla dolurdu. Amma bu gün
bütün Azərbaycan bu ruhda, bu əhvaldadır.
Azərbaycan
bu gün tarım gərilmiş sim kimidir!
Bütün
millət bu gün bütöv bir orduya dönüb!
El
gücü, sel gücü!
Ali
Baş Komandanı, Milli Ordusu ilə nəbzi bu günlərin
axarında eyni vuran bu xalqın zəfər
çalacağı əziz gün, əlbəttə ki,
mütləq gələcək!
Böyük
şair Mehmet Akif millətin arzusunda olduğu şanlı
günlərin uzaqda olmadığına səmimi qəlbdən
inanır və inandırırdı:
Güləcəkdir
sənə vəd etdiyi
günlər
haqqın,
Kim
bilir, bəlkə sabah,
bəlkə
sabahdan da yaxın!
Bizə
qarşıdakı gündə, bəlkə ondan da tez nəsib
olacaq Böyük Qələbəmiz tez yetişsin!
Və mənim lap çoxdan bir başqa arzum da var.
Son dövrlərdə ölkə Prezidenti İlham Əliyev
ayrı-ayrı açılışlara yollanarkən
sükan arxasında özü əyləşir.
Çox
istəyirəm gəlsin o gün ki, Ali Baş
Komandanımız İlham Əliyev binaları üzərində
üçrəngli bayrağımız dalğalanan Xankəndiyə,
Şuşaya, Cıdır düzünə idarə etdiyi
zirehli maşında daxil olsun!..
30 sentyabr, 2020
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.- 1 oktyabr.-
S.6-8.