Məmməd Arazın vətənpərvərlik lirikasına yeni elmi baxış

 

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun Xalq şairi Məmməd Arazın vətənpərvərlik lirikasına həsr olunmuş yeni monoqrafiyası işıq üzü görüb.

"Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" adlanan Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunub.

"İstiqlal" ordenli Xalq şairi Məmməd Arazın poetik yaradıcılığının, demək olar ki, böyük bir qismini xalqımızın mənəvi mədəniyyətinin təbliği, milli ruhunun tərənnümü təşkil edir. Ramiz Qasımovun  "Milli yaddaşım məhək daşı: Xalq şairi Məmməd Araz" monoqrafiyasında, adında da ifadə edildiyi kimi, bu milli məqamların tədqiq edildiyini görə bilirik.

Ümummilli lider Heydər Əliyevin vaxtikən Xalq şairi ilə görüşlərinin birində dilə gətirdiyi bu fikirlər Məmməd Arazın hansı miqyasda yaradıcılıq diapazonuna malik olduğunu gözlər önündə canlandırmaq üçün kifayətdir: "Öz əsərləri ilə yüksək bədii sənətkarlıq əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür eləmək çətindir". Müəllif öz monoqrafiyasının girişində məhz bu sözləri təqdim etməklə yaradıcı sənətkarın mənəvi xəzinəsinin mahiyyətinə diqqət çəkməyə çalışıb.

Ramiz Qasımovun yeni elmi monoqrafiyası giriş, iki fəsil, nəticə ədəbiyyat siyahısından ibarətdir. Kitaba ön söz yazmış mərhum professor Hüseyn Həşimli tədqiqatın əsas məziyyətlərinə diqqət çəkərək çox doğru olaraq vurğulayır ki, "Oxuyacağınız "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" monoqrafiyası dosent Ramiz Qasımovun uzunmüddətli araşdırmalarının diqqətəlayiq bəhrəsi kimi araya-ərsəyə gəlmişdir".

Monoqrafiyanın girişində müəllif belə bir araşdırmanın ortaya çıxmasındakı səbəbləri göstərməklə yanaşı, tədqiqatının yenilik istiqamətlərini ortaya qoyub.

Monoqrafiyanın birinci fəsli "Xalq şairi Məmməd Arazın yaradıcılıq qayəsi" adlanır. Fəslin adından da göründüyü kimi, Ramiz Qasımov şairin yaradıcılığındakı əsas məqsədə diqqət çəkmiş, şeir poemalarındakı qayənin açılmasına xidmət edən araşdırmalarını ətraflı şəkildə şərh edərək elmi ictimaiyyətə, həmçinin, geniş oxucu kütləsinin ixtiyarına vermişdir. Bu bölmədəki istər yarımbaşlıqların, istərsə müəyyən başlıqlar altında təqdim olunan məqalələrin adları da konkret fikrə sahib olmaq baxımından əhəmiyyətlidir. Belə ki, "Xalq şairi Məmməd Arazın yaradıcılığında milli düşüncə vətəndaşlıq ideallarının təcəssümü", "Xalq şairi  Məmməd Araz yaradıcılığında milli xarakter problemi", "Məmməd Arazın yaradıcılığında daş obrazı onun bədii-estetik məzmunu" kimi yarımbaşlıqlar daxilində biz həm "Məmməd Araz yaradıcılığında Vətən mövzusu milli istiqlal motivləri", "Məmməd Araz yaradıcılığında Naxçıvan", "Araz mövzusu milli istiqlal ədəbiyyatının konseptial məsələsi kimi" fərqli istiqamətli elmi yanaşmaları görürük.

Monoqrafiyanın "Məmməd Araz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı ikinci fəslində isə "Məmməd Araz yaradıcılığının mövzu-məzmun xüsusiyyətləri" araşdırılıb, "Məmməd Araz yaradıcılığında sevgi lirik tema kimi" ortalığa qoyulub, "Məmməd Araz yaradıcılığının fəlsəfi mahiyyəti" diqqətə çatdırılıb "Məmməd Araz yaradıcılığının dil-üslub xüsusiyyətlərinə" nəzər yetirilib.

Kitabın Nəticə hissəsində müəllifin gəldiyi yekun qənaətlər ümumiləşdirilib. Müəllifin gəldiyi diqqətəlayiq nəticələrdən biri belədir: "Məmməd Araz poeziyası Sözün Vətən qibləsidir. Onun əsərlərində Vətən başlıca qayə, məna meyar zirvəsidir. "Mənim yurdum hardan başlar? Ürəyimin kandarından" deyərək bir sevən ürək boyda Vətən, Vətən boyda bir ürək əks etdirmişdir".

İnanıram ki, dosent Ramiz Qasımovun "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" monoqrafiyası istər filoloji elmi dairələrdə, istər ali təhsil müəssisələrində uyğun ixtisaslı müəllim tələbələr, istərsə geniş oxucu auditoriyası tərəfindən maraqla oxunacaq.

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.14.