"Dini, irqi fərq qoymadan biz
hamımız azərbaycanlıyıq"
"VƏTƏNPƏRVƏRLİYİN
BİR DƏYƏR KİMİ AŞILANMASI ÇOX
ƏHƏMİYYƏTLİDİR, AMMA
DƏRSLİKLƏRDƏ ÜMUMBƏŞƏRİ
DƏYƏRLƏRİ ƏKS ETDİRƏN MATERİALLAR DA
OLMALIDIR"
İnsanın
doğru yetişdirilməsi üçün mütləq şəkildə
düzgün və davamlı təlim-tərbiyə prosesi
olmalıdır. Məhz bu, bir uşağın
gələcəyini, bütün taleyini həll edən əsas
amildir.
Bu baxımdan valideyn təkcə dünyaya gətirən,
bəsləyən və böyüdən, müəllim təlim
verən və qiymətləndirən olmamalı, daha
artığını bacarmalıdır. Daha
artığını bacaran insanlar həmişə bir nəsil,
bir ulus üçün dəniz fənəri rolunu oynayır
və gənclərin düzgün yolu tapmasına xidmət
edirlər. Bu da sağlam cəmiyyət,
sağlam cəmiyyət də möhkəm əsasları olan
bir dövlət deməkdir. Bu istiqamətdə
yorulmadan xidmət göstərən, gənclərin
yolgöstərəni olan müəllimlərdən biri də
Qoşqar müəllimdir.
Qoşqar Məhərrəmov Biologiya müəllimidir. Eyni zamanda,
Türkiyədə təhsilin idarə olunması ilə
bağlı magistr təhsili alaraq ölkəmizə
qayıdıb. O, hazırda məktəblilər və tələbələr
üçün təlimlər keçirir, düzgün tədris
və öyrənmə qaydalarını onlara
aşılamağa çalışır.
Qoşqar Məhərrəmovla müsahibəmizi sizə
təqdim edirik.
***
-Siz həm
məktəbdə, həm universitetdə işləyirsiniz,daim gənclərin arasındasınız. Maraqlıdır, gənclər arasında hər
hansı ortaq psixologiya müşahidə etmisinizmi?
-
İşlədiyim həm ali, həm orta məktəblər
özəl sektora aiddir. Yəni burada,
sosial-iqtisadi durumuna görə əsasən orta və
yuxarı təbəqədən olan şagirdlər, tələbələr
təhsil alırlar. Bəli, bunların hər
birində diqqət çəkən ortaq məqamlar odur ki,
ailələri tərəfindən dəstəklənən gənclər
gələcəyə daha ümidli baxırlar. Eyni zamanda, bu dəstəyi ala bildikləri
üçün də daha çox çalışıb
öz üzərlərində işləyirlər.
Çünki onlar həqiqətən də dərs
çalışdıqları zaman bunun müsbət nəticələri
ola biləcəyini görürlər. 10-20 faizlik bir qrup gənc də var ki, onlar sanki
universitetə təsadüfən gəliblər və
buranı asudə vaxt keçiriləcək məkan olaraq
görürlər. Buna görə də ali
məktəbi yaxşı dəyərləndirmirlər. Mən düşünürəm ki, dövlət
universitetlərində bu faiz nisbəti daha da yüksəkdir.
Bu tələbələr , 9,10,11-ci sinifləri
yaxşı dəyərləndirməyib, ali məktəbə
250-270 balla təsadüfən daxil olurlar. Yəni,
tələbə adını qazanmaq üçün kifayət
qədər çalışmayıblar. Elə
universitetdə də bu cür davam edirlər. Və onlar, ehtimal ki, məzun olduqları zaman da
ixtisaslarını zəif bildiklərindən işsiz kadr
olaraq cəmiyyətə daxil olacaqlar. Sonra isə,
"İş yoxdur, gərək adamın adamı,
tanışı ola ki, onu işə düzəltsin"- kimi şikayətlər
edəcəklər.
Gənclər anlamalıdır ki, həqiqətən də
özünü inkişaf etdirən insanlar heç vaxt
işsiz qalmır. Çünki artıq qlobal bazar var. Bu bazarda Azərbaycandan
da xidmət, iş satan,internet üzərindən işləyən
insanlar var. Buna görə, mən inanmıram ki, bu dövrdə
və yaxın gələcəkdə işsizlik
anlayışı ola. Yalnız keyfiyyətli kadr
əksikliyi olacaq və bu, indi də var. Burada ortaq
psixoloji məqam, gənclərin, ümumiyyətlə,
plansızlığı, nizam-intizamsızlığı və
bundan qaynaqlanaraq, düzgün çalışmamaları, həyatı,
zamanı yaxşı dəyərləndirməmələridir.
-Siz təlimlərdə
gənclərə düzgün öyrənmə
üsullarından bəhs edirsiniz. Yəni siz bir
növ öyrənməyi yenidən öyrədirsiz onlara.
İstərdim ki, bu haqda, məhz düzgün öyrənmə
prosesini öyrənmək haqqında bir qədər məlumat verəsiniz.
- Bəli,
biz aşağı siniflərdə də, universitetlərdə
də öyrənmə çətinliyi olan insanları
görürük. Bir mövzunu öyrənən
iki nəfəri müşahidə edəndə,
görürük ki, biri daha yaxşı öyrəndiyi halda,
digəri daha zəif bilir. Bu məsələnin
həm bioloji, həm də pedaqoji-psixoloji amilləri var. Ona
görə, mən düşünürəm ki, biz
şagirdlərə əvvəlcə düzgün öyrənməyin
yollarını öyrətməliyik. Məncə,
bu elə orta məktəbdən başlamalıdır.Bu,
uşaqlara qazandıra biləcəyimiz ən önəmli vərdiş
olar. Çünki insan ömür boyu yeni
şeylər öyrənmək məcburiyyətində
qalır. O zaman dinamik bir şəkildə yeni materialları,
çağırışları, üsulları,
texnologiyaları öyrənən insanlar bir kadr kimi cəmiyyətdə,
bazarda özlərinə daha asan yer tapa biləcəklər.
Öyrənmə üsulları isə ümumi-bəşəri
ortaq bir üsul deyil, hamı üçün fərqlidir. Amma bəzi
üsulların statistik olaraq daha geniş kütlələrdə
müsbət nəticələr verdiyini görürük.
Biz həmin üsulları gənclərimizə
məsləhət veririk. Bunlardan biri məqsədin
konkret və müəyyən olması və ona gedən yolda
işin hissələrə bölünməsi, vaxtın
düzgün idarə olunması, yol xəritəsinin
cızılması, günün, həftənin
planlaşdırılması, bundan sonra hər gün oxunacaq
materialın öyrənilməsi prosesində tənəffüslərə
yol verilməsidir. Deyək ki, 40-45 dəqiqə
oxuduqdan sonra, 5 dəqiqə tənəffüs verib həmin
materialın yenidən təkrar edilməsi lazımdır.
Yəni öyrənilməli materialı oxuyaraq
getmək olmaz. Bu, roman deyil ki, onu tez bitirməyə
çalışaq. Öyrənmək və
elm əldə etmək üçün oxunan material təkrar-təkrar
oxunmalıdır ki, daha yaxşı mənimsənilsin. Bu baxımdan gündəlik, həftəlik və
aylıq təkrar lazımdır. Unutmaq olmaz
ki, təkrar biliyi möhkəmləndirir, onu qısamüddətli
yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Beləcə, öyrənmə hasil olur. Belə öyrənildikdə, öyrəndiyini unutma
kimi problemlər də aradan qalxır. Bundan
başqa öyrənmə zamanı özünü ətraf
aləmdən, elektron cihazlardan, insanlardan maksimum izolyasiya etmə
və bütün diqqətini öyrəniləcək
materiala vermək önəmlidir. Həmçinin,
dərs çalışma prosesinə öz
emosialarını qatmaq da lazımdır. Çünki
hissləri qataraq öyrənilən materiallar, bilgilər daha
yaxşı yadda qalır. Buna görə
də, öyrənmə prosesində yeni bir bilgi əldə
etdikdə ona sadə formada yox, hissi və emosiya ilə
yanaşmaq, öz-özünü qəsdən təəccübləndirmək
də bu baxımdan işə yarayır.
- Siz həm
də, bugünün dərslikləri ilə yaxından
tanışsınız. Hər bir xalqın
milli mənsubiyyətini dərk etməsi, milli mənlik
şüuru, vətənpərvərlik hissləri də təlim-tərbiyə
prosesi ilə uşaqlıqdan aşılanır. Bu baxımdan, bizə bugünün dərslikləri,
tədris üsulları kifayət edirmi?
-
Ümumiyyətlə, bu, psixoloji və pedaqoji amilləri olan məsələdir.
Biz vətənpərvər insan yetişdirmək
adı altında psixoloji, ruhi xəstə yetişdirməməliyik.
Yəni, kitablarımız bu mənada ciddi şəkildə
erkən yaş psixoloq və pedaqoqları tərəfindən
nəzərdən keçirilməlidir. İbtidai
sinifdə vətənpərvərliklə bağlı
hansı materiallar varsa, hər birinə baxılıb bir-bir təhlil
olunmalıdır ki, bu material həmin yaş səviyyəsinə
uyğundurmu? Ümumi mənada vətənpərvərliyin
bir dəyər kimi aşılanması çox əhəmiyyətlidir.
Bizim dərsliklərdə həm də ümumbəşəri
dəyərləri əks etdirən materiallar da
olmalıdır. Çünki biz lokal hərəkət
edən, amma qlobal düşünən yeni nəsil
yetişdirməliyik. Biz 21-ci əsr
bacarıqlarına sahib olacaq insanlar yetişdirməliyik.
Bu mənada dərsliklərin tələbatı
tam ödədiyini demək çətindir. Ona görə də mən, ümumiyyətlə, dəyərlərin
təlimi ilə bağlı geniş bir layihənin
hazırlanmasının tərəfdarıyam və bu istiqamətdə
təşəbbüs göstərirəm.
-
Qoşqar müəllim, son olaraq belə bir sual: bir pedaqoq kimi,
gənclərin milli mənlik şüurunun düzgün
inkişaf etməsi, savadlı, düzgün düşünməyi
bacaran bir vətəndaş kimi formalaşması və istənilən
mühitdə assimilyasiyaya uğramaması üçün
müəllimlərin üzərinə dərs, təlim
keçməkdən başqa hansı rol düşür?
- Milli mənlik
şüurunun düzgün inkişaf etməsi insanın
özünü bilməsi ilə başlayır. Yunus Əmrənin də dediyi kimi, "elm - elm bilməkdir,
elm - özünü bilməkdir. Sən özünü
bilməzsən,ya necə oxumaqdır?"
Elm, insanın özünü bilməsiylə
başlayır. İnsan özünü tanıdıqca,
öz bədənini, mədəniyyətini, öz ideoloji
fiqurlarını, millətini, torpağını bildikcə,
öyrəndikcə, özünü bura aid etməyə
başlayır. Bax, vətənpərvərlik
məhz o aidlik hissidir. İnsan
doğulduğu yerə, orda yaşadığı gözəl
xatirələrə görə bağlı olur. Əgər gözəl xatirələri yoxdursa, insan
ordan canını qurtarmaq istəyir. Bu
baxımdan, gənclərin, uşaqların gözəl xatirələrinin
formalaşmasının məsuliyyəti isə, birinci
növbədə dövləti təmsil edən şəxslərin
və valideynlərin üzərinə düşür. Valideynlər övladlarına yaxşı nümunələr
- yaxşı məmur, yaxşı həkim, yaxşı
müəllim, yaxşı insan nümunələri göstərməlidir.
Bir mənada ölkənin yerli dəyərlərini
o uşaqlara aşılamalıdırlar. Bu
halda uşaqlarda milli mənlik şüuru formalaşar.
Ümummilli
lider Heydər Əliyevin bir sözü var: "Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!" Bax, bu ifadədə azərbaycanlılıq
ideyası, var. Bu ideya dinə və irqə bağlı deyil,
coğrafiyaya bağlıdır. Bu torpaqda
ləzgi də, talış da, rus da yaşayır. Biz hamımız bir torpaq üstündə, bir bayraq
altında birləşmişik. Biz bu
ideyanı uşaqlarımızda yaratmalıyıq. Bunu formalaşdırmağın yolu da yaxşı
müəllim, yaxşı rol model olmaqdan keçir. Həmçinin,
ölkədə qanunların bir qədər sərt
olmasına ehtiyac var ki, heç kim öz vəzifəsindən
sui-istifadə edə bilməsin. Uşaq da bu
halda pislikdən çox yaxşılıq,
düzgünlük görəcək. Əks
halda, uşaq yaşlandıqca ailədə dövlət məmurlarından,
yaşayışdan şikayətlər eşitdikcə
özündə bir aşağılıq, yadlıq hissi
yaranacaq, öz ölkəsindən miqrasiya etmək istəyəcək.
Buna görə, dövlət məmurları
mütləq şəkildə düzgün işləməli,
bununla bağlı sərt qayda-qanunlar olmalıdır ki,
insanlar vəzifələrindən sui-istifadə edib digər vətəndaşları
da vətənindən, yurdundan soyutmasınlar.
Natəvan
ABDULLAYEVA
525-ci qəzet.- 2020.- 13 oktyabr.-S.12.