Naxçıvandakı daha
bir toponimə dair
mülahizələr
Naxçıvanın
oronimləri xalqımızın özü qədər qədim
və zəngin tarixə malikdir. Burada hər bir dağın,
dərənin, təpənin,
düzənliyin öz
adı, öz yaranma yolu vardır.
Naxçıvan oronimləri xalqımızın
dağlara, qayalara hopmuş qan yaddaşı, keçmişimizdən
bu günümüzə
şahid olan daş yaddaşıdır. Ümumiyyətlə, Naxçıvan toponimləri
müəyyən tarixi
şəraitlə bağlı
yaranmış, illər,
nəsillər bir-birini
əvəz etdikcə
formalaşmış və
milli mənəvi abidələrimiz kimi minilliklərdən zəmanəmizə
qədər gəlib çatıb.
Naxçıvan toponimləri xalqımızın
milli ünvanıdır!
Ərazidəki oronimlər bu
xalqın qanı ilə yoğrulmuş milli adlardır. Bu səbəbdən də Naxçıvan toponimlərinin mənşəyini
bu yurddan kənarda axtarmaq olmaz. Toponimlərimizi öyrənmək milli yaddaşımızı
unutmamaqdır. Alimin silahı
qələmdir. Hər daim
toponimlərimizi qələmə
alaraq, ictimaiyyətə
çatdırmağın özü
də torpaqlarımızda
gözü olan mənfur düşmənə
elə bir cavabdır. Bildiyimiz kimi, torpağımız
tarixi proseslər üzündən əsrlər
boyu yadellilərin aramsız hücümlarına
məruz qalıb.
Buna görə də
zaman keçdikcə həmin adların bir qismi müəyyən
dərəcədə dəyişsə
də, kökündəki
əlamətlərə görə
onların mənşəyini aydınlaşdırmaq
mümkün olur. Və öz tarixi
adlarımızı təhlil
edib, araşdırmaq heç də çətin olmur. Çünki oronimlərin
leksik tərkibinin böyük bir layını xalqımızın
təşəkkül tarixində
mühüm rol oynamış,
qədim türk tayfa və tayfa
birləşmələrinin adları təşkil edir. Bu adlar xalqın milli kökü, varlığı,
etnik tərkibi ilə birbaşa əlaqədardır. Ona
görə xalqımızın
etnogenezini öyrənmək
üçün oronimlərin
mənşəyini, onların
yaranma və formalaşma yollarını
müasir toponimik səviyyədə araşdırmaq
əsas şərtlərdən
biridir. Elə bu oronimlərdən
biri də Bağırsaq dərəsidir
ki, tədqiqata cəlb etməyi uyğun görmüşük.
Qeyd edək
ki, Bağırsaq dərəsini paralel olaraq həm Şərur rayonunun, həm də Sədərək rayonunun oronimləri sırasına
daxil etmək mümkündür. Bağırsaq oroniminə eyni
zamanda, Babək rayonunun Gərməçataq
kəndi və Culfa rayonunun Yaycı kəndlərinin ərazisində rast gəlinir. Toponimistlərin bir qismi Bağırsaq oronimini təhlil edərkən yazırlar ki, bu yer adı
bağırsaq bədən
üzvünün adı
ilə bağlıdır.
Daha sonra o göstərilir ki, müəlliflər həm Bağırsaq dərəni, həm də Sədərək rayonunun ərazisində olan Bağırsaq dağı oronimlərini relyef quruluşuna görə izah etməyə çalışmışdır.
Lakin hesab edirik ki, oronim
heç də bədən üzvü deyil, əksinə, etnooronimdir. Və bu qədim ad sak tayfalarının adı
ilə bağlıdir.
Bəs necə? Daha geniş izahata varsaq, görərik ki,
Bağırsaq adındakı
Bağır komponenti Buğra sözünün
fonetik dəyişmələr
nəticəsində təhrif
olunmuş formasıdır.
Məlumdur ki, lüğətlərdə
Buğra sözünün
iki mənası əksini tapmışdır.
Birinci mənada bu söz "iri erkək dəvə" mənasını verir.
Adın digər bir mənası isə durna qatarına başçılıq edən
erkək, "başçı
durna" mənasındadır.
Qaraxanlılar dövlətinin hökmdarlarından
birinin adı və ya titulu
da tarixə Buğra xan kimi düşmüşdür. Buradan belə bir məna
anlaşılır ki,
Bağırsaq sözündəki
birinci element "erkək",
"başçı" və "güclü-qüvvətli" mənalarını ifadə
edir. Heç də təsadüfi
deyildir ki, bu gün dilimizdə
güclü-qüvvətli adamı ifadə etmək üçün
"nər (erkək dəvə) kimidir" ifadəsi işlədilir.
Saq/Sak isə məlumdur
ki, sak türkləri
ilə bağlıdır.
Bu mənada sözü
"igid, güclü
qüvvətli sak"
mənasında izah edə bilərik. Beləliklə, bu nəticəyə
varırıq ki, toponim heç də bədən üzvü deyil, əksinə, sak türklərinin adı ilə bağlıdır və etnotoponimdir.
Buna görə də,
biz tariximizi, yəni toponimlərimizi uzaqda deyil, elə öz kökümüzdə
axtarmalıyıq. Çünki Naxçıvanda oronimlərin
əsas hissəsinin leksik tərkibini tarixin müxtəlif mərhələlərində bu
ərazidə məskunlaşan
ayrı-ayrı türk
tayfa və tayfa birləşmələri
ilə bağlı adlar təşkil edir. Tarix boyu qıpçaqlar, oğuzlar, peçeneklər,
saklar, suvarlar, xəzərlər, hunlar, kəngərli və digər tayfalar xalqımızın təşəkkülü
və formalaşmasında
mühüm rol oynamış, bu tayfa və tayfa
birləşmələrinin adları Naxçıvan oronimlər sistemində öz ifadəsini tapdığının da
şahidi olduq.
Aysel EMİNOVA
AMEA Naxçıvan Bölməsi,
İncəsənət,
Dil və Ədəbiyyat
İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2020.- 15 oktyabr.-
S.15.