Nicatımız birlikdədir!

 

Tələbəsi məşhur Çin filosofu Konfutsidən soruşur:

- İdarəetmə deməkdir?

- İdarəetmə o deməkdir ki, kifayət qədər ərzaq var, kifayət qədər əsgər var bir inam var.

- Əgər bu üç şeyin birindən imtina etmək zərurəti yaransaydı, hansından imtina edərdiniz?

- Əsgərdən.

- Daha birindən imtina etməli olsaydınız?

- Ərzaqdan imtina edərdim.

Cavabdan da aydın olur ki, inam böyük gücdür. Uğur üçün hər şeydən  öncə inam lazımdır. İnam olmayan yerdə birlik, birlik olmayan yerdə isə qalibiyyətdən danışmaq  mümkünsüzdür.  Son günlər bunun təsdiqini bir daha  görürük. Azərbaycan xalqı öz rəhbərinə bütün varlığı ilə inanır. Hətta daima əks mövqedə dayananlar da ölkə başçısının qətiyyətini, ədalətin bərpası uğrunda yalnız irəli addımladığını, geriyə yol olmadığını dəfələrlə bəyan etdiyini görüncə onun ətrafında sıxlaşmağa başladılar. Hər zaman gəlişi xoş söz kimi işlədildiyi düşünülən "yumruq kimi birləşmişik" fikrinin əslində, bir həqiqət olduğu ortaya çıxdı. Xalq öz rəhbərinə tam səmimiyyətlə inandı, onun hər kəlməsini, hər fikrini əzbərlədi, ondan sitatlar gətirdi. Hər kəsin qulağı səsdə qaldı - "Bu gün ölkə başçısı hansı şad xəbəri verəcək" - deyə. Nadinc uşaqlardan tutmuş, yaşlı nəslin ən "yorğun" nümayəndələrinə  qədər hər kəs  televiziya ekranlarında onun simasını görən kimi  həyəcanla  izlədi,  söylədiklərini  yaddaşına həkk etməyə çalışdı. Çünki Prezident  xalqın dili ilə danışır, xalqın ürəyindən keçənləri dilə gətirir, xalqın arzusunu reallaşdırır. İllərdən bəri insanlarımızın boğazında düyünlənib qalan, özümüz  deyib, özümüz  eşitdiyimiz, beynəlxalq təşkilatlardan dəstək  gələcəyinə ümid edərək susub ürəyimizdə boğduğumuz  fikirləri bu gün cənab Prezident birbaşa dünyaya çatdırır. Haqq səsimizi hər yerdə eşitdirir.

Bu gün xalq-ordu birliyi təkcə silahımızın yox, həm inamımızın gücü ilə qalib gələcəyimizi göstərir. Biz bu inamla necə qüdrətliyiksə, qarşı tərəf öz gücünə də, öz rəhbərinə də olan inamsızlığı ilə o qədər miskin, o qədər bədbəxtdir. Bu inamsızlığın sübutu üçün kifayət qədər faktlar, görüntülər var. Amma  ən  dəhşətli  nümunə döyüşdən qaçmaması üçün ayağı zəncirlənmiş erməni əsgərləridir. Bundan o yana nəyi isə təsvir etməyə ehtiyac yoxdur. Ermənilər artıq illərlə  necə aldadıldıqlarının fərqindədirlər. Qarabağda "Yallı" gedən, Azərbaycan xalqını qorxaq adlandıran  N.Paşinyanın  üzü ortadadır.  Qorxaqlığı, səriştəsizliyi, savadsızlığı ucbatından  ölümə yuvarladığı, inamlarından sui-istifadə etdiyi "xalq" özü gec-tez onu məhv edəcək. Azərbaycan xalqı isə öz rəhbərinə inanır. Xalq ona, o  da xalqına arxalanır. Cənab Prezident öz çıxışında da vurğulamışdı: "İradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq-tarixi qələbə çalırıq. Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir və gələcəkdə də bu qələbələr davam edəcək".

Uşaqlıq illərim müharibənin alovlanan və sonra yavaş-yavaş  sakitləşən vaxtlarına düşüb. O zamanlar  bir mahnı tez-tez radioda səslənirdi. Sözlərindən bu bənd yadımda qalıb:

 

Nicatımız birlikdədir,

Bizə birlik gərəkdir.

Azərbaycan torpağına

Səfərbərlik gərəkdir.

 

Bu gün həmin gündür. Biz birlikdəyik, güclüyük, inamlıyıq! Çox sözlər deyiləcək, çox fikirlər dəyişəcək, çox araqarışdıranlar meydana çıxacaq. Yetər ki, biz yumruq  olmaqdan çəkinməyək. Ruhdan düşməyək! Öz gücümüzə və böyük qələbəyə ürəkdən inanaq. Gücümüz, inamımız, birliyimiz sarsılmasın!  Biz qalib gələcəyik!

Məhsəti MUSA

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.22.