Şuşa qalasının 270 illiyinə həsr
olunmuş virtual sərgi
açılıb
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Bakı" Rəsm Qalereyasının təşkilatçılığı
ilə Şuşa qalasının 270 illiyinə
həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət
virtual sərgi açılıb.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi Ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə
ithaf olunub.
Sərgi Ermənistan tərəfindən
işğal olunmuş
doğma torpaqlarımızda
maddi və mədəni irsimizi bəşər mədəniyyətinin
çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə
yenidən çatdırmaq
məqsədilə həyata
keçirilib. Sərginin ekspozisiyası Azərbaycan
ziyalısı kimi Elturan Avalovun bir vaxtlar küçələrində
gəzib-dolaşdığı Şuşanın evlərini,
məhəllələrini, tarixi məscid və meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarətdir.
Qrafika rəssamı
kimi onun yaradıcılığı çoxşaxəlidir. Azərbaycan
klassiklərinin əsərlərinə
çəkdiyi illüstrasiyaları
ilə yanaşı, musiqi əsərlərindən
"Reyhan", "Ay bəri
bax", "Güləbatın",
"Qoy gülüm gəlsin, ay nənə"
kimi mahnılarına çəkdiyi qroteskli karikaturaları, realistik üslubda işlədiyi
"Hacı Murad"
və "Bəstəkar
Fikrət Əmirov",
"Sevil", "Neftçilər"
adlı portretləri buna nümunədir. Rəssamın Üzeyir Hacıbəylinin
"Arşın mal alan"
və "O olmasın,
bu olsun" operettalarına çəkdiyi
rəsmləri böyük
mütəfəkkirin əsərlərinin
məzmununu təsviri
sənətdə açıqlamaqla
yanaşı, xalqımızın
özünəməxsus yaşam
tərzini incə yumorla təsvir edir.
Rəssamın Şuşadakı "Seyidli məhəlləsi"nin,
"Xoca Mərcanlı"
və "Hacı Yusifli" məhəllələrinin,
"Aşağı Gövhər
Ağa məscidi"ndə
yerləşən məhəllənin,
"Tacir Məşədi
Tağının evi",
"Gəncə darvazası"
kimi qrafik əsərləri xüsusilə
diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin
qrafik rəsmlərini
tarixi abidələrin
"Daşlaşmış poeziya"sı adlandırıb.
Mədəniyyət Nazirliyi tərəfindən
Elturan Avalovun qrafika işlərindən
ibarət kataloqu çap olunacaq. Sərgini Azərbaycan
Dövlət Rəsm Qalereyasının sosial
media hesabları vasitəsilə izləmək
mümkündür.
525-ci qəzet.- 2020.- 14 oktyabr.-
S.12.