Suqovuşan - şükür
qovuşdurana!
"Bu gün Azərbaycan
ordusu Madagizdə Azərbaycan bayrağını
qaldırdı. Madagiz bizimdir. Qarabağ
Azərbaycandır!"
"2020-ci il oktyabrın
3-dən Madagizin tarixi
adını bərpa edirəm. Bundan sonra Suqovuşan
adlandırılır. Qarabağ Azərbaycandır!"
- bu möhtəşəm
xəbərləri Azərbaycanın
Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün
"Twitter" hesabından elan edərək tarixi ədalətin bərpası yolunda dövlətimizin başçısı
kimi önəmli addımlar atdı.
Köhnə adı Madagiz olan məntəqə Azərbaycan Respublikasının
Tərtər rayonunun Çaylı inzibati ərazi dairəsində yerləşən kənddir. Kənd
3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər
zamanı 26 il sonra Azərbaycan Silahlı Qüvvələri
tərəfindən azad
edildi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan
adlandırıldı.
Bir vaxtlar Ağdərə rayonunun bir parçası olan bu kənd,
işğaldan sonra Tərtər rayonuna birləşdirilmişdi. Ərazidəki zavod və fabriklərin
çoxluğu göstərir
ki, ermənilər buranı yaşayış
məntəqəsindən çox,
istehsal məntəqəsi
kimi istifadə ediblər. 2016-cı ilin aprel ayına
qədər burada 500 nəfərə qədər
erməni yaşayırdı.
Məhz həmin ildə baş verən Aprel döyüşləri
prosesində Suqovuşanın
işğaldan azad edilməsi ilə əlaqəli xəbər
yayılmış, sonradan
isə bu xəbər öz təsdiqini tapmamışdı.
Nəhayət, bu dəfə
xalqın böyük
sevincinə səbəb
olan xəbər gerçək çıxdı.
Hazırda minlərlə azərbaycanlı
öz dədə-baba
yurdları olan bu qədim torpağa
- Suqovuşana qayıtmağı
səbirsizliklə gözləyir.
Kəndin
ərazisində üç
tarix-memarlıq abidəsi
var: Müqəddəs
Yelisey Monastırı,
1898-ci ildə inşa
edilmiş Kilsə və qədimi körpü. Bu üç
abidənin mənşəyi
qədim Azərbaycan dövlətlərinə gedib
çıxır və
bu torpağın Azərbaycan torpağı
olduğunu bir daha təsdiqləyir.
Düz
1994-cü ildən bu günə qədər sürən həsrət...
Ta qədim zamanlardan gələn miflərdə,
nağıllarda suyun önünü kəsərək
əhalini susuz qoyan əjdaha obrazı minilliklər sonra sanki bu
şəkildə təzahür
etdi. Lakin bütün nağıllarda
olduğu kimi, bu dəfə də xeyir şər
üzərində qələbə
çaldı - Suqovuşan,
sözün hər iki mənasında susuz qalan insanların
imdadına yetdi.
Belə ki, bu ərazidən
həm 3 rayon su ilə təmin olundu, həm də xalqın illər sürən həsrət yanğısının
üstünə səpilərək
onu söndürdü.
Suqovuşan, illərdir
bu yanğıdan içi cəhənnəmə
dönmüş, dodaqları
səhra torpağı
kimi çat verib qurumuş çarəsiz insanların
cəhənnəminə cənnət
şəlaləsi, səhrasına
yağış oldu. İlahi ədalətin hesabına,
illər öncə atalarının içdiyi
o sudan indi
övladları da içəcəklər. Necə
ki, hələ illər öncə atalarının keçdiyi
körpüdən bu gün övladları zəfər bayrağı,
zəfər marşı
ilə keçirlər...
Bir yozuma görə isə, yuxuda axar su
görmək duaların
və diləklərin
gerçəkləşəcəyinə
işarədir. Beləliklə, düz 26 il sonra yuxudan oyandıq və
bizim də yuxumuz çin, dualarımız gerçək oldu. Suqovuşan, şükür bizi qovuşdurana!
El ROMAN
525-ci qəzet.- 2020.- 14 oktyabr.-
S.21.