Mərgimüş - mərgmüş: sözün əsli və doğrusu necədir?

 

Azərbaycan türklərinin uzun əsrlər boyu qonşuluqda yaşayan bir sıra xalqlarla ictimai-siyasi mədəni-humanitar əlaqələrinin nəticəsi olaraq hələ orta yüzilliklərdən başlayaraq dilimizə farscadan çoxlu sayda sözlər daxil olmuşdur.

İzzədin Həsənoğlu, Qazı Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli digər görkəmli söz sənətkarlarının dilində işlənmiş çoxlu sayda farsca alınmalar bunu açıq-aşkar şəkildə təsdiq edir. Onu da qeyd edək ki, bu qəbildən olan alınmalar dilimizin başlıca səciyyəvi xüsusiyyətlərindən olan ahəng qanununun tələbinə uyğunlaşdırılıb. Məsələn: bəhar-bahar, paiz-payız, qouhər-gövhər s. Bu xüsusiyyət ərəbcədən digər dillərdən alınma sözlərdə özünü göstərir. Məsələn: cəmaət-camaat, saət-saat, ğaede-qayda, qazeta-qəzet, vokzal-vağzal s.

Dilimizdəki farsca alınmalardan biri nadir leksik vahidlərdən sayılan, çox da işlək olmayan mərgimüş/mərgmüş sözüdür. Fars mənşəli bu leksik vahid haqqında "Azərbaycan dilinin izahlı lüğəti"nin III cildində aşağıdakı bilgilər verilir:

"Mərgmüş-isim [fars]. Bir çox mineralların tərkibində olan zəhərli bərk maddə-kimyəvi element.//Həmin maddədən alınan preparat (tibb texnikada işlənir)".

Bu mötəbər dil qaynağında mərgmüş ismindən düzəlmiş mərgmüşlü sifəti qeydə alınaraq onun mənası açıqlanmışdır. Lüğətdə mərgmüşlü sözünə aid belə bir nümunə verilmişdir: "Culfa şəhərində çıxan mərgmüşlü Darıdağ suyunun müalicə əhəmiyyəti var" (səh.345).

Mərgmüş sözünə "Ərəb fars sözləri lüğəti"ndə rast gəlirik. Qeyd edək ki, mərgmüş sözü lüğətdə həm ayrıca maddədə elə bu şəkildə, həm ondan bir pillə yuxarıda yer almış mərg maddəsində verilmişdir. Lüğətdəki mərg  maddəsində öncə sözün fars mənşəli olması dilimizdə ölüm mənasını daşıması göstərilir, sonra isə bu leksik vahidin iştirakı ilə düzəlmiş mərgi-müş izafət birləşməsi belə bir qeydlə təqdim olunur: mərgi-müş bax mərgmüş. Lüğətdəki mərgmüş maddəsində isə  leksik vahidin mənası aşağıdakı şəkildə açıqlanır:

Mərgmüş - siçan başqa ziyanvericiləri qırmaq üçün zəhərli maddə, süleymani (II cild, səh.54).

Qeyd edək ki, bu açıqlamadakı sonuncu söz - süleymani  ərəb mənşəli leksik vahiddir mərgmüş sözünün sinonimidir: zəhərli maddədir.

Beləliklə, "Ərəb fars sözləri lüğəti"ndəki açıqlamadan da göründüyü kimi, mərgimüş//mərgmüş leksik vahidi fars dili üçün səciyyəvi olan izafət birləşməsidir mənbə dildə (farscada) bu şəkildədir: mərg-e muş (siçan öldürən - hərfi tərcüməsi: siçanın ölümü). Azərbaycan ədəbi dilində işlənən izafət (artırma, əlavə) birləşməsinin göstəricisi e yox, i hərfi qəbul olunduğu üçün əslində, sözün  mərgmüş şəkli yox, mərgi-müş variantı düzgün sayılmalıdır. Dilimizdəki çeşmi-siyah (qara göz), ləbi-şirin (şirin dodaq), şəbi-hicran (ayrılıq gecəsi) kimi leksik vahidlər bu qəbildən olan izafətlər, yəni söz birləşmələridir. Bununla belə, mərgi-muş izafət birləşməsi dilimizə sadə söz kimi mərgimüş/mərgmüş şəklində daxil olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyədə izafətin göstəricisi olan i fonemi sözün kökünə bitişik şəkildə deyil, ayrıca yazılır ondan qabaq defis işarəsi qoyulur. Məsələn: Azərbaycanda çeşmi-siyah (qara göz) kimi işlənən izafət birləşməsi qardaş ölkədə bu şəkildə yazılır: çeşm-i siyah. İzafətin bu şəkildə verilməsini məqsədəuyğun sayırıq, ona görə ki, bu halda sözün kökü , izafət əlaməti i ayrı yazılır, kök-şəkilçi məsələsi dərhal diqqəti çəkir.

Onu da qeyd edək ki, sözügedən leksik vahid dilimizin Naxçıvan dialektində mərgimüş kimi tələffüz edilir ki, sözün bu variantı onun mənbə dildəki şəklinə uyğun gəlir.

Mərgimuş//mərgmüş (mərg-e muş) leksik vahidinin fars dilinə dair qaynaqlarda qeyd olunmasına gəldikdə isə, İranın görkəmli dilçi alimi doktor Həsən Ənvərinin iştirakı rəhbərliyi ilə əsrimizin əvvəllərində hazırlanmış Tehranda nəşr olunmuş səkkizcildlik "Fərhəng-e soxən" ("Söz lüğəti") adlı sanballı izahlı lüğətdə bu izafət birləşməsinə, təbii ki,  ayrıca maddədə deyil, muş (siçan) maddəsində rast gəlirik. Burada mərg-e muş leksik vahidinin kimyaya aid arsenik tərkibli zəhərli bir maddə olması bu zəhərdən siçan öldürmək üçün istifadə edilməsi göstərilir (II cild, 2157).

Mərgimüş sözü "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə müxtəlif variantlarda daxil edilmişdir. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən tərtib edilmiş 1960-cı ildə işıq üzü görmüş üçüncü nəşrində bu söz mərgmuş kimi verilmişdir (səh.296). Lüğətin 15 ildən sonra, yəni 1975-ci ildə gerçəkləşən sayca dördüncü nəşrində isə mərgmuş sözündə u hərfi ahəng qanununun tələblərinə uyğunlaşdırılaraq ü ilə əvəzlənmişdir; mərgmüş (səh.356). Orfoqrafiya lüğətinin müstəqillik dövründə - 2004-cü ildə  işıq üzü görmüş ilk nəşrində (sayca beşinci nəşr) bu söz mərgmüş şəklindədir (səh.448).

Sözügedən lüğətin AMEA Nəsimi adına Dilçilik İnstitutu "Şərq-Qərb Nəşriyyat Evi" tərəfindən 2013-cü ildə hazırlanmış altıncı nəşrində isə mərgmüş sözü səhvən mərgümüş şəklində getmişdir (səh.466). Görünür, tərtibçilər bu leksik vahidin dilimizdəki gümüş sözü ilə əlaqəli olduğunu düşünərək belə bir səhvə yol vermişlər. Halbuki sözügedən leksik vahidlə bağlı yuxarıdakı kiçik qeydlərimizdən də aydın olduğu kimi, onun gümüş sözü ilə heç bir əlaqəsi yoxdur.

Göründüyü kimi, dilimizə farscadan keçmiş mərgi-muş izafət birləşməsi zaman keçdikcə şəkil dəyişikliyinə uğramış və hazırda dilimizdə sadə söz, yəni mərgimüş/mərgmüş kimi işlənir.

Son olaraq onu da qeyd edək ki, fars mənşəli mərgmüş/mərgmüş sözü Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2017-ci ildə nəşrə hazırladığı "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü"ndə (səh.230), eləcə də Mərkəzin İdarə Heyətinin sədri,  Xalq yazıçısı Afaq Məsudun tərtib etdiyi və bu günlərdə işıq üzü görmüş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə də (Bakı, 2020, səh.424) mərgümüş şəklində verilmişdir.

Dilimizə fars dilindən keçmiş mərgimüş/mərgmüş sözü haqqındakı yuxarıdakı açıqlamalar göstərir ki, onun birinci variantı, yəni mərgimüş daha məqsədəuyğundur. Birinci növbədə ona görə ki, sözün bu variantı əslinə - mənbə dildəki tələffüz şəklinə daha uyğun gəlir. İkincisi isə, bu halda mərgmüş variantında dilimiz üçün səciyyəvi olmayan üç samitin (r, g, m) yanaşı gəlməsi və tələffüzü çətinləşdirməsi problemi aradan qalxmış olur.

Beləliklə, haqqında söz açdığımız leksik vahidin dilimizdəki mərgimüş tələffüz şəklini - Naxçıvan dialektindəki variantını düzgün və məntiqi hesab edirik.  Məhz buna görə də "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin yeni - yeddinci nəşrinə sözügedən leksik vahidi mərgimüş şəklində daxil etməyi məqsədəuyğun saydıq.

 

Möhsün NAĞISOYLU

AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına

Dilçilik İnstitutunun direktoru

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.15.