Hərbi liseyin
kursantları:
"Sevinirik ki, torpaqlarımız
azad edilir və biz o torpqlarda xidmət edəcəyik"
Vətən
onun təəssübünü çəkən, uğrunda
can əsirgəməyən oğullarının çiynində
yüksəlir, pərvəriş tapır. Vətən
onu sevən, qoruyan vətəndaşlarının sayəsində
qorunur, inkişaf edir.
Zamanla biz Vətənin taleyinə biganə olanların
yarıtmaz fəaliyyətinin acı nəticələri ilə
üzləşmişik, vətən sevdalılarının fəaliyyətinin
gerçək və xoş nəticələri ilə də. Nahaq yerə atalarımız "Elin gözü tərəzidir"
deməyiblər. Xalqın xahişi və təkidli
tələbi ilə Ulu öndər Heydər Əliyevin ikinci
dəfə siyasi hakimiyyətə qayıdışı
ölkəmizi yeni qazanmış müstəqilliyini itirmək
təhlükəsindən xilas edib, təhlükəsizliyi təmin
olunub. Dahi rəhbərin uzaqgörən
siyasəti nəticəsində qısa zaman kəsiyində
bütün sahələri əhatə edən inkişaf təhsil
sahəsinə də öz təsirini göstərib, bilikli, vətənpərvər
kadrların yetişdirilməsi ölkənin gələcək
inkişafının təməl prinsipləri kimi qəbul
edilib. Ələlxüsus da hərbi təhsilin
ön plana çəkilməsi, diqqətdə
saxlanılması prioritet məsələ kimi bu gün də
gündəmdədir. Ölkəmizdə
yenə də Ulu öndərin böyük uzaqgörənliyi
ilə əsası hələ 70-ci illərdə qoyulan hərbi
təhsil sistemi müstəqillik illərində ordu
quruculuğunda baza rolunu oynayıb, yeni qurulan milli ordumuz hərbi
məktəbin məzunları-peşəkar, savadlı zabit
kadrları ilə komplektləşdirilibdir.
Azərbaycan
ordusunun peşəkar hərbi kadrlara olan tələbatını
mükəmməl ödəmək, Naxçıvan Muxtar
Respublikasında gənclərin hərbi təhsil alması
üçün əlverişli şərait yaratmaq məqsədilə
Ulu öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli "Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin Naxçıvan filialının
açılması haqqında" sərəncamının əhəmiyyətinin
böyüklüyü illər sonra özünü göstərəcəkdi.
2004-cü ildən ölkə
başçısının sərəncamı ilə
müstəqil lisey kimi fəaliyyətə başlayan və
yaradıcısı Ulu öndər Heydər Əliyevin
adını daşıyan təhsil ocağı bu gün
yüzlərlə vətənpərvər gənci öz ətrafında
birləşdirir. 2019-2020-ci tədris ilində 20-ci
buraxılışını yola salan liseyi bu günə qədər
3300-dən artıq kursant bitirərək ali
hərbi məktəblərə qəbul olub. Azərbaycan
Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu
zabit kimi xidmət edir. Və bu gün
işğal olunmuş torpaqlarımızın
alınmasında rəşadət göstərən peşəkar
zabit heyətinin sırasında bu liseyin məzunlarının
da olması qürurvericidir. İlk
addımlarını Naxçıvan Hərbi liseyində atan
və hərb peşəsinin sirlərinə bələd
olaraq Vətənə xidməti öz həyat amallarına
çevirən zabitlər sırasında şəhidlik məqamına
qovuşanlar da var.
Zamanında yetişdirilən o güclü zabit heyətinin
hünəridir bugünkü zəfərimiz. "Hər
bir peşə şərəflidir, hər bir peşə
sahibi öz fəaliyyəti ilə bu Vətənə xidmət
edir. Lakin hərb peşəsi birbaşa Vətəni
qorumaq, onun müdafiəsində dayanmaq deməkdir", - deyir
kursant Telman Məmmədov. "Bu torpaqda
yaşayırıqsa, hamının borcudur Vətəni
qorumaq, əsasən də bu şərəfli vəzifə hərbçilərin
üzərinə düşür. Bir daha əmin
oluram ki, bu peşəni seçməkdə heç də səhv
etməmişəm. Biz ölkəmizin ərazi
bütövlüyünün qorunması yolunda xidmət
göstərəcəyik. Bunu
düşünmək belə insana qürur verir. Böyük qardaşım Fərid Məmmədov da
bu peşəni seçib. Hazırda Azərbaycan
Ali Hərbi məktəbinin I kursunda təhsil alır".
Liseydə
müxtəlif bölgələrdən olan kursantları bir
amal birləşdirir: Vətən sevgisi, hərb peşəsinə
olan vurğunluq. Kursant Paşa Rzayevin də
Şərurun Həmzəli kəndindən liseyə yolunu məhz
bu sevgi salıb. Seçdiyi peşə ilə öyünən
Paşa deyir ki, əsl hərbçi bilikli və güclü
olmalıdır. Liseydə yaradılan
yüksək tədris şəraiti imkan verir ki, biz dərslərimizə
yaxşı çalışaq.
Liseyin II kursunda oxuyan Mirzə Əliyev isə Babək
rayonunun Kültəpə kəndindəndir. Uşaqlıqdan
bu sahəyə olan həvəsi indi onun əyninə forma
geyinib kursant adını daşımaq məramına
çatdırıb. Deyir ki, əsas məqsədim
peşəkar zabit kimi xidmət etməkdir. Peşəkarlığın yolu isə yaxşı
oxumaqdan, biliklərə yiyələnməkdən, fiziki cəhətdən
güclənməkdən keçir.
Atalarının yolunu davam etdirən
oğullar
1990-cı illərin hadisələri,
torpaqlarımızın işğala məruz qalması o
dövrdə əksər gənclərin diqqətini hərbiyə
yönəltdi. Silaha sarılıb Vətənin
müdafiəsində dayanmaq, torpaqlarımızdan düşmənin
ayağını kəsmək, şəhidlərin qisası
yerdə qalmasın deyə hərb peşəsini həyat
amalına çevirənlər çox oldu. Bir sözlə, hadisələr özü hərb
peşəsini, hərbi təhsilin vacibliyini gündəmə
gətirdi və nəticə gözlənilən oldu. Vətənpərvər oğullar bu yolda səfərbər
oldular. Kimisi hərbi təhsilə, kimisi
xidmətə yollandı. Hər kəsin qəlbində
böyük bir inam vardı: Biz torpaqlarımızı gec-tez
azad edəcəyik. Bu inamı, Vətənə
olan sevgilərini öz övladlarına ötürən
ataların yolunu davam edir indi oğullar. Necə deyərlər,
ot kökü üstə bitər.
Ordubadın Aza kəndindən olan Ülvi Hüseynovun
atası Habil Hüseynov da hərbçi olub. Hazırda təqaüddədir.
"Bəzən gecəyarısına qədər
gözləyirdim atamı. Onu hərbi
formada görmək məni çox sevindirirdi. Seçdiyi peşəsi ilə
qürurlanırdım. Hərb peşəsi
şərəflidir. Elə o vaxtdan da bu qənaətə
gəldim ki, atam kimi hərbçi olacağam. Azərbaycan ordusu yenilməzdir. Mən
də gələcəkdə bu ordu sıralarında xidmət
edəcəyim üçün özümlə fəxr edirəm".
Elvin Quluzadə Sumqayıtda doğulub. 9 ildir ki,
Naxçıvanda yaşayırlar. "Atam
hərbçidir. Həm atamın yolunu
davam etdirmək üçün, həm də şərəfli
peşə olduğu üçün bu yolu seçdim. Vətənə xidmət etmək amalı məni
liseyə gətirdi. Seçimimdən
peşman deyiləm. Ordumuzun gücü,
qüdrəti, qazandığı qələbələr bizi
daha da ruhlandırır. Sevinirik ki, torpaqlarımız
azad olunur və biz o torpaqlarda xidmət edəcəyik".
Culfa şəhərindən olan Hüseynli Hüseynin həm
babası, həm də atası hərbçi olub. "Atam seçimimə
hörmətlə yanaşdı, şərəfli peşə
olduğunu dedi. Atam Rüstəm Hüseynov Aprel
döyüşlərinin iştirakçısı olub.
O, həm də mənim fəxrimdir. Atamın
yolunu davam edəcəyəm. Bura orta məktəbdən
çox fərqlənir. Müəllim və
zabit heyəti bizə qayğı ilə yanaşır. Üzərimizdə əməkləri var.
Özüm də dərslərimə çalışmaqla
yanaşı, həm də boksla məşğul oluram.
Ötən il muxtar respublika üzrə
keçirilən yarışda III yerin qalibi olmuşam. Burada
idman dərslərinə xüsusi önəm verilir", -
deyir Hüseyn Hüseynli.
Hüseynə görə əsl hərbçi
nizam-intizamlı, vətənini sevən, onu qanının son
damlasına qədər qoruyan, Azərbaycan
bayrağını həmişə ucalarda
dalğalandırandır: "İllərlə həsrətində
olduğumuz torpaqlarımız azad olunur, qürur duyuruq. 90-cı illərdə
vahid ordu yox idi deyə torpaqlarımız işğala məruz
qaldı. İndi
Azərbaycan ordusunun gücü qarşısında məğlub
olan düşmən artıq geri çəkilir.
İşğaldan azad olunan torpaqlarımızda bayrağımızın
dalğalandırılması ordumuzun yenilməzliyini göstərir.
Biz də qalib bir ordunun sıralarında xidmət
edəcəyimiz üçün qürurluyuq".
Elgün
Hüseynov isə
Gəncədəndir. Bu peşəni seçməkdə
atasının böyük rolu olduğunu deyir Elgün
Hüseynov: "Atamın formasına baxdıqca
qürurlanırdım. İndi həm də
özüm bu peşəni seçdiyim üçün
qürurlanıram. Liseydə yaradılan
şərait bizi daha yaxşı oxumağa, xarici dil biliklərinə
yiyələnməyə sövq edir. Mütaliəni sevirəm,
amma daha çox kompüter bilikləri üzrə kitabları
oxuyuram. Özümü bu sahə üzrə
daha da formalaşdırmaq istəyirəm". Elgün də
kursant yoldaşları kimi gündəlik hadisələri izləyir:
"Fəxr edirəm ölkəmlə. Xalqımız
ordu ilə bir olduğunu nümayiş etdirdi. Bu, bizi bir gənc olaraq daha çox sevindirir. Böyük həyəcanla qələbə xəbərini
gözləyirik".
Biz qalib gələcəyik
Sənan Sadiqov Şərur rayonunun Danyeri kəndindəndir. Hələ 4-cü sinifdə
oxuyarkən qonşusunun əynində gördüyü hərbi formaya vurulub.
Böyüdükcə, formanın mahiyyətini başa
düşdükcə, qarşısına məqsəd qoyub:
Mən də hərbçi olacağam. "Liseyə qəbul
olmaq ən böyük arzum idi, əks halda özümü
bağışlamazdım", - deyir Sənan Sadiqov. Bax budur Vətən məhəbbəti, onu qorumaq,
müdafiəsində durmaq eşqi. Bu, elə
bir eşqdir ki, heç bir sərhəd, heç bir əngəl
tanımır. Biz elə olmalıyıq
ki, bizdən sonra gələnlər üçün örnək
olaq, deyir 17 yaşlı gənc. Nə gözəl
arzudur, nə gözəl düşüncədir...
Gündəlik hadisələrdən xəbərdar olan Sənan
Sadiqov ordumuzun gücü və vətənpərvərliyi ilə
öyünür. Deyir bu güc, zabit və əsgərlərimizin
vətənpərvərliyi torpaqlarımızdan düşmənin
murdar ayağını kəsəcəkdir.
Döyüş bayrağını qoyub qaçması
düşmənin zəif mövqeyini göstərir. Əsgəri
şərəf, şücaət və şöhrət rəmzi
olan döyüş bayrağını döyüş
meydanında atıb qaçan düşmən əslində,
öz acizliyini nümayiş etdirdi. Ali Baş
Komandanımızın qətiyyətli mövqeyi, bu günə
qədər ordumuzun əldə etdiyi uğurlar əsas verir
deyək ki, biz qalib gələcəyik!"
Bəli, kursant Sadiqov, biz qalib gələcəyik. Prezident İlham Əliyevin xalqa müraciətində də deyildiyi kimi, bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
televiziyasının baş redaktoru
525-ci qəzet.- 2020.- 14 oktyabr.-
S.24.