"Humanizm" pərdəsi
altında erməni-faşist təəssübkeşliyi
Ta uşaqlığımdan "Qarabağ"
deyiləndə gözümün
önünə gələn
ilk mənzərə Xocalıda
qətlə yetirilmiş
bir körpənin donmuş vücudu olub. Əlbəttə, bunu televizorda
görmüşdüm. Ona qədər də, ondan sonra da
kifayət qədər
vəhşət şəkilləri,
videoları ilə qarşılaşmışdım. Elə o görüntünün yer
aldığı videoda
da başqa insanların cansız bədənləri insanın
ürəyinə ox kimi
batırdı. Amma özünü
qorumaq istərcəsinə
əllərini sinəsinə
sıxmağa çalışmış,
sol tərəfi üstə
donub qalmış, sifəti tanınmaz hala düşmüş o
körpə heç vaxt ağlımdan çıxmır. Bircə o görüntüyə
görə illərdir,
heç bir işğal günündə,
xüsusən Xocalı
soyqırımının ildönümündə
televizora baxa bilmirəm. Elə bilirəm, o körpə
özünü qorumaq
istədiyi o buz bağlamış əlləriylə
yaxamdan yapışacaq,
"siz elə ancaq baxmağı bacarırsınız, hanı
mənim qisasım?!"
- deyə hesab soruşacaq. Əgər elə bir şey
olsaydı, nə deyərdim ona, nə cavab verərdim?
Məhz o körpə vücuda verdiyi işgəncələrə
görə erməni mənim əzəli-əbədi
düşmənimdir. Tarixinə bu
qədər böyük
faciələr, əzablar
qalaqlanmış, eyni
qövm tərəfindən
dəfələrlə soyqırımlara
məruz qalmış,
qanı-canı bahasına
torpaqları bağrından
qoparılmış bir
xalq bütün bunları başına gətirənə düşməndən
başqa nə deyə bilər ki?!
Düz iyirmi səkkiz ildir o uşaq əlləri havada ədalət gözləyir. Nəhayət, sentyabrın 27-də onun və onun
kimi öldürülən
minlərlə günahsız
azərbaycanlının haqq
səsi cəbhəyanı
bölgələrimizdə bomba, güllə, mərmi səsləri cildində ərşə
qalxdı. Onların ədalətə
susayan ruhları vətən göylərində
pərvazlandı. Çünki onların varisləri olan biz 30 ildən sonra çox güclü, cəsarətli
və qorxmaz şəkildə haqq savaşımızı başlamışdıq.
Otuz ilə yaxındır, qan tökülməsin, analar
ağlar qalmasın, övladlar başsız böyüməsin, gənc
həyatlar yarıda qırılmasın deyə
müharibə etməyən,
torpaqlarını sülhlə,
danışıqlar yolu
ilə geri almağa çalışan
Azərbaycanın səbr
kasası doldu və daşdı artıq. Həyasız düşmənin son illərdə bizə meydan oxuyaraq Qarabağla bağlı verdiyi qərarlar, Şuşadakı prezident
seçkiləri bu məsələnin sülh
yoluyla həllini mümkünsüz etdi.
Çünki bizdən fərqli
olaraq, düşmən
nə beynəlxalq qanunları tanıyır,
nə də əməl edir. Bütün bunlarla razılaşmaq, yenidən "qan tökülməsin" deyib
olanlara göz yummaq əzəli-əbədi
torpaqlarımızdan birdəfəlik
imtina etmək demək idi. Torpaqdan isə heç zaman pay olmayıb, ola
da bilməz.
Bütün bunların dərki
27 sentyabr günü Qarabağ savaşının,
azərbaycanlılar üçün
əsl Vətən Müharibəsinin başlamasına
rəvac verdi.
Artıq
15 gündən çoxdur
ki, davam edən döyüşlərdə
qüdrətli Azərbaycan
ordusu öz gücünü ən yaxşı şəkildə
sərgiləyir. Torpaqlarımızın əhəmiyyətli qismi illər sonra düşmən tapdağından
azad edildi. Amma bu, hələ hamısı deyil. Ən böyük qələbələrimiz,
təbii ki, qabaqdadır. Və
biz də hamılıqla
o günlərin uzaqda
olmadığına inanırıq!
Nə yazıq
ki, bu çətin
günlərdə içimizdəki
humanistlərlə də
savaşmalı oluruq. İnsan sevgisi,
humanizm gözəldir.
Amma müharibədən öncə.
Müharibə zamanında isə
bu meyl çox
vaxt özünü satqınlıq, xəyanət
və qorxaqlıq halında göstərir.
Bu gün bəziləri
"humanizm" adı
altında ermənipərəst
mövqe göstərməyə,
insanların onsuz da tarıma çəkilmiş əsəblərini
daha da korlamağa
davam edir. Əllərində bayraq tutduqları
isə guya demokratiya, fikir-söz azadlığıdır.
Əvvəl elə bilirdim ki, məcburi köçkünlərin, şəhid
ailələrinin çəkdiyi
əzabları özlərindən
başqa kimsə yaxşı anlamaz. Amma maraqlıdır ki, onların arasında da həmin o "humanizm artistləri" var. Görürsən
ki, belələrindən
biri Azərbaycanın
sərhəddindən yüz
kilometrlərlə uzaqda
"sülh göyərçinliyi"
funksiyasını öz
üzərinə götürür.
Arqumentləri isə budur
ki, dünyanı sülh gözəlləşdirəcək.
Bəli,
razıyıq, dünyanı
sülh gözəlləşdirəcək,
sülh çox gözəlliklərə sahib olacaq,
amma Qarabağı geri qaytarmayacaq.
İllər boyu Azərbaycan xalqını unutqanlıqda
günahlandırmışıq. Çünki
1905-ci il, 1918-ci il hadisələrindən sonra belə sinəsinə çəkilən
bütün dağları
unudub, düşmənlə
bir ərazini, bir kəndi, bir süfrəni bölüşməyə davam
edib, qız alıb, qız verib, kirvəlik edib. Bu, xalqımızın
həm erməninin, həm də erməni təəssübkeşi
humanistlərin göstərməyə
çalışdığı qədər vəhşi, barbar, müharibə həvəslisi olmadığının
ən gözəl sübutudur. Amma
1990-cı illərdən sonrakı
hadisələr, sülh
gözləyə-gözləyə otuz il ərzində başımıza
açılan oyunlar artıq unutqanlığın
və humanizmin bizə nə qədər baha başa gəldiyini göstərdi.
Əgər bu gün övladları ön xəttə vuruşan analar, atalar belə atəşkəsdən
qorxurlarsa, susan hər mərmi səsindən "birdən
müharibə dayanar"
təlaşı keçirirlərsə,
deməli, bu xalqın erməniyə qarşı humanist olmağa
haqqı yoxdur. İllərdir, körpələri
işgənclərə məruz
qalan millət alçaldıcı sülhə
tərəfdar ola bilməz.
Bəli, biz insan sevirik, erməni faşistlərini
isə yox. Nə yazıq ki, erməni faşizminə qol-qanad
gərənlərin bir çoxu
bu gün "humanizm" adı altında gizlənir. Amma nə onlar, nə də
bizə düşmən kəsilən kimsə bizi haqq yolumuzdan
döndərə bilməyəcək. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 14 oktyabr.-
S.10.