Hər birimiz bu Vətənin əsgəriyik
Həyəcanlı və qürurlu günlər yaşayırıq. Hər gün
gözümüz Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin verdiyi məlumatları axtarır,
tapır, oxuyur, televiziya kanallarından gündəlik xəbərləri
alırıq.
Sentyabrın 27-dən səhər saatlarından
növbəti təxribata
əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci
Aprel dalğasını
yaşatdı. Təmas xətti boyunca
Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərini
və yaşayış
məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı çox çəkmədən uğurlu
əks-hücum əməliyyatları
ilə verildi. Nəticədə bir sıra yaşayış məntəqələrimiz
və Murovdağ zirvəsi işğaldan azad edildi. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə
bir daha öyündük. Bu günə qədər düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları
məhv edilib. Təbii ki, müharibə
itkisiz olmur. Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir. O müqəddəs
torpaqlar uğrunda bu gün döyüşür
Azərbaycan əsgəri.
İrəli gedərək işğaldan
azad etdiyi torpaqlar da Azərbaycandır.
Azərbaycan əsgəri haqq
yolundadır. Öz doğma
torpaqlarından düşmənin
murdar ayağını
kəsir. Bu yolda
neçə igid verər can, amma geriyə dönməz. Himnimizdə
deyildiyi kimi: "Səndən ötrü
can verməyə cümlə
hazırız!"
Bunu anlayan mənfur düşmən
öz çirkin oyununu davam etdirərək
əhali arasında təşviş və çaşqınlıq yaratmaq
məqsədilə yaşayış
məntəqələrini, mülki əhalini də atəşə tutur. Düşmənin silahlı
qüvvələrinin dinc
Azərbaycan əhalisinin
sıx yaşadığı
əraziləri ağır
artilleriyadan atəşə
tutması nəticəsində
mülki əhalidən
müxtəlif dərəcəli
bədən xəsarətləri
alaraq xəstəxanalara
yerləşdirilənlər və həlak olanlar var. Bir sıra yaşayış
evləri, mülki obyektlər yararsız vəziyyətə düşüb,
çoxsaylı xırda
və iribuynuzlu heyvanlar tələf olub. Bütün bunlara baxmayaraq,
insanlar öz yurd-yuvasını tərk
etmir. Çünki hər kəs
Milli Ordumuza güvənir. Döyüşlərin
başladığı ilk günlərdən
ordudan qələbə
müjdəsini alan kiçikdən-böyüyə
hər kəs yaxşı anlayır ki, haqq da
bizimdir, torpaqlar da bizimdir, qələbə
də bizimlədir. Ölkə başçısı
cənab İlham Əliyevin xalqa müraciətində də
deyildiyi kimi, biz öz torpağımızda
vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə
sarsıdıcı zərbələr
endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın
ərazi bütövlüyünü
qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim
torpağımızda nə
işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə
işi var?! Ermənistan işğalçı dövlətdir,
bu işğala son qoyulmalıdır və
son qoyulacaqdır.
Müdafiə Nazirliyinin məlumatına
görə, Azərbaycan
Ordusunun genişmiqyaslı
döyüş əməliyyatı
nəticəsində Madagizdəki
Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları
başlayıb. Şəxsi heyət
təşviş içindədir. Dəstək məqsədilə
yeni gələn ehtiyat
qüvvələri də daxil olmaqla bir çoxları
döyüşə girmək istəmir və döyüş
əməliyyatı rayonunu tərk edirlər.
Erməni əsgərində ruh düşkünlüyünün olması məntiqlidir.
Əsgər o zaman psixoloji cəhətdən silahlanır ki, öz torpağı uğrunda vuruşur, öz torpağını işğaldan
azad etmək uğruna
can fəda edir. Məsələyə
bu aspektdən yanaşanda
bir erməni əsgəri nə deyə
canfəşanlıq etsin? Onun
silahını atıb qaçması, digər tərəfdən
müzəffər Azərbaycan ordusunun
qarşısında duruş gətirməməsi
anlaşılandır. Bu döyüşün
acı məğlubiyyətlərini öncədən
proqnozlaşdırmaq heç də
çətin deyil. Çox
da uzağa getməyək.
Bu ilin iyul ayında təxribata
əl atan Ermənistan acı məğlubiyyətlə
üz-üzə qaldı. Avqust ayında
növbəti hərbi təxribata əl atarkən diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri
tərəfindən saxlanıldı və hazırda ifadələr
verir. Verdiyi ifadələrdən
məlum olur ki,
planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bütün bu təxribatların
qarşısını cəsarətlə alan
ayıq-sayıq ordumuzun yanındadır
xalqımız. Ordu xalqın güvənc
yeridirsə, bir ordu üçün də xalqın inamı,
etibarı və sevgisi onu
mənəvi-psixoloji cəhətdən silahlandırır, daha da güclü
edir. Xalq-ordu birliyi əsgərlərimizi döyüşdən-döyüşə
atılmağa, rəşadətlər göstərməyə
sövq edir. Biz bu gün
ordumuza güvənərək öz işimizin
başındayıq. Arxa cəbhədə
həyat öz axarında davam
edir. Əsgər
yalnız forma geyinib əlinə
silah alan deyil. Hər kəs öz işi, peşəsi ilə vicdanla
çalışırsa, o da əsgərdir. Bu gün müəllim öz
dərsini yüksək əhvalla tədris edirsə, bax o da
əsgərdir və gələcəyin cəsur
döyüşçülərini hazırlayır. Bu gün hər birimiz bu Vətənin əsgəriyik!
Bu həssas dönəmdə biz də arxa cəbhədə
səfərbərik. Öz işimizlə,
ruhumuzla, canımızla, qanımızla.
90-cı
illərin böhranının acı nəticələrindən,
siyasi rəhbərliyinin səriştəsizliyindən istifadə
edərək torpaqlarımızı işğala məruz
qoyan ermənilərə növbəti "sevinc"
payını yaşatmayacağıq. Bu gün
güclü, qüdrətli bir dövlətin vətəndaşları kimi əminik ki, sevinc payını yaşayanlar
bizik, biz
olacağıq. İstənilən döyüş
tapşırığını yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimizin
peşəkar şəxsi heyəti bizə bu
əminlik hissini verir. Aprel qələbəsinin,
Günnüt zəfərinin müjdəsini
aldığımız ordumuza güvənirik.
Göz
qırpmadan, can əsirgəmədən
bizə növbəti qələbə sevinclərini yaşadan cəsur əsgərlərimizə
güvənirik! Şəhidlik zirvəsinə yüksələrək
gənc və gələcək nəsillərimizə örnək
olan qəhrəmanlarımızla öyünürük. Biz
tarix yazırıq.
Yetişdirib
boya-başa çatdırdığımız hər bir
oğul düşmən çəpəridir. Biz oğullarımızı hərbi xidmətə,
ön cəbhəyə qürurla,
fəxarət hissi ilə yola
salırıq. Hər bir Azərbaycan ailəsi
müstəqilliyimizin qorunmasına, ordumuzun
güclənməsinə öz töhfəsini
verir. Biz bitmirik, tükənmirik, biz
gəlirik, davam edirik.
Bu gün valideynlər
övladlarını hərbi təhsilə yönəldir.
Hazırda hərbi təhsil müəssisələrində gələcəyin
peşəkar zabitləri yetişir. Bu torpaq, bu
vətən, bu dövlət, bu millətin var olması
naminə. Azərbaycanın bu günü də, gələcəyi də
etibarlı əllərdədir.
Ölkə
başçısı cənab İlham Əliyevin də
dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Ruhiyyə RƏSULOVA,
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.16.