Sülh üçün savaşmağın qaçılmaz
labüdlüyü
"Müharibənin insanlıq
üçün bəla
olduğu qənaətində
olmaq vəhşi düşüncədi. Əksinə,
o, ən əhəmiyyətli
hadisədi. Siyasi, xalqlararası müharibə
bütün münasibətlərə
xeyir verir, ona görə də vacibdi.
... Sülh
zamanı qorxaqlıq kök salır. İnsan öz təbiəti etibarilə dəhşətli dərəcədə
qorxaqlığa, utanmazlığa
meyllidir və özü də bunu çox gözəl bilir. Bəlkə də, elə buna görə,
o, müharibəyə belə
susayır, onu çarə kimi görür. Müharibə
insansevərliyi inkişaf
etdirir və xalqları birləşdirir".
Bu sözlər
böyük rus yazıçısı Fyodor Dostoyevskinin
müharibə ilə
bağlı verdiyi müsahibədəndir. Bir
əsrdən çoxdur
ki, az qala
bütün dünyada
bu sözlər dilemma
səbəbidir. Mübahisəli
məqamlar çox olsa da, razılaşdığımız
nüanslar az deyil.
Dostoyevski deyir ki, müharibə dövründə
hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və
darıxmaq haqda giley-güzar eşidilmir. Necə də doğru yanaşmadı. Müharibə soyuq başla verilən eyforiya yaratma qərarıdı. Müharibə
eyforiyanın anasıdı.
Onu hardasa, türkəçarədəki qanalma ilə müqayisə etmək olar. Orqanizm yenilənir, zəif nöqtələr gücləndirilir,
hamı problemlərə
yox, döyüşlərə,
müharibəyə, qələbəyə
köklənir. Xırda
incikliklər, çatışmazlıqlar
unudulur, yaxud müəyyən müddətlik
dondurulur.
Mən ümumən götürəndə
müharibə tərəfdarı
deyiləm. Amma bir məsələ də var - müharibəyə
məcbur olmaq. Məşhur latın atalar sözü "Si
vis pacem, para bellum" ifadəsini
xatırlayaq: "Sülh
istəyirsinizsə, müharibəyə
hazırlaşın" kimi
tərcümə olunur.
Bu deyim az qala bütün sahələrdə istifadə
olunub. Bir çox hərbi təşkilatlar şüar
kimi istifadə edirlər. Hətta alman silah istehsalçısı
Deutsche Waffen und Munitionsfabriken
tərəfindən şəninə
"Parabellum" tapançası
istehsal olunub. Xüsusən, İkinci Dünya müharibəsində
alman zabitlərinin əsas silahı olub.
Təxminən 30 ildir ki, müharibəyə məcburuq.
Sülh istəyirik və sülhün yolu torpaqlarımızdakı
qanayan yaranı qanla sarımaqdır.
Daxili İşlər Nazirliyinin
açıqlamasına rast
gəldim. Cəbhədə
döyüşlər başlayandan
cinayətkarlığın sayında ciddi azalma müşahidə edilir. Fərqi gündəlik həyatda
da görmək çətin
deyil. Hər kəs işə yaramağa, başqasına
kömək etməyə
çalışır. Adi
günlərdə tıxac
yaransa, yol bağlansa, yolda qalan olsa, qiyməti
5 qat deyən taksi sürücüləri
indi, pulsuz aparmağı təklif edirlər. Od qiymətinə
məhsulu sırımağa
çalışan səyyar
satıcılar da gözə
az dəyirlər.
Hamı mehribanlaşıb, birləşib. Şəhid
generalımız Polad
Həşimovun sözlərilə
desək, artıq “birik, bizik - hamımız əsgərik”.
Bizi - azərbaycanlıları həmişə birləşməyi
bacarmamaqda qınayırlar.
Adicə komanda oyunlarında belə, adətən geri qalırıq, uğur əldə edə bilmirik. Bizi bir şey yumruq
kimi birləşdirir
- ağrı. Amma ağrı arzu etmək olmur axı... Biz son dövlərdə
ən yaxşı birliyi Tovuz döyüşlərində
nümayiş etdirdik.
30 minlik dinc yürüş də buna ən yaxşı
nümunədir. General-mayor Polad Həşimovun dəfn və yas mərasimində də buna şahid
olduq. Generalımız
ölümüylə bizi
birləşdirdi, dirçəltdi,
mübarizə ruhumuzu
geri qaytardı.
Xaraktercə kövrək adam
deyiləm. Çox ölüm görmüşəm.
30 ilə sıdıra
bilməyəcəyim qədər
çox və doğma ölümlər.
Heç biri yıxmayıb, ağrıtmayıb.
Ölüm xəbərləri hər
dəfə daş kimi üzümə dəyib yerə düşüb. Amma hərənin bir "Axilles dabanı" var axı. Son günlərdə öz
"Axilles dabanı"mı
kəşf etmişəm
- torpaqlarımız. Getmədiyim,
görmədiyim, məndə
hansısa xatirə ilə assosiasiya olunmayan, 30 ildi işğal altında qalan torpaqlarımız.
Hər kənd azad edildikcə elə kövrəlirəm ki. Zülüm-zülüm, payız
buludu kimi boşalanadək ağlamaq
istəyirəm.
Cəbrayılın azad edilmə xəbərini anama mən verdim. Alqış etdiyi yerdə səsi qırıldı. Ağladı.
Ona qoşulub ağlaya
bilmədim.
Neçə gündü, Feysbukdan
uzaq idim. Bir az əvvəl
göz gəzdirdim. Qələbədən sonra
hərə bir yerdə məclis quracağını deyir. Mən isə bütün torpaqlarımız
azad edilən gün, müharibənin
son gülləsi atılanda
oturub hönkürəcəm.
30 illik
hikkəmizi boşaltmaq,
acığımızı çıxmaq üçün
hönkürəcəm.
İki şəhid - 27 ildir
meyitləri tapılmayan
gənc qohumlarımız
üçün hönkürəcəm.
30 ildə
verdiyimiz (hələ də verməkdə olduğumuz) 30 mindən çox şəhid üçün hönkürəcəm.
Atasız qalan körpələr,
balasız qalan analar, ərsiz qadınlar adına hönkürəcəm.
"Uşaqlara göz yaşı qalmasın"
deyə, hönkürəcəm.
Belə "ağlamaq
gözəldir!"
Cavid Qədir
525-ci qəzet.-2020.-14 oktyabr.-S.21