Cəbhə xatiratım: iyirmi yeddi il sonra
Oktyabrın 4-də,
axşam saatlarında Cəbrayıl rayonunun və onun 9 kəndinin
işğaldan azad edilməsi xəbərini eşidəndə
minlərlə soydaşımız kimi mən də sevincimdən
özümə yer tapa bilmirdim. Gözaydınlıq vermək
üçün cəbrayıllı dostlarımdan kimə
telefon açdımsa sevinc dolu qəhərli səslərini
eşitdim: Var olsun Ali Baş Komandan İlham Əliyev! Var olsun
şanlı Ordumuz!
Qürurverici anlar
yaşadım. Gecə gözlərimə yuxu getmədi. Xəyal
məni 92-93-cü illərə qaytarmışdı. O
dövrdə mən də dəfələrlə cəbhə
bölgələrinə, əsgərlərin
görüşünə gedirdim. Cəbhə səfərlərimdən
biri Ağdərə rayonunun təzəcə düşməndən
azad olduğu günə təsadüf etdi. Azərbaycan
Dövlət Televiziyasının operatoru Tahir Qarayevlə yola
çıxdım. O da cəbhə bölgəsində -
Ağdamda dünyaya göz açdığından erməni
xislətinə yaxşı bələd idi. Mənə qədər
ən qaynar döyüş nöqtələrindən çəkilişlər
aparmışdı. İndi gününü dəqiq
xatırlaya bilmirəm, ancaq 1992-ci ilin iyul ayının ilk həftəsi
olmağı dəqiq yadımdadır. Biz Bərdəyə
günün batabat çağında çatdıq. Bərdə
batalyonunun qərargahı Tərtər yolunun üstündə
yerləşirdi.
Səhəri
gün hərbi hissədə olduq, könüllülərlə
görüşdük. Batalyonun komandiri rəhmətlik
Elçin Əliyev idi. Ucaboylu, dolubədənli, qabarıq sinəli,
otuz beş-qırx yaş arasında bir kişiydi. Söylədiyinə
görə, kontuziya almışdı.
Biz azad olunmuş əraziyə
baş çəkmək istəyirdik, buna görə də
komandir UAZ-ını bizə verdi. Sürücüdən
başqa iki nəfər də bizə qoşuldu. Bərdə-Tərtər
yoluna çıxıb üzü Ağdərəyə
sarı istiqamət götürdük. Mən bu yolla Kəlbəcərə,
onun səfalı yaylaqlarına çox getmişdim. Dağlara
yay fəslində qalxdığımızdan, gecələr
yol gedərdik ki, istiyə düşməyək.
Tərtərin ərazisindən
çıxandan sonra, Kasapetə, yolun kandarındakı
bulağa çatanda hava büsbütün soyuyurdu. Biz də
maşından düşər, soyuq bulaq suyundan içib, əl-üzümüzü
yuyub yolumuza davam edərdik. İndi də Kasapetə
çatıb həmən bulaqdan su içdik. İrəlilədikcə
arxadan sürücünün həyəcan keçirdiyini,
üzünün ağardığını aydınca
görürdüm. Sözsüz, bizim də ürəyimizdə
nigarançılıq vardı. Ağdərə yenicə
düşməndən azad edilmişdi. Düşmən kol-kosun,
qayaların arxasından hər an atəş açıb həyatımıza
son qoya bilərdi. Biz Drambona qədər getdik.
Üstüaçıq maşınlarda könüllülər
yenicə açılmış yolla Kəlbəcərə
gedirdilər. Kim bilirdi qabaqda onları nə gözləyirdi?!
İndi bu sətirləri yazan zaman bizə əl eləyən
o gənclərin sifətləri gözlərim önündə,
səsləri qulağımda canlanır və istər-istəməz
kövrəlirəm. Tahir Qarayev bu anları lentə
köçürürdü. O, çox dedikcə ürəkli,
qorxmaz operator idi. Biz Tərtərdə olanda tanışlardan
biri ona qardaşı Zahid Qarayevin yaralandığını xəbər
vermişdi. Onda mən elə bilmişdim ki, Tahir yaralı
qardaşının yanına tələsəcək, ancaq o,
bizdən ayrılmadı, fədakarlıq göstərdi.
Biz Drambondan
qayıtdıq, xəstəxanaya gedib yaralı əsgərlərə
baş çəkdik, çəkiliş apardıq.
İşimizi İmamzadənin çəkilişi ilə
başa vurduq. Elə həmən gün də Bakıya
qayıtdıq. Mən ləngitmədən verilişin
ssenarisini yazıb televiziyanın xəbərlər
redaksiyasına verdim. Xəbərlər redaksiyasının
rejissoru Natiq Cavadzadə ilə verilişin üzərində
işlədik. Mətni mən özüm oxuyurdum. Birinci dəfə
idi ki, arxa və ön cəbhəni uzlaşdıran
veriliş hazırlanırdı. Biz çəkilişi iyirmi
altı dəqiqəyə sığışdıra bildik. Mənim
"Yanar su - əsgər ruhu" adlı ssenarim əsasında
əməlli-başlı film-veriliş
alınmışdı. Veriliş nümayiş olundu və əks-səda
da doğurdu. Sonralar bu verilişin taleyi necə oldu, deyə
bilmərəm, amma bu verilişdən
götürülmüş yanar suyu ekranda dəfələrlə
gördüm. Onu çəkdiyimiz verilişin hədiyyəsi
hesab edirəm.
Cəbhə
bölgəsinə ikinci səfərim isə 1993-cü ilin
yanvar ayında oldu.
Yazıçılar
Birliyinin Ədəbiyyatı Təbliğ Fondunun sədri,
şair Hafiz Əlinin təşəbbüsü ilə 14 nəfərlik
qrupumuz cəbhə bölgəsinə əsgərlərlə
görüşmək üçün 1993-cü il
yanvarın 11-də səhər Bakıdan yola
çıxdıq. Həmin on dörd nəfərdən
şair Söhrab Tahir, Ağacavad Əlizadə, hərbçi
şair Nurəddin Mirzəxanlı, "Azkonsert" Birliyinin
solistləri tarzən Rafiq Şəmmədoğlu,
kamançaçı Hilal Məmmədov, opera
teatrının solisti Rafiq Abbasov, "Bakı" qəzetinin
əməkdaşı Abdulla Mərcanlı, Azərbaycan
Dövlət Teleradiosunun əməkdaşları Sahib
Alıyev (hazırda Milli Məclisin deputatıdır) və
Şərif Bəşirov yadımda qalıb. Biz Qubadlıya
axşam toran qarışanda çatdıq. Qadınlar iki-bir,
üçbir İcra Hakimiyyətinin binasına gəlib
koridorda səssiz-səmirsiz otururdular. Bizi binanın zirzəmisinə,
bunkerə apardılar. Rayonun İcra başçısı
burada əyləşmişdi. Cavan bir adamdı. Əynində
hərbi paltar vardı. Bizi səmimi qarşıladı. Ancaq
gəlişimizdən narahat olduğunu bildirdi. Məlum oldu ki,
düşmən tərəfdən hücum gözlənilir.
Xeyli müddət
susub oturduq. Uzaqda olanda müharibədən danışmaq
çox asandı, amma elə ki, özün gəlib ön cəbhəyə,
təhlükəli zonaya düşürsən, başa
düşürsən ki, ölüm qaşla-göz
arasındadır. Saat 12-də atəş səslərindən
sanki bina titrədi. "Qrad" atəşi avtomat atəşi
ilə müqayisəyə gəlməz, onun səsindən
insanın bağrı yarılır. Nəhayət, atəş
səsləri kəsildi. Bir qədər də gözlədikdən
sonra bizi maşınlara mindirib Xanlıq kəndinə
apardılar. Söhrab Tahir, Ağacavad Əlizadəylə mən
adını unutduğum bir kişinin evində qaldıq. Səhər
yenidən İcra Hakimiyyətinə gələndə
gördüyümüz mənzərədən heyrətləndik.
"Qrad" binanın böyründəki kranı
aşırmışdı, evlərin dam örtükləri ətrafa
səpələnmişdi.
Biz batalyonlarda
olduq, əsgərlər qarşısında
çıxış elədik, musiqiçilərimiz
çalıb-oxudular. Güləbird kəndinin
yaxınlığında, Həkəri çayının
üstündə, yolun kənarında mərmiyə tuş gəlmiş
bir tank vardı.
Telejurnalistlər
döyüş səhnəsini çəkmək
üçün irəli getmişdilər. Maşında yer
olmadığından Söhrab Tahirlə mən tankın
yanında gözlədik (Ağacavad Əlizadə qərargahda
qalmışdı). Qarşı tərəfdə
sıralanmış dağların arxası düşmən
tərəf idi. Biz şübhə etmirdik ki, ermənilər
bizi görür. Vurulmuş tankın
yaxınlığında yarım saata qədər gəzişdik.
Birdən Söhrab Tahirə dedim:
- Əmi, - hamı
onu "əmi" deyə çağırırdı, - gəl
burdan gedək, havayı gülləyə tuş gələrik.
Söhrab müəllim
məni eşitdi və biz oradan uzaqlaşdıq. Axşam bizə
söylədilər ki, ermənilər bizim durduğumuz yeri
vurublar. Biz oranı bir az da gec tərk etsəydik, məhv
olacaqmışıq.
Biz Zəngilanda, Cəbrayılda
olduq, İcra Hakimiyyətinin nümayəndələri, əsgərlərlə
görüşdük. Çox qəribədir ki, Ağacavad
Əlizadə təzəcə tanış olduğu
döyüşçüləri isti-isti, elə
toplanmış dəstənin qarşısındaca vəsf
edirdi.
Postda duran
Bilaldı,
Sovqatımdan bal
aldı.
İgid Vətən
oğludur! -
Bu ad ona halaldı!..
İsmiyev Ramil
oğlum,
Çiçək
oğlum, gül oğlum!
Gözəl-göyçək
bir qızla
Kaş tapasan dil, oğlum!..
Bu, Abbasov
Suracdı,
Yaraşıqda
turacdı!
Qarlı təpə
aşanda
Mənimçün
cığır açdı!..
Görən kimi
Nazimi -
Gördüm
güllü yazımı!
Cavanlıq
mizrabıyla
Çaldı
könül sazımı!..
O vaxtdan illər
keçib, bilmirəm şeirdə adı çəkilən
bu oğulların taleyi necə olub.
Bizi hər yerdə
sevinclə qarşılayırdılar. Bu səfərimiz bir həftəyə
qədər çəkmişdi. Axırıncı gecəni
Cəbrayılın mehmanxanasında keçirəsi olduq.
Rayon mərkəzi ağappaq qara bürünmüşdü.
Yer donduğundan şaxta adamı qılınc kimi kəsirdi.
Mehmanxanada istilik sistemi işləmədiyindən otaqlarla
çölün fərqi yox idi. Bir-iki elektrik peçi gətirsələr
də, otaqları qızdırmaq gücündə deyildi. O
gecə xəstələnməmək üçün
paltarlı yatdıq. Səhər tezdən doğan parlaq
günəş pəncərəmizdən içəri
boylanırdı. Çölə çıxdıq, soyuq olsa
da, təmiz hava adama ləzzət edirdi. Cəbrayıl rayonunun
mərkəzindəki məşhur Xan çinarın
yanına gəldik, çinarın yanından kəhriz suyu
axırdı. Onda heç ağlımıza da gəlməzdi
ki, biz bu yerləri bir daha görməyəcəyik.
Bakıya
qayıdandan sonra mən bu səfərimiz barədə heç
nə yaza bilmədim. Səbəbini bu gün də bilmirəm.
Amma yaşlı və xəstə şairimiz Ağacavad
Əlizadə "Səfər yolum-məslək yolum"
adlı məqalə yazıb "Dalğa" qəzetinin 2-8
fevral 1993-cü il nömrəsində çap etdirdi. Bu məqalə
o günlərin xatirəsi kimi mənim üçün də
çox əzizdi. Həmən məqalədən kiçik
bir parçanı oxuculara ərməğan edirəm:
"Mehmanxana soyuq olduğundan hamını evlərə
aparmışdılar (burda söhbət Zəngilandan gedir -
M.Ç.). Söhrab Tahir, Mustafa Çəmənli və mən
düşdüyümüz evin sahibi çox qonaqcıl idi.
Gecədən xeyli keçməsinə baxmayaraq, ürəyi
kimi açıq süfrəsində nə desən vardı.
Ev çox mənzərəli yerdə idi. Səhər ağ
örtüklü Pir dağının üstündə
qızılı və süd rəngli şəfəqlərə
baxmaqdan doymaq olmurdu. Gedəndə saçında
gümüşü tellər ağarışan qadın da,
oğlu Rüstəm bəy də əziz adamlarından
ayrılırmış kimi, eyvanda bizi mehribanca yola
salırdılar..."
***
... Doğrudan da, hər
şeyin öz vaxtı varmış. Budur, 27 il sonra Azərbaycan
əsgəri Cəbrayıl rayonunu və onun 9 kəndini
düşməndən azad edib. Bu əsgərlərin, zabitlərin
sırasında 27 il bundan qabaq analarının bətnində,
qucağında yurdlarını tərki edib
qaçqın-köçkün həyatı
yaşamış o uşaqlar da var. Bu gün onlar artıq 27,
30, 40 yaşlarında düşmənə qarşı
vuruşan kişilərdi. Görəsən, 27 il bundan qabaq
onların ata-analarını yurdundan didərgin salan ermənilər
belə bir günün gələcəyini
ağıllarına gətirərdilərmi?!
Mustafa ÇƏMƏNLİ
525-ci qəzet.-2020.-14 oktyabr.-S.19