Gəncə. Oktyabr 2020. Tale epizodları

 

İKİNCİ ŞƏHƏRİMİZDƏ ÇOXMƏNZİLLİ YAŞAYIŞ BİNASININ RAKETLƏ YERLƏ-YEKSAN EDİLMƏSİ ERMƏNİ ALÇAQLIĞININ XARAKTERİK NÜMUNƏSİ KİMİ

 

Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə ağardığımız Vətən Müharibəsinin cəbhələrində şanlı ordumuzun həmlələri qarşısında aciz qalaraq, dəlmə-deşikdə gizlənən erməni hərbiyyəsinin tör-töküntüləri özlərinin kəm ağıllarınca, mülki ərazilərimizi, dinc əhalimizi atəşlərə məruz qoymaqla "revanş" alacaqlarını zənn edirlər.

Nizami yurdu, qədim mədəniyyət beşiyimiz, həmçinin, müasir inkişafımızın bariz təzahürü olan Gəncə şəhərinin raket hücumlarına məruz qalması da erməni alçaqlarının həmin xəstə psixologiyasından irəli gələn, namərd hərəkətlərinin nəticələrindəndir.

Xain ermənilərin oktyabrın 11-də, gecəni fürsət bilərək, Gəncənin mərkəzi hissəsinin yaxınlığındakı çoxmənzilli binanı hədəfə alıb on nəfərin həlak olması, uşaqlı, qadınlı-qocalı onlarla insanın yaralanması ilə nəticələnən son  alçaqlığı bir daha onu göstərdi ki, neçə onilliklər bundan əvvəl Xocalı qətliamını törədənlərin xələfləri öz şərəfsiz  "ənənələrinə" sadiqdirlər.

Bu fotolar da ermənilərin xalqımıza, dinc soydaşlarımıza qarşı törətdikləri həmin xainlik epopeyasının davamını xarakterizə edən epizodları tarix üçün saxlayır:

Öz valideyinlərinin qəbrini qucaqlayan, hələ dil açmamış bu körpə ilk kəlmələrində "ana", "ata" deyə biləcəkmi?

Ata anasının dəfninə bu cür könül susqunluğu ilə yollanan bu iki uşaqların necə, o partlayışın faciəvi səhnəsi gecələr yuxularından çıxacaqmı?

Portretindən uşaqlarına gülümsər gözlərlə baxan gənc  Nurçin ananın ruhu onları ovuda biləcəkmi?

Bu sualların kədərinə "dəva"  yalnız yalnız qələbə hisslərini yaşamış könüllərdə axtarmaq mümkün olacaq!

11 oktyabr ağır Gəncə gecəsi zamanı yerlə-yeksan olmuş o binadan tam salamat çıxmış bir ailənin möcüzəvi əhvalatını da danışmaq istərdik. İkinci mərtəbədəki mənzillərin birində yaşayan, 4 nəfərlik - ata, ana iki uşaqdan ibarət ailə digər sakinlər kimi yuxuda idilər. Qəfil partlayış binanı bir anda yox edir, onların mənzilini sanki ikinci mərtəbədən kəsib, yerə vurur. Bu zaman onların üzərində dağıntılardan sanki bir "çətir" yaranır 6 yaşlı Yağmur, 2 yaşlı Ömər, eləcə onların ata-anası həmin çətirin hesabına sağ-salamat qalırlar.

"Bu, doğrudan da Allahın bir möcüzəsidir. O, dəhşətli partlayış elə bil alt mərtəbəni ovub, yuxarı mərtəbə yerə dəyib, dağılıb. Mənim övlad nəvələrimi onların düşdüyü yerin üstündə yaranan iri bir maneə qoruyub", - deyə yaxınlarını özünün mənzilinə gətirən uşaqların babası Mehdi Nəsirov qeyd edir.

Baba həmçinin, bütün azərbaycanlıların, o cümlədən, Gəncə sakinlərinin hər birindən eşidəcəyiniz arzulara  - düşmənin yuvasınadək qovulacağına qələbəmizin yaxın zamanda gerçəkləşəcəyinə qəti inandığını da izhar etdi.

 

Zakir MURADOV

Gəncə

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.10.