XIX əsrin axırlarında İrəvan
şəhərinin məhəllə adları
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və
onun ətraf ərazilərində baş verən hadisələr,
Ermənistanın torpaqlarımızda törətdiyi qanlı
hadisələr, apardığı yalan və böhtan siyasəti
bu təcavüzkar dövlətin özünün uydurma
tarixinə bird aha yenidən baxılmasını tələb
edir. Bu baxımdan yanaşdıqda hələ
XIX əsrin axırlarında Qafqaz-rus mətbuatında rus
maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin
yazıb çap etdirdiyi materiallar xüsusi aktuallıq kəsb
edir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin XX əsrin əvvəllərinin mürəkkəb
ictimai-siyasi prosesləri və o cümlədən, qədim Azərbaycan
şəhəri olan İrəvan şəhərinin tarixi
taleyi haqqında irəli sürdüyü fikirlər obyektiv
reallıqları əks etdirir və arxiv sənədlərinə
əsaslanır. Dövlət
başçımızın fikirləri eyni zamanda, keşməkeşli
və məsuliyyətli dövr olan XX əsrin əvvəlləri
Azərbaycan tarixinin yenidən və daha əsaslı şəkildə
tədqiq edilib öyrənilməsinə dövlət səviyyəsində
çağırışın ifadəsidir. Bu cəhətdən İrəvan şəhərinin
XIX əsrin axırlarındakı tarixi vəziyyətini əks
etdirən məhəllələrinin adlarına dair sənədlərin
və materialların tədqiqata cəlb edilməsi, elmi
dövriyyəyə gətirilməsi mühüm əhəmiyyətə
malikdir.
Məlum olduğu kimi, özünəməxsus əlverişli
coğrafi mövqeyə malik olan İrəvan şəhəri
haqqında müxtəlif salnamələrdə, səyahətnamələrdə,
hesabatlarda, "dəftər"lərdə çox
yazılmışdır. Türk səyyahlarının
və azərbaycanlı salnaməçilərin
yazılarında əsasən bu şəhərin
karvansaraları və məscidləri, dükan-bazarı, əhalisinin
məşğuliyyəti kimi məsələlərdən bəhs
olunmuşdur. Erməni mənbələrində
isə İrəvan şəhərinin yaranmasına, əhalisinin
tərkibinə, kilsələrinin tarixinə dair məlumatlara
üstünlük verilmişdir. Türk-Azərbaycan
qaynaqlarında öz əksini tapmış məlumatları
erməni müəllifləri süni şəkildə daim təkzib
etməyə çalışmış, erməni mənbələrindəki
tarixi gerçəkliyə uyğun gəlməyən,
saxtalaşdırılmış informasiyalar azərbaycanlılar
tərəfindən haqlı olaraq qəbul olunmamışdır.
Beləliklə, XX əsr boyu davam edən informasiya
mübarizəsi qədim Azərbaycan şəhəri olan
İrəvanın mənşəyi və yerli əhalisi ətrafında
dumanlı bir xaosun yaranmasına səbəb olmuşdur. Bu mübarizədə
qarşı tərəfin məkrli, fəndgir siyasəti və
xarici dillərdə yalan informasiya yaymaqdakı çevik
taktikası Ermənistanla əlaqədar bütün tarixi həqiqətlərin,
o cümlədən, həmin ərazidə yerləşmiş
İrəvan şəhərinə dair obyektiv gerçəkliyin
tamamilə yanlış şəkildə dünya ictimaiyyətinə
çatdırılmasına rəvac vermişdir. Fikrimcə, bu istiqamətdəki yalançı və
fəndgir erməni təbliğatına ən tutarlı
cavablardan biri də digər xalqların nümayəndələri
olan müəlliflərin vaxtilə həmin mövzuda
yazdıqları əsərlər sayıla bilər. Bu baxımdan yanaşdıqda XIX əsr Qafqaz rus mənbələri
zəngin material vermək imkanlarına malikdir. Çar Rusiyasının Qafqaz siyasətinin
daşıyıcıları, təbliğatçıları,
icraçıları olan belə müəlliflərin
yazılarında heç şübhəsiz, məlum imperiya
maraqlarının və buna uyğun olan erməni təəssübkeşliyinin
izlərini də görmək mümkündür. Bununla belə, Peterburqdan Cənubi Qafqaza göndərilən
əli qələmli məmurlar, yaxud yerlərdə müxtəlif
sahələrdə çalışan üçüncü
tərəfin nümayəndəsi olan maarifçi
ziyalılar bir çox hallarda ölkə rəhbərliyində
obyektiv təsəvvür yaratmaq üçün bir çox əsas
məsələləri necə varsa, olduğu kimi təsvir
etməyə məcbur idilər. Bunun nəticəsidir
ki, Rusiya işğalından sonra Cənubi Qafqaza göndərilmiş
və ya burada fəaliyyət göstərmiş V.Q.Qriqoryev,
K.A.Nikitin, S.P.Zelinski, K.Sadovski, K.Şulqin, A.Nikolski, V.Y.Devitski,
L.L.Lopatinski və başqalarının əsərlərində
regionla əlaqədar kifayət qədər obyektiv faktlar, məlumatlar
və fikirlər də öz əksini tapmışdır.
Qafqaz rus mətbuatında fəal nəzərə
çarpan müəlliflərdən biri olan Stepan
Pavloviç Zelinski İrəvan şəhərinin tarixinin və
konkret bir mərhələdəki vəziyyətinin əsas
araşdırıcılarından biri olmuşdur. O, İrəvan
progimnaziyasının hazırlıq sinfinin müəllimi
kimi, bu şəhərdə çalışdığı
illərdə yerli materialların toplanılmasına, ətraf
mühitin öyrənilməsinə, bölgəyə dair informasiyaların
əldə olunmasına böyük əmək sərf
etmişdir. Onun 1881-ci ildə "Qafqaz ölkəsi
və xalqlarının təsviri üçün
materiallar" (SMOMPK) məcmuəsinin birinci sayında
çap olunmuş "İrəvan şəhəri" (54
səhifə), "Dərəçiçək" (14 səhifə),
"Tatar atalar sözləri, məsəlləri,
tapmacaları və qadın adları" (19 səhifə)
adlı məqalələrində İrəvan şəhərinə
və çevrəsinə dair əhəmiyyətli məsələlər
yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin
1882-ci ilə aid ikinci sayında verilmiş "İrandan
köçürülüb İrəvan quberniyasının
Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin
məişətindən etnoqrafik oçerklər" adlı
zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi
etibarilə İrəvan şəhəri və çevrəsi
haqqında yazılanların davamı təsiri
bağışlayır.
Hiss olunur
ki, imperiyanın paytaxtından xüsusi tapşırıqla
göndərilmiş məmurlardan fərqli olaraq, Stepan
Pavloviç Zelinski nisbətən müstəqil
düşünən rus maarifçi ziyalısı kimi
obyektiv araşdırmalara daha çox meylli olmuşdur. Bəzi nüansları çıxmaq şərti ilə,
Zelinskinin əsərlərində gerçəkliyin payı
uydurmadan qat-qat çoxdur. Bununla belə, nəzərə
almaq lazımdır ki, Stepan Pavloviç İrəvan şəhərində
yaşayırdı və istər-istəməz müəyyən
erməni dairələri ilə əlaqəli idi. Bundan başqa, o, əsərləri üçün
zəruri olan informasiyanı daha çox rus dilini bilməkdə
İrəvan şəhərində yaşayan azərbaycanlılardan
irəli getmiş erməni mənbələrindən
almağa məcbur idi. Həmçinin, İrəvan
quberniyasının rəsmi statistik məlumatlarını
hazırlayanların da arasında erməni məmurlar az deyildi. Buna baxmayaraq, S.P.Zelinski
İrəvan şəhərinin rus dilinə aşina olan azərbaycanlı
ziyalılarından da müəyyən informasiyaları
almış, yaşadığı dövrdə şəhərin
ümumi mənzərəsini doğru-düzgün
canlandırmaq üçün müstəqil olaraq
apardığı araşdırmalara geniş yer
ayırmışdır. Nəticədə
onun məqalələrindəki İrəvan şəhərinin
tarixi keçmişinə dair məlumatlar yalnız erməni
mənbələrinə əsaslandığı
üçün bəzən birtərəfli səslənir.
Şəhərin mövcud vəziyyətinə
aid informasiyalarda isə imkan daxilində obyektivliyin gözlənilməsi
diqqət mərkəzində dayanmışdır.
Stepan Pavloviç Zelinskinin "İrəvan şəhəri"
adlı 54 səhifəlik məqaləsində ilk növbədə
İrəvan şəhərinin tarixi, ayrı-ayrı
inkişaf dövrlərindəki vəziyyəti, idarəetmə
üsulları haqqında geniş məlumatlar mövcuddur. Müəllif
İrəvan şəhərinin uzaq keçmişini ona təqdim
edilmiş mənbələrə əsasən ermənilərlə
əlaqələndirməyə çalışsa da, uzun bir
dövr ərzində bu şəhərin müsəlmanlar,
xüsusən də Osmanlı türkləri və azərbaycanlılar
tərəfindən idarə olunduğunu etiraf etmişdir.
Məqalədə XV əsrdən etibarən məqalənin
yazıldığı XX əsrin ərəfəsinə qədər
İrəvan şəhərinin Yaqub Bəy, Cahanşah Həqiqi,
Uzun Həsən, Sultan Səlim, Şah Təhmasib, Sultan Murad,
hətta I Şah Abbas, Məhəmməd Rza xan
Naxçıvanski və onun oğlu Murtuzqulu xan
Naxçıvanski, Hacı Hüseyn Paşa və
başqaları kimi türk-müsəlman mənşəli
şəxsiyyətlərin vasitəsilə idarə
olunduğu illər üzrə qeyd edilmişdir. S.P.Zelinskiyə görə İrəvan şəhəri
1841-ci ilə qədər vilayət, 1841-1850-ci illərdə qəza,
1850-ci ildən başlayaraq quberniya şəhəri statusu
qazanmışdır. Müəllif şəhərdəki
qədim abidələr sırasında Dəlmə
bağlarına doğru çəkilmiş yeraltı
kanalı, Hüseynəli xan tərəfindən 1764-cü ildə
inşa edilmiş məscidi, Məhəmmədxan
Naxçıvanskinin 1791-ci ildə tikdirdiyi Sərdar
zalını, Rəcəb Paşanın 1825-ci ildə
saldırdığı keçmiş Türk məscidini, 1879-cu
ildə Zəngi çayı üzərində
salınmış böyük körpünü misal gətirmişdir.
Yeri gəlmişkən deyək ki, bu abidələrin
bir çoxu son vaxtlara qədər mövcud olmuş, keçən
əsrdə azərbaycanlılar bütövlükdə Ermənistandan,
o cümlədən, İrəvan şəhərindən
çıxarıldıqdan sonra vəhşicəsinə
dağıdılmışdır.
Rus
maarifçi ziyalısı S.P.Zelinskinin İrəvan şəhərinin
quruluşu, məhəllə və küçələri,
görünüşü, ətraf ərazisi, bağları,
su təchizatı, bostançılıq və tərəvəz
sahələri, sənayesi barəsindəki məlumatları
azərbaycanlıların bu şəhərin qədim sakinləri
olduqlarını, XIX əsrin səksəninci illərində
də üstün mövqelərini qoruyub
saxladıqlarını aydın
şəkildə təsəvvür etməyə imkan
verir. Məqalədən öyrənirik ki,
Çar Birinci Nikolayın 1837-ci ildəki səfəri
zamanı Sərdar zalında keçirdiyi görüşdə
"gil qazan" adlandırdığı, Tiflis-Culfa
magistralının üzərində yerləşən İrəvan
şəhəri əsasən bir və iki mərtəbəli
daş evləri, tipik müsəlman şəhərlərində
olduğu kimi cəmi bir neçə əsas küçəni
tamamlayan dar və əyri döngələri ilə səciyyələnmişdir.
Şəhərətrafı Sarvanlar, Cəfərabad,
Şurabad kəndlərinin tamamilə azərbaycanlılardan
ibarət olan sakinləri İrəvan bazarlarını daim
meyvə-tərəvəzlə və heyvandarlıq məhsulları
ilə təmin etmişlər. Hətta
şəhərin özündə də yerli əhali
kiçik həyətyanı təsərrüfatlarda əsasən
bağçılıq və bostançılıqla məşğul
olmuşdur.
S.Zelinskinin
İrəvan şəhərində, ətraf ərazilərdə
və yaxın kəndlərdə yetişdirilən
üzüm sortları haqqındakı məlumatlarında
öz əksini tapmış, adlarının demək olar ki,
mütləq əksəriyyəti Azərbaycan dilində olan, əsasən
azərbaycanlıların yetişdirdikləri üzüm
növləri aşağıdakılardan ibarətdir:
misqalı, kərimqəndi, təmərzə, xəlili,
kişmişi, şafei, xələci, əsgəri və
sair. Şəhərdə
geniş yayılmış alma sortları:
Kəlba Cəfər alması, cənnət alması, Hacı
Hüseynəli alması; armud növləri: Hacı Mehdi
armudu, Kişi armudu; ağaclar: qarağac, narbənd; qovunlar:
tutma, şalax, dostucanı, İsfahanı, ağca nabatı,
göyçə nabat; qarpız sortları: xunu, ağabəy,
qurbanağası, Həsənbəyqarpızı da məqalədə
öz adı ilə Azərbaycan dilində qeyd olunmuşdur.
Bütün bunlar isə XIX əsrin sonlarında da İrəvan
şəhərində və ətrafında azərbaycanlılara
məxsus qədim əkinçilik ənənələrinin geniş yer tutduğunu,
yaşadıldığını göstərir. Qeyd etmək yerinə düşər ki, sırf Azərbaycan
bağçılıq və bostançılıq mədəniyyətinə
aid olan həmin adlardan bir çoxu həmişəlik olaraq
erməni dilinin lüğət tərkibinə daxil
olunmuşdur. Bədbəxt ermənilər hətta indi də
azərbaycanlılara məxsusluğu gün kimi aydın olan
bu tip sözlərdən istifadə edirlər. Ümumiyyətlə,
Azərbaycan sözləri kasad erməni dilini xeyli zənginləşdirmişdir.
Türk-Azərbaycan mənşəli sözlər
əgər erməni dilindən çıxarılarsa, bu dil
özünün leksik tərkibinin böyük bir hissəsini
itirə bilər. Bizə görə,
"Erməni dilində Azərbaycan sözləri" məsələsi
faydalı bir elmi-tədqiqatın mövzusu kimi diqqəti
çəkir. Dilçi alimlərimiz bu
barədə düşünməlidirlər.
İrəvan şəhərinin quruluşu, məhəllələri
haqqında verilən məlumatlar da bu şəhərdə azərbaycanlıların
çoxluq təşkil etdiyini təsəvvür etməyə
imkan verir. Belə
ki, S.Zelinskinin İrəvan şəhərində qeydə
aldığı 7 məhəllədən beşinin adı Azərbaycan
dilindədir: Təpəbaşı məhəlləsi, Şəhər
məhəlləsi (Mərkəz), Xanlıqbağ məhəlləsi,
Dəmirbulaq, Dərəkənd məhəlləsi. Burada qeyd edilən Malakan məhəlləsi,
adından da göründüyü kimi, vaxtilə İrəvan
şəhərinə köçürülmüş
malakanlara məxsusdur. Ermənilərin
yaşadığı Çolmaqçı məhəlləsi
əvvəllər ayrıca şəhərətrafı kənd
kimi mövcud olmuş, yalnız 1843-cü ildə İrəvana
birləşdirilmişdir. Məqalədə
"Nortskiy kvartal" adlandırılan sahə isə
Türkmənçay sülh müqaviləsindən sonra
İrandan və Türkiyədən
köçürülmüş ermənilərin məskunlaşdırılması
üçün salınmış yeni məhəllədən
ibarətdir.
Məqalədəki İrəvan şəhərinin su təchizatına
dair məlumatlar da buranın Azərbaycan şəhəri
olduğuna əlavə yəqinlik gətirir. S.P.Zelinski
İrəvan şəhərinin Zəngi çaydan və
Qırxbulaqçaydan çəkilmiş kanallar və arxlar
vasitəsilə su ilə təmin edildiyini göstərir.
Bundan başqa, əsasən bulaqlardan təşkil olunan, yerli
azərbaycanlı əhalinin "qara su"
adlandırdıqları Söyüdlük suyu da İrəvan şəhərinin
su ilə təchizatına özünün müəyyən
töhfəsini vermişdir. Məlum olduğu kimi, mənbəyini
Göyçə gölündən alan Zəngi
çayı, dağ ətəklərindəki
çoxsaylı bulaqlardan yaranan Qırxbulaqçay və
Söyüdlük suyu sözləri Azərbaycan
adlarıdır. Və S.P.Zelinski bu adların hər
üçünü də Azərbaycan dilində olduğu
kimi işlətmiş, mötərizədə rus dilində
daşıdığı mənanı izah etmişdir.
İrəvan şəhərinin azərbaycanlı əhalisi
ilə yanaşı, erməni əhalisi də həmin
çay adlarını Azərbaycan dilindəki kimi tələffüz
etmişlər.
Qeyd etmək
lazımdır ki, Stepan Zelinskinin çəkib məqaləsinə
əlavə kimi "İrəvan şəhərinin
planı" adı ilə daxil etdiyi və SMOMPK məcmuəsinin 1881-ci ildə
çıxan birinci sayında çap etdirdiyi xəritədə
də azərbaycanlılara məxsus adlar üstünlük təşkil
edir. Şəhərdəki 30 küçədən
aşağıdakı küçə adları Azərbaycan
dilində olduğu kimi öz əksini tapmışdır:
Tiflis küçəsi, Tatar, Bazar, Şəriət, Məscid,
Karvansaray, Süleymanxan, Qırxbulaq, Sultan küçələri,
hətta Naxçıvan küçəsi. "İrəvan
şəhərinin planı"nda qeyd edilən Bannaya
(Hamamçı), Poçtovaya (Poçt küçəsi),
Kirpiçnaya (Kərpicli küçə), Oqorodnaya
(Bostançı küçəsi), Sadovaya (Bağlar
küçəsi), Polevaya (Çöllük) küçə
adları da S.Zelinski tərəfindən Azərbaycan
adlarının ruscaya tərcüməsindən ibarətdir.
Şəhərdəki Çarskaya, Doktorskaya, Qubernskaya,
Uçilişnaya adlanan küçələr isə Rusiya
tabeçiliyinin əlamətidir ki, bu küçələrin
də bir çoxunun əvvəlki adı Azərbaycan dilində
olmuşdur və həmin kvartallarda əsasən azərbaycanlılar
yaşamışlar. S.Zelinskinin öz xəritəsində
xüsusi olaraq göstərdiyi Hüseynxan məscidi, Şəhər,
Təpəbaşı, Körpüqulağı məscidləri,
Hacı Novruzəlibəy, Hacı Cəfərbəy məscidi
də İrəvan şəhərinin müsəlman məscidləri
ilə zəngin olduğunu aydınlaşdırır. Bundan başqa, yerləşmə mövqeyinə
görə də məscidlərin şəhərin dörd
bir tərəfini əhatə etməsi İrəvanda azərbaycanlı
əhalinin demək olar ki, qədimdən salınmış əksər
küçələrdə daimi sakin olduğunu nəzərə
çarpdırır. Bunun əksinə olaraq, S.Zelinskinin
"İrəvan şəhərinin planı"na daxil etdiyi
Müqəddəs İohan, müqəddəs Serqnaya, müqəddəs
Pyotr və Pavel kilsələri, adından da
göründüyü kimi, Rusiya tabeçiliyindən
sonrakı dövrün nişanələridir. Hətta
plan-xəritədə Boqorodinitsı kilsəsinin tikilməkdə
olduğu da qeyd edilmişdir.
Əvvəla, bu kilsələrdə yalnız ermənilər
deyil, İrəvan şəhərində yaşayan və
xristian dininə mənsub olan digər millətlərin,
xüsusən rusların və gürcülərin də ibadət
etmələri nəzərdə tutulmuşdu. İkincisi isə
kilsə tikintisinin sürətlə inkişaf etdirilməsi
İrəvan şəhərinin çar hökuməti tərəfindən
süni surətdə xristianlaşdırmaq siyasətinin ifadəsi
idi. Təsadüfi deyildir ki, adları qeyd
olunan kilsələrin böyük əksəriyyəti Birinci
Nikolayın İrəvan şəhərinə 1837-ci ildəki
səfərindən sonra inşa olunmuşdu. İrəvan şəhərinin üstünlük təşkil
edən müsəlman əhalisi şəhərdə
salınmış kilsələrə xor baxmamış,
xristian əhalisinin ibadət etməsinə şərait
yaradılmasını normal qəbul etmişdir. Ermənilər
isə XIX-XX əsrlər boyu İrəvan şəhərindəki
məscidlərə həmişə ögey münasibət bəsləmiş,
bu islam mədəniyyəti nümunələrinin
təmirinə, yaxud abadlaşdırılmasına heç
vaxt qayğı göstərməmişlər. Bunun nəticəsidir ki, hazırda İrəvan
şəhərində vaxtilə mövcud olmuş 6 məsciddən
yalnız biri qalmışdır. Şəhərin
ətrafındakı yeddi müsəlman qəbiristanlığının
hamısı dağıdılmışdır. Erməni
vandalizminin, yalançı erməni təbliğatının
əsl siması budur!
Bütövlükdə S.P.Zelinskinin "İrəvan
şəhərinin baş planı"
adlandırdığı xəritə yaxın
keçmişin obyektiv reallığını əks etdirən
mühüm sənəd kimi xüsusi əhəmiyyətə
malikdir. İrəvan şəhərinin gerçək
tarixinin öyrənilməsində bu xəritədən
istifadə etmək faydalı olar. Digər
millətin nümayəndəsi olan, tanınmış rus
maarifçi ziyalısı tərəfindən
hazırlanmış plan-xəritə məkrli,
başdan-başa yalan-palan üzərində qurulmuş saxta və
uydurma erməni təbliğatına tutarlı cavab kimi də
mühüm əhəmiyyət kəsb edir. Xəritədən İrəvan şəhərinin
daimi sakinlərinin azərbaycanlılardan ibarət olması,
ümumiyyətlə, İrəvanın Azərbaycan şəhəri
olduğu, digər millətlərin nümayəndələrinin
bu şəhərə sonradan
köçürüldüyü tam aydınlaşır.
Ən nəhayət, bu xəritə Qafqazdakı ziyalı mədəniyyətinin
XIX əsrdəki səviyyəsini də təsəvvür etməyə
şərait
yaradır.
İrəvan şəhərinin əhalisinin tərkibi
haqqında S.P.Zelinskinin məqaləsində təhlilə cəlb
etdiyi məlumatlar və cədvəllər də ciddi maraq
doğurur.
Burası nəzərə alınmalıdır ki, İrəvan
şəhərinin əhalisinin tərkibinə dair əldə
edilən məlumatlar bu şəhərdə Azərbaycan-müsəlman
mövqeyini azaltmağa, tədricən aradan qaldırmağa
yönəldilmiş çar Rusiyasının statistikasına
əsaslandığına, bir çox halda həmin statistik məlumatların
hazırlanmasında quberniya idarələrində
çalışan erməni məmurlarının da
iştirak etdiyinə görə tam obyektiv xarakter
daşıya bilməzdi. Bununla belə, əhalinin
say tərkibi, müsəlman və xristian, yaxud azərbaycanlı
və erməni əhalisinin nisbəti barədə təqdim
edilmiş faktlar və rəqəmlər bir qədər erməni
tərəfinin xeyrinə olmaqla şişirdilsə belə,
yenə də müəyyən obyektiv nəticələrin
çıxarılmasına şərait yaradır. S.P.Zelinskinin tərtib etdiyi "İrəvan şəhərində
yaşayanların 50 ildəki sayına dair müqayisəli cədvəl"də
bu şəhərin əhalisinin ayrı-ayrı millətlər
üzrə 1829-cu ildəki və 1880-ci ilə aid göstəriciləri
əks etdirilmişdir. Cədvəldə əks
olunduğuna görə, 1829-cu ildə İrəvan şəhərində
azərbaycanlı ailələrin sayı 1807, erməni ailəsi
isə 944 olmuşdur. Fikrimcə, cədvəldəki
erməni ailəsinin sayı şəhərin daimi sakini olan
erməni əsilli ailələrin miqdarından bir xeyli
çoxdur.
Çünki məlum olduğu üzrə, Türkmənçay
sülh müqaviləsindən sonra ermənilərin
İrandan və Türkiyədən ilk köçləri
1828-ci ilin may-iyun aylarından etibarən gəlməyə
başlamışdır. Ona görə də
1829-cu ilin sonuna dair olan məlumatlarda yerli erməni ailələri
ilə yanaşı, köçürülmüş gəlmə
erməni ailələri haqqındakı məlumatlar da
özünə yer almışdır. Beləliklə,
XIX əsrin əvvəllərində İrəvan şəhərində
azərbaycanlı ailələri
köçürülmüş ermənilər də nəzərə
alınmaqla ən azı 50 faiz göstəricinə malik
olmuşdur. Həmin ildə İrəvan
şəhərinin daimi yerli sakini olan azərbaycanlı əhali
7331 nəfərdən ibarət idi. Erməni
əhalisi isə köçürülənlərlə
birlikdə 4132 nəfər təşkil edirdi. S.P.Zelinskinin cədvəlindən görünür
ki, məqsədli şəkildə
köçürülmüş erməni əhalisi
hesabına 1880-ci ildə İrəvan şəhərində
azərbaycanlı və erməni əhalisi arasındakı fərq
xeyli dərəcədə azaldılmışdır.
Belə ki, S.P.Zelinski tərəfindən 1880-ci ilə dair
statistikada cədvəl üzrə erməni ailəsinin
sayının 50 il ərzində
artırılaraq 9509 ailəyə
çatdırıldığı qeyd olunmuşdur. Bizə görə burada texniki səhvə yol
verilmişdir. Çünki təqdim olunan
cədvəldə artan erməni ailələrinin hesabına
1880-ci ildə erməni əhalisinin 5975 nəfərə
çatdığı nəzərə
çarpdırılmışdır. Heç vaxt əhalinin
say tərkibi ailələrin sayından az ola bilməz. Ona
görə də əhalinin və ailələrin sayı nisbətini
müqayisəli şəkildə nəzərə alsaq,
1880-ci ilə dair statistikadakı ailələrin sayını
göstərən 9509 rəqəminin 950, yaxud da 959 olduğu
daha obyektiv görünür.
Hər
iki halda İrəvan şəhərində erməni əhalisinin
imperiya maraqlarına uyğun olaraq böyük sürətlə
artırıldığı göz qabağındadır. Bunun əksinə, çar Rusiyasının yeritdiyi
siyasətin nəticəsində azərbaycanlı əhali
İrəvan şəhərində tədricən
sıxışdırılmış, yavaş-yavaş
heyvandarlıq və əkinçilik üçün daha sərfəli
olan ətraf kəndlərə köçməyə məcbur
edilmişdi. Bu isə öz növbəsində 1880-ci
ildə İrəvan şəhərində azərbaycanlı
əhalinin 1829-cu illə müqayisədə 1048 nəfər
azalması ilə nəticələnmişdi. Bundan
başqa, yaranmış yeni quberniya idarəçilik üsulu
İrəvan şəhərində işləmək
üçün xristian mənşəli digər millətlərin
nümayəndələrinin də yerləşdirilməsi zərurətini
meydana çıxarmışdı. Bunun nəticəsində
1829-cu ildə İrəvan şəhərində başqa
millətlərdən bir ailə belə
olmadığı halda, 1880-ci ildə burada artıq 46 rus, 7
gürcü ailəsi də məskunlaşdırılmışdı.
Bu yolla İrəvan şəhərində xristian əsilli əhalinin
sayı sürətlə artırılaraq 6056 nəfərə
çatdırılmışdı ki, bu da 1829-cu ildəkindən
1924 nəfər çox idi. Ancaq yenə də 1880-ci ildə
azərbaycanlı əhali xristian əhalisindən, yəni ermənilərdən,
ruslardan və gürcülərdən, hər
üçü bir yerdə olmaqla, 237 nəfər çoxluq
təşkil edirdi.
Aparılan
təhlillər çar Rusiyasının Qafqaz siyasətinin,
xüsusən Cənubi Qafqazdakı erməniləşdirmə
proqramının ümumi mənzərəsini aydın şəkildə
təsəvvür etməyə real imkan yaradır. Təqdim
edilən rəqəmlər Birinci Nikolay hökumətinin ikili
standartlara əsaslandığını gerçək olaraq
ortaya qoyur.
İkili
standartlar idarəetmə və təhsil sahələrində
də özünü göstərmişdir. S.P.Zelinskinin təhlillərinə və digər mənbələrdən
əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik
ki, quberniya idarələrində, dövlət qulluğunda
daha çox böyük üstünlüklə ruslar və
ermənilər işlə təmin olunmuş, azərbaycanlılara
çox az yer verilmişdi. Ermənilər tədricən
quberniya rəhbərliyinin köməyi ilə İrəvan
şəhərinin sənaye sahəsində əlverişli
mövqeləri tutmağa səy göstərirdilər. Ticarət obyektlərində də ermənilərin
xüsusi çəkisi tədricən artmağa
başlamışdı. Məsələn, 1880-ci ildə
İrəvan şəhərindəki ticarət obyektlərində
307 azərbaycanlı, 256 erməni əsilli tacir
çalışırdı. XIX əsrin sonlarına yaxın
İrəvan şəhərində 46 növ sənaye sahəsinin
altısında artıq ermənilər tam ixtiyar sahibi
olmuşdular. Ustalıq, sənətkarlıq tələb edən
başmaqçı, dəri məmulatçısı,
dülgərlik, bıçaqçı, dərzilik,
papaqçılıq və boyaqçılıq sahələrində
erməni ustalar üstünlüyü ələ keçirmişdilər.
Bunun
əksinə olaraq, azərbaycanlılar İrəvan şəhərinin
bazarətrafı ticarət və sənayesinə nəzarəti
özlərində saxlamışdılar. Dəyirmanlarda,
qəssabxanalarda, çörəkbişirmə və qənnadı
sənayesində, arıçılıq sahəsində,
karvansaralarda da üstünlük azərbaycanlıların əlində
idi. Sənaye sahələrindəki millətlərarası rəqabətdə
mərkəzi hökumət daim erməni əhalisini dəstəkləmişdir.
Nəticədə tədricən azərbaycanlı
əhali kənd təsərrüfatı yönlü məşğulluq
sahələrinə istiqamətləndirilmişdir ki, bu da
onların müəyyən dərəcədə şəhərətrafı
kəndlərə axınına səbəb olmuşdur.
Tanınmış rus ziyalısı Stepan Pavloviç Zelinskinin məqaləsindəki məlumatlardan çıxardığımız bu qənaəti görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 7 mart 1902-ci ildə "Kaspi" qəzetinin 53-cü sayında "İrəvan müxbirimizdən" adı ilə çap etdirdiyi xəbərdə ifadə olunan mətləblər dönə-dönə təsdiq edir. Aydınlıq naminə o vaxtlar İrəvan Dairə məhkəməsində tərcüməçi-dilmanc vəzifəsində çalışan Cəlil Məmmədquluzadənin Dəlmə bağlarına dair məqaləsinin əsas məqamlarını nəzərə çatdırmağı məqsədəuyğun hesab edirik. Məqalədə oxuyuruq: "Dəlmə - İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər - əməksevən yerli tatarlar (azərbaycanlılar - İ.H.) salmışlar. Həmin bağları salmaq üçün onlar vaxtilə... çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər... Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız insanlar həmin bağları öz qabarlı əllərində qoruyub saxlaya bilmədilər.
Bizim
Bələdiyyə idarəsinin hələ çoxdan
(Zelinskinin zamanından - İ.H.) Dəlmə
bağlarında gözü var idi. Lakin bu barədə qəti
bir tədbir görmək ona
heç cür müyəssər olmurdu... Yeni torpaqlar uğrunda qızğın
iş getdiyi, şəhər tərəfindən müsəlman
qəbiristanlığını bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə
başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə
bağları qətiyyən otlaq yerinə oxşamır.
1891-ci
ildən başlayaraq şəhər başqa cür hərəkət
etməyi qət etdi. Şəhər Duması ...Dəlmə
bağlarına vergi təyin etməkdən ötrü
onların gəlirini hesablayan xüsusi bir komissiya düzəltdi...
Lakin 1891-ci il komissiyası Dəlmə
bağlarına o qədər yüksək qiymət qoydu ki,
illik verginin ölçüsü bağların illik gəlirindən
artıq çıxırdı. Beləliklə, 1891-ci ilə
qədər verilməyib, üst-üstə yığılan
vergi qalıqları elə bir ölçü aldı ki,
bağ sahibləri bağlarından da, qalan vergiləri
ödəməkdən də boyun qaçırmalı
oldular".
Daha sonra məqalədə 3 fevral 1900-cü ildə İrəvan Şəhər Dumasının xüsusi komissiyasının müəyyən etdiyi qiymətə bağların sahibləri tərəfindən satın alınması barədə qərar çıxarması, lakin "bağ sahiblərinin öz xüsusi bağlarını almağa bilmərrə razı olmadıqları" nəzərə çarpdırılmışdır. Təzədən keçmiş çoxillik vergilərin əhalidən yığılmasına dair tapşırıq verilmiş, bu isə son nəticədə Mirzə Cəlilin yazdığı kimi, "bağ sahiblərindən bəzilərinin həmişəlik öz bağlarından əl çəkməyi ciddi surətdə qət etməyə" məcbur olmalarına gətirib çıxarmışdır. Deməli, S.P.Zelinskinin "İrəvan şəhəri" məqaləsinin yazıldığı vaxtdan 21 il keçməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin məqaləsinin çıxdığı dövrdə vəziyyət nəinki dəyişməmiş, zəhmətkeş azərbaycanlı əhali daha ciddi surətdə sıxışdırılmışdır. "Dəlmə bağlarının əhvalatı" məqaləsi isə vaxtilə Stepan Zelinskinin rəqəmlərin dili ilə mənalandırdığı mətləblərin 33 yaşlı cavan Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən daha açıq şəkildə və kəskin formada sözün gücü, publisistikanın imkanları vasitəsilə ifadə edilməsi deməkdir. Bu kiçik məqalə böyük ədib Cəlil Məmmədquluzadənin vətən və millət təəssübkeşliyini, yüksək vətəndaşlıq mövqeyini bir daha qabarıq şəkildə diktə edir. "Dəlmə bağlarının əhvalatı" məqaləsi Mirzə Cəlilin imperiyanın antiazərbaycan siyasətinə etirazının ifadəsi idi.
Bütün bunlarla bərabər,
XIX əsrin sonlarında İrəvan şəhərində
azərbaycanlı əhali nə qədər çətin
olsa da, say tərkibi etibarilə də, habelə kənd təsərrüfatında,
ticarətdə və kiçik sənaye müəssisələrində
üstün mövqelərini qoruyub saxlaya bilmişdi. İrəvan
şəhəri XX əsrə doğru Azərbaycan şəhəri
kimi addımlamaqda davam edirdi.
Təhsil
sahəsində də mərkəzi hökumət erməni əhalisinə
üstün şərait yaratmış, azərbaycanlı əhalinin
təhsili dövlətin maraq dairəsində çox az yer
tutmuşdur. S.P.Zelinskinin məlumatlarından
aydın surətdə görünür ki, İrəvan şəhərinin
demək olar ki, əksər məhəllələrində rus
və erməni məktəbləri
açıldığı halda, azərbaycanlılar
üçün yeni təhsil ocaqları demək olar ki,
yaradılmamışdı. Azərbaycanlı əhali daha
çox məscid məktəblərində və mədrəsələrdəki
8 məktəbdə təhsil almış, əhalinin az bir
qismi isə İrəvan şəhərində
açılmış rusdilli gimnaziya və progimnaziyalarda təhsillərini
davam etdirmişdir. S.P.Zelinskinin İrəvan
gimnaziyası, İrəvan şəhər məktəbi,
qız məktəbi, İrəvan progimnaziyası
haqqındakı ətraflı məlumatları
məktəb və pedaqoji fikir tariximizi öyrənmək
üçün mühüm əhəmiyyətə malikdir.
İrəvan şəhərində Kalbalıxan
Naxçıvanskinin təşəbbüsü ilə
açılmış məktəb-pansion
haqqındakı məlumatlar məktəb tariximizin öyrənilməmiş
səhifələrini təşkil
edir. S.P.Zelinski həmin məktəbin yaranması tarixçəsini
aşağıdakı kimi təsvir etmişdir:
"Uşaqların təhsili ilə məşğul olan
xanım Stasyuleviç Kalbalıxan Naxçıvanski ilə
tanış olmuş və onun övladlarını təhsil
vermək üçün qəbul etmişdir. Kalbalıxan
uşaqlarının təhsil sahəsindəki nailiyyətlərindən
razı qalmış və həmin müəlliməyə
müsəlman uşaqlarına dərs demək
üçün İrəvana və ya Naxçıvana gəlməyi
təklif etmiş, bunun üçün öz tərəfindən
olacaq köməkliyi nəzərə
çatdırmışdır. Xanım
Stasyuleviç (Sofya Stasyuleviç - İ.H.) bu təkliflə
razılaşmışdır. İrəvan şəhərinə
gələn xanım ilk növbədə müsəlman
uşaqları üçün pansion açmaqdan ötrü
yerli müsəlman xanlarına müraciət etmiş və
müsbət cavab almışdır. Onun xoşbəxtliyindən
Şəfi bəy adlı bir nəfər müəlliməyə
digər uşaqlar üçün örnək olsun deyə
özünün iki övladına ödənişli qaydada təhsil
verilməsini təklif etmişdir. Ev kirayə edən xanım
Stasyuleviç Şəfi bəyin uşaqlarını təhsil
vermək üçün qəbul etmişdir. ...Az sonra təhsil
alan uşaqların sayı artmış, ikinci ilin sonunda onun
himayəsində 15 müsəlman uşağı təlim
görmüşdür. Son vaxtlar xanımın böyük
ana qayğısı və təlim məharəti sayəsində
şagirdlərin sayı 45 nəfərə
çatmışdır... Bu, İrəvan şəhərinin
birinci özəl pansionu idi... 1877-ci ildə həmin pansionda
105 şagird təhsil almışdır. Beləliklə,
xanım Stasyuleviçin İrəvan şəhərində
təhsil müəssisəsi yaratmaq səyləri baş
tutmuşdur. Buna görə o, yerli cəmiyyətin, xüsusən
müsəlman əhalisinin hər cür minnətdarlığını
qazanmağı haqq etmişdir".
Zaman öz işini görmüş, İrəvan şəhərində azərbaycanlılar üçün də dünyəvi məktəblər açılmışdır. Kalbalıxan Naxçıvanskinin və Şəfi xanın xidmətləri sayəsində bu məktəbin təşkili hesabına şəhərdə azərbaycanlı əhalisinin səviyyəsi yüksəlmiş, mövqeləri daha da möhkəmlənmişdir.
S.P.Zelinskinin
"İrəvan şəhəri" məqaləsi sadəcə
diyarşünaslıq materialı olmayıb, geniş
araşdırma imkanları ilə seçilən ciddi elmi-tədqiqat
əsəridir. Bir qədər yaradıcı şəkildə
yanaşmaqla bu əsərdən mənbə kimi istifadə
etmək elmimiz üçün fayda gətirə bilər.
SMOMPK məcmuəsində çap olunan "Dərəçiçək" məqaləsində S.P.Zelinski bu yerin adının etimologiyasını "çiçəkli dərə" kimi izah etmiş, buranın coğrafi xüsusiyyətlərini, bitki və heyvanlar aləmini, iqlim əlamətlərini, təsərrüfat əhəmiyyətini diqqət mərkəzinə çəkmişdir. Müəllif Dərəçiçək ərazisində yerləşən malakan kəndi Konstantinovkadan bəhs etmiş, malakanların həyatı və məişətindən qısaca söz açmışdır.
S.P.Zelinskinin "Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları" məqaləsi də İrəvan şəhərindən toplanılan materiallar əsasında yazılmışdır. Burada 150 Azərbaycan atalar sözü və məsəlinin rus dilinə tərcüməsi verilmiş, hikmətli kəlamlarda ifadə olunan, bəzi şəxs və yer adlarına aydınlıq gətirən izahlar diqqətə çatdırılmışdır. Müəllif İrəvan şəhərinin müsəlman təbəqəsi arasından 59 Azərbaycan tapmacası toplamış, tapmacaları rus dilinə çevirmiş, cavablarını ayrıca qeyd etmişdir. Eyni zamanda, Stepan Pavloviç Zelinski İrəvan şəhərində daha çox işlədilən, geniş şəkildə müraciət olunan 55 qadın adını əlifba sırası ilə düzmüş, onların etimoloji mənalarını izah etmişdir. "Tatar atalar sözləri..." məqaləsi də məntiqi mənada İrəvan şəhərində Azərbaycan folklorunun, azərbaycanlı ruhunun, Azərbaycan mühitinin hakim olduğunu təsdiqləyir. Bu ciddi elmi-tədqiqat əsəri folklorşünaslıq, etnoqrafiya, dilçilik baxımından da qiymətlidir. Elmi-siyasi əhəmiyyəti nəzərə alınmaqla S.P.Zelinskinin "İrəvan şəhəri", “Dərəçiçək” "Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları" əsərləri müəyyən ixtisarla ayrıca çap olunmağa layiqdir.
Göründüyü kimi, tanınmış rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin İrəvan şəhərinə dair tədqiqatları ilk növbədə bu şəhərin tarixinin, keçdiyi inkişaf yolunun öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, həmin dəyərli məqalələr silsiləsi İrəvanın Azərbaycan şəhəri olduğunu bir daha yəqinləşdirir. Eyni zamanda, S.P.Zelinskinin araşdırmaları bu mövzu ətrafında olan mübahisəli məsələlərə aydınlıq gətirən qiymətli elmi mənbədir.
Heç şübhəsiz, Stepan Pavloviç
Zelinskinin əsərlərinin müəyyən
nöqsanları da mövcuddur. Dərəçiçək,
Zəngi çayı və sair kimi sözlərin onun tərəfindən
həm də erməni dilində olan sözlər kimi Azərbaycan
dilinə tərcümə olunması obyektiv
reallığı ifadə etmir. Bəzi qadın
şəxs adlarının etimologiyası yanlış izah
olunmuşdur. "İrəvan şəhəri" məqaləsində
Şah İsmayılın 1636-cı ildə bu şəhəri
işğal etdiyi qeyd olunur ki, bu məlumat görkəmli
dövlət xadiminin tərcümeyi-halı ilə
üst-üstə düşmür. Bəzi məqamlarda
ermənilərin mənafeyinə xidmət edən notlar müşahidə olunur. Lakin
qeyd edilənlər S.P.Zelinskinin İrəvan şəhərinin
haqqındakı əsərlərinin əhəmiyyətini
heç də azaltmır. Əsər əsasən "İrəvan
şəhəri - necə varsa" anlayışına cavab
tapmağa imkan verir.
Bütün bunlar isə ölkəmizin Prezidenti İlham Əliyevin İrəvanın Azərbaycan şəhəri olduğuna dair bəyanatının obyektiv reallığın, tarixi gerçəkliyin danılmaz ifadəsi olduğunu qəti şəkildə təsdiqləyir. Möhtərəm Prezidentimizin obyektiv bəyanatı humanitar sahədə çalışan alimlərimizin, ümumiyyətlə, tariximizin ağrılı məqamları, o cümlədən, uydurma Ermənistan dövləti ilə əlaqədar daha ciddi və dərin, əsaslandırılmış, ilk mənbələrə söykənən, milli maraqlara xidmət edən yeni və sanballı tədqiqatlar aparmağa çağırır. Ölkəmizin Prezidentinin məlum bəyanatından sonra qısa müddətdə təkcə İrəvan şəhəri ətrafında meydana çıxmış maraqlı və əhəmiyyətli ciddi tədqiqatlar qeyd olunan sahələrdə ciddi boşluqların olduğunu göstərməklə bərabər, Azərbaycanımızda həmin ümummilli vəzifələri həyata keçirməyə səfərbər olan böyük elmi potensialın mövcudluğunu da nümayiş etdirir.
İnanırıq
ki, S.P.Zelinskinin İrəvan şəhərinə həsr
olunmuş məqalələr silsiləsi tarixçilərin,
folklorşünasların, etnoqrafların,
iqtisadçıların, coğrafiyaçıların,
pedaqoqların və dilçilərin diqqətini cəlb edəcək,
bu əhəmiyyətli əsərlərdən yerli-yerində
istifadə olunacaqdır.
Azərbaycan
ərazilərinə göz dikmiş, torpaqlarımızda
işğalçılıq siyasəti həyata keçirən
Ermənistan heç vaxt unutmamalıdır ki, onların indi mənsub
olduqları qondarma dövlətin özü də vaxtilə
zorla zəbt olunmuş Azərbaycan torpaqlarında yerləşir.
Hər şeyin vaxtı çatacaqdır!
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının
Birinci vitse-prezidenti, Milli Məclisin
deputatı,
Akademik
525-ci qəzet.- 2020.- 14 oktyabr.-
S.14-16.