"Yaddaş körpüsü"ndən "Nizaminin salamı"nı çatdıran "Söz məbədi"

 

Azərbaycan Televiziyasının "Azərbaycantelefilm" yaradıcılıq birliyi fəaliyyətdə olduğu 60 ildə yüzlərlə bədii, sənədli, musiqili televiziya filmlərini ərsəyə gətirib.

Ekranlaşdırılan hər bir əsər Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, ədəbiyyat elminin təbliği tanıdılması istiqamətində daim maarifçilik, öyrədicilik missiyası daşıyıb. Son bir ildə "Bədii sənədli filmlər studiyası" kimi missiyasını davam etdirən struktur sistemli, ardıcıl işlər görməklə, bir-birindən maraqlı sənədli publisistik filmlərin həm ərsəyə gəlməsində, həm xalqa çatdırılmasında professional nümayiş etdirdi. Bu il bir neçə ekran əsərini seyr etdiyim studiyanın yaxın günlərdə Mədəniyyət kanalında daha bir filminin premyerası oldu. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bütün fəaliyyətini işıqlandıran "Söz məbədi" filmi.

Ölkəmizin sayılıb-seçilən muzeylərindən biri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə, bu il yaradılışının 80 illiyini qeyd edir. Bu müqəddəs söz sarayı artıq 80 ildir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.

İndi - Muzeyin 80 yaşının qeyd olunduğu 2020-ci ildə Azərbaycan sözün əsl mənasında Vətən Müharibəsinin içərisindədir. Arzum budur, muzey bu bayramını qələbədən bir müddət sonra ikiqat təntənə ilə qeyd etsin. Kədərli-sevincli hisslərimizin qarışıq olduğu həssas bir dönəmdə nümayiş etdirilən filmdən aldığım təəssürata görə düşünürəm ki, Azərbaycan istiqlalında tarixi məkan olaraq rol oynamış binada yerləşən, Qarabağ xanı, Şuşa şəhərinin banisi Pənahəli xanın döyüş geyimini dövlət fərmanlarını mühafizə edən Muzeyin ikiqat bayram etməyə haqqı çatacaq.

Muzey haqqında çəkilmiş iki hissəli sənədli-bədii-publisistik "Söz məbədi" filminin müəllifi akademik Rafael Hüseynovdur. Tanınmış alim olmaqla yanaşı, televiziya məkanında bir sıra sənədli-bədii filmlərin müəllifi, yaradıcılıq yubiley gecələrinin müəllif-aparıcısı kimi məşhur olan Rafael Hüseynov növbəti ekran əsərini təqdim etdi. Müəllifin bu il izlədiyim ikinci filmi olan "Söz məbədi"nin birinci hissəsi "Nizaminin salamı" adlanır. Bu hissə tamaşaçını muzey ilə tanış edir, haqqında ümumi təsəvvür yaradır. Muzeyin fəaliyyət çərçivəsi, strukturu, gördüyü işlər barədə informasiya verir.

Filmin qonağı, Xalq şairi  Sabir Rüstəmxanlı bu məkanı mənəvi enerjinin cəmləşdiyi, böyük ruhların bir yerdə yaşadığı məbəd adlandırır. Həqiqətən bu muzey şəxsi əşyaları (adi məişət əşyasından tutmuş qələminə, əlyazmasına qədər) toplanan, yazılarına müxtəlif sənət əsərləri həsr edilərək burada sərgilənən, unudulmasına imkan verilməyən bir çox dahilərin yaşadığı yaşadıldığı məkandır. Muzeyin bir zamanlar Rusiya şairi Sergey Yeseninin ev-muzeyi kimi fəaliyyətə başlayıb, hal-hazırda "S.Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzi"nə çevrilmiş filialı var bu filial Azərbaycanla bağlı rus ədiblərinin ruhlarını bir araya gətirir.

Filmin növbəti kadrlarında muzeyin Xaqani Şirvani adına Aran regional filialı haqqında məlumat alırıq. Bu filial həqiqətən muzeyin kiçik modelidir: həm ekspozisiya quruluşu, həm ədəbiyyat mədəniyyətin təqdimi, həm keçirilən tədbirlər baxımından.

Daha sonra Rafael Hüseynov Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyindən danışır onu muzeyin "qeyri-rəsmi filialı" adlandırır. Həmin xatirə muzeyinin ekspozisiyasının müəllifi qurucusu olan Rafael Hüseynov qeyd edir ki, əfsanəvi "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə həm rəssam, həm şair olub. Bu səbəbdən Bakıdakı ədəbiyyat muzeyində ona həsr edilmiş guşə yaradılıb.

Filmin "Yaddaş körpüsü" adlı ikinci hissəsi video-xronika şəklində bizə təqdim edilən arxiv materialları canlı şahidlərin dilindən söylənən fikirlərlə zənginləşən maraqlı faktlarla yaddaşımızı təzələyir yenə Azərbaycanı öyrənirik. İlk növbədə muzeyin binasının tarixi, yerləşdiyi məkan haqqında məlumat alırıq. R.Hüseynov binanın təsadüfən İstiqlaliyyət küçəsində yerləşmədiyini vurğulayır. Çünki bu bina istiqlalın başlanmasının ilk ünvanlarından biri olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Metropol mehmanxanası olan bu binada həm yaşamış, həm işləmişlər. Növbəti kadrda həmin nazirlərdən birinin - Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə naziri Xudadat bəy Rəfibəylinin nəvəsi Xalq yazıçısı Anarın xatirələrini dinləyirik: 1918-ci ildə paytaxt Gəncədən Bakıya köçürüləndə Xudadat bəy Rəfibəylinin 5 yaşlı qızı Nigar ailəsi ilə bərabər bu binada məskunlaşır. Sonradan Azərbaycanın məşhur xanım şairlərindən olacaq Nigar Rəfibəylinin Bakıdakı ilk son ünvanı məhz Nizami Muzeyi olur. Yazıçı Anarın əmək fəaliyyətinə başladığı ilk yeri Nizami Muzeyi olmuşdur. Bir il həm Azərbaycan, həm rus dillərində izahatlar aparan Anar Rzayev üçün bu məkan həm ona görə doğmadır.

Nizami Muzeyini özü üçün doğma məkan hesab edən digər qonaq - AMEA-nın müxbir üzvü Nüşabə Araslı filmdə Muzeylə bağlı xatirələrindən danışır. Muzeyin qurucularından ilk direktorlarından olan şərqşünas-alim, akademik Həmid Araslının qızı kimi uşaqlığından, hələ məktəbə getməmişdən muzeyin daimi qonaqlarından olan Nüşabə xanım atasının bu məkanı çox sevdiyini, qurulmasında xidmətləri olduğunu qeyd edir.

Növbəti kadrlarda R.Hüseynov Muzeyi fərqli şəkildə təqdim edir. Vaxtilə İçərişəhərdə olan bir kəhrizin tarixçəsindən danışır zaman keçdikcə bu kərizin müxtəlif yerlərdə qaynayan bulağa çevrildiyini söyləyir. Həmin bulaqlardan birinin Nizami Muzeyinin binasının altında olduğunu qeyd edən natiq, şair Seyd Hüseynin xatirələrindən sitat gətirərək "Azərbaycan ədəbiyyatının yerindən tərkindən" qaynayıb çıxdığını deyir. Başqa sözlə, Nizami Muzeyi həm maddi, həm mənəvi bulağımızın ana gözüdür. Filmdə muzey haqqında fikirlərini bölüşən Xalq şairi Ramiz Rövşən buranı "Azərbaycanın ən dəqiq xəritəsi" adlandırmaqla R.Hüseynovun mənbə, qaynaq ideyasını təsdiqləmiş olur.

Filmdə muzeyin bütün ekspozisiyası aydın şəkildə öz əksini tapır. Hər iki hissədə bəzi qiymətli eksponatlar haqqında daha ətraflı məlumat verilir.

R.Hüseynov, rəhbəri olduğu muzeyin araşdırma, təbliğ, tanıtma ideologiyasını daha dəqiq göstərmək üçün iki ekspozisiya zalını detallı təqdim edir. Mirzə Fətəli Axundzadəyə ayrılmış otaqda ədibin şəxsi əşyaları, kitabxanasından nümunələr, nəşr edilmiş əsərləri göstərilməklə yanaşı, Tiflisdə yaşadığı evin maketinin hazırlanıb nümayiş etdirilməsi tamaşaçıda daha dolğun təsəvvür yaratmağa xidmət edir.

Digər zal isə Nizami Gəncəviyə həsr edilmiş zal bəlkə zallardan biridir. Əslində, Nizami bütün muzeydə görünür. Lakin kompleks olaraq Nizami yaradıcılığını qısa təqdim edə bilmək üçün onun da "ev"ində öz otağının olması təbiidir. Xalq rəssamı Oqtay Sadıqzadənin "Nizamidünya mədəniyyəti" adlı 5 tablosu filmdə maraqlı izahla təqdim edilir.

Əvvəldə də qeyd etdiyim kimi, film boyu arxiv materiallarından məharətli istifadə olunub. Videolentlər, fotoşəkillər, bəzən isə konkret bir faktı canlandırmaq üçün hazırlanmış kiçik bədii parçalar sənədli filmi daha informativ, daha dolğun və baxımlı edir.

Hesab edirəm ki, bu səpkili filmlərin sayı çox olmalıdır. Tamaşaçıda maraq oyada bilmək, onu məlumatlandırmaqla, maarifləndirməklə yanaşı, birzövqünü oxşaya bilmək hər yaradıcı qrupun bacaracağı deyil. Bu film müəlliflə, bütün çəkiliş qrupu ilə yanaşı, həm "Bədii və sənədli filmlər studiyası"nın, həm də müasir televiziya filmimizin uğurudur. Bu uğur münasibətilə filmdə əməyi keçən hər kəsi və tamaşaçıları təbrik etmək istəyirəm.

Ədəbiyyat Muzeyi həm fiziki olaraq, həm də mənən böyük məkandır. Bu muzey haqqında saatlarla davam edən filmlər silsiləsi yaratmaq mümkündür. Lakin, "Söz məbədi" filminin müəllifi akademik Rafael Hüseynov 80 illik fəaliyyəti iki saata sığdırmağı bacarıb. Onun bu filmi də əvvəlki müəllif filmləri kimi tanıtdı, öz tamaşaçısını maarifləndirdi və sevindirdi.

Filmin bir mükəmməl musiqi tərtibatı var. Birinci hissənin sonunda səslənən mahnıda belə bir cümlə ifa edildi:

"Oxunduqca bitməz kitab - Azərbaycan!"

Filmdən aldığım təəssürata görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həmin bitməz kitabın üz qabığıdır. Tarixini, ədəbiyyatını, elmini, mədəniyyətini bütün zənginliyi ilə əks etdirən üz. İstənilən bir kitab haqqında ilk təəssürat onun üz qabığının tərtibatından başlayır. Nizami kimi bütün dahilərimizin evi olan muzey gözəl tərtibatda təqdimatdadır. Dahiləri dünyaya bəxş edən Azərbaycan! Kitabın daim oxunsun!

 

Kəmalə NURİYEVA

Fəlsəfə üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.13.