Qalib əsgərin çəkmələri
Vətən müharibəsi gedir. Həm də
sadəcə Vətən müharibəsi yox, Böyük Vətən
müharibəsi.
30 ildən
artıq bir müddətdə fasiləsiz davam edən
qanlı-qadalı, ən müasir silahların atəşləri,
hər tərəfdən minlərlə insanın həyatını
itirməsiylə müşayiət edilən, əsirləri,
girovları, qaçqın-köçkünləri,
darmadağın edilmiş saysız məskənləri,
onlarla şəhəri-kəndi xarabazara çevirmiş
qarşıdurmaya müharibə, həm də Böyük Vətən
müharibəsi deyilməzmi?!
Çox
da rəsmən bütün bunlara lap əvvəldən indiyədək
kiçildərək riyakarcasına yalnız "münaqişə"
deyilib.
Erməniliyin Azərbaycan insanına qarşı quduz
silahlı həmlələri, törətdiyi
qırğınlar, gerçəkləşdirdiyi
soyqırımları və etnik təmizləmələr
bundan əvvəl də dəfələrlə olub.
Lakin heç biri nə həcmcə, nə əhatəcə,
nə müddətcə 30 ildən artıq zamanda davam edən
bu son müharibədəki kimi olmayıb.
Ermənistan və dünya erməniliyinin
arxalandığı qüvvələrlə birgə Azərbaycana
qarşı bu axırıncı böyük savaşı
artıq son mərhələsinə yetişib.
Azərbaycan xalqı hələ heç vaxt bunca yekdil
olmamışdı.
Atanın iki oğlu var. Hərbi komissarlıq təkid
edir ki, biri getsin, obiri qalsın. Ata israr edir: "Yox, ikisi də getməlidir.
Vətənin bu günündə balalarım cəbhədə
olmalıdır".
Böyüklü-kiçikli bütün millət bu
gün "Ya qələbə, ya ölüm!" deyir.
Əlbəttə ki, QƏLƏBƏ və bütün
Azərbaycan bu gün bu ruhda köklənib.
Bunun əsas səbəbkarısa bütün millətin
ürəyində sadəcə ümid
qığılcımı deyil, inam ocağı yandıran
Prezident İlham Əliyevdir.
Sentyabrın
27-dən, Ermənistanın Azərbaycana qarşı
bütün cəbhə xətti boyu geniş hücumları
başlanan ilk saatlardan dövlət
başçımızın xalqa hər müraciəti,
televiziya ekranında hər görünməsi, dünyanın
aparıcı informasiya kanallarına hər müsahibəsi
insanlarımızı bir qədər coşdurur, onları
daxilən səfərbər edir, hər könüldə qələbə,
zəfər əminliyi yaradır.
Bu gün cəbhədə rəşadətli Azərbaycan
Ordusu döyüşür. Mərd Azərbaycan əsgəri
qanı, canı bahasına düşmən tapdağından
azad etdiyi hər qarış torpağımızla xalqın qələbə
əzmini nə qədər artırırsa, bundan artıq qətiyyəti
millətimizə ən böyük Azərbaycan Əsgəri,
bu günlər içində elə özü də bir
orduya bərabər olan Prezident İlham Əliyev bəxş
edir!
Cəbhələrdə cərəyan edənləri biz
görmürük, oradakı döyüşlərdən bizə
yalnız soraqlar çatır.
Bu döyüşü - Prezident İlham Əliyevin Azərbaycan
naminə bugünkü çarpışmaları isə
hamımızın gözləri önündə cərəyan
edir.
Hər ötkəm, ağıllı, hədəfə dəqiq
vuran çıxışı ilə Prezident İlham
Əliyev düşmənə meydan oxuyur, onu dinləyən
düşmənin və havadarlarının canına daha
artıq vicvicə, ruhuna daha artıq sarsıntı salır.
Dünyanın
ən aparıcı telekanallarına və informasiya agentliklərinə
verdiyi müsahibələr, birbaşa yayımda qarşı tərəfdən
gələn ən gözlənilməz, ən köntöy, ən
təxribatçı suallara təmkinini zərrə qədər
pozmadan, soyuqqanlılığını qətiyyən əldən
vermədən, sanki bu suallara cavab verməyə çoxdan bəri
hazırlaşıbmış kimi dilə gətirdiyi bir-birindən
sərrast, bir-birindən məntiqli, bir-birindən
inandırıcı və ifşaedici cavablar indi ən
şiddətli artilleriya atəşlərindən də təsirlidir.
Bu bir neçə gün ərzində dünyanın
tamaşa etdiyi, dinlədiyi, oxuduğu həmin bir-birindən məzmunlu
çıxışları ilə ən yüksək səviyyəli
nəhəng diplomatlar ordusunun görə biləcəyi
işi Prezident İlham Əliyev təkbaşına yerinə yetirir
("Heç onlar hamısı birlikdə bu işi bu səviyyədə
icra edə bilərdilərmi" də ayrı bir sualdır).
Prezident
İlham Əliyevin ən böyük gücü ondadır
ki, çox bilir, bildiyini dərindən bilir, əmindir,
hazırcavabdır, qorxmazdır, təpərlidir, misilsiz natiqdir və onu
dinləyənin tərəddüdlərini
dağıtmağı, gerçəklərə
inandırmağı bacarandır.
Və haqq, həqiqət, ədalət, dünya birliyinin
qəbul etmiş olduğu qanunlar da onun tərəfindədir.
Ona
görə kişi kimi "Heç kim
bizim iradəmizə təsir edə bilməz" deyir.
Bilirsiniz,
dünyanın gözü qarşısında belə
vüqarlı danışmaq, hər ölkənin kimdənsə
asılılığının olduğu, müstəqil
siyasət apara bilməyin az qala
mümkünsüzləşdiyi əyyamların içərisində
yaşayaraq çox da böyük olmayan, ərazilərinin
beşdəbiri işğal altında saxlanan dövlətin
başçısının belə qeyrətli bəyanat verməsi
nə qədər müşküldür?!
Bu gün
o çıxışları, o bəyanatları, Prezident
İlham Əliyevin hünərli siyasi
çarpışmalarını dost da izləyir, düşmən
də, bu məsələlərdən çox da hali olmayan
zahirən biganə seyrçilər də.
Hər kəs bu əsnada ilk növbədə İlham
Əliyevin timsalında qarşısında güclü bir
şəxsiyyəti görür.
Əsl Ali Baş Komandanı görür.
Əsl müdrik, tədbirli, cəsur Millət və
dövlət rəhbərini görür.
Millət, təbii ki, qürrələnir,
gücünün üstünə güc gəlir,
inamının, ümidinin üstünə inam və ümid
artır.
Dünənəcən müxalif düşünənlər
də ən azı ürəyində, düşüncəsinin
gizli qatında dəyişir, görür ki,
qarşısında ürək və bel bağlamalı,
ardınca gedilməli, hər sözünə dəstək
göstərilməli öndər dayanıb.
Hər kəs
şahid kəsilir ki, İlham Əliyev ola
bilmək nə qədər çətinmiş!
Amma
dünya da görür axı!
Öncədən nə qədər qərəzkar, nə
qədər iddialı, nə qədər şübhəcil,
nə qədər hazır əks rəylə yanaşsalar da,
Prezident İlham Əliyev danışdıqca, həqiqətləri
açdıqca yumşalırlar, dəyişirlər,
başqalaşırlar.
Belə ekstremal vəziyyətlərdə hər sinəsinə
döyən dövlət başçısı və siyasətçisinin
büdrəmədən, bunca rəvanlıq və
ardıcıllıqla nümayiş etdirə bilməyəcəyi
yüksək intellektual səviyyəsi, səlis nitqi və dəmir
məntiqi ilə Prezident İlham Əliyev qısa zaman kəsiyində
qarşısındakıları cazibəsinə
salmağı, heyran qoymağı bacarır.
Mən 40 ildən çox efir təcrübəsi olan
adamam. Bir
peşəkar kimi görürəm, qiymətləndirə
bilirəm ki, əvvəldən tam başqa qırımda olan,
səsindəki soyuqluq və suallarında sərtlik, ittiham, hətta
irəlicədən planlaşdırılmış qərəz,
hikkə açıqca hiss edilən aparıcı asta-asta necə
dəyişir, həmsöhbətinin parlaqlığı,
üstün zəkası, nadir rast gəlinən son dərəcə
cilalı, hər kəlməsi dəqiq, öz yerində olan
nitqi onu nə sayaq ram edir.
Son 2 həftə
boyunca Prezident İlham Əliyev "Euronews", "Əl-Cəzirə",
CNN-Türk, "Sky News", "Əl-Ərəbiyyə"
televiziyalarına, Rusiyanın "Pervıy kanal", eləcə
də "Rossiya 1" telekanalının "60 dəqiqə"
proqramına, Türkiyənin "TRT Haber" telekanalına,
"CNN International" televiziya kanalının "Connect the
World" proqramına geniş müsahibələr verib.
Bu qəbil kanalların aparıcıları isə
heç vəchlə sıravi yox, inadkar, bişkin jurnalistlər,
reportyorlar, siyasətşünaslardır. Dəqiqələr
ötdükcə onları dəyişdirən, səslərinin
ahəngində də, sualların qoyuluşunda da aşkar
dönüşü sezilən edən və son olaraq
sorğunu içərilərində müsahibə
yaranmış simpatiya ilə tamamlamağa yönəldən
Prezident İlham Əliyevin istedadı, zəkası, təlqinetmə
qabiliyyəti, inandırmaq ustalığıdır.
Bu, görünən həqiqətdir.
İndi siz hələ xəyalınızda
canlandırmağa çalışın ekran
qarşısında əyləşib eyni ovqata köklənən
saysız tamaşaçını.
İlham
Əliyevin məşhur kanallar vasitəsilə dünyaya car
çəkdiklərini eşidib-görən milyonlarla insan bu
vasitə ilə həqiqətlərimizin, haqq
sözümüz və səsimizin dünyaya
çatdırılması öz yerində, həmin
aparıcı, jurnalist, siyasətçi də insandır
axı, yaxşı olanı, üstün olanı
anladıqca, o səbəbdən də dəyişdikcə
demirəm dönüb yüzfaizli bizim mövqeyimizin tərəfdarı
olur. Heç olmazsa daxilində bir tərəddüd
doğur, qabaqkı yanaşmasından fərqli mövqe
yaranır onda.
Beləcə,
Prezident İlham Əliyev inandırmağı, yanlış təsəvvürü
dağıtmağı bacarır, ali səviyyəsi
və peşəkarlığı ilə müsahibində
özünə qarşı oyada bildiyi hüsn-rəğbətlə
isə Azərbaycana münasibəti müsbətə
doğru əvəzləməyə müvəffəq olur.
Dünyanın çox dövlətlərinin
başçılarını çox müşahidə
etmişəm, indi də görürəm və onları
Prezident İlham Əliyevlə müqayisə edirəm.
Azərbaycanımızın
qabiliyyətləri ilə ən nəhəng, ən
sözükeçər dövlətlərin rəhbərlərindən
də qat-qat ucalığını görüb belə bir Vətən
övladının varlığı ilə qürur duyuram,
siz də iftixar edin!
Xatırlayıram 2001-2002-ci illəri. İlham
Əliyev o zaman Azərbaycanın Avropa Şurasındakı
nümayəndə heyətinə rəhbərlik edirdi. Orada bizim ilk gündən ən əsas vəzifələrimizdən
biri Ermənistanın Azərbaycana qarşı təcavüzü
ilə bağlı məsələlər qaldırmaq, sənədlər
hazırlamaq, çıxışlar etmək idi. Yolumuz yeni başlanırdı, hələ bizə qarşı
təzyiqlər çox idi, münasibətlər qura bildiyimiz
avropalı deputatlar tək-tək idi. Nümayəndə
heyətimizin rəhbəri erməni təcavüzü ilə
bağlı çox kəskin çıxışlar edirdi və
hətta bir dəfə Assambleya sədri çıxış
etdiyi zaman ona irad da tutmuşdu ki, çox sərt tənqid
edirsiniz. Cavab özünü çox
gözlətməmişdi. İlham
Əliyev qayıtmışdı ki, biz tənqid etmirik,
ifşa edirik.
Arada
nümayəndə heyətimizin rəhbərinə
demişdim ki, siz dövlət başçısının
oğlusunuz, deputat olsanız da, sizin
çıxışlarınız müəyyən mənada
Azərbaycan dövlətinin mövqeyi kimi qavranıla bilər,
digər tərəfdən də, sizin böyük siyasi gələcəyiniz
var, görürsünüz ki, bunlar da açıq, qəti
mövqeyi çox da xoşlamırlar, bəlkə elə sərt
mövzularla bağlı biz çıxış edək, siz
daha çox Ümumavropa məsələlərindən danışasınız.
Həmin andaca tərəddüd etmədən
dillənmişdi ki, bura mübarizə meydanıdır, nə
fikirləşirlər-fikirləşsinlər, nə deyirlər-desinlər,
sözümü axıradək söyləyəcəyəm.
İlham Əliyev bugünün İlham Əliyevi deyil. Həmişə
belə qətiyyətli, cəsur, sinəsini irəli verən
olub.
Orada, Qarabağ cəbhəsində səngərlərdəki
əsgərimiz atəş altındadırsa, burada siyasət
cəbhəsində Prezident İlham Əliyev bəlkə daha
artıq atəşlərlə qabaq-qabağadır.
Erməninin küncə
sıxışdırıldığı son günlərdə
dünyanın neçə dövlət
başçısından, beynəlxalq təşkilatlardan gələn
zənglər, bizə göstərilən təzyiqlər
yaylım atəşlərindən də betərdir.
Erməni düdüyünün çaldığı
havaya oynayan Fransa Prezidenti Emmanuel Makronun guya həmsədr,
münsif ölkənin rəhbəri olduğu halda qatı erməniçi
mənafedən olan müraciətinin ləngimədən
şapalaq kimi kəskin cavabını vermək asan
sayılmasın.
Dünyanın
aparıcı dövlətinin başçısına dar
macalda olan dövlətin rəhbərinin telefondaca verdiyi cavab
öz yerində, amma Prezident İlham Əliyev həm də
dünyaya yayılan "Əl-Ərəbiyyə" telekanalından
səsini qaldırır ki, gələcəkdə ona belə
ehtiyatsız müraciət edənlərə də dərs
olsun: "Əgər Fransa Dağlıq Qarabağ
üçün öz müqəddəratını təyinetmə
istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin
yarısı ermənilərdən ibarət olan Marsel şəhərini
onlara versinlər və onlara Dağlıq Qarabağ
respublikası elan etməyə icazə versinlər və qoy
onlara müstəqillik versinlər. Qoy Korsikaya
müstəqillik versinlər, qoy basklara müstəqillik
versinlər".
Anın məsuliyyətini təsəvvür etməyə
çalışın.
Canlı yayımdasan. Qarşı tərəf
- jurnalist, aparıcı sənə son dərəcə ciddi
ittiham daşıyan sual yönəldir. Sualdan
aydındır ki, bu, jurnalist, aparıcı sualı deyil.
Aydındır ki, bu sualı onlara xüsusi xidmət
orqanları ötürüb. Çünki
bu sual elə informasiya daşıyır ki, onu hər hansı
jurnalist əldə edə bilməz. Həm də istər
bu sualdan, istərsə də bundan əvvəlki sərt
suallardan duyulur ki, müsahibənin bu şəkildə
qurulmasında hansı şəkildəsə erməni
lobbisinin də əli var. Çünki qoyulan sualların əksərində,
həmin sualların hansı intonasiya ilə səslənməsində
erməni təəssübkeşliyi və tərəfkeşliyi
özünü büruzə verir.
Ya da, ola bilsin, heç real təəssübkeşlik
məsələsi yoxdur və sualları verənin
qarşısında bu vəzifə qoyulub ki, yöndəmsiz
sualları ilə dövlət başçısını
kor dalana dirəsin, karıxdırmağa nail olsun və nəticə
etibarilə bu da onun təmsil etdiyi kanala sərfəlidir,
reytinqin daha artması girəvəsidir.
Amma o
aparıcı da, redaksiyası da gərək bilələr
axı qarşılarındakı İlham Əliyevdir!
Bu, Ermənistanın
baş naziri deyil ki, suallara mütərcim vasitəsilə,
öz ana dilində qart-qurt, cümləsinin əvvəli ilə
axırı, fikirlərinin başlanğıcı ilə sonu
uyuşmayan həndir-hamar cavablar versin.
Bu,
İlham Əliyevdir!
Hər
sözü cəbhələrdə indi düşmənə
divan tutan dronlardan da dəqiq nişan
alıb vuran mahir Siyasət Snayperi!
Hər cavabında həm qoyulan suala dürüst,
qaneedici cavab var, həm də düşməni (və
düşmənləri, ellik gözü götürməyənləri,
bədxahları, qarayaxanları) hansı baxımdansa ifşa
edən mühüm məqam.
"CNN International" televiziya kanalının
"Connect the World" verilişində aparıcı Prezident
İlham Əliyevə bildirir ki, sizin bazalarınızdan birində
F-16 qırıcı təyyarələrinin olmasının
peyk təsvirlərini görmüşük. Siz isə F-16
qırıcı təyyarələri almamısınız.
Yəni belə təyyarələri
almadığınız halda necə istifadə edirsiniz?
Başqa sözlə, bu o mənaya gəlir ki,
belə təyyarələri olan Türkiyə sizin tərəfinizdən
döyüşür.
Və
sualını verir: "Azərbaycan üçün
güclü dəstəyi nəzərdə tutan F-16
qırıcı təyyarələrinin yerdə olması
doğrudurmu?"
Cavab verilməsi çox çətin olacaqmış
kimi görünən bu suala Prezident İlham Əliyevin ilk
cavabı sözsüz olur.
Gülümsünür.
Və
bunun özü də artıq bir cavabdır ki, müvazinəti
poza bilməzsiniz, məlumatınız saxtadır, bunlar bizə
gülməli gəlir: "Siz "yerdə" dedikdə mən
sizinlə razıyam. F-16 qırıcı təyyarələri
Azərbaycanda hərbi təlimlərdə iştirak etmək
üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə
10 hərbi təlimi olmuşdur. Türkiyə
bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin,
o cümlədən, Hərbi Hava Qüvvələrinin
iştirakı ilə hərbi təlimlərin keçirilməsi
adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə
yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən
əvvəl baş vermişdir. Beləliklə,
F-16 qırıcı təyyarələri yerdədir, onlar
uçuş etmirlər, onlar heç bir şəkildə hər
hansı bir döyüşdə iştirak etmirlər. Mən bunu birmənalı şəkildə deyirəm
və hətta sizə bir erməni feyk xəbəri
haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar
türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini
vurduğunu demişdilər. Bu, feyk xəbərdir
və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər,
çünki hər kəs bunun feyk xəbər olduğunu
bilir. F-16 qırıcı təyyarələri
buradadır, lakin onlar, sizin də düzgün qeyd etdiyiniz
kimi, yerdədir".
Bu minvalla Prezident İlham Əliyev çox yuxarıdan
gedən aparıcını endirir yerə - həqiqətin
yanına.
Onun şəxsində də onu yönəldənləri.
Və bu anda həmin verilişi seyr edərək bəlkə
də o təfərrüatlardan agah olmayan çoxlarına məsələnin
reallıqda nə təhər olmasını başa salır.
Hər həqiqət adı ilə deyilməlidir. Prezident
İlham Əliyev yaşadığımız bu
döyüşlü, zəfərli, nə acı ki, həm də
ölüm-itimli şanlı günlərin Baş Qəhrəmanıdır.
Bu gün
xalqın içərisində bu qədər ruh yüksəkliyi,
son böyük qələbə naminə hər şeyə
hazır olmaq qətiyyəti varsa, bunu ordumuzda da, millətimizdə
də yaradan məhz odur - Ali Baş Komandan, Prezident İlham
Əliyev!
Bu gün bütün millət onunladır və Azərbaycan
bir yumruq kimidir.
Bu gün
dünya boyu səpilmiş soydaşlarımız onunladır!
Bu gün qardaş Türkiyə dövlətin rəhbəri,
aparıcı simaları və sadə insanları ilə
İlham Əliyevlədir, Azərbaycanladır.
Hər dəfə, hər
çıxışının sonunda bütün daxili
gücünü və inamını iki əziz kəlməyə
qovuşduraraq "Qarabağ Azərbaycandır!" deyən
Prezident İlham Əliyev bu inam və gücü öz beyni və
ürəyində hər bir azərbaycanlının
düşüncəsinə və qəlbinə həkk edib.
Unudulmaz
Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycan
dövlətinə rəhbərlik etməyə başlayandan
sonra beynəlxalq təşkilatların təmsilçiləri
və əcnəbi nümayəndələrlə istər
daxili, istər xaricdəki görüşlərinin
hamısında, hansı mövzuda söhbətin getməsindən
asılı olmayaraq, hökmən ölkəmizin Ermənistanın
təcavüzünə uğradığını, ərazilərimizin
20 faizinin zəbt edildiyini, 1 milyon qaçqın və
köçkünümüzün olduğunu söyləyirdi.
Bəzən elə olurdu ki, bir gün ərzində
5-6 dəfə, bəzən də daha çox həmin
sözləri təkrar edirdi.
1998-ci ilin iyulunda Böyük Britaniyaya səfəri əsnasında
Heydər Əliyev İngiltərənin yüksək dövlət
rəsmilərindən biri ilə görüşündə
müxtəlif mövzulara toxunduqdan sonra yenə ona xas tərzdə
ərazilərimizin işğalı məsələsinə
qayıtdı, məlum fikirləri bir də söylədi.
Və ingilis dövlət adamının nabələd
reaksiyası Heydər Əliyevi xeyli təəccübləndirdi. Görüş bitəndə
biz həmin otaqda idik, bir müddət fikrə dalan Heydər
Əliyev o anda ürəyindən keçənləri bir
etiraf kimi dilə gətirdi: "Sonra da deyirlər, Heydər
Əliyev eyni sözü neçə dəfə təkrarlayır.
Necə təkrar-təkrar deməyəsən
ki, bu boyda dövlətin rəhbərləri sırasında
olan adamın bu boyda həqiqətdən aydın təsəvvürü
yoxdur".
Elə indi İlham Əliyev də həmin sayaq -
hamının bildiyi, olsun ki, ara-sıra söylədiyi,
yazdığı ikicə kəlməni bu günlər boyunca
dəfə-dəfə söyləməklə, hər nitqinin
sonunda bir nida işarəsi kimi təkrarlamaqla şüara
çevirdi.
İndi "Qarabağ Azərbaycandır!" sözləri
bütün ölkənin dilində, zehnində, ürəyində,
əzbərindədir.
Söz yox, keçmişlərdə də, elə
yaşadığımız son onillərin gedişində də
təcavüz siyasəti yürüdülən ölkələrə,
onların başçılarına qarşı
çeşidli beynəlxalq kürsülərdən digər
dövlətin, ya dövlətlərin rəhbərlərinin
kəskin, hətta bəzən təhqiredici
çıxışlarını da eşitmişik. Ancaq Ermənistanın
indiki rəhbəri haqqında Azərbaycan Prezidentinin əvvəllərki
dəyərləndirmələrinin hamısını bir kənara
qoyaraq elə yalnız bu sonunculara diqqət yönəltsək,
ona şahid olarıq ki, indiyədək belə alçaq
duruma gətirilən, bu qədər sərt ifadələrlə
damğalanan ikinci birisi olmayıb.
Dünyada
bunun bənzərinə rast gəlinməyib ki, milyon yox,
yüz milyonlarla insanın gözü qarşısında,
bütün dünyaya yayımlanan televiziya kanallarında digər
təcavüzkar ölkənin başçısı bunca rəzil
bir kökə salınsın, ifşaedici və
çılpaq həqiqət olan, düşməni gözündən
vuran sözlərlə bu qədər miskinləşdirilərək
ayaqlar altına tolazlansın.
Azərbaycanın əks-həmlələrindən,
ard-arda qazandığı qələbələrdən
sarsılan Ermənistan və onun cılız
başçısı naçar durumda olduğunu
görüncə dövlət başçılarına
bir-bir zəng vuraraq şikayətlənir, təvəqqe edir
ki, Azərbaycana təsir göstərsinlər. Həmin
ölkələrin başçıları da başlayır
həmin xahişlə Azərbaycana müraciət etməyə.
Hansı dövlət başçıları qalıb
ki, Ermənistan baş naziri ora yalvarışlı zənglər
etməsin? Prezident İlham Əliyev bunu da
açıqlayır, özü də birbaşa bütün
dünyaya və CNN-dən. Həm Ermənistanın
öz xalqına da ləkə olan, ölkəsini xəcil
duruma gətirən başçısını yerə vurur,
həm də ona zəng çalanlara dolayısı ilə
cavab verir ki, özünüzü əbəs yerə
yormayın: "Düşünürəm ki, bu günlər
ərzində Ermənistanın baş nazirinin
danışmadığı yeganə insan hansısa uzaq
adadakı qəbilə başçısıdır. O, hər
kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng
edib. O, Prezident Makrona, deyəsən, 4 dəfə zəng edib.
Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı
qalıb. Mən məsləhət
görürəm ona zəng edib Azərbaycandan şikayət
etsin ki, o, Azərbaycanın
"dağıtdığı" yazıq, zavallı Ermənistana
kömək etmək üçün öz qəbiləsindən
bəzi adamları göndərsin".
Başqa
bir televiziya çıxışında isə Prezident Ermənistan
dövlət başçısına bu babətdə bir az da sərt müraciət edir: "Biz haqq
yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz
torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Amma yenə də
işğalçıya bəlkə də sonuncu dəfə
şans veririk ki, çıxın bizim torpaqlarımızdan.
Dünyada heç bir ölkə bizim iradəmizə
təsir edə bilməz. Kimə istəyirsən
yalvarırsansa yalvar. Kimin
ayağının altına yıxılırsansa
yıxıl. Kimin dabanlarını
yalayırsansa yala. Heç kim bizə
təsir edə bilməz".
Dəfələrlə üzbəüz qaldıqları
beynəlxalq müstəvilərdə də Prezident İlham
Əliyev həm ifadə etdiyi həqiqətin
danılmazlığı, həm şəxsi keyfiyyətlərinin
üstünlüyü ilə Ermənistan dövlət
başçısını ayaqaltı edib. Əvvəllər
edib, indi də, 2020-nin sentyabrının son günlərində,
oktyabrın ilk ongünlüyündə də edir. Cavab verəcək halları da yoxdur. Nə üzbəüz olanda, nə indi bütün
dünyanın ən məşhur telekanallarında yerlə
süründürülərkən.
Prezident
İlham Əliyev Ermənistan dövlət
başçısını (adını yazıb
yazımı bulaşdırmaq istəmirəm) hansı rəzil
kökə salıbsa, Azərbaycan Ordusu da Ermənistan ordusunu
o miskin hala gətirir və gətirəcək!
Adamın gərək düşməndə də bəxti
gətirə.
Bizə düşmənin də ən nacinsi
qismət olub.
Prezident İlham Əliyev oktyabrın 11-də
Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibəsində
çox ibrətli sözlər deyir ki, hətta rəqiblə,
düşmənlə də münasibətdə vicdanlı
qalmaq, heç olmazsa öz qarşısında vicdanlı
olmaq, öz sözünə hörmət etmək
lazımdır.
Lakin nəfəsi yalanla gedib-gələn, bütün
mahiyyəti riyakarlıq və saxtakarlıqdan ibarət Ermənistan
rəhbərliyi ilə bunu necə edəsən?!
Moskvada
yarım gün sürən danışıqlardan sonra,
yalvar-yaxar humanitar atəşkəsə izin alandan dərhal
sonra Ermənistan Gəncəyə, dinc əhaliyə gecənin
bir aləmində raket atəşləri açır,
insanları qətlə yetirməyi, dağıntılar
törətməyi davam etdirirsə, onunla hansısa yeni
danışığa necə etibar edəsən?
Prezident
İlham Əliyev onların bu xislətini də açıq
bəyan edib və həm Rusiya tamaşaçıları, həm
də digər ölkələrdə RBK kanalına baxan
milyonlarla başqa tamaşaçı da bunları
görüb-eşidəcək: "Böyük etimad bəsləmədiyin
adamla danışmaq çətindir. Mən onun
sələfləri, müharibə cinayətkarları hesab
etdiyim adamlarla danışıqlar aparmağa məcbur idim.
Çünki onlar Xocalıda qanlı
soyqırımı törədiblər, onlar Azərbaycanın
dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni
irsimizin dağılmasında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona
görə ki, biz bu münaqişənin nizamlanması yolunu
tapmalı idik. Ermənistanda yeni iqtidar,
yeni rəhbərlik hakimiyyətə gələndə əvvəlcə
onlarla əlaqələrimiz çox ümidverici idi. Opponentin hər kəlməsi yalandırsa, onun
yalanları dünya KİV-lərində yayılırsa,
bütün dünyaya translyasiya edilirsə, onunla nə barədə
danışmaq olar? Yəqin, onlar öz
ölkələrində yalan danışmağa adət ediblər.
Lakin internet dövründə tarix barədə,
münaqişənin mahiyyəti barədə yalan
danışanda bu yalan çox tezliklə ifşa olunur".
Prezident İlham Əliyevin bir vacib gücü də onun
milləti və dünya ilə səmimi rəftarı, siyasi
özünüifadənin gərəkən şərtlərini
gözləməklə mümkün olduğu qədər həmişə
açıq, heç nəyi pərdələmədən,
gizlətmədən danışmasıdır.
Bu isə
qətiyyən rahat və sadə nail olunan keyfiyyət deyil.
Baxın, bu həqiqətləri öz adı ilə deyən
İlham Əliyevdir, bunları Rusiya televiziyasına müsahibəsində
deyir.
Moskvada müvəqqəti humanitar atəşkəs
danışıqlarından sonrakı 2-ci gün, ermənilərin
Gəncəni raket atəşinə tutması gecəsindən
sonrakı birinci gündür, oktyabrın 11-dir.
Prezident
İlham Əliyev Rusiyanın da, Ermənistanın da,
bütün dünyanın da eşidəcəyi
aydınlıqda deyir, kimin kim olduğunu
açıqlayır, münaqişənin həllinin
açarını da birbaşa göstərir: "Axı
gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı
vəziyyətdədir. Onun təhlükəsizliyi
Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması
Rusiya tərəfindən təmin edilir. Biz
Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində
texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların
pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz
göndərilir. Qaz təchizatı
Rusiyadan güzəştli qiymətlərlə təmin olunur,
elektrik enerjisi də müəyyən dərəcədə
güzəştlə verilir. Dəmir
yolları, rabitə, hərbi baza. Hətta
Ermənistanın Türkiyə və İranla sərhədini
rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş
qalardı. Ermənistana təsir göstərmək
üçün daha hansı ölkənin bu qədər
vasitələri var? - Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki
ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər
tam asılı olsun. Buna görə, əminəm ki,
Rusiya tərəfindən təkid göstərilsə, bizim
status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb
keçməyimiz nəticəsində İrəvanın
ayılması nəzərə alınmaqla Rusiya qısa
müddətdə Ermənistanı inandıra bilər: təkcə
hərbi qarşıdurma baxımından deyil,
bütövlükdə Ermənistanın gələcəyi
üçün indiki vəziyyətdən yeganə
çıxış yolu Azərbaycanla münaqişənin həllini
tapmaqdır. Bu həll isə çox sadədir
- onlar bizim ərazidən getməli, öz
qoşunlarını çıxarmalı, bizim insanlar oraya
qayıtmalı və biz yenidən yanaşı
yaşamağa çalışmalıyıq".
Ordu o vaxt müzəffərliyə hazır olur ki,
qüdrətinə inandığı sərkərdəsiylə
irəliləyir.
Millətin ən gərgin anlarda, ən ağır vəziyyətdə
belə son zəfərə o zaman iman gətirir ki,
önündə qadir başçının getdiyinə əmin
olur.
Bu millət Prezident İlham Əliyevə həmişə
inanıb, həmişə güvənib, daim onu sevib.
Belə olmasaydı, dörd dəfə ona səsini verərək
taleyini tapşırmazdı.
Amma bu
günlər ərzində xalq da, dost da, düşmən də
Prezident İlham Əliyevi sanki yenidən kəşf etdi.
Cəsarətli, dərin, ürəkdən tikan
çıxaran hər çıxışı, hər
müsahibəsi, hər sözü, hər cümləsindəki
hökm, qətiyyət, cürət, Vətən sevgisi istər-istəməz
onu dinləyən hər yurddaşına da sirayət edir.
Prezident
İlham Əliyev "Nəyi nə vaxt, necə etmək
lazımdır, - mən bilirəm" deyirsə, xalq ona səmimi
qəlbdən inanır və bilir ki, bu OĞUL gec-tez mütləq
işğal altındakı torpaqların hər guşəsində
üçrəngli bayrağımızı
dalğalandıracaq.
Tanrı
bu millətə ən yaxın zamanda Qarabağ cəbhəsindən
tam zəfərlə qayıtmış əsgər
balalarımızın o əziz torpaqlara ilk qədəm
basmış çəkmələrini öpərək evlərinin
divarında yuxarı başdan qələbə rəmzi kimi
asmaq səadətini qismət etsin!
11 oktyabr, 2020
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.- 13 oktyabr.-
S.6-8.